“Bakı bizə həyəcanlı anlar yaşatdı”

 

 

 

Bakıda  keçirilən “Formula-1" Avropa Qran-prisi başa çatdı. Artıq məşhur yarışmanın nəticələri də məlumdur və Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva ”Formula-1"in qaliblərinə mükafatları təqdim ediblər. Yarışa ilk sıradan başlayanMercedesin alman pilotu Niko Rosberq sonadək üstünlüyü əldən verməyib və çempion olub. İkinci yeriFerrarinin pilotu Sebastian Fettel qazanıb. “Force İndia” komandasının meksikalı pilotu Serxio Peres isə üçüncü yeri tutub.

 

Bu beynəlxalq tədbiri yaxından izləmək üçün Avropa və Asiyanın əksər ölkələrindən idmansevərlər, mətbuat təmsilçiləri, çoxsaylı turistlər Bakıya gəlmişdilər. Bu günlərdə Bakının mərkəzi parklarında onlardan bir neçəsi ilə görüşüb ölkəmizlə, Azərbaycanın qədim tarixə malik paytaxtı, eləcə də maraqlı idman yarışı ilə bağlı təəssüratlarını öyrəndik.

 

Mehdi Mahmudi (İran):

 

İlk dəfədir ki, Bakıda oluruq. “Formula-1" Avropa Qran-prisinin Bakıda keçirilməcəyini eşidən kimi, ailəliklə yarışı izləmək qərarına gəldik. Onsuz da çoxdan Bakı ilə yaxından tanış olmaq istəyirdik. Şəhərdə ”Formula-1"in keçirlməsi üçün görülmüş böyük hazırlıq işlərini görəndə heyrətlənməyə bilmədik. Hər şey yüksək səviyyədə həyata keçirilmişdi. Bakı yürüşünün layiqincə keçirilməsi üçün üzərinə düşən bütün işləri bacarıqla yerinə yetirib. Tədbirin təşkili üçün çəkilən böyük zəhməti yüksək qiymətləndiririk.

 

Bakıda təkcə yüksək təşkilatçılıq məharəti ilə deyil, həm də Azərbaycan xalqının böyük qonaqpərvərliyi ilə qarşılaşdıq. Şəhərin parklarında gəzərkən insanların qarşılarına çıxan qonaqlara xoş münasibət göstərərək gülümsədiklərini görürdük. Bakının son illərdə nə qədər gözəlləşdiyini, müasirləşdiyini görmək isə xüsusilə sevindiricidir. Zənnimizcə, bunlar müstəqilliyin Azərbaycana verdiyi imkanlardır. İnanırıq ki, qurub-yaradan azərbaycanlılar Prezident İlham Əliyevin rəhbərliyi ilə gələcəkdə daha böyük uğurlar qazanacaqlar. “Formula-1"in keçirildiyi həyəcanlı günlərdə bizə xoş dəqiqələr bəxş etdiyinə görə Azərbaycan Prezidentinə və qardaş Azərbaycan xalqına ”çox sağ olun" deyirik.

 

Banucan (Qazaxıstan, Almatı):

 

Qardaş Azərbaycana, onun gözəl paytaxtı Bakı şəhərinə dostlarımla birgə gəlmişəm. Bakı trasında keçirilən “Formula-1" yarışlarının açılışını maraqla izlədik. İlk təəssüratıma görə, Bakı yarışların keçirilməsinə yüksək səviyyədə hazırlaşıb. Tras boyu müxtəlif konstruksiyalar düzülüb, maşınların yüksək sürətlə hərəkəti üçün lazımi şərait yaradılıb. Müşahidələrimizə görə, buradakı trasda mürəkkəb sahələr çoxdur. Bu baxımdan Bakı trası, zənnimcə, başqa traslardan daha sürətlidir. Belə traslar tamaşaçının həyəcanlanmasına səbəb olur və yarışa baxımlılıq verir. Bakı kimi cazibədar bir şəhərdə belə möhtəşəm tədbiri izləmək adama zövq verir. Əminəm ki, ölkəniz bundan da mötəbər tədbirlərə ev sahibliyi etməyə qadirdir.

