Laçının qəhrəman oğlu

 

Əvəz Verdiyev 1916-cı ildə Laçın rayonunun Quşçular kəndində anadan olmuşdur. Atası Həşim Abbas oğlu Maqsudlu kəndində, Quşçular kəndinin sakini Rüstəm kişinin qızı Qəndafla ailə qurmuşdu. Gənc ailə yaşamaq üçün Bakıya, Bülbülə kəndində yaşayan yaxın qohumlarının yanına köçür.

Gənc ailə başçısı Həşimin qismətinə bir tikə çörək çıxır, neft mədənində işə düzəlir. Lakin necə deyərlər, “kasıbın ağzı çörəyə çatmamış başı daşa çatır”. Təsadüfən açılmış bir güllənin qurbanı olur. Həyat yoldaşı öləndən sonra Qəndaf oğlu Əvəzi götürüb Quşçular kəndinə qayıdaraq, atası Rüstəm kişinin himayəsində yaşamalı olur.

1936-cı ildə Əvəz Bakıya, Bülbülə kəndində yaşayan qohumlarıgilə qonaq gəlir. Məsləhət olur ki, burada qalsın. Orcenikidze adına maşınqayırma zavodunda işə qəbul olunur. Həm də axşam məktəbində təhsil almağa başlayır...

1938-ci ildə ordu sıralarına çağrıldığı üçün Əvəz Verdiyev öz fəhlə və məktəb yoldaşlarından ayrılmalı olur. Əvəz orduya gələrkən möhkəm iradəli, dərin düşüncəli və intizamlı bir gənc kimi yetişmişdi.

Qəfləti qara buludlar keçmiş SSRİ-nin dövlət sərhədlərinin üzərində görünməyə başladı. Onda Əvəz Verdiyev Qərbi Belarusiyadakı alayın tərkibində ilk döyüşlərə başladı. Finlandiya müharibəsində vuruşaraq, bacarıqlı döyüşçü kimi şöhrət qazandı.

1940-cı ildə əsgəri xidməti başa vurub, ordudan tərxis olunur. Quşçular kəndinə qohumlarıgilə dönəndə kənddə ağsaqqallar məsləhət görürlər ki, savadlı oğlansan, kolxozda uçot işlərinə kömək et, kənddə savadsızlığı ləğv etmək üçün yaşlı adamlara yazmaq, oxumaq öyrət. Xeyli vaxt bu işləri görürburada  hörməti birə-beş artır.

1941-ci ilin iyun ayında faşist Almaniyası müharibə elan etmədən SSRİ-nin dövlət sərhədini pozur  Böyük Vətən müharibəsi başlanır. Əvəz cəbhəyə çağırılır. İlk dəfə Rostov ətrafında döyüşlərdə iştirak edir. İşğalçılar çoxlu tankbaşqa motorlu hissələrlə Rostova tərəf irəliləyirdilər. Lakin Sovet qoşunları düşmənə ciddi müqavimət göstərir və onların irəliləməyinə maneələr törədirdilər. Bu zaman serjant Əvəz Verdiyev öz dəstəsi ilə Rostov yaxınlığında çox böyük dövlət əhəmiyyətli tikilini qorumaq tapşırığı alır. Faşistlər hər tərəfdən bu məntəqəyə hücum edirlər. Əvəz Verdiyev böyük strateji əhəmiyyəti olan bu məntəqənin müdafiəsi zamanı on nəfərdən artıq faşisti məhv edir. O, öz əsgər yoldaşları ilə tez-tez mövqeyini dəyişərək, faşistlərin arxasına keçir və düşmənə gözlənilmədən həmlələr edirdi.

Belə bir şəraitdə faşistlər öz səngər mövqelərini qoyub qaçmağa məcbur olurdular. Bu vuruşmada Əvəz Verdiyevonun cəsur döyüşçüləri çoxlu qənimət ələ keçirirlər. Şiddətli döyüşlər zamanı Əvəz ağır yaralanır. Lakin o, az müddətdə müalicə olunduqdan sonra yenidən ön cəbhəyə qayıdır. Dostları onun bu cəsurluğuna və insani keyfiyyətlərinə yaxından bələd olmağa başlayırlar.

Xarkov, Lvov, Orlov şəhərlərinin ətrafındakı döyüşlərdə, Droqoviç, NikolayevZoloçev rayonlarının azad edilməsində serjant Əvəz Verdiyev əsl qəhrəmanlıq göstərmişdir.

1944-cü ildə payız fəsli yenicə başlayırdı. Böyük Vətən müharibəsinin bu həlledici dövründə Sovet ordusunun döyüş qələbələri gündən-günə artırdı. Azərbaycan xalqının qəhrəman övladları döyüşlərdə göstərdikləri sücaətə görə fərqlənirdilər. Faşistlər ağır döyüşlərdə get-gedə məğlub olaraq geri çəkilirdilər. Visla çayı sahillərinin düşməndən təmizlənməsində həmyerlimiz Əvəz Verdiyevin göstərdiyi şücaət qəhrəmanlıq salnaməsinə yazılır.

