Nigar ARPADARAİ: Azərbaycanın bu sahədə beynəlxalq imicini daha da gücləndirəcək

 

Bakıda dünyanın ən məşhur avtomobil yarışı start götürüb. “Formula-1” üzrə Avropa Qran-pri yarışının paytaxtımızda keçirilməsi ilə bağlı Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin MarketinqKommunikasiya Departamentinin direktoru Nigar ArpadaraiXalq qəzeti”nə müsahibə verib. Müsahibəni oxucularımıza təqdim edirik.

 

— Yenidən dünyanın diqqəti idman ölkəsi Azərbaycana yönəlib. Bu dəfə paytaxt Bakı  regionda ilk dəfə təşkil edilən məşhur “Formula-1” yarışına ev sahibliyi edir...

 

— Azərbaycanda beynəlxalq səviyyədə irimiqyaslı idman yarışlarının keçirilməsi artıq ənənəyə çevrilib. Ötən il birinci Avropa Oyunlarına uğurla ev sahibliyi edən Azərbaycan bu həftə, tarixində ilk dəfə “Formula-1" yarışını keçirəcək. İnanıram ki, bu böyük işin də öhdəsindən layiqincə gələcəyik. Bu yarışlar Azərbaycanı dünyada daha geniş kütləyə tanıtmaqla yanaşı, həm də ölkəyə böyük turist axını gətirəcək. Nəticədə, bu yarışları keçirməklə biz çox fayda əldə edəcəyik.

 

— Bakı Şəhər Halqasının yarışa tam hazır olması ilə bağlı fikirlər gündəmdədir. Bu istiqamətdə görülən işlər barədə nə deyə bilərsiniz?

 

Biz artıq yarışın startındayıq. Hazırda trekin keçdiyi şəhərin mərkəzi küçələri nəqliyyatın hərəkəti üçün bağlanıb. Komanda heyətləri və yarış üçün lazım olan avadanlıqları daşıyan son konteynerlər də yarış məkanına gəlib çatıb. Ümumiyyətlə, trekdə və trekdən kənarda yerləşən yarış obyektlərində bütün hazırlıqlar plana uyğun şəkildə aparılıb. Bakı Şəhər Halqası və onun ətrafında olan bütün tikililər və zonalar yarış üçün tam hazır vəziyyətə gətirilib.

 

Dünya mətbuatında daha çox Bakı trasının özəlliyindən bəhs edilir, onun digər şəhər traslarından fərqləndiyi deyilir...

 

– Bakı Şəhər Halqası, adından da bəlli olduğu kimi, şəhər trekidir. Digər şəhər trekləri ilə müqayisədə burada maksimal sürətin qeydə alınacağı gözlənilir. Bununla yanaşı, Qoşaqala qapısına yaxın yerdə trekin eni 7,6 metrdirbu “Formula-1" təqvimində olan ən dar hissədir. Digər tərəfdən, Neftçilər prospektində müəyyən hissədə yarış ikitərəfli təşkil olunubburada pilotlar bir-birinə əks istiqamətdə hərəkət edəcəklər. Trekin bir başqa xüsusiyyəti də ondan ibarətdir ki, şəhərin tariximüasir binalarının olduğu məkanlardan keçərək, izləyicilərə unikal mənzərə bəxş edəcək. Bütün bu xüsusiyyətlər Bakı Şəhər Halqasını özünəməxsus edir və “Formula-1” təqvimindəki bütün yarışlar arasında Avropa Qran-prisinin ən baxımlı yarış olması üçün lazımi şərait yaradır.

 

– Sizcə, pilotlar üçün yeni olan Bakı trasında yarış hansı əlamətləri ilə yadda qalacaqdır?

 

– Bakı treki pilotların yaddaşında ən sürətli şəhər trası və ən dar keçid hissələri ilə yadda qalacaqdır. Eyni zamanda, şəhərin tariximüasir binalarının olduğu məkanların təqdim etdiyi qeyri-adi gözəllik pilotların yaddaşından uzun müddət silinməyəcək. Bununla yanaşı, onları burada “Formula-1” ilə yeni tanışlıq qurmuş azarkeş kütləsi böyük çoşqu ilə qarşılayacaq. İnanıram ki, həm şəhərimizin gözəlliyi, həm azarkeşlərin dəstəyi, həm də xalqımızın qonaqpərvərliyi pilotlar üçün bu yarışı unudulmaz edəcək.

 

— Yarışlar zamanı əyləncəli proqramların təşkili nəzərdə tutulub. Buya digər tədbirlərlə bağlı daha hansı yeniliklər olacaq?

