Böyük siyasi kursun uğurlu davamı

 

Azərbaycanın ən yeni tarixinin bütöv bir dövrü ümummilli  liderimiz Heydər Əliyevin şərəfli adı və möhtəşəm fəaliyyəti ilə bağlıdır. Onun 35 illik rəhbərliyi dövründə respublikamız əsrlərə bərabər inkişaf yolu keçmişdir. Respublikaya rəhbərlik etdiyi illərdə ulu öndər var qüvvəsini və bacarığını Azərbaycanın yüksəlişinə həsr etmiş, nəhəng quruculuq işlərinin təşəbbüskarı olmuşdur.

Yaxın kecmişə nəzər salsaq görərik ki, 1988-1993-cü illərdə Azərbaycanın ictimai-siyasi həyatında çaxnaşmalar, cəbhədəki məğlubiyyətlər, ölkədə anarxiya, xaos, vətəndaş müharibəsi və s. mövcud idi. Belə bir təhlükə və faciənin qarşısını almaq üçün xalq özünün xilaskarını ikinci dəfə hakimiyyətə dəvət etdi. Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi, möhkəm iradəsi və uzaqgörənliyi sayəsində tezliklə ölkədə vətəndaş müharibəsi dayandırıldı, Milli Ordumuzun döyüş qüdrətinin artırılması nəticəsində torpaqlarımızın işğalına son qoyuldu və atəşkəs əldə olundu. Qısa bir zamanda ulu öndərin bilavasitə rəhbərliyi altında respublikamızda ictimai-siyasi sabitlik  iqtisadi dirçəliş təmin edildi. Siyasi aləmdə dövlətimizin beynəlxalq nüfuzu möhkəmləndi və müstəqilliyimiz dönməz xarakter aldı.

Ulu öndərin rəhbərliyi ilə müstəqil respublikamızın ilk Konstitusiyası qəbul olundu, parlamentə seçkilər keçirildi. Şərqdə ilk dəfə olaraq Azərbaycanda ölüm hökmü ləğv edildi, hüquqisivil dövlət quruculuğu prosesi başlandı. İqtisadi islahatların həyata keçirilməsi geniş vüsət aldı və  “Əsrin müqaviləsi” adını almış neft müqaviləsi imzalandı, dünya dövlətləri ilə iqtisadisiyasi əlaqələrimiz genişləndi.

Heydər Əliyevin tükənməz enerjisini nəinki öz xalqının, dövlətinin inkişafına, bütövlükdə dünya xalqlarının iqtisadi, mədəni səviyyəsinin yüksəlməsinə, onların arasında mehriban münasibətlərin dərin kök salmasına sərf edirdi. Xalqımızın ümummilli lideri BMT, ATƏT, Avropa Şurası, İslam Konfransı Təşkilatı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, GUAM, MDB və başqa beynəlxalq təşkilatların toplantılarında daim qlobal bəşəri problemlərə öz orijinal baxışı ilə fərqlənirdi. Çünki sözün həqiqi mənasında, bu böyük insanın  amalı yaratmaq, məramı qurmaq, məqsədi xalqa xidmət etməkdən ibarət idi.

Ulu öndər Heydər Əliyev indi  bütün dünyada Azərbaycanın rəmzinə çevrilib. Məhz ona görə də böyük öndərimizin adı xalqımız tərəfindən həmişə dərin hörmət və ehtiramla anılır. Tarixi təcrübə sübüt edir ki, yalnız güclü siyasi lider yetişdirən xalqlar öz milli sərvətlərinə sahib olmaq və onları öz ölkələrinin inkişafına yönəltmək imkanı qazanırlar. Məlumdur  ki, dünyanın bir çox ölkəsi zəngin neft ehtiyatına malikdir. Lakin bu ölkələrin heç də hamısı  həmin sərvətdən xalqın rifahı üçün lazımi səviyyədə istifadə edə bilmir. Ümummilli liderimiz  Heydər Əliyev isə neft-qaz ehtiyatından əldə edilən gəliri Azərbaycan xalqının rifahına yönəldə bildi.