Avqust ayının axırları idi. Staşa şəhəri ətrafında qızğın döyüşlər gedirdi. Bu şəhərdə düşmənin çoxlu canlı və texniki qüvvəsi yerləşirdi. Hitlerçilər şəhəri əldən verməmək üçün möhkəm müqavimət göstərirdilər. Staşa şəhərini düşməndən azad etməkdən ötrü çox ciddi hazırlıq görülürdü. Komandanlığın əmri ilə şəhərə kəşfiyyat dəstəsi göndərildi. Bu kəşfiyyat əməliyyatı baş serjant Əvəz Verdiyevin başçılıq etdiyi dəstəyə tapşırılmışdı. Kəşfiyyat müvəffəqiyyətlə başa çatdıqdan sonra şəhərə hücum başlandı. Bu əməliyyatda Əvəz Verdiyev xüsusilə fərqlənir. O, öz hissəsi ilə şəhərin sağ tərəfindən, gözlənilmədən  hücuma başlayır, gizli yolla, qəbiristanlıqdan düşmənin arxasına keçir. Düşmən ağır zərbə alır. Şiddətli döyüşlər gedir. Düşmən əks-həmləyə keçir. Əvəz VerdiyevMaksimpulyemyotunun arxasında uzanıb gözləyirdi. İndi düşmən ilə onun arasındakı məsafə 50-60 metr idi. Elə bu vaxt Əvəzin “Maksimpulyemyotu “kəklik” kimi “cəh-cəh” vurmağa başladı. Düşmənin sırası pozuldu, bu zaman sol tərəfdən faşistlərin yeni dəstəsi göründü. Əvəz özünü itirmədi, o pulemyotunu başqa bir yerə çəkərək, hücum edən faşistlərə şiddətli atəş açdı. Düşmən buna tab gətirə bilməyib arxaya, geri çəkilməyə məcbur oldu. Hissə bir saniyə vaxt itirmədən ayağa qalxıb hücuma keçdi. Qızğın vuruşmadan sonra Staşa şəhəri və onun ətrafında olan Osik kəndi faşistlərdən təmizləndi. Təkcə bu döyüşlərdə Əvəz düşmənin canlı qüvvələrinə və texnikasına vurduğu ağır zərbədən başqa 13 alman əsgər və zabitini əsir götürmüşdür.

Cəsur döyüşçü, baş serjant Əvəz Həşim oğlu Verdiyevin şəxsi işində yüzdən çox düşmən əsgəri və zabitini məhv etməsi, 13 almanı əsir götürməsi qeyd olunmuşdur.

Cəbhə dostları onun başına yığışardı, sux zarafatları hamının xoşuna gələrdi. Ağır döyüşdən sonra bu, onlara daha da güc bəxş edərdi. O, vaxtlar hərbi hissənin polkovniki olmuş, sonralar general-leytenant rütbəsinə qədər yüksələn, iki dəfə Sovet İttifaqı qəhrəmanı D.A.Draqunski xatirələrində yazmışdı:

“Mən hərbi xəstəxanadan təzə çıxmışdım, onun haqqında xoş sözlər eşidirdim. 1941-ci ilin iyun ayında yaxından tanış oldum. Bu görüş 55-ci qvardiya tank briqadama qayıtdıqdan sonra olmuşdur”.

Motorlu atıcı batalyonun komandiri mayor Stalnenko da cəsur və bacarıqlı döyüşçü Əvəz Verdiyevin qəhrəmanlığından danışmışdı.

1944-cü il iyulun 14-də Birinci Ukrayna cəbhəsinin qoşunları qəti hücuma keçdi. 55-ci briqada birinci sırada gedirdi. Sovet qoşunları bir neçə gün ərzində Qərbə doğru xeyli irəliləmişdi. Ancaq hitlerçilər ciddi müqavimət göstərirdilər. Onlar Lvovdan şimalda dairəvi müdafiə yaratmışdılar. Kulikovo yaşayış məntəqəsində almanların böyük bir qrupu toplaşmışdı.

Baş serjant Əvəz Verdiyev öz bölməsini buradan, dincəldikləri bostanların içərisinə çıxartdı və qəflətən düşmən mövqeyinə hücuma keçdi. Cəsur döyüşçülər iki dəzgahlı pulyemyotu, minaatan batareyanı ələ keçirdilər, düşmənin xeyli əsgər və zabiti məhv edildi.

