Multikultural layihələrə medianın dəstəyi artır

 

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun  Mədəniyyət və Turizm Nazirliyi ilə birgə keçirdiyi “BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumu: Azərbaycan multikulturalizmi dünyada mütərəqqi model kimi qəbul olunurmövzusunda fərdi jurnalist yazıları müsabiqəsi başa çatıb. Azərbaycan Milli Kitabxanasında keçirilən mərasimdə yarışmanın nəticələri açıqlanıb, qaliblər mükafatlandırılıblar.

 

Mədəniyyət və turizm nazirinin I müavini Vaqif Əliyev Azərbaycanın multikulturalizm sahəsində əldə etdiyi möhtəşəm nailiyyətlər, ölkədə bu yöndə həyata keçirilən  sistemli tədbirlər barədə məlumat verib. O qeyd edib ki, BMT Baş Assambleyasının qərarı ilə təşkilatın Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun 2016-cı ildə Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq miqyasda artan nüfuzunun əyani göstəricisidir. Nazir müavini forum ərəfəsində və sonra KİVDF ilə birgə iki fərdi jurnalist yazıları müsabiqəsinin keçirilməsinin bu məclisin əhəmiyyətinin yerli və beynəlxalq ictimaiyyətə çatdırılması baxımından önəmini vurğulayıb.

KİVDF-nin icraçı direktoru Vüqar Səfərli  Multikulturalizm ili” çərçivəsində rəhbərlik etdiyi qurumun təşkilatçılığı ilə keçirilən silsilə konfrans və müsabiqələrdən söz açıb. O bildirib ki, Mədəniyyət və Turizm Nazirliyi ilə birgə təşkil edilən hər iki fərdi jurnalist yazıları müsabiqəsinin məqsədi respublikamızın multikulturalizm sahəsində çoxəsrlik uğurlu təcrübəsinin araşdırılması, habelə qlobal foruma informasiya dəstəyi qazandırılmasında və onun nəticələrinin  ictimaiyyətə çatdırılmasında peşəkar jurnalist əməyinin stimullaşdırılması olub. Son müsabiqəyə 28 kütləvi informasiya vasitəsindən 42 yazı təqdim edilib. 6 qalib jurnalist əsas, 10 yazar isə həvəsləndirici mükafata layiq görülüb.

Müsabiqənin qaliblərinə diplommükafatlar təqdim edilib, belə müştərək layihələrin gələcəkdə də davam etdiriləcəyi söylənib.

Sonda Vüqar Səfərli fərdi jurnalist yazıları müsabiqələrinin təşkilinə verdiyi dəstəyə görə Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyinə təşəkkürünü bildirib, bu işdə fəal roluna görə mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin layiq görüldüyü KİVDF-nin xüsusi diplomunu nazir müavini Vaqif Əliyevə təqdim edib.

 

T. AYDINOĞLU

 

Xalq qəzeti.- 2016.- 21 deakbr.- S.5.