1994-cü il sentyabrın 20-də imzalanan “Əsrin müqaviləsi” ilə müstəqil Azərbaycanın yeni  neft strategiyası həyata keçirilməyə başlandı və ölkə iqtisadiyyatına yatırılan investisiyanın həcmi ilbəil artdı. Keçmiş sovet respublikaları arasında Azərbaycan ilk dəfə Qərbin iri neft şirkətləri ilə belə böyük miqyaslı saziş imzaladı və Xəzər dənizində beynəlxalq əməkdaşlığın əsasını qoydu. Bununla da Prezident Heydər Əliyev o dövrdə növbəti dəfə böyük siyasi cəsarət, dönməz iradə, dəqiq iqtisadi hesablama və dərin müdriklik nümayiş etdirərək, müstəqil Azərbaycanın yeni neft doktrinasını irəli sürdü.

“Əsrin müqaviləsi” Azərbaycanın iqtisadi müstəqilliyinin təməl daşına çevrildi, azad iqtisadi mexanizmlərin tətbiq edilməsini və respublikamızın dünya iqtisadiyyatına dinamik inteqrasiyasını təmin etdi, xarici investorların ölkəmizə axını sürətləndirildi və Azərbaycanda yeni neft-qaz müqavilələrinin  bağlanmasına güclü təkan verdi.

Həmin dövrdə Amerika Birləşmiş Ştatlarının Prezidenti Corc Buş Heydər Əliyevə ünvanlandığı məktubda yazırdı: “Amerika Birləşmiş Ştatları Sizinlə sıx işləyərək, qlobal enerji təhlükəsizliyini təmin etməyə və Azərbaycan xalqı üçün daha firavan, dinc gələcək qurmağa yardım etməyə hazırdır”.

Ulu öndərimiz Heydər Əliyev tərəfindən əsası qoyulan Bakı-Tbilisi-Ceyhan neft kəmərinin istismara verilməsi ölkəmizdə istehsal edilən neftin dünya bazarına çıxarılmasında mühüm rol oynayır. Heydər Əliyev kəmərin təməlinin qoyulması mərasimindəki nitqində demişdir: “Bakı-Tbilisi- Ceyhan çox böyük iqtisadi xarakter daşıyır. Ancaq təkcə iqtisadi deyil, hesab edirik ki, siyasi xarakter daşıyır. Bu layihə və onun həyata keçirilməsi Qafqaz bölgəsində sülhün, əmin-amanlığın, təhlükəsizliyin təminatçısı ola bilər”.

Heydər Əliyev tərəfindən yeridilən düzgün daxilixarici siyasət nəticəsində 1995-ci ildə Azərbaycanda ictimai-siyasi sabitlik bərqərar edildi. Sosial-iqtisadi problemlərin həlli, o cümlədən əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində görülən işlər ön plana çəkildi. Ardıcıl olaraq aparılan islahatlar qısa muddət ərzində öz bəhrəsini verməyə başladı və iqtisadiyyatın ayrı-ayrı sahələrində ciddi irəliləyişlər əldə olundu. Görülən məqsədyönlü və uzaq perspektivlərə tuşlanmış tədbirlər nəticəsində geriləmənin qarşısı birdəfəlik alındı.

Alfred Nobelin XX əsrin əvvəllərində “burada neft, qan və siyasət çox sıx şəkildə bir-birinə qarışıb”, - deyə xarakterizə etdiyi Azərbaycan artıq XX əsrin sonunda xalqın dahi oğlu Heydər Əliyevin gərgin əməyi, məntiqi siyasi gedişləri və inkişaf strategiyası nəticəsində qan-qadadan uzaq, sabitliyin və əmin-amanlığın hökm sürdüyü bir ölkəyə çevrilirdi. Gündən-günə artan neft gəlirləri, xarici investisiya axını ölkənin iqtisadi mənzərəsini dəyişdi, Azərbaycanı regionun lider dövlətinə çevirdi.

