AZƏRBAYCAN “Formula-1” ailəsində!

 

 

İndi, Azərbaycan paytaxtında “Formula – 1” Avropa Qran-prisinin Bakı mərhələsinin sonuncu, deməli, həm də ən maraqlı mübarizə vəd edən üçüncü günü cəsarətlə, böyük məmunluq hissi ilə deyə bilərik ki, ölkəmiz “Formula-1” ailəsində özünə layiqli yer etmişdir.

 

Azərbaycanın postsovet məkanında Rusiyadan sonra beynəlxalq idman dairələrində “Kralların yürüşü” adlandırılan yarışın təşkilatçısı rolunda çıxış edən ikinci ölkə olması isə bu möhtəşəm idman hadisəsi ilə bağlı respublikamıza göstərilən yüksək etimada görə razılıq, sevinc hissimimizi daha da gücləndirir.

 

Yarışın yüksək səviyyədə təşkil edildiyini iyunun 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qəbulunda olmuşFormula One Managementin prezidenti Berni Ekklstoun da xüsusi vurğulayaraq Bakıda gördüyü inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını qeyd etmiş və Azərbaycanın “Formula-1” ailəsinə daxil olmasından məmnun qaldığını bildirmişdir.

 

Bakının, Azərbaycanın bu gün yüksək inkişaf dövrü yaşadığı artıq heç kim üçün sirr deyil. Bu tərəqqini, ölkəmizin həyatın bütün sahələrində əsl inkişaf yolunda olduğunu hamı etiraf edir. Böyük beynəlxalq tədbirlər, o cümlədən bir-birini müvəffəqiyyətlə əvəz edən dünya səviyyəli mötəbər yarışlar isə qazanılan uğurların bütün planetimizdə təbliği işinə yaxından xidmət edir.

 

“Formula-1” yarışının da nailiyyətlərimizin və tərəqqimizin dünyada daha da təbliği işinə öz töhfəsini verəcəyi şübhəsizdir. Axı, həmişə hər bir işdə gözəllik əsl rəğbət hissi oyadır və ona biganə qalmaq olmur. İndiki halda “Formula-1” Avropa Qran-prisi Bakı mərhələsinin paytaxtımıza gətirdiyi cəsur yürüş iştirakçıları, eləcə də yaxın və uzaq ölkələri təmsil edən minlərlə turist Odlar yurdunun gözəlliyi, nailiyyətləri haqqında geniş məlumat almaq imkanı qazanmışlar. Bu isə o deməkdir ki, ölkəmizlə tanışlığa şad olan qonaqlar Azərbaycanda Bakı və bakılılar, respublikamız və onun uğurları, qonaqpərvərliyi haqqında aldıqları zəngin təəssüratı vətənlərində ailə üzvləri, dost-tanışları, həmkarları ilə bölüşəcəklər.

 

Dövlət başçımız İlham Əliyev cənab Berni Ekklstoun ilə görüşündə “Formula-1” yarışının  əhəmiyyətini yüksək qiymətləndirərək qeyd etmişdir ki, turistlərin Azərbaycanda sayının artması daha çox insanın təkcə Bakıda deyil, ölkəmizin digər bölgələrində də gedən inkişaf prosesləri ilə bağlı dolğun informasiya əldə etməsi üçün yaxşı imkan yaradır. “Formula-1” yarışı bu baxımdan böyük önəm daşıyır.

 

Bakıda sürət ustalarının yarışının iştirakçıları “Formula-1” yürüşləri tarixində özləri üçün yeni şəhərdə çıxış etmək imkanı qazanmalarını müsahibə və söhbətlərində razılıq hissi ilə qeyd edir, starta böyük həvəslə çıxdıqlarını bildirir, yeni yarış məsafəsinə lazımınca uyğunlaşmaq üçün gördükləri işdən söhbət açırlar. Məsələn, startların birinci günü Avropa Qran-prisinin ilk iki məşqində iştirak etmişMersedes” komandasının pilotu Luis Hemilton çempionat.ru saytına müsahibəsində belə bir fikir söyləmişdir: – Bu, mənim üçün çox yaxşı gün idi və istirahət günlərindəki starta əla imkan yaratdı. Məsafə sadə deyil. Heçona görə yox ki, örtüyü öyrənmək çətindir, ona görə ki, örtük çox sürüşkəndir. Əyləcləmə və sədlərin yaxınlığı baxımından bu məsafə Monakodakı trasa oxşayır. Ancaq burada sən döngələrə yüksək sürətlə çıxırsan. Digər tərəfdən, Bakı trası Valensiya və Soçidəki trasların qarışığıdır. Dediklərim məsafənin örtüyünə və döngələrə də aiddir. Bu yürüş mürəkkəb sınaqdır və düşünürəm ki, hamı üçün çətin olacaq. Burada yüksək konsentrasiya lazımdır. Bu isə mənim çox xoşuma gəlir.

 

Renautun pilotu Kevin Maqnussen isə cümə günü məşqləri necə keçdiyi haqqında autosport.com.ru-ya danışıb: —Gözəl və çox mürəkkəb məsafədir. İlk məşqdə maşınım yaxşı görünmürdü. Amma ikinci sessiyada hər şey qaydasına düşdü. Asfaltın da vəziyyəti  yaxşılaşdı. Ona görə də balansdan razı qaldım. Sükan arxasına qayıdacağım sabahkı günü səbirsizliklə gözləyirəm. Məncə, bizi maraqlı uik-end gözləyir.

 

...Bir çox beynəlxalq idman federasiyasının ən fəal, ən nümunəvi üzvlərindən biri olan Azərbaycan ümumdünya səviyyəli daha bir mötəbər təşkilatın layiqli nümayəndəsi olması ilə haqlı olaraq fəxr edə bilər. Bakıda ölkəmizin tarixinə yeni parlaq səhifə yazan “Formula-1” yürüşü artıq finişin astanasındadır.

 

Oqtay BAYRAMOV,

 Xalq qəzeti.- 2016.- 19 iyun.- S.6.