Ulu öndərimiz təhsilin inkişafına mühüm önəm verirdi

 

Bu gün beynəlxalq aləmdə demokratik, hüquqi dünyəvi dövlət kimi nüfuz qazanan Azərbaycanın həyatının bütün sahələrində, eləcə təhsildə sürətli irəliləyişlər 1969-cu ilin iyulundan - ulu öndər Heydər Əliyevin ölkəmizin rəhbəri vəzifəsinə seçildiyi vaxtdan başlanıb.

Bu barədə bir qədər ətraflı söhbət açmaq istərdim. Əvvəlcə diqqəti bir məqama yönəltməyi vacib bilirəm. Yəqin ki, mənimlə razılaşarlar: Ötən əsrin 70-ci illəri Azərbaycanda sənayenin yeni sahələrinin yaranması dövrü kimi tarixə yazılıb. Bu sahələrin normal fəaliyyət göstərməsi üçün isə yüksək ixtisaslı kadrların olması zəruri idi. Həmin mütəxəssislərin heç də hamısı Azərbaycanda hazırlanmırdı. Ona görə də ulu öndərin tapşırığı ilə hər yeni tədris ilinin əvvəlində ali məktəblərə müvəffəqiyyətlə imtahan verən perspektivli gənclərin bir hissəsi sovetlər ittifaqının, eləcə də xarici ölkələrin nüfuzlu ali məktəblərində təhsil almağa göndərilirdi. Bu gün həmin gənclərin bir qismi Azərbaycanın müxtəlif qurumlarında, elmi-tədqiqat institutlarında, habelə sənayenin ayrı-ayrı sahələrində uğurla çalışır. Azərbaycanlı mütəxəssislər hazırda dünyanın inkişaf etmiş ölkələrində də səmərəli fəaliyyət göstərirlər.

Ümummilli liderin respublikamıza rəhbərlik etdiyi illərdə Azərbaycanda təhsilin bütün pillələrində dinamik inkişaf müşahidə olunub. Ölkədə ümumtəhsil, peşə-texniki məktəbləri, texnikumlar şəbəkəsi yaradılıb. Aliorta ixtisas təhsili müəssisələrinin maddi-texniki bazası möhkəmləndirilib, dərslik, zəruri tədris materialları ilə təmin olunub.

Ümummilli lider bilikli, bacarıqlı, yüksək ideyalı, əməksevər gənclər tərbiyə etməyi təhsilin başlıca qayəsi hesab edirdi. Gənc nəsli gələcəyə hazırlamaq kimi mühüm məsələni bir an belə unutmurdu. Təhsil sistemimizi daha da təkmilləşdirmək, bu günün, gələcəyin tələblərinə daha da uyğunlaşdırmaq üçün yorulmadan səy göstərirdi. Təhsilin inkişafı sahəsində həyata keçirilən yeniliklər respublikamızı kifayət qədər hazırlıqlı gənc mütəxəssislərlə təmin etmək məqsədi daşıyırdı.

Bütün bunların nəticəsidir ki, 1970-1980-ci illərdə Azərbaycanda ortaali təhsilin təşkili sahəsində böyük nailiyyətlər əldə edilib. Ona görə də respublikamızda ümumi orta, texniki peşə, orta ixtisasali təhsilin əsaslı yüksəlişi məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Onun təşəbbüsü və rəhbərliyi ilə qəbul olunaraq həyata keçirilən bir sıra mühüm qərarlar, o cümlədən “Gənclərin ümumi orta təhsilə keçməsini başa çatdırmaq və ümumtəhsil məktəbini daha da inkişaf etdirmək haqqında” (1972), “Kənd ümumtəhsil məktəbinin şəraitini daha da yaxşılaşdırmaq tədbirləri haqqında” (1973), “Ümumtəhsil məktəbi şagirdlərinin dərsliklərdən pulsuz istifadə etməsinə keçmək haqqında” (1978) qəbul olunan qərarlar dahi şəxsiyyətin Azərbaycana birinci rəhbərliyi dövrünün mühüm nailiyyətləri sırasındadır. Həmin illərdə məktəblərin şəbəkəsinin genişləndirilməsi, texniki bazasının, kadr potensialının əsaslı şəkildə yaxşılaşdırılması xüsusi ilə qeyd olunmalıdır. Belə ki, 1965-ci illə müqayisədə 1979-cu ildə ümumtəhsil məktəblərinin sayı 765-dən 2117-yə çatıb. 1969-82-ci illərdə Azərbaycanda 350 mindən çox şagird yeri olan 849 ümumtəhsil məktəbi tikilib istifadəyə verilib, məktəbəqədər tərbiyə müəssisələrinin sayı 1600-dən 1875-ə çatdırılıb.