Regionda qlobal enerji layihələrinin təşəbbüskarı və iştirakçısı olan  Azərbaycan hazırda bir sıra dünyaAvropa ölkələrinin “mavi yanacaqla təminatında mühüm rol oynayır. “Şahdəniz” yatağının ikinci işlənmə mərhələsinin ölkəmiz üçün əhəmiyyəti olduqca böyükdür. Belə ki, sözügedən mərhələ çərçivəsində hasil edilən daha böyük miqdardamavi yanacaq” Azərbaycanın ixrac imkanlarını genişləndirməklə yanaşı, “Şahdəniz” qazının alıcılarının sayının da artmasına səbəb olacaq. Bu da ölkəmizin regionda, eləcə də dünyada strateji tərəfdaş kimi mövqeyini bir qədər də möhkəmləndirəcək.

 Azərbaycanın təşəbbüsü və iştirakı ilə TANAP layihəsinin reallaşması olduqca mühüm tarixi hadisə sayıla bilər. Bu layihə ölkəmizin iqtisadi qüdrətinin və dünyadakı siyasi nüfuzunun artmasında önəmli rola malikdir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev bu layihənin tarixi rolundan danışaraq deyib: “TANAP layihəsi bizə imkan verəcəkdir ki, Azərbaycan zəngin qaz resurslarını dünya bazarlarına böyük həcmdə nəql etsin. Hesab edirəm ki, TANAP layihəsi son illər ərzində nəinki ölkəmizdə, regionda, Avropa qitəsində enerji təhlükəsizliyi ilə bağlı olan məsələlər arasında ən böyük addımdır. TANAP layihəsinin təşəbbüskarı da Azərbaycan olmuşdur. Əminəm ki, TANAP layihəsini Azərbaycan öz tərəfdaşları ilə vaxtında icra edəcək və beləliklə, Avropanın enerji xəritəsi böyük dərəcədə dəyişdiriləcəkdir”.

Azərbaycan hazırda nəinki özünün, eləcə də dünyanın enerji təhlükəsizliyi məsələlərinə layiqli töhfəsini verir. Dünya ölkələri, xüsusən də Qərb ölkələri enerji təhlükəsizliyi kimi ciddi problemin həllində Azərbaycanla daha sıx əməkdaşlıq qurmaqda marağını açıq şəkildə ortaya qoyub. İndi söhbət məhz Azərbaycanın fəal iştirakı ilə Xəzər-Qara dəniz-Aralıq-Baltik dənizləri və Avropa İttifaqı regionunda enerji əməkdaşlığının geniş formatı haqqında gedir. TANAP və TAP layihələrinin reallaşması bu istiqamətdə mühüm addım olacaqdır. Təbii ki, neft amilinin ölkəmizin iqtisadisiyasi həyatında strateji əhəmiyyəti və xüsusi yeri vardır. Lakin Azərbaycan rəhbərliyi çalışır ki, ölkə neft amilindən asılı olmasın. Buna görə də qeyri-neft sektoruna aid layihələrin reallaşmasının sayı da durmadan artmaqdadır.

Qeyd etmək lazımdır ki, hazırda qlobal iqtisadi inkişafın gələcəyini müəyyənləşdirən texnologiyalar dünyanın ən aparıcı dövlətlərinin həyata keçirdikləri siyasətdə əsas xətti təşkil edir. Sürətlə yayılmaqda olan informasiya-kommunikasiya texnologiyaları və onların fonunda formalaşaraq yeni inkişaf vüsəti qazanan qloballaşma prosesləri ölkələrin sosial-iqtisadi həyatına birbaşa təsir göstərməkdədir. Təsadüfi deyil ki, artıq dövlətlərin iqtisadi üstünlüyü də məhz texnologiyalara yiyələnməyə, onları mənimsəmə gücünə əsaslanır. Bir sözlə, iqtisadi qüdrəti müəyyən edən meyarların, qazanılan makromikro iqtisadi göstəricilərin önündə bu gün məhz həmin ölkələrdə informasiya-kommunikasiya texnologiyalarının tutduğu yeronun inkişafı dayanır. Texnoloji proseslərin, innovasiyaların insanlara xidmət, korrupsiyaya qarşı mübarizə, şəffaflıq, yenilik baxımından müasir dünyamızın əsas tələbinə çevrildiyi belə bir mühitdə ölkəmiz də qlobal çağırışlardan kənarda qalmayıb. Bu gün Azərbaycan İKT-nin inkişaf göstəricilərinə görə inkişaf etməkdə olan ölkələrlə inkişaf etmiş ölkələr arasında qiymətləndirilir və son 5-7 ildə ən dinamik inkişaf edən 10 ölkə qrupuna daxildir.

