Mingəçevir Turizm Kolleci milli təhsilimizin

tələbləri səviyyəsində inkişaf edir

 

Bu günlərdə 50 milyonluq xalqımız və Azərbaycanın inkişafının, hərtərəfli tərəqqisinin və xüsusən, dövlət müstəqilliyinin əbədiləşdirilməsinin tərəfdarı olan mütərəqqi düşüncəli adamların hamısı  ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünü təntənəli surətdə qeyd etdi. Biz bu əlamətdar günü bayram şəklində qeyd etməkdə tamamilə haqlıyıq. Çünki bu gün dünyanın aparıcı dövlətləri sırasında uğurla  addımlayan və ləyaqətlə təmsil olunan gənc müstəqil Azərbaycan dövlətinin bütün nailiyyətləri məhz ulu öndərimizin adı ilə bağlıdır. Heydər Əliyevin vaxtilə ölkədə bərqərar etdiyi dayanıqlı sabitlik müstəqil Azərbaycanın gələcək inkişafının təməlini qoymuşdur. O cümlədən,  onun olkəmizə rəhbərlik etdiyi hər iki müddətdə qeyr-neft sektorunun inkişafı üçün yeni üfüqlər açılmışdı.

 

Respublikamızın   beynəlxalq  aləmdə,  əsasən, neft-qaz  ölkəsi  kimi tanınmasına baxmayaraq, ümummulli lider dövlətin daha qüdrətli sabahını qeyri-neft sektorunun inkişafında görürdü. Xüsusilə, turizm sahəsinin inkişafı məsələsi ölkəyə daha böyük perspektivlər vəd edirdi. Bu mənada dövlət başçısıın fərmanı ilə yaradılan Azərbaycan Gənclər, İdmanTurizm Nazirliyi qarşııya qoyulmuş yenidaha böyük hədəflər yolunda əsaslı zəmin kimi tarixləşmişdi. Azərbaycan əsrarəngiz coğrafiyası, zəngin tarixi və mədəni dəyərləri ilə turizm üçün ən cəlbedici məmləkətlər sırasında yer alason nəticədə ölkəyə milyardlarla manat gəlir gətirilməsini təmin edə bilərdi. Məhz bu və digər üstünlükləri nəzərə alan ümummilli liderin layiqli siyasi  davamçısı  Prezident  İlham Əliyev siyasi hakimiyyətinin ilk günlərindən etibarən turizm sektorunun inkişafını ölkə ictimaiyyəti üçün prioritet vəzifə elan etdi.

Bu tələb və çağırışa müvafiq olaraq, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin əsası qoyuldu. Ölkənin paytaxtı ilə yanaşı, regionların da  bərabər surətdə inkişafını təmin  etmək məqsədilə qəbul edilən dövlət proqramlarına  uyğun  olaraq, iqtisadi inkişaf dönəmi başlandı. Şəhərlər, rayonlar, kəndlər , yollar simasını dəyişdi, dini-tarixi  və mədəniyyət  abidələri bərpa edildi, yeni təhsil, səhiyyə, mədəniyyət müəssisələri , xüsusilə, ən qabaqcıl dünya standartları ilə  ayaqlaşmaq iqtidarında olan turizm infrastukturları yaradıldı. Otellər, sanatoriya, mehmanxana kompleksləri, müasir Olimpiya idman qurğuları inşa edildi.

Ölkənin turizmlə bağlı perspektivlərinə böyük ümidlər bəsləyən Prezident  İlham Əliyev bu önəmli sahənin inkişafına yalnız bacarıqlı və peşəkar mütəxəssislər sayəsində nail oluna biləcəyini  yaxşı bilirdi. Bu səbəbdən də sosial - iqtisadi  layihələrin icrası ilə eyni vaxtda,  turizm sahəsi üzrə ixtisaslaşmiş  iki yeni təhsil müəssisəsinin təsis olunması barədə sərəncam imzaladı. Beləliklə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 fevral 2006-cı il tarixli 45 saylı qərarı ilə Mingəçevir Turizm Kolleci rəsmən fəaliyyətə başlamış oldu. Turizm sahəsi üzrə ixtisaslı pedaqoq mütəxəssislərin barmaqla sayıldğı, gərəkli turizm dərsliklərinin, elmi- metodik vəsaitlərin yox dərəcəsində olduğu bir dönəmdə yeni səlahiyyətlər verilmiş və üzərinə böyük vəzifələr qoyulmuş  bir müəssisə, necə deyərlər,  yoxdan var oldu”. Belə bir önəmli vəzifəni və çətin yükü çiyinlərində daşıya biləcək bir kollektivə rəhbər təyin edilərkən bu işin ağırlığını və məsuliyyətini yaxşı hiss edirdim.