Əvəz Verdiyevin dəstəsi avqustun 2-də leytenant Andrey Serafimovun tankı üstündə Staşub şəhərinə hücuma keçdi. Sonra heyrətə gələrək yerli əhali  köməyə gəlmiş, onların gözləri qarşısında VerdiyevSerafimov şəhər ratuşasının ən uca yerinə qalxdılar. Qızıl bayrağı oraya sancıb cəld hərəkətlə yerə tullandılar. Qaçmaqda olan 2 hitlerçini itələyib tankın içərəsinə saldılar və briqadanın mövqeyinə qatdılar. Polyaklar azadlığın ilk carçılarını uzun müddət əlləri ilə salamladılar. Onların səsləri eşidilirdi: Əziz qardaşlarımız, sizi gözləyirik!

Briqada Staşuba şəhərinə daxil olanda güllə və mərmilərdən deşik-deşik olmuş SSRİ-nin al bayrağı şəhər ratuşası üzərində əzəmətlə dalğalanırdı.

Sonradan döyüş yoldaşı əlavə edərək demişdir:

Sandomir əməliyyatı zamanı mövqeyi əldə saxlamaq üçün 27 gün gecə-gündüz vuruşduq. Gündə düşmənin 5-7 hücumunu dəf edirdik. Həmin günlərdə cəsur döyüşçü Əvəz bizimlə yanaşı idi. Onun səhhətində problemlər yaranmışdı, qulaqları tutulmuş, yarımkontuziya vəziyyətində, ancaq ruhən güclü olan Əvəz döyüşü davam etdirirdi. Onun bölməsində yalnız 2 nəfər sağ qalmışdı. Dəfələrlə ona deyildi ki, xəstəxanaya müalicəyə getsin. Deyirdi ki, döyüşdən sonra gedərəm, çox inadkar idi, döyüşlərdə həmişə öndə olmağa adət etmişdi.

1944-cü il 2 avqust tarixində Polşanın Staşuv şəhəri uğrunda gedən döyüşdə göstərdiyi qəhrəmanlığa görə 23 sentyabr 1944-cü ildə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmış və ona “Qızıl ulduz” medalı və Lenin ordeni təqdim olunmuşdur.

Laçın rayon sakinlərinin üzündə böyük sevinc vardı. Hamı həmyerlimiz, Sovet İttifaqı Qəhrəmanı Əvəz Həşim oğlu Verdiyevin görüşünə çıxmışdı. Rayon partiya komitəsinin katibləri Soltan Məmmədov, Məmməd Məlikov da görüşə gəlmişdilər.

Az bir vaxtda rayon mərkəzindən Quşçular kəndinə qədər olan məsafədə yollarda abadlıq, təmir işləri görüldü. Əvəz Verdiyev izdihamla görüşə-görüşə kəndlərinə gəldi. Ailəsi 2 baş erkək qurban kəsdi, gələn qonaqları yola vermək üçün isə kolxozdan 1 baş cöngə verildi.

Musiqiçilər də gəlmişdi, çalıb-oxuyan, oynayıb-şənlənənlər bir-birini əvəz edirdilər. Toy, bayram əhval-ruhiyyəsi yaşadılar.

Laçın Rayon Partiya Komitəsinin katibi Əvəz Verdiyevlə görüşdə məsləhət görmüşdü ki, bir daha cəbhəyə qayıtmasın, rayonda onun kimi kadrlara böyük ehtiyac var.

O isə cavabında  demişdi:

– Bəs onda cəbhədə qoyub gəldiyim əsgərlər mənə nə deyərlər, onların mənə ehtiyacı var, mən onlardan ayrıla bilmərəm.

Sovet İttifaqı Qəhrəmanı, baş serjant Əvəz Həşim oğlu Verdiyev məzuniyyət vaxtı başa çatandan sonra, yenidən ön cəbhəyə dostlarının yanına döyüşlərdə iştirak etmək üçün qayıtdı.

Sovet Ordusu ağır döyüşlərdən sonra neçə-neçə igid oğullarının qanı bahasına SSRİ-nin dövlət sərhədlərini bərpa etdi. Əsgərlərimiz Ukraynanı azad etdikdən sonra Polşanın içərilərinə doğru irəliləyirdilər. Visla çayı sahilində Baranib-Sandomerski şəhərini azad etdilər. Sonrakı döyüşlərdən birində ağır yaralanmış Əvəz Verdiyev 1 may 1945-ci ildə vəfat etmiş və Polşanın Boleslaves şəhərində qardaşlıq qəbiristanlığında dəfn olunmuşdur.

Sovet İttifaqı Qəhrəmanı Əvəz Həşim oğlu Verdiyevin göstərdiyi igidlik, onun əzizləri və həmyerliləri, biz laçınlılar üçün bir örnəkdir. Fəxr edirik ki, Əvəz Verdiyev kimi həmyerlimiz olub.

 

Nemət BƏXTİYAR,

Azərbaycan Jurnalistlər

Birliyinin üzvü,

“Qızıl qələm” mükafatı laureatı

 

Xalq qəzeti.- 2016.- 8 may.- S. 10.