Ölkəmizdə iqtisadi islahatların,  o cümlədən regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramlarının həyata keçirilməsi müstəsna rol oynayır. Məhz bunların sayəsində regionlarda sahibkarlıq inkişaf edir, yeni yerləri yaradılır. Hazırda Azərbaycanda sənayenin, xüsusən də qeyri-neft sənayesinin inkişaf etdirilməsi iqtisadiyyatın şaxələndirilməsi strategiyasının prioritet istiqamətlərindən biri kimi getdikcə daha çox aktuallıq kəsb edir. Bölgələrdə iri sənaye istehsalı zonalarının yaradılması isə neft-qaz ölkəsi olan  Azərbaycanı həm də yaxın gələcəkdə regionun qeyri-neft sənayesinin inkişaf etdiyi bir dövlətə çevirəcəkdir.

Azərbaycanda sosial məsələyə həmişə xüsusi önəm verilir. Prezident İlham Əliyev  demişdir: “Sosial siyasət həmişə prioritet olubolacaq. Birinci rübdə atılan addımlar bir daha onu göstərir ki, Azərbaycan sosial dövlətdir. Siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Azərbaycan vətəndaşının maraqları bizim üçün hər şeydən üstündür”.

Son illərdə dünyanı bürüyən iqtisadi və maliyyə   böhranından ən az itkilərlə çıxan ölkələrdən biri də Azərbaycandır. Belə ki, neftin qiymətinin 3-4 dəfə düşməsinə baxmayaraq, bu il respublikamızda maaşlarpensiyalar 10 faiz artırılıb. Bu da nadir hadisələrdən biridir. Əksər ölkələrdə ya maaşlar dondurulur, ya kəsilr, ya da  maaşların verilməsində problemlər yaşanır. Ancaq dünyada hökm sürən  iqtisadi və maliyyə   böhranına baxmayaraq, Azərbaycanda maaşlarpensiyalar  artırılıb.

Qeyd etmək lazımdır ki, dünya iqtisadiyyatı təlatümlü dövrünü yaşayır. 2008-ci ilin qlobal maliyyə böhranının nəticələri aradan qalxmamış 2014-cü ildə Qərb-Rusiya qarşıdurması nəticəsində yenidən böhran dalğası başladı. Bu böhranın fərqli xüsusiyyəti neftin qiymətinin süni şəkildə aşağı salınması ilə müşayiət olunmasıdır. Belə vəziyyət ilk növbədə neft ixrac edən ölkələrin, o cümlədən Azərbaycanın iqtisadiyyatına da təsir göstərir.

Sevindirici haldır ki, böhranı qarşılamaq üçün ölkəmizdə vaxtında zəruri addımlar atılmışdır. İlk növbədə, qeyri-neft sektorunun inkişafına böyük məbləğdə vəsait yönəldilmişdir, özüdaha çox dövlət tərəfindən. Bu günqeyri-neft sektorunun bütün sahələrinə kifayət qədər böyük məbləğdə kapital yatırılır. İlk növbədə, zəruri infrastruktur layihələri həyata keçirilir. Bunun nəticəsidir ki, Azərbaycan hazırda inkişaf etmiş ölkələr səviyyəsində mükəmməl infrastruktura malikdir. Buna paralel olaraq qeyri-neft sektorunun sənaye, kənd təsərrüfatı, turizm, tikinti, nəqliyyat və digər sahələrinin inkişafı istiqamətində də böyük işlər görülür. Bunun üçün dövlət hər il təkcə sahibkarlara milyonlarla manat güzəştli kreditlər verir.