 

— Artıq Dənizkənarı bulvar zonasında “Formula-1” şəhərciyi salınıb. Burada hər yaşdan olan insanlar üçün müxtəlif əyləncəli tədbirlər nəzərdə tutulub. Yarış keçilidiyi hər gün axşam bir dünyaulduzu" Abşeron tribunasının arxasında yerləşən əsas səhnəyə çıxacaq və ən çox sevilən mahnılarını buraya toplaşanlar üçün səsləndirəcəkdir. Bu dünya “ulduzları” sırasına Kris Braun, Enrike İqlesiasFarel Vilyams daxildir. Bir sözlə, bileti olan hər kəs burada həm “Formula-1" və bu yarışa dəstək mahiyyətində keçirilən GP2 seriya yarışlarını izləyə biləcək, həm də şəhərcikdə olan müxtəlif əyləncə imkanlarından yararlanacaq.

 

Bakı Şəhər Halqası “Formula-1” Avropa Qran-prisinin bilet sahiblərinə cümə axşamı 16 iyundan başlayacaq dördgünlük bir bayram əyləncəsi təşkil edir. Bakı Şəhər Halqası 17-19 iyun tarixlərarası, yəni cümə günündən bazar gününədək saat 10:00-dan etibarən ictimaiyyətə açıq olacaq.

 

Cümə axşamı saat 14:00-dan Azneft meydanından Dəniz vağzalına qədər bütün Dənizkənarı bulvar boyu uzanan əyləncə zonaları fəaliyyətə başlayıb. Yarış həftəsonunun ən balaca qonaqları üçün xüsusi kiçik sürücülük məktəbi təşkil ediləcəkdir. Burada uşaqlar yol hərəkəti qaydalarını əyləncəli və sərbəst mühitdə öyrənə biləcəklər. Onlar həm də xüsusi uşaq kartinqində bir-biri ilə yarışa biləcəklər.

 

Həftə sonunda hər bir qonaq, yalnız “Formula-1” ilə deyil, yerli mədəniyyət nümunələri ilə də tanış olmaq imkanı əldə edir. Artıq bu gündən etibarən mədəniyyət guşəsi fəaliyyətə başlayıb və burada qonaqlar Azərbaycanın tarixi sənətkarlıq və ticarət ənənələrinin sirləri ilə, o cümlədən xalçaçılıq, şüşə üzərində nəqqaşlıq, qurama sənəti, dulusçuluq, şəbəkə, çekanka, taxta üzərində oyma, miniatür musiqi alətlərinin hazırlanması, araqçın və çarıq hazırlanması, naxış tikmə və kələğayı boyama ilə tanış ola biləcəklər. Burada, həmçinin milli şirniyyat növlərini və məşhur Azərbaycan çayını da dadmaq mümkün olacaq.

 

Dünya musiqisinin ən məşhur “ulduz”larından üçü, qeyd etdiyimiz kimi, Kris Braun, Enrike İqlesiasFarel Vilyams “Formula-1" Avropa Qran-prisinin yarış həftəsonu ərzində təşkil olunacaq musiqili proqramın əsas ifaçıları olacaqlar.

 

— “Formula-1” kimi mötəbər yarışda marşalların rolu çox önəmlidir. Azərbaycan üçün yeni istiqamət olan bu sahədə görülən işlər barədə nə deyə bilərsiniz?

 

Marşallar “Formula-1”-ın rəsmiləri sayılır və onlarsız yarışı təsəvvür etmək mümkün deyil. Onlar trekdə pilotların hərtərəfli təhlükəsizliyinin təmin olunması üçün müxtəlif rollar icra edirlər. Bu il Avropa Qran-prisində 1300-dək marşal iştirak edəcək. Bunların 300-ü xaricdən gələcək. Bu il Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkətinin nəzdində Bakı marşal klubu (BMK) təsis edilibbu kluba üzv olan minə yaxın yerli marşal təlimlərə cəlb edildi. Onlar yarış üçün artıq tam hazır vəziyyətdədir. Yarışdan sonra marşallara Beynəlxalq Avtomobil Federasiyası (FİA) tərəfindən marşallıq lisenziyası təqdim olunacaqonlar bu lisenziya vasitəsilə istənilən “Formula-1” yarışında marşal kimi fəaliyyət göstərə biləcəklər.

 

— “Formula-1”-də konüllülük prinsipləri ilə çalışan gənclərimizin hazırlığı qənaətbəxşdirmi? Onlar ilk Avropa Oyunlarında olduğu kimi, bu dəfə də ölkəmizi layiqincə təmsil edə biləcəklərmi?

