Görkəmli tarzənin yaradıcılıq gecəsi

 

Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında tanınmış tarzən, Mədəniyyət və İncəsənət Universitetinin  professoru,  Xalq artisti Zamiq Əliyevin yaradıcılıq gecəsi keçirilib.  Gecədə respublikanın elm, sənət adamları, eləcə də, tarzənin yaxın dostları və ictimaiyyət nümayəndələri iştirak edirdilər.

Tədbirdən öncə  qonaqlar  foyedə  Zamiq Əliyev yaradıcılığını əks etdirən foto-stendlərlə tanış oldular. Azərbaycan Televiziyası “Mədəniyyət”  kanalının və Dövlət Mahnı Teatrının birgə layihəsi olan gecəni giriş sözü ilə açan respublikanın Əməkdar artisti, bədii qiraət ustası Azad Şükürov Zamiq Əliyevin çoxşaxəli yaradıcılıq yolundan, müxtəlif musiqi kollektivlərindəki fəaliyyətindən, eləcə də, onunDan ulduzunda  və SSRİ Xalq artisti Zeynəb Xanlarova ilə uzun illər birgə çalışmasından söz açdı. Son illər Zamiq Əliyevin bəstəkarlıq fəaliyyətinə də toxunan natiq , Xalq şairi Nəriman Həsənzadənin, şairlərdən Vüqar Əhmədin, Tağı Sadiqin, Vahid Əzizin, Anar Məmmədovun sözlərinə bəstələnmiş mahnıların musiqi ictimaiyyəti tərəfindən razılıqla qarşılandığını, respublikanın bir çox tanınmış müğənniləri tərəfindən ifa olunduğunu  xüsusi qeyd etdi.

Gecədə Xalq artistlərindən Nazpəri Dostəliyeva, Simarə İmanova, GülyazGülyanaq Məmmədova bacıları, Əməkdar artistlərdən Aybəniz Haşımova, Nuriyyə Hüseynova, Bəyimxanım Vəliyeva, İlkin Əhmədov, Ehtiram Hüseynov, muğam televiziya müsabiqəsinin qalibi Vəfa Vəzirova Zamiq Əliyevin bəstələrindən ibarət nəğmə çələngini tədbir iştirakçılarına ərmağan etdilər.

Gecədə Xalq şairi Nəriman Həsənzadənin, Aşıq Əhlimanın və Cümşüd İsgəndərlinin Zamiq Əliyevə həsr edilmiş şeirlərinin bədii qiraət ustaları tərəfindən oxunması da maraqla qarşılandı. Bəstəkar Tahir Əkbər və Eldar Mansurovun bəstələrinə çəkilmiş kliplərdə Zamiq Əliyevin tarda ­lirik ifası hamının zövqünü oxşadı.

Sonda Zamiq Əliyev gecənin təşkilinə görə Azərbaycan Televiziyası “Mədəniyyət” kanalına və Mahnı Teatrının rəhbərliyinə, eləcə də qonaqlara öz təşəkkürünü bildirdi.

 

Rafiq Salmanov

 

Xalq qəzeti.- 2016.- 25 dekabr.- S.11.