45 il əvvəl qardaşlaşmış şəhərlər

yenidən yaxınlaşmalıdırlar

 

Paytaxt Bakı ilə İtaliyanın Neapol şəhərləri arasında dostluq əlaqələrinin tarixi ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi ilk dövrlərə təsadüf edir. Azərbaycanda sürət götürən inkişaf və tərəqqinin həmin dövründə -1972-ci ildə Bakı ilə Neapol şəhərlərinin qardaşlaşması və  əməkdaşlıq etmələri haqqında sazişprotokol imzalanmışdı. Bu qardaşlıq əlaqələrinin kulminasiya nöqtəsi isə NeapoldaBaki” küçəsinin, Bakıda isə “Neapol” küçəsinin və dairəsinin açılması olmuşdu. Sovet İttifaqı dağılandan sonra bu əlaqələr unudulmuş və münasibətlər çox soyumuşdu.

 

Dünən İtaliyanın Neapol şəhərində fəaliyyət göstərən Neapol-Bakı Assosiasiyasının prezidenti Cüzeppe Kaniqlianın rəhbərlik etdiyi nümayəndə heyətinin, paytaxtın Neapol küçəsinin və dairəsinin yerləşdiyi Xətai rayonuna gəlişinin məqsədi bu əlaqələri yenidən canlandırmaq məramı daşıyırdı.

Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov nümayəndə heyətini qəbul edərək, Azərbaycanla İtaliya dövlətləri arasında əlaqələrin tarixindən söz açmış, müstəqillik illərində, xüsusilə son onillikdə bu əlaqələrin daha da dərinləşməsindənstrateji dostluq münasibətlərinə keçməsindən bəhs etmişdir.

R.Məmmədov  qonaqların  Bakı ilə Neapolun qardaşlaşmasının 45 illiyi ərəfəsində paytaxtımıza səfərini yüksək qiymətləndirərək bildirmişdir ki, diplomatiyanın bir vasitəsi kimi belə tədbirlər ölkələrimiz arasında işgüzar və mədəni əlaqələrin inkişafına xüsusi töhfələr verə bilər.

Natiq həmçinin Xətai rayonunun ərazisindəki Neapol küçəsində və Neapol dairəsində son illərdə görülmüş yenidənqurma, tikinti və abadlıq işlərindən, ümumiyyətlə ölkədə, paytaxt Bakıda son illər quruculuq işlərinin böyük vüsət aldığından və dünyada gedən maliyyə böhranına baxmayaraq, bu işlərin dövlət başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən geniş söhbət açdı.

Neapol-Bakı Assosiasiyasının prezidenti  Cüzeppe Kaniqlia, vitse-prezidentlər Emilia SaponaroElnur Camalxanov səmimi qəbula görə icra başçısı Razim Məmmədova təşəkkür edərək bildirdilər ki, onların rəhbərlik etdikləri qurum bu iki şəhər arasında 45 il əvvəl qurulmuş əlaqələri yeni reallıqların tələblərinə uyğun inkişaf etdirməyə, hər iki şəhərin adamları, mədəniyyət xadimləri arasında münasibətlər qurmağa çox maraqlıdır. Bunun üçün kifayət qədər geniş imkanlar və hər iki tərəfin istəyi var. Uğurlu əməkdaşlıq etmək üçün  bu, böyük potensialdır.

Sonra assosiasiyanın vitse-prezidenti Emilia Saponaro Neapolda nəşr olunan mətbu orqanlarda onun öz təşəbbüsü ilə Azərbaycanla, buradakı iqtisadi inkişafla, həyata keçirilən sosial-iqtisadi siyasətlə, ölkəmizdəki tolerantlıq, ictimai sabitliklə bağlı  tez-tez materiallar dərc etdirdiyini bildirdi və həmin nəşrlərdən bir neçəsini əyani şəkildə nümayiş etdirdi. Emilia Saponaro Bakıda gördükləri quruculuqtikinti işlərindən çox məmnun qaldığını və özünü bu əsrarəngiz şəhərdə çox rahat hss etdiyini də səmimiyyətlə ifadə etdi.

Cüzeppe Kaniqlia isə bildirdi ki, Assosasiyanın üzvləri ötən ilin oktyabrında Azərbaycanın müstəqillik günü ilə bağlı Neapolda böyük tədbir keçirmişbura bir çox ölkələrin nümayəndələri dəvət olunmuşlar. O, həmçinin Neapolun işgüzar dairələrinin də azərbaycanlı həmkarları ilə əməkdaşlıqda maraqlı olduğunubuna nail olmaq üçün bəzi tədbirlərin gerçəkləşdirilməsinin lazım olduğunu dilə gətirdi. Assosasiyanın prezidenti Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədovu Neapol teatrının səhnələşdirdiyi azərbaycanlı ədib Qurban Səidin “Əli və Nino” əsərinin yaxın günlərdə nümayiş etdiriləcək tamaşasına baxmağa dəvət etdi.

Dəvəti məmnuniyyətlə qəbul edən R.Məmmədov görülən işlərə görə qonaqlara minnətdarlıq etdi və Xətai rayonu ilə baglı bütün təşəbbüsləri dəstəkləməyə həmişə hazır olduğunu bildirdi. İcra başçısı rəhbərlik etdiyi rayonun son illər Türkiyənin Tarsus şəhəri, Belorusun Minsk şəhərinin Leninsk rayonu və Yaponiyanın Kitakyuşu şəhəri ilə qardaşlaşmasından söhbət açdı və onlarla qarşılıqlı əlaqələrin sürətlə inkişaf etməsi barədə qonaqlara ətraflı məlumat verdi.

Görüşün sonunda Xətai Rayon İcra Hakimiyyətinin başçısı qonaqlara xatirə hədiyyəsi və Xocalı faciəsi barədə ingilis və Azərbaycan dillərində geniş məlumatların və fotofaktların əks olunduğu bukletlər təqdim etdi. Neapol-Bakı Assosiasiyasının prezidenti Cüzeppe Kaniqlia isə Neapol şəhər merinin göndərdiyi xatirə hədiyyəsini Razim Məmmədova təqdim etdi.

 

İlqar RÜSTƏMOV

 

Xalq qəzeti.- 2016.- 12 mart.- S.10.