Yeni ilə gülə-gülə

 

Televiziyanın Yeni il təbriki

Əziz, hörmətli, izzətli tamaşaçılar! Yeni ilin başlanğıcında Əhmədlidə yaşayan Xədicə xanımın yetmiş yaşı tamam olur. Onu doxsan yaşlı anası Gülxanım xala, oğlanları Arif, Maarif, Telman, Elman, qızları Gülya xanım, Zülya xanım, Xalidə xanım, Zabitə xanım, oğul nəvələri Nadir, Şair, Zahir, Qahir, qız nəvələri üç yaşlı Gülnaz, dörd yaşlı Zərrintac, beş yaşlı Nazənin, qohumları Mirdaməd, Kəblə Fatma, Hacı Qulam, Məmmədqulam, Məmmədqulu, yaxın tanışı, uşaqlıq dostu Molla Qulamhüseyn, onun arvadı Kəblə Zeynəb, bacıları Lalə xanım, Asya xanım, Şövkət xanım, qonşuları Tağı, Tağının arvadı Şəfiqə, qızları Gülarə, Çimnaz, Çimnazın kişi dostu Yılmaz, keçmiş iş yoldaşları, rəhmətlik Sonaxanımın qızı Nənəxanım, rəhmətlik Rəfiqənin qızı Gülxanım, rəhmətlik Hacı Qasımın oğlu molla Ələsgər, Kislovodsk, Pyatiqorsk, Yessentuki, Soçi, Yalta, Nalçik şəhərlərində yaşayan kurort yoldaşları, dostları, bir sözlə, bütün xalq ürəkdən təbrik edir.

İndi qohum-qonşuları Xədicə xanımın yetmiş yaşını təntənə ilə qeyd edirlər. Xədicə xanımın gələcəyi parlaqdır. Ona cansağlığı, həyatda xoşbəxtlik, uzun ömür, yenə də uzun ömür, bir daha uzun ömür arzulayırıq!

Sıramızda olan gözəl müğənninin ifasında Ana mahnısına qulaq asın. Bu mahnı müğənninin yetmiş yaşlı Xədicə xanıma təbrikidir. Həmişə təbriklər içərisində, gül-çiçəklərlə əhatə olunasınız, Xədicə xanım! O gün olsun, yüz yaşınızda da belə cavan, belə gözəl görünəsiniz! Ana mahnısı... Bizdən ayrılmayın... Bizimlə qalın...

 

Tutuquşunun cavabı

Direktor müavini hər gün evə qanıqara gəlir, o ki var, direktorun arxasınca danışırdı:

Belə də direktor olar, süründürməçinin, qabiliyyətsizin, savadsızın, qohumbazın biridir. Daha canımı boğazıma yığıb...

Heç demə, evdə saxladığı tutuquşu da onun sözlərini əzbərləyirmiş. Bir gün direktor ona qonaq gəlməli olur. Onu görən tutuquşu dillənir:

Belə də direktor olar, süründürməçi, qabiliyyətsiz, savadsız, qohumbaz...

Ev sahibi rüsvay olacağını görüb tutuquşunu basır soyuducuya ki, səsi kəsilsin. Yarım saatdan sonra tutuquşunu ağappaq görkəmdə buzun içərisindən çıxarır. Tutuquşu soyuqdan əsə-əsə dillənir:

Direktorumuz əla rəhbərdir. Həmişə süründürməçiliyə, qabiliyyətsizliyə, savadsızlığa, qohumbazlığa qarşı mübarizə aparır...

Ev sahibi heyrətlənir. Qonaqlar gedəndən sonra tutuquşudan soruşur:

Necə oldu ki, belə gözəl sözlər danışdın?

Tutuquşu əsə-əsə dillənir:

Səni də mənim günümə salsaydılar, elə danışardın...

Molla Qasımın yuxusu

Bir gün rayon məscidində mollalıq edən Qasım kişi bərk yatmışdı. Yuxuda gördü ki, cənnətlə cəhənnəmin qapılarının tən ortasındadır. Cəhənnəm tərəfdən işıldayan od kişinin sağ tərəfini yandırır. Sol səmtindən isə cənnətin bahar təravətli xoş havası duyulur. Qasım diqqətlə ətrafına baxanda gözlərinə inanmadı. Burada mizan-tərəzi qurulmuşdu. İnkir-minkirlər əllərində toppuz dayanmışdılar onun başının üstündə. Qasım bir istədi sivişib xəlvətcə cənnətin qapısından soxulsun içəri, mümkün olmadı. İnkir-minkirin güclü əli onun boynunun ardından yapışıb itələdi kənara. Bu vaxt qeybdən bir səda gəldi:

Sənin yerin cəhənnəmdir, kişi!