Hadisələrin sonrakı inkişafı, yəni təhsil ocağının fəaliyyəti ilə bağlı və artıq arxada buraxılmış on illik dönəmin təhlili göstərir ki, ilk vaxtlardan etibarən Turizm Kollecinin perspektivləri naminə doğru qərarlar qəbul edilib, məqsədyönlü addımlar atılıb. Bu gün  kollektivin  uğurları barədə dediklərimizi asanlıqla  ifadə edə bilirik. O dönəmdə isə hər hansı  uğurlu  kollektivdən söhbət gedə bilməzdi. Ziyalılar, təcrübəli pedaqoq-mütəxəssislər ələndi, seçildi və ən qısa zamanda tədris-təlim proqramları , müvəqqəti dərslik və elmi- metodik vəsaitlər hazırlayıb, cəmiyyətə fayda verə biləcək yeni müasir təhsil infrastrukturu ilə fəaliyyət göstərmək iqtidarında olan işgüzar kollektiv formalaşdırdıq.

Bu gün artıq 10 yaşı olan kollektivimiz  beynəlxalq təcrübədə  müvəffəqiyyətlə  tətbiq olunan tədris - təlim vəsaitlərini və dərslikləri tərcümə etmək, yenilərini hazırlamaq yolu ilə uğurlu fəaliyyətin təməlini ata bildi. Beynəlxalq təcrübədən yararlanmaq istəyi kollektivin ən doğru seçimlərindən biri kimi yadda qaldı. Etiraf etmək lazımdır ki, Böyük Britaniya kollecləri ilə, xüsusən Şotlandiyanın Stivenson Kollecində təməli qoyulan faydalı əməkadaşlığımız  Turizm Kollecinin taleyində hər mənada düşərli əlamətləri ilə xarakterik oldu.Yəni, bu dönəmdən etibarən, kollecin əməkdaşlıq coğrafiyasının hüdudları günbəgün genişlənməyə başladı.

Konkret olaraq, Stivenson Kolleci ilə əməkdaşlığa gəlincə,  yada salım ki, bu əməkdaşlıq çərçivəsində pedaqoq və tələbələrin davamlı qarşılıqlı səfərləri başlandı. Şotlandiyalı mütəxəssislər Turizm Kollecində pedaqoq və tələbələr üçün müasir interaktiv təlim üsulları mövzusunda seminar-treninqlər, təlim məşğələlər təşkil edərək, qabaqcıl təhsil metodlarının mənimsənilməsinə yardımçı oldu. Bərabər olaraq hər iki təhsil müəssisəsinin birgə zəhmətinin nəticəsi olaraq Müştəri Xidməti təlim kursları tədris olundu və işəgötürənlərlə təhsil müəssisələri arasında əlaqələrə dair tövsiyələr kitabı nəşr olunaraq ictimaiyyətə təqdim edildi.

Bundan əlavə, beynəlxalq konfransda Mingəçevir Turizm Kollecindən olan tələbənin Stivenson Kollecindən olan həmkarı ilə birgə təqdimat çıxışı səsləndi. Beləcə, Turizm Kolleci tədricən yetərli təcrübə qazanıb qarşısına qoyulmuş məqsədlərə doğru inamla addımlamağa başladı. Mövcud beynəlxalq əlaqələrin hüdudları isə ilbəil dəyişdi və genişləndi. Rumıniyanın Andrea Barseanu, Moskva Biznesİqtisadiyyat, Moskva Humanitar, Almatı TexnologiyaMenecment kollecləri, eləcə də, Asiya Beynəlxalq Turizm Kolleci ilə yeni əməkdaşlıq əlaqələrinin bünövrəsi qoyuldu.

Kollektivin arzu, istək və çalışqanlığı sayəsində təhsil ocağı yeni nailiyyətlər qazanmağa başladı. Bu isə kollecə yerli və beynəlxalq etimadı daha da artırdı. Bunun nəticəsi olaraq Turizm Kolleci Avropa İttifaqı Təhsil Komissiyası xətti ilə gerçəkləşdirilən Tempus Təhsil Proqramında iştiraka dəvət aldı. O layihədə ki, Almaniya, Fransa kimi qabaqcıl ölkələrin nüfuzlu təhsil müəssisələri, Pribaltika, Rumıniya, İspaniya, Gürcüstan, Moldova və Azərbaycanın tanınmış ali təhsil ocaqları yer alır.

Məhz bu əməkdaşlıq çərçivəsində davamlı turizm menecment kursu üzrə Almaniyanın Yade Unversitetində və digər elmi mərkəzlərdə Turizm Kolleci