Amma etiraf edək ki, hələlik ixracatda neft-qaz üstünlük təşkil edir. Buna görə də müəyyən çətinliklərin olması təbiidir. Odur ki, belə vəziyyətin qarşısını almaq üçün qeyri-neft sektorunda məhsul istehsalını artırmaq, ixracatda bu sektorun payını yüksəltmək zəruridir. Ümumiyyətlə, son hadisələr bir daha göstərdi ki, ölkənin dayanıqlı inkişafının təmin edilməsinin ən doğru yolu qeyri-neft sektorundan keçir. Hər bir sahənin, o cümlədən qeyri-neft sektorunun inkişafı isə kapital qoyuluşu tələb edir. Bunsuz iqtisadiyyatın inkişafı mümkün deyil. Dövlət bu istiqamətdə də məqsədyönlü siyasət aparır—özü həm birbaşa kapital qoyuluşunda iştirak edir, həm də xarici sərmayəni cəlb etmək üçün münbit investisiya mühiti yaradır. 2015-ci ildə Azərbaycan iqtisadiyyatına 20 milyard dollara yaxın sərmayə qoyulub. Onun yarısı xarici sərmayələrdir. Bu da çox müsbət haldır. Deməli, dünyada baş verən iqtisadi böhrana baxmayaraq, ölkəmiz xarici investorlar üçün cəlbediciliyini qoruya bilib.

Vergi Məcəlləsində və “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda investisiyanın təşviqi sənədini almış şəxslər və fərdi sahibkarlar tərəfindən ölkəyə idxal olunan texnika, texnoloji avadanlıqlar və qurğular əlavə dəyər vergisigömrük rüsumlarından azad olunub. 2016-2020-cı illərdə Azərbaycanda istehsal olunan qeyri-neft məhsullarının ixracının təşviqi ilə əlaqədar malın ixrac gömrük bəyannaməsində nəzərdə tutulan gömrük dəyərinin 3 faizimal mövqelərinə tətbiq olunacaq əmsallara uyğun dövlət büdcəsindən əlavə vəsaitin sahibkarlara ödənilməsi kimi tədbirlərin həyata keçirilməsi Azərbaycanda sahibkarlığın inkişaf strategiyasında mühüm addım kimi dəyərləndirilməlidir.

Qeyd etmək lazımdır ki, ölkəmizdə biznes mühitinin yaxşılaşdırılması üçün sahibkarlara dəstək istiqamətində çox önəmli addımlar atılır. Xüsusilə qeyd etmək lazımdır ki, yoxlamalarla bağlı Prezidentin göstərişləri yerinə yetirilir. Belə ki, 2016-cı ilin birinci rübü ərzində sahibkarlıq subyektlərində vergi istisna olmaqla, cəmi 34 yoxlama keçirilmişdir. Müqayisə üçün deyim ki, 2015-ci ilin birinci rübündə 19 min 300 yoxlama keçirilmişdi. Bu rəqəmlərə şərh verməyə ehtiyac yoxdur. Heç şübhəsiz, görülən tədbirlər və gələcəkdə iqtisadi sahədə şəffaflığın təmin edilməsi nəticəsində Azərbaycanda sahibkarlıq daha da sürətlə inkişaf edəcək və ölkə Prezidenti İlham Əliyevin dediyi kimi, Azərbaycan iqtisadiyyatına daha çox xarici sərmayə yönəldiləcək.