 

Avropa Qran-prisinin könüllülük proqramına 5 min nəfərlik yer üçün 13 mindən çox müraciət olmuşdu. Könüllülüyə rəğbətin böyük olmasında birinci Avropa Oyunlarında könüllülərin əldə etdikləri uğurların böyük rolu olub. Biz “Formula-1” yarışı vasitəsilə ötən illər ərzində ölkədə əsası qoyulmuş könüllülük mədəniyyətini daha da genişləndirərək davam etdirməyə çalışırıq. Artıq bütün könüllülər təlimlərdən keçib və təyin olunduqları məkanlara yerləşiblər. İnanıram ki, könüllülərimiz öz vəzifələrini daha təcrübəli şəkildə yerinə yetirərək ölkəmizi layiqincə təmsil edəcəklər.

 

Regionda ilk dəfə təşkil olunan “Formula-1” Avropa Qran prisini daha geniş şəkildə dünya ictimaiyyətinə tanıtmaq üçün aparılan təbliğat işlərinin miqyası ilə bağlı fikirlərinizi bilmək maraqlı olardı...

 

Biz həm ölkə daxilində, həm də xaricdə “Formula-1” Avropa Qran-prisinin təbliği ilə bağlı intensiv fəaliyyət göstəririk. Bir neçə ay ərzində İngiltərə, Almaniya, Rusiya, Türkiyə və bəzi ərəb ölkələrindən olmaqla, dünyanın aparıcı media qurumlarının təmsilçiləri Bakıya səfər etdilər, həm trek haqqında ətraflı məlumat topladılar, həm də Bakı ilə yaxından tanış olmağa çalışdılar. Onlar ölkələrinə qayıtdıqdan sonra müxtəlif süjetlər və yazılar hazırlayıb, Avropa Qran-prisi haqqında dünya ictimaiyyətini məlumatlandırdılar. Bununla yanaşı, biz yerli media qurumlarının da saysız müraciətlərini tam şəkildə yerinə yetirməyə çalışdıq. Nəticədə, həm ölkədə, həm də beynəlxalq səviyyədə yarışa maraq artdı və bu da öz növbəsində bilet satışlarına öz təsirini göstərdi.

 

— Hazırda irimiqyaslı tədbirlərdə təhlükəsizlik məsələlərinə xüsusi diqqət yetirilir. Bu sahədə görülən işlərlə bağlı məlumat verərdiniz.

 

— Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin təhlükəsizlik şöbəsi hüquq-mühafizə orqanları ilə, o cümlədən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti, Fövqəladə Hallar Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin rəsmi nümayəndələri ilə birgə təhlükəsizlik tədbirləri planı hazırlayıb. Beynəlxalq tədbirlərin təcrübəsinə əsaslanaraq işlənib hazırlanan bu planda məqsəd yarışın yüksək səviyyədə və təhlükəsiz şəraitdə keçməsini tam təmin etməkdir. İnanırıq ki, əvvəlki illərdə keçirilən tədbirlərdə olduğu kimi, bu yarış zamanında da təhlükəsizlik tam şəkildə təmin olunacaq.

 

– Azərbaycan artıq dünyanın beynəlxalq tədbirlərinin keçirildiyi məkana çevrilib. “Formula-1"in də ölkəmizdə — paytaxt Bakıda yüksək səviyyədə keçiriləcəyinə hər kəs əmindir...

 

Son illər ərzində Azərbaycan bir-birinin ardınca irimiqyaslı idman tədbirlərinə ev sahibliyi edir. Bu məqam artıq ölkəmizi beynəlxalq tədbirlərin keçirildiyi əsas məkana çevirib. Avropa Qran-prisi bu imici daha da gücləndirəcək. Belə ki, “Formula-1” Yay Olimpiya Oyunlarından və futbol üzrə dünya çempionatından sonra ən çox izləyici kütləsinə sahib idman yarışıdır. Məsələn, Bakıda keçiriləcək “Formula-1” 187 ölkədə canlı yayımlanacaq. Bu da o deməkdir ki, Azərbaycan və xüsusən, Bakı şəhəri yarış günləri həmin ölkələrin əsas idman kanallarının efirində azı 1,5 saat yer alacaq. Hesab edirəm ki, bu yarış Azərbaycanın bu sahədə qazandığı beynəlxalq imici daha da gücləndirəcək.

 

Müsahibəni apardı:

Leyla QURBANOVA,

Xalq qəzeti.-2016.- 17 iyun.- S.4.