İrəvan gizlədilmiş həqiqətlər sənədli filminin təqdimatı keçirilib

 

Dünən Bakıda İrəvan - gizlədilmiş həqiqətlər sənədli filminin (Azərbaycan, rusingilis dillərində) təqdimatı olub. Bu ekran əsəri Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Virtual Qarabağ İnformasiya - Kommunikasiya Texnologiyaları Mərkəzinin və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun birgə əməkdaşlığı çərçivəsində baş tutub.

Filmin baş məsləhətçisi AMEA Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, professor Yaqub Mahmudov, ideya müəllifi və layihə rəhbəri Nurəddin Mehdiyev, ssenari müəllifi tarix üzrə fəlsəfə doktoru Nazim Mustafa, quruluşçu rejissoru isə Teymur Nəcəfzadədir.

Tədbirdə Virtual Qarabağ İnformasiyaKommunikasiya Texnologiyaları mərkəzinin əlaqələndiricisi, Gənclər və İdman Nazirliyi yanında Gənclərlə İş üzrə İctimai Şuranın sədri Nurəddin Mehdiyev təqdim olunan yeni filmin məzmunu və xüsusiyyətləri haqqında məlumat verib. Bildirilib ki, Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən olan İrəvan şəhərinin azərbaycanlılara məxsus zəngin mədəni irsi haqqında məlumatları dünya ictimaiyyətinə, eləcə də gələcək nəsillərə çatdırmaq sənədli filmin əsas məqsədidir.

Sonra Gənclər və İdman naziri Azad Rəhimov çıxış edərək, Tarix İnstitutu ilə birgə hazırlanan filmin arxiv materialları və elmi-tədqiqat xarakterli araşdırmaların üzərində qurulduğunu qeyd edib. Nazir bildirib ki, bu film elmi-araşdırmaların geniş kütləyə çatdırılmasının təsirli və qısa yoludur. Hazırda işğal olunmuş ərazilərdə xalqımıza məxsus qeyri-maddi və mədəni tarixi abidələr məhv edilir. Bu vəhşiliklər daha əvvəl İrəvanda, sonra bizim Zəngəzur, Göyçə, Vedibasar və digər tarixi ərazilərdə indiQarabağda aparılır. Erməni vandalizmini dünyaya açıb-göstərmək baxımından bu tipli layihələrin rolu çox əhəmiyyətlidir.

Tədbirdə çıxış edən AMEA-nın müxbir üzvü Yaqub Mahmudov İrəvanın Azərbaycanın qədim və əzəli torpağı olmasını qeyd edərək, Prezident İlham Əliyevin müvafiq çıxışlarında bu tarixi şəhərimizin irsinin daim araşdırılması üçün səfərbər olmağımızı qeyd etdi. Y. Mahmudov bildirib ki, bu gün İrəvanda bir məsciddən savayı, yaşı 200 ildən artıq olan tarixi-memarlıq abidəsi qalmayıb, yer üzündən silinib. Azərbaycanda İrəvan haqqında ilk dəfədir ki, daha əhatəli və 3 dildə sənədli film çəkilib. Filmin xarici dillərinin orijinallığı da onun dünyaya yayılmasını asanlaşdırır.

Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov tədbirdə çıxış edərək deyib ki, hazırda dünyaya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı iki mənbədən informasiya yayılır. Bir tərəfdən ermənilər saxta informasiya yayırlar, digər tərəfdən isə biz Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırırıq. Bu layihə Azərbaycan həqiqətlərinin dünyada təbliği baxımından mühüm əhəmiyyətə malikdir. Lakin bu, mühüm layihə olsa da, yetərli deyil. Burada böyük zəhmətlə bərpa olunan qədim İrəvan tarixinin, o cümlədən məscidlərin, abidələrin daha təkmil təsvirini verməliyik, daha mükəmməl açıqcalar, bukletlər hazırlanmalıdır və geniş coğrafiyada yayılmalıdır ki, qoy ermənilərin Azərbaycan tarixini necə saxtalaşdırdıqlarını, məhv etdiklərini dünya bilsin. Xaricə gedən dövlət rəsmilərimiz, QHT nümayəndələri, jurnalistlər, gənclərimiz, səfirliklərimizdə çalışan diplomatlar, diasporumuzun üzvləri bu filmin dünyada yayılmasına çalışmalıdırlar.

Ümummilli lider Heydər Əliyev son 200 ildə Azərbaycan xalqına qarşı törədilən qırğınlar haqqında danışarkən deyirdi ki, ermənilərlə qonşuluq Azərbaycan qarşısında daim bir geosiyasi vəzifə qoyurbiz bunu unutmamalıyıq. Adətən, qonşu ölkələr bir-birinin inkişafına töhfə verir, ancaq ermənilərlə qonşuluq bizə yalnız problemlər, mədəniyyətimizin dağıdılma təhlükəsi, təhlükəsizliyimizə təhdid yaradıb, xalqımıza qarşı soyqırımı törədilib. Bizim geosiyasi vəzifəmiz isə ermənilərdən tariximizi, mədəniyyətimizi, fiziki varlığımızı, gələcək inkişafımızı qorumaqdır. Bəzən biz xristian dünyasında ermənipərəst dairələrə başa salırıq, lakin onlar xristian-müsəlman ayrı-seçkiliyi fonunda bizə şübhə ilə yanaşırlar. Ona görə də biz çox görməliyik ki, ermənilərin saxtakarlığını ifşa edək, - deyə Prezidentin köməkçisi qeyd edib.

Əli Həsənov deyib ki, bu gün dünyada qədim müsəlman şəhərlərinə və tarixi abidələrinə biganə münasibət müşahidə olunur. Bu, çox təəssüf doğurur. Dünyadakı bir çox qədim müsəlman-türk şəhərləri və tarixi abidələri məhv edilib. Bütün müsəlman Şərqinin tarixi abidələri və qədim şəhərləri, o cümlədən Suriya ərazisində yerləşən Palmira şəhəri bombalarla dağıdılıb. Bütün bunlar tolerantlığa, multikulturalizmə mənfi münasibətin göstəricisidir.

Prezident İlham Əliyev dəfələrlə qeyd edib ki, Azərbaycandakı multikulturalizmə də, Qərbdəki multikulturalizmə də baxın. Bizim fərqimiz ondan ibarətdir ki, Azərbaycanda yaşayan bütün xalqlara, müxtəlif dinlərin mənsublarına özümüz qədər hörmət edirik, sevgi ilə yanaşırıq. Ancaq Qərb bir müddət başqa dildən, dindən olanlara dözümlülük göstərsə də, indi bu dözümlülüyü görmürük. Bu gün hamı görür ki, Qərb ölkələri miqrantlara, qaçqınlara hansı münasibəti göstərir, onları didərgin salır, sərhədlərdə güllələyirlər. Sonra da dünyaya Qərb sivilizasiyasının tolerantlığını təqdim edirlər. Onların tolerantlığı budur, deyə professor Əli Həsənov bildirib.

Tədbirdə Milli Məclisin deputatı Fuad Muradov, filmin ssenari müəllifi tarixçi-alim Nazim Mustafa çıxış edərək İrəvan şəhərinin və bu qədim mədəniyyət mərkəzimiz haqqında bəhs edən sənədli filmin Azərbaycan cəmiyyəti üçün əhəmiyyətindən danışıblar.

 

Anar TURAN,

 

Xalq qəzeti.- 2016.- 22 dekabr.- S.2.