AvropaAsiya qitələrinin qovşağında yerləşən Azərbaycan tarixən Qərblə Şərq, Şimalla Cənub arasında körpü olmuşdur. Bu günlərdə uğurla yekunlaşan VII Qlobal Bakı Forumunda digər vacib məsələlərlə yanaşı, dünya dövlətlərinin, o cümlədən Azərbaycan iqtisadiyyatının inkişafında müstəsna əhəmiyyəti olacaq tarixi İpək Yolunun tam gücü ilə işə salınmasının zəruriliyinə də toxunmuşdur. Forumda Azərbaycan Prezidenti İlham Əliyev demişdir: “Bizim coğrafi mövqeyimiz çox əlverişlidir. Bu səbəbdən nəqliyyat infrastrukturuna, o cümlədən dəmir yollarının, hava və dəniz limanlarının inşasına yatırılan sərmayələr sayəsində biz nəqliyyat infrastrukturlarının kəsişmə nöqtəsinə çevrilirik. Artıq Şərq-Qərb nəqliyyat dəhlizi fəaliyyətə başlamışdır və ümid edirəm ki, bu il biz Azərbaycan, Gürcüstan və Türkiyə dəmir yollarının birləşdirilməsini başa çatdıracağıq. Beləliklə, AvropaAsiya yeni, ən qısa nəqliyyat marşrutu əldə edəcəkdir. Çindən Avropaya gedən ilk konteyner qatarı artıq Azərbaycan ərazisindən keçmişdir. Bu, müasir infrastruktura malik olan yeni İpək Yoludurbiz bu marşrutu daha da cəlbedici etmək üçün tərəfdaşlarımıza vahid tariflərin tətbiqini təklif etmişik”.

Bütün bunlar belə deməyə əsas verir ki, Azərbaycanda  davamlı inkişaf möhkəm təməl üzərində qurulmuşdur və artıq hədəflər də müəyyən edilmişdir: 2020-ci ilədək Azərbaycan iqtisadiyyatının qarşısında duran əsas vəzifə qeyri-neft sektorunun inkişafı hesabına ÜDM-in həcminin iki dəfə artırılmasıdır. Bu isə ölkənin gələcək sosial-iqtisadi inkişafı məsələsinə yeni yanaşma tələb edir. Həmin məsələlər  öz əksini Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf  Konsepsiyasında tapmışdır. Bu konsepsiyanın əsas istiqamətlərindən biri də “İqtisadiyyatın strukturunun təkmilləşdirilməsi, qeyri-neft sektorunun inkişafı” bölməsidir.  Həmin bölmədə qeyri-neft sənayesinin inkişaf etdirilməsi məqsədilə ölkənin malik olduğu təbii və iqtisadi resursların təsərrüfat dövriyyəsinə cəlbinin genişləndirilməsi, bölgələrdə yerli xammala əsaslanan sənaye müəssisələrinin yaradılması, həmin müəssisələrdə innovasiya yönümlü texnologiyaların tətbiqinin stimullaşdırılması, qeyri-neft sektoruna yerlixarici investisiyaların cəlb edilməsinin intensivləşdirilməsi, ixracyönümlü məhsul istehsalının artırılması üçün dövlət və özəl sektorun investisiya əməkdaşlığının genişləndirilməsi  nəzərdə tutulur.

Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulanPrezident İlham Əliyev  tərəfindən böyük uğurla həyata keçirilən daxilixarici siyasət, gerçəkləşən iqtisadi doktrina belə deməyə əsas verir ki, Azərbaycan növbəti illərdə də bu siyasətin davamı sayəsində  hərtərəfli inkişaf sürətini  daha da artıracaq, həm regional, həm də qlobal səviyyədə öz mövqelərini durmadan  möhkəmləndirəcəkdir.

 

Arif ŞƏKƏRƏLİYEV,

Azərbaycan Dövlət   İqtisad 

Universitetinin  kafedra müdiri,  

Əməkdar   elm   xadimi, Beynəlxalq 

Menecment   Akademiyasının  üzvü,

iqtisad  elmləri  doktoru, professor

 

Xalq qəzeti.- 2016.- 7 may.- S. 5.