Aliorta ixtisas təhsili məsələləri də ulu öndərin daim diqqət mərkəzində olub. 1969-cu illə müqayisədə 1982-ci ildə respublikada ali təhsil ocaqlarının sayı 12-dən 17- yə, tələbələrin sayı 70 mindən 100 minə yüksəlib. Yazının əvvəlində qeyd etdiyim kimi, müdrik rəhbər respublikanın ehtiyacı olan ixtisaslar üzrə Azərbaycandan kənarda ali təhsilə də xüsusi önəm verib. 1970-80-ci illərdə dahi rəhbərin təşəbbüsü və qayğısı ilə SSRİ-nin 170-dən çox ən məşhur ali məktəbində Azərbaycanın müxtəlif sahələrdə ehtiyac duyduğu 250-dən çox ixtisas üzrə 15 mindən çox azərbaycanlı gənc ali təhsil alıb. Onu da deyim ki, 1970-ci ilədək respublikadan kənarda ali təhsil almağa göndərilən azsaylı kontingentin cəmi 40 faizi Azərbaycan millətindən idi. Ulu öndərin respublikaya rəhbərliyə başlamasından sonra ali təhsilə göndərilənlərin sayı ilbəil dəfələrlə artdığı kimi, milli tərkib də dəyişmişdi. Belə ki, 1970-ci illərin sonu, 1980-ci illərin əvvəllərində respublikadan kənarda ali təhsil almağa göndərilənlərin 97,7 faizi Azərbaycan xalqının nümayəndəsi idi.

Yeri gəlmişkən, burada bir məqamı da xüsusi diqqətə çatdırmalıyam. Belə ki, o illərdə ümummilli liderin böyük uzaqgörənliklə atdığı addımlardan biri də hələ ötən əsrin yetmişinci illərində azərbaycanlı gənclərin hərbi təhsilə yiyələnməsi sahəsində sistemli tədbirlər həyata keçirməsidir.

1982-87-ci illərdə SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsində çalışan müdrik liderimiz bütün ölkədə təhsil islahatına rəhbərlik etməklə yanaşı, Azərbaycan təhsilinin inkişafina da ardıcıl qayğısını əsirgəməyib.

Təhsili millətin gələcəyi adlandıran ümummilli liderimiz Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişindən sonra, bir çox sahələrdə olduğu kimi, milli təhsil sisteminin bərpası və günün tələblərinə uyğun inkişaf etdirilməsi üçün əlverişli şərait yarandı,  milli-mənəvi dəyərlərimizin qorunması, adət-ənənələrimizin, milliliyimizin inkişafı məsələsini diqqətdə saxlanıldı. Azərbaycan dilinin işlənməsi və inkişaf etdirilməsi məsələsinə xüsusi əhəmiyyət verən ulu öndər  ana dilimizi özümüzə qaytardı. 1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyası hazırlanarkən dövlət dilinin necə adlandırılması ilə bağlı müxtəlif təkliflər oldu və onların çox böyük əksəriyyəti ana dilimizin Azərbaycan dili adlandırılması təklifini dəstəklədi.

Ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul olunan Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması əksini tapdı. Bundan sonra ana dilimizin inkişafı və qorunması işi daha da gücləndirildi. Bir-birinin ardınca fərmanlar imzalandı, qanunlar qəbul edildi.   

Ulu öndərin təhsil siyasətini uğurla davam etdirən Azərbaycan Prezidenti cənab İlham Əliyev bu sahənin inkişafına böyük önəm verərək deyib: “Təhsil Azərbaycanın davamlı inkişaf strategiyasının ən öncül istiqamətlərindən biridir”. Dövlətimizin başçısı təhsilin davamlı inkişafını daim diqqət mərkəzində saxlayıb, bu sahədə islahatların dərinləşməsi üçün bir sıra mühüm sərəncamlar imzalayıb, “qara qızıl”dan, maddi dəyərlərdən əldə edilən gəlirin ölkədə insan kapitalının inkişafına yönəldilməsini diqqət mərkəzində saxlayıb. 

