Mədəniyyətlərin beşiyi: Təbriz

      

Martın 3-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında tanınmış adamı, xeyriyyəçi Əli Poladın nəfis şəkildə yeni çapdan çıxmış “Mədəniyyətlərin beşiyi: Təbriz” kitabının təqdimat mərasimi keçirilib.

 

Təbrizin gələcəyi uğurnda mücadilə aparan Əziz Əliyevin xatirəsinə ithaf olunmuş kitabın təqdimat mərasimində Milli Məclisin deputatları, tanınmış elm və mədəniyyət xadimləri ilə yanaşı, dünyanın müxtəlif ölkələrindən gəlmiş qonaqlar da iştirak ediblər.

Tədbiri Milli Məclisin deputatı, akademik Rafael Hüseynov açaraq Təbriz sevgisindən və Əli Poladın doğulduğu yurda, torpağa sonsuz məhəbbətindən söz açıb. O bildirdi ki, Təbriz yalnız şəhər deyil, o, azərbaycanlılar üçün öz təlqin etdiyi fəlsəfə ilə böyükdən böyük yoldur, həyat tərzidir. Təbriz həmişə yenilməz olub. Təbriz bütün dövrlərdə baş şəhər, paytaxt olub. Zaman -zaman təbrizli alimlər, mütəfəkkirlər, ədəbiyyat və  incəsənət dühaları dünya mədəniyyətinə böyük töhfələr veriblər. 

Müəllifin bir-birindən dəyərli kitabları haqqında söz açan R.Hüseynov qeyd edib ki, Ə.Polad hər bir yeni əsəri ilə insanları düşündürür, onları kamilliyə səsləyir.

O bildirib ki, Əli Poladın Mirzə Əli Möcüzə, Ömər Xəyyama, həyat mənbəyi olan suya və digər mövzulara həsr etdiyi kitabların hər biri müəllifin böyük və gərgin zəhmətinin bəhrəsidir.

Diqqətə çatdırılıb ki, 862 səhifəlik “Mədəniyyətlərin beşiyi: Təbriz” kitabı 7 fəsildən ibarətdir. Nəşrdə 804 fotoşəkil yer alıb.

Sonra Əli Poladın həyat yolundan bəhs edən videomaterial nümayiş etdirilib. Materialda müəllifin Təbrizdən başlanan və Türkiyədə davam edən həyat yolu, adamı kimi xeyriyyəçilik missiyası, müəllifi olduğu kitablar, reallaşdırdığı layihələr, qurub-yaratdığı müasir tikililər əks olunub.

Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Azərbaycanın böyük ziyalısı Əli Poladın Səfəvilərin paytaxtı olmuş, Şəhriyarın şəhəri, qədim Təbrizi keçmişi, zəngin tarixi, insanları, həsrəti ilə Bakıya gətirdiyini söyləyib.

Tədbirdə çıxış edən digər natiqlər Əli Poladın mənəvi dünyasından, xeyriyyəçiliyindən, gördüyü işlərdən söz açıblar. Onun Vətənə, torpağa bağlılığını, insanlara və insanlığa münasibətini yüksək dəyərləndiriblər.

O, böyük mənəviyyat adamı olan Əli Polad müəllifi olduğu bir çox kitabları pulsuz olaraq insanlara,kitabxanalara, ali məktəblərə paylayıb.

Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq şairi Anar R.Rzanın Təbrizə həsr etdiyi şeiri oxudu və müəllifə atasının kitabını bağışladı.

Gecədə İrandan gəlmiş “Səhənd”  aşıqlar qrupu, “Barış” qrupu, eləcə də məşhur azərbaycanlı müğənni Yaqub Zurufçunun ifasında Təbriz, Şuşa, Qarabağ və Vətən həsrətli mahnılar ifa edildi.

Mərasimdə vurğulandı ki, kitab ingilis, rus, fars, türk və Azərbaycan dillərində nəşr edilib. İndiyədək Təbrizdə və Tehranda kitabın təqdimatı keçirilib.Tədbirdə qeyd edilən şəhərlərdə keçirilən təqdimatlardan da fraqmentlər nümayiş olundu.

Çıxış edən digər natiqlər də Təbriz haqqında müəllifin böyük sevgi lə hazırladığı kitabı bu qədim şəhərin kimliyi adlandırdılar. İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin mədəniyyət ataşşesi İbrahim İbrahimi kitabın yüksək zövqlə hazırlanmasına çəkdiyi əməyə görə müəllifə təşəkkür etdi. Ərsəyə gələn kitabı “dəryadan bir damla”adlandıran natiq hər kəsi Təbrizə getməyə,  gözəllikləri gözləri ilə görməyə çağırdı.

Sonda müəllif “Mədəniyyətlərin beşiyi: Təbriz” adlı kitabını tədbir iştirakçılarına hədiyyə edib.

 

Qabil YUSİFOĞLU

 

Xalq qəzeti.- 2016.- 5 mart.- S.7.