 

Eyni zamanda, Bakı ilə, onun görməli yerləri - Qız qalası, İçərişəhər, “Alov qüllələri” ilə, məşhur “Torqovı” küçəsi ilə tanış olduq. Şəhərdə qədimliklə müasirliyin qovuşması insanda qəribə hisslər oyadır. Sanki bir aləmdən başqa bir aləmə düşürsən. İçərişəhər bu baxımdan daha cəzbedicidir. Burada olanda özünü on səkkizinci əsrdə hiss edirsən.

 

Yercan (Qazaxıstan, Çimkənd):

 

– Mən bu cür yarışların azarkeşiyəm və hər dəfə belə fürsətdən istifadə etməyə çalışıram. Bakıya “Formula-1"i izləməyə gəlməyim də azarkeşliyimdən irəli gəlir. Eyni zamanda, dostlarımdan bəziləri bir neçə il əvvəl Bakıda “Eurovision” mahnı müsabiqəsini, bəziləri isə birinci Avropa Oyunlarını izləmiş və Qazaxıstana qayıdandan sonra mənə bu şəhəri o qədər tərifləmişdilər ki, ilk fürsətdəcə bura gəlmək haqqında düşünürdüm. “Formula-1” bunun üçün çox yaxşı fürsət oldu.

 

Bakı trasında yüksək sürətlə şütüyən bolidlərə tamaşa edəndə adam müxtəlif hisslər keçirir. Əvvəlcə qeyd edim ki, Bakı Şəhər Halqası digər şəhər treklərindən fərqlənir. Burada öyrəndik ki, Bakı şəhər treki Beynəlxalq Avtomobil Federasiyasının ən son texniki-təhlükəsizlik standartlarına uyğun olaraq hazırlanıb. Bu standartlar beynəlxalq təhlükəsizlik qaydalarına tam cavab verir. Eyni zamanda, tras digər şəhər trekləri ilə müqayisəolunmazdır. Trekin birinci döngəsi çox mürəkkəbdir. Düz xətt boyunca 2 kilometr hərəkət edən bolidlərin sürəti, çox güman ki, saatda 340 kilometrə çatırdı. Trekin İçərişəhər hissəsi-Qoşa qala qapı meydanı istiqamətində isə bolidlər ensiz yol ilə qalxırdılar. Trekin bu hissəsi də unikaldır. Ensiz trek boyu bolidlərin hərəkəti, təbii ki, mürəkkəb oldu. Daha sonra bolidlər Azneft meydanına doğru hərəkət edib Dənizkənarı Milli Park boyunca maksimum sürət götürə bildilər. Zənnimcə, çox unudulmaz bir səhnənin tamaşaçısı ola bildik. Buna görə Bakıda yarışı təşkil edənlərin hamısına minnətdarlığımı bildirirəm.

 

Ruslan Serdyuk (Ukrayna):

 

– Bakıda “Formula-1” Avropa Qran-prisinin keçiriləcəyini eşidəndə çox sevindim. Günəşli Bakı şəhərində olmaq çoxdankı arzum idi. Bilirdim ki, Azərbaycan son illərdə beynəlxalq tədbirlərin təşkilatçılığı işində kifayət qədər təcrübə toplayıb. İndiyədək ölkənizdə “Eurovision" musiqi yarışı, Birinci Avropa Oyunları və digər beynəlxalq tədbirlər keçirilib və hər biri böyük uğurla başa çatıb. Bakının bu cür məsələlərə yüksək qayğı və məhəbbətlə yanaşması çox sevindiricidir.

 

Bu məsələdə ölkə başçınız İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın xüsusi diqqəti olduğunu bilirəm. Sizin çox uzaqgörən, yüksək siyasi və mədəni intellekt səviyyəsinə malik Prezidentiniz var. Onu da bilirik ki, Prezident İlham Əliyev idman sahəsinə xüsusi həssaslıqla yanaşır və hər zaman beynəlxalq arenalarda nailiyyətlər qazanmış idmançıları mükafatlandırır. Ölkənizdə idmanın inkişafı Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində indiki səviyyəyə çatdırılmışdır. Elə “Formula-1” yarışlarının bu qədər canlı və möhtəşəm keçirilməsinə görə də ilk növbədə ona təşəkkür etmək lazımdır.

 

Söhbəti yazdılar:

Paşa ƏMİRCANOV,

Rafiq SALMANOV,

Xalq qəzeti”

Xalq qəzeti.- 2016.- 21 iyun.- S.5.