Qarabağ ellərində Novruz şənlikləri

 

Yazın gəlişi ilə üfiqdə bir boy da yüksələn Günəş yeri- göyü nura- hərarətə qərq edib. İnsanlarla bəhsə giribmiş kimi, təbiət də çöl- bayırda öz nəhəng səmənisini göyərdir. Qışın qınından sıyılmış qılınca bənzəyən yaz adamları yenidən ilin rüzi- bərəkət yürüşünə çağırır. Novruz ənənələrini milli həmişəyaşarlıq iksiri kimi yüz illər boyu qoruyub saxlamış Qarabağ ellərində də bugünlərdə bayram təntənələri aşıb- daşır, evləri- obaları dolaşaraq insanların sevincini birə- beş artırır, onları yeni həvəslə qurub- yaratmağa, bol nemətlər yetirməyə səsləyir.

 

Yevlax

 

Son illərdə əsaslı şəkildə abadlaşıb böyümüş Yevlax şəhərinin mərkəzi meydanı minlərlə insanı Novruş şənliyinə toplamışdı. Burada qurulmuş bayram dekorasiyalarından tutmuş insanların libasına, üzlərindəki sevincə, ətrafa yayılan gur musiqi sədalarınadək hər şey xalqımızın milli kimliyindən, qədimliyindən, bugünkü uğurlarından, sabaha yönəlik xoş niyyətlərindən xəbər verirdi. Meydan boyu sıralanmış izdihama yaxınlaşan rayon rəhbərləri, qonaqlar rəngarəng Novruz ekspozisiyaları ilə tanış oldular, adamlarla səmimi görüşdülər, şənliyin yüksək səviyyədə təşkil edildiyinə bir daha əmin oldular. Baş tərəfdə qurulmuş bayram qərargahında rəsmi təntənənin başlandığı elan olunandan sonra söz Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Qoca Səmədova verildi. Başçı yevlaxlıları xalqımızın əziz bayramı münasibətilə səmimi təbrik etdi, onlara xoş güzəran, quruculuq yollarında daha böyük uğurlar arzuladı. Ənənəyə uyğun olaraq, ötən Novruz bayramından sonra şəhərin və rayonun abadlıq, quruculuq işlərində fəallığı ilə seçilmiş bir qrup adama Yevlax Şəhər İcra Hakimiyyətinin hədiyyələri təqdim olundu. Şəhid ailələri, Qarabağ müharibəsi əlilləri, Böyük Vətən müharibəsi və Əfqanıstan veteranları, Çernobıl qəzası iştirakçıları, əmək qabaqcılları üçün nəzərdə tutulmuş bayram sovqatı və pul yardımı da sahiblərinə çatdırıldı. Cəngi sədaları altında tarixlər şahidi, xeyir- dualar ozanı Dədə Qorqudxoş günlər müjdəçisi Bahar qız meydana daxil oldular. Tonqallar alovlandırıldı. Alqış sədaları yüksəldi. Uşaqlı- qocalı hamının qoşulduğu uzun yallı sırası meydanı cuşa gətirdi. Kəndirbazların, milli güləşçilərin hoqqaları, qız- gəlinlərin kətə, yuxa, plov bişirməsi, nehrə çalxalaması, gənclərin yumurta döyüşdürməsi adamları öyünclü dünənimizin sirli- sehrli dünyasına çəkib apardı. Rəngarəng konsert, bayram əyləncələri gecədən xeyli keçənədək davam etdi.

 

Bərdə

 

Bərdə Rayon Mədəniyyət və Turizm Şöbəsi kollektivlərinin hazırladığı “Yurdumuza yaz gəlir” adlı bayram şənliyi ölkəmizdə keçirilən Novruz şənlikləri ənənəsinin ən yaxşı elementləri ilə süslənmişdi. Rəsmi təntənə başlamazdan əvvəl ətrafı bürüyən musiqi sədaları, sanki, rayon mərkəzini nəhəng bir təntənənin ağuşuna səsləyirdi. Bərdə Mədəniyyət Mərkəzinin “Qarabağxalq çalğı alətləri ansamblının müşayiəti ilə ifa olunan “Mənsuriyyə” ritmik muğamı, “Bərdəm” mahnısı, bədii qiraətçilərin səsləndirdiyi Azərbaycan, bahar barədə şeirlər mərkəzi meydana müxtəlif səmtlərdən daxil olan axın- axın insanı bayram əhvalına kökləyirdi. Çox keçmədi ki, “Yaz gəldi” mahnısının sədaları altında Dədə QorqudBahar meydana daxil oldu və şənliyin rəsmi hissəsi start götürdü. Ulu ozan qonaqları və bərdəliləri salamlaya- salamlaya meydanı dolaşdı, el- obalarımıza bol ruzi, əmin- amanlıq dilədi. “Kosa-kosaoyununun iştirakçıları şən məzhəkələrə başladılar. Yumurta döyüşdürənlər, qurşaq tutanlar, xalq oyunlarını və el məişəti səhnələrini nümayiş etdirənlər bayrama milli ab- hava gətirdilər.