Burada bir məsələni də xatırlatmaq istərdim. Azərbaycanda təhsilin hüquqi bazasının yaradılması, möhkəmləndirilməsi həmişə qarşıda mühüm vəzifə kimi durub. 2009-cu il iyunun 19-da Milli Məclisdə “Təhsil haqqında” qanun qəbul edilməsi,   sentyabrın 5-də isə cənab İlham Əliyev  tərəfindən “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” fərman imzalanması bu baxımdan xüsusi önəm kəsb edib. Uzun illər ictimaiyyətin, təhsil işçilərinin gözlədiyi sənədin qüvvəyə minməsi ilə ölkənin inkişaf etməkdə olan təhsilinin tərəqqisi üçün yeni hüquqi baza yaranıb. Qanunda  milli təhsilimizin inkişaf meyilləri tamamilə nəzərə alınıb. Xatırladım ki, adıçəkilən sənəddə deyilir ki, Azərbaycan Respublikasında təhsil dünyəvi və fasiləsiz xarakter daşımaqla, vətəndaşın, cəmiyyətin və dövlətin maraqlarını əks etdirən strateji əhəmiyyətli prioritet fəaliyyət sahəsidir.

Həmin qanunda təhsil sahəsində dövlət siyasətinin əsas prinsipləri - humanistlik, demokratiklik, bərabərlik, millilik və dünyəvilik, keyfiyyətlilik, səmərəlilik, fasiləsizlik, varislik, liberallaşmainteqrasiya öz əksini tapıb. 

Ümumtəhsil ocaqlarının müasirləşdirilməsi və yeniləşməsində Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nunİSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın misilsiz xidmətlərini də qeyd etməyə bilmərəm. Məhz Mehriban xanım diqqət və qayğısı bu sahənin inkişafına böyük təkan verib.   Mehriban xanım Əliyevanın təşəbbüsü ilə reallaşan “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində indiyədək yüzlərlə məktəb binası tikilib, yaxud yenidən bərpa olunaraq, ən müasir avadanlıq və kompüterlərlə təchiz edilib. 

Mehriban xanım Əliyevanın təşəbbüsü ilə hər yeni dərs ilinin əvvəlində birinci sinif şagirdlərinə çanta və dərs ləvazimatının paylanması artıq ənənəyə çevrilib. 2004-cü ildən başlayaraq, fond hər il qaçqın və məcburi köçkün ailələrindən olan uşaqları, eləcə də Gürcüstanda yaşayan soydaşlarımızı yeni tədris ilində dərs vəsaiti ilə sevindirir. Rusiya Federasiyası, Hollandiya, Türkiyə və Rumıniyada yaşayan məktəbli soydaşlarımız da belə hədiyyələr alırlar. Heydər Əliyev Fondu elm və təhsil sahəsinə qrantların ayrılmasına, xüsusi istedadlı şagirdlərə, tələbələrə və alimlərə təqaüdlərin verilməsinə də diqqət yetirir.   Cənab  İlham Əliyevin prezidentlik fəaliyyətinin təhlilinə nəzərən əminliklə demək olar ki, ulu öndər Heydər Əliyev siyasi kursunun davam etdirilməsi ictimai zərurət olmaqla, respublikanın müstəqilliyinə əbədi təminatdır. Dövlət başçısı hər addımında milli maraq və mənafeləri uca tutur, ölkə vətəndaşlarının arzu və istəyini gerçəkləşdirmək üçün böyük əzmkarlıqla çalışır, elmə, təhsilə böyük qayğı göstərir. Məktəbimizin müəllim və şagird kollektivi  bu gün Heydər Əliyev ideyalarının layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə birgədir. Ölkənin uğurlu gələcəyinə istiqamətlənmiş yüksəliş kursunun icrasına, cənab İlham Əliyevin Azərbaycan rəhbərliyinə gəlişi ilə həyatımızda başlanmış intibah mərhələsinin daha böyük nailiyyətlərə gətirməsi üçün görülən işlərə, atılan addımlara məktəbimizin kollektivi köməyini əsirgəmir. Ürəkdən inanırıq ki, Azərbaycan xalqını firavan gələcəaparan bu siyasətin davamlılığı qarşıdakı illərdə də təmin olunacaq, müstəqil respublikamız cənab İlham Əliyevin rəhbərliyi altında inkişaf tempini sürətləndirərək dünyanın qabaqcıl dövlətləri sırasında layiqli yerini tutacaqdır.

 

Gülşən ORUCOVA,

Bakıdakı 6 saylı tam orta

məktəbin direktoru,

respublikanın Əməkdar müəllimi

 

Xalq qəzeti.- 2016.- 7 may.- S. 6.