Qasım yazıq görkəm alıb başladı yalvarmağa:

Mən nə günah sahibiyəm, xudaya?!

Özünü bilməməzliyə vurma, Qasım! De görüm, rayon əhli Paşa Mirzəyevin arvadının ölü namazını niyə qılmamısan?

Qasım barmağını dişlədi. Bir istədi bəhanə gətirsin, gördü yox, bu həna o hənadan deyil. Əgər yalan danışsa, inkir-minkirlərin toppuzu təpəsindən od çıxaracaq. Fikirləşdi ki, düz danışsa, bəlkə ona rəhm edərlər. Yazıq-yazıq cavab verdi:

Pulu az idi, yarəb!

Sən ölü namazını neçə manata qılardın ki?

50--60 manata.

Birdən ölü sahibinin o qədər pulu olmasa?

Sən hərdən rayonlara qastrol səfərinə çıxırdın, yaslara gedirdin, dua oxuyurdun, kəbin kəsirdin, hətta cadu eləyirdin, eləmi?

Bəli, Xudavəndi-aləm!

Bütün bu əməllərinə görə səni cəhənnəmdən başqa heç yerə göndərmək olmaz. Ancaq qorxma, səni cəhənnəmə tək göndərməyəcəyəm, çevril arxaya bax!

Qasım geri dönəndə heyrətindən gözləri bərələ qaldı. Həmyerliləri Molla Manaf, Molla Məmmədtağı, yüz cür fırıldaqdan çıxan Molla Hacı, məhərrəmlik günü pirlərin ətrafında lövbər salan Molla Möhsün çiyin-çiyinə dayanıb tir-tir əsirdilər.

Elə bu vaxt inkir-minkirlərin biri soruşdu:

Kişi, daha olan-olub, keçən-keçib. Özün boynuna al görək, o dünyada daha nə hoqqalardan çıxmısan?

Qasım dili-dodağı əsə-əsə açdı sandığı, tökdü pambığı.Barmaqlarını qatlaya-qatlaya işlətdiyi fırıldaqları saymağa başladı.Üstəlik, bildirdi ki, kənd əhli Cənnətəlinin rəhmətlik arvadının ölü namazını qılmaq üçün yüzcə manat istəyib. Əlavə 40 manat da yasin pulu tələb edib. Elə ki ölü sahibi bu məbləği verməkdən boyun qaçırıb, başlayıb onu qorxutmağa, üzünü camaata tutub deyib:

Sırağa gecə yuxuda Allah-təala bu mərhumun ruhuna yasin oxumağı mənə tapşırıb, belə olmasa rəhmətliyin axirət dünyası əzablı keçər...

Qasım gördü ki, iş bununla qurtarmadı, inkir-minkirlər fırıldaqçı mollalar Manafı, Məmmədtağını, Hacını, Mirmöhsünü də sorğu-suala çəkdilər. Elə ki, sorğu-sual başa çatdı, mizan-tərəzi götürüldü, inkir-minkirlər sıra ilə düzülmüş fırıldaqçı mollaları arxadan necə itələdilərsə, cəhənnəmə birinci Qasım vasil oldu.

Az qala, kişinin ürəyi partlayacaqdı. Yaxşı ki, asqırıb yuxudan ayıldı...

Nə ad verək?

Vallahi, qalmışam mat-məəttəl.Gecə-gündüz fikirləşirəm ki, bu müğənnilər niyə, nə üçün, nə səbəbə özlərini bu kökə salırlar?

Əvvəla, bunların qiyafələrini, yəni geyimlərini görəndə adam çaş-baş qalır. Heç demə, oxuyanlar üçün əsas məsələ elə bu imiş.Gərək elə geyinsinlər ki, nəzəri cəlb etsinlər.Şəhərdə bir kimsədə həmin geyimdən olmasın. Qızıl, brilyant üzüklər, cürbəcür sifət boyaları da öz yerində .

Hələ bu harasıdır? Birdən oturub fikirləşirəm ki, bunların sahibi-zadı yoxdur bəyəm, çılpaq çıxırlar camaatın qabağına? Baxırsan, gözəl-göyçək xanımlardır, amma bədənlərinin bir-iki yerindən başqa hər yerləri açıq-aydın görünür. Hamı qalır baxa-baxa, heç kim bilmir bu müğənnilər nə oxuyur, necə oxuyur? Oralarını-buralarını əyə-əyə oynamaları da öz yerində.

Hələ çəkildikləri klipləri demirəm.Bir də görürsən, biri soyunub girir dənizə. Biri bədəninə yağ sürtüb arxası üstə yıxılır qumun üstünə, par-par parıldayır. Biri vannada uzanır, sabun köpüyünün içində. Biri yalandan göz yaşı axıdır.Biri qayanın başına çıxır.Biri döşəyə sərələnir. Biri yatır... Səs-küy, gurultu... Aləm qarışıb bir-birinə. Öz mahnılarımızı oxuya bilmirlər, amma başqa millətlərin mahnılarını oxuyurlar...

Özü də hər gün televiziyalarda görünməsələr ürəkləri partlayar.Axırda da nə desələr yaxşıdır: Xalqa xidmət etmişik, bizə fəxri ad verin.

Sizə nə ad verilsin, ay xanımlar? Bizi el içində biabır-rüsvay elədiyiniz bəs deyil, hələ fəxri ad da istəyirsiniz? Xaricdə böyük-böyük müğənnilərə ad-filan verirlər? Onlara baxıb cürbəcür hoqqalardan çıxırsınız! Niyə onlara oxşamağa çalışırsınız? Elimizin-obamızın adət-ənənələri var, axı!

 

Onlara yazığım gəlir

 

O gün televiziyaya baxıram, görürəm, türmədə bir adamyeyəndən müsahibə alırlar. Adamyeyənin söylədiklərini son dərəcə heyrətlə və diqqətlə dinləyirəm.Adamyeyən deyirdi ki, türməyə düşənə kimi yeddi-səkkiz qızı aparıb meşədə kəsib, həm ətlərini yeyib, həm də ət maşınından keçirib, şəhərin mərkəzində qutab bişirib, satıb camaata.Ürəyim ağzıma gəldi. Fikirləşdim ki, küçədə-zadda neçə dəfə qutab alıb yemişəm, bəlkə... Nə isə.Üç-dörd gün özümə gələ bilmədim.

Sonra başladım adamyeyənin söhbətlərini təhlil etməyə. Öz-özümə sual verdim ki, bu kişi niyə ancaq qızları yeyir? Adamyeyəndir, qoy kişiləri də yesin də... Özüm öz sualıma cavab axtarırdım ki, həmin televiziya proqramında adamyeyən haqqında rəy söyləyən birinin dediklərini xatırladım. O, deyirdi: Bu qızlar ki, küçələrə belə yarıçılpaq çıxırlar, hələ çox şeylər eşidəcəyik. Bilirsiniz, qızları yarıçılpaq görəndə kişilərin qəlbindən cürbəcür fikirlər keçir... Az qaldı o desin ki, adam belə qızları yemək istəyir.

İndi, harada yarıçılpaq qız görürəm, ona yazığım gəlir. Düşünürəm ki, günlərin birində adamyeyənlərdən biri həmin qızı yeyəcək...

Bizim məhəllədə bir qız var, gündə bir dəblə geyinir. Dəb də dəb ola... Həmin televiziya proqramında deyildiyi kimi, çılpaq gəzsə ondan yaxşıdır. Elə dar şalvar geyinir ki, ayıb olmasın, bütün əzaları görünür. Verilişdən sonra iş yoldaşları qıza tez-tez deyirlər: Bax, səni yeyib-eləsələr, bizlik deyil ha...

Deyəsən, veriliş mənə yaman təsir edib, xəstə kimi olmuşam.Çünki harada yarıçılpaq qız görürəm, ona yazığım gəlir. Elə bilirəm, dilim-ağzım qurusun, onu yeyəcəklər...

 

Xeyrəddin QOCA

 

Xalq qəzeti.- 2016.- 31 dekabr.- S.6.