Rayon rəhbərliyi Novruzla bağlı təşkil olunmuş etnoqrafik səhnələrlə tanış olandan sonra səyyar tribunaya yaxınlaşan Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev toplaşanları Novruz bayramı münasibətilə ürəkdən təbrik etdi, bərdəlilərə möhkəm cansağlığı, şəxsi və ictimai həyatda uğurlar, xoşbəxtlik arzuladı. Sonra başçı rayonun ictimai-siyasi həyatında və tikinti-quruculuq, abadlıq işlərində fəal iştirak edən bir qrupa Bərdə Rayon İcra Hakimiyyətinin fəxri fərmanlarını təqdim etdi. Quruculuq işlərinin çətin sahələrində çalışan 100 nəfərə isə bayramın sonunda xüsusi hədiyyələr veriləcəyi bildirildi. Bayram tonqalının alovlanması ilə şənliyin çal- çağır hissəsi başlandı. Adamlar od üstündən tullanmağa, min illər əvvəl olduğu kimi, müqəddəs odun alovları ilə paklanıb- durulmağa başladılar. Bayram şənliyində populyar sənətçilərin və yerli özfəaliyyət qruplarının səsləndirdiyi musiqilər, kütləvi rəqslər hamıya sonsuz sevinc, hədsiz ruh yüksəkliyi gətirdi. Bərdə Novruz təntənəsi ilə təbiətin təqvimində yeni hesabı açılan daha bir uğurlu quruculuq ilinə daxil oldu.

 

Tərtər

 

Novruz şənliyinin keçirildiyi baş meydan gül-çiçəklə, səmənilərlə bəzədilmiş, xalq həyatının canlı mənzərələrini əks etdirən guşələrlə əhatələnmişdi. Kənarlara cərgə boyu xalça, kilim sərilmiş, qədim əşyalar – səhəng, mis şamdanlar, kasalars. əşyalar qoyulmuşdu. Bir tərəfdə isə qardaş qurmuş nənələr yun darayır, cəhrədə ip əyirirdilər. Masaların üzərinə düzülmüş bayram şirniyyatları ilə - şəkərbura, paxlava, qoğals. bəzədilmiş xonçalar, rəngbərəng yumurtalar nəhəng bir Novruz süfrəsini xatırladırdı. Ətrafda uşaqlar yumurta döyüşdürür, kəndirbazlar, pəhləvanlar öz məharətlərini göstərirlər. Aşıqlar sazı, qara zurnanı dilləndirməklə ətrafdakıları meydana toplayırdılar. Novruz ənənəsinə uyğun olaraq el ağsaqqalı Dədə Qorqud məclisə xeyir- dua verməyə dəvət edildi. Sanki, əsrlərin dərinliyindən gələn bir səs əzəmətlə meydana yayıldı: “Əziz xalqım! Odlar yurdu Azərbaycan! Türk, Oğuz eli, bayramınız mübarək! Yurdumuza təzələnən, toxum cücərdən ildə bol ruzi, xeyir- bərəkət arzulayıram. Yeni mövsümdə bir əkib, beş götürəsiniz. Qarlı dağlarınız yıxılmasın. Axar sularınız qurumasın. Qadir Tanrı sizi namərdə möhtac etməsin. Güllə səsi, qan- qada yurdumuzdan birdəfəlik uzaq olsun! Ulu Tanrı yurdumuzu düşmənlərdən qorusun!” Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov isə ulu ozanın xeyir- duasına rəsmi bayram təbriki ilə tamamlayandan sonra şənliklərə başlandığını xəbər verən Novruz tonqalını alovlandırdı. Kosa ilə Keçəl başının dəstəsi ilə tonqalın ətrafında dövrə vurmağa başladılar. Qara zurnanın səsi adamları coşdurdu. Ayrı- ayrı qrupların hazırladıqları Novruz kompozisiyaları bir- birini əvəz elədi. Şən rəqslər, ruh oxşayan mahnılar şənliyi təravətləndirdi. “Haxışta”, “Halay”, “Bənövşə”, “Fincan-fincan” və s. oyunlar qədim və zəngin el incəsənətinin həmişəyaşarlığını, ülviyyətini sərgilədi. Qarabağ rayonlarının mərkəzlərində keçirilən Novruz təntənələrinin əks- sədası ətraf məntəqələrə də yayılaraq hər obada, hər bir evdə keçirilən şənliklərlə davam etməkdədir.

 

Ziyəddin SULTANOV

 

Xalq qəzeti.- 2016.- 20 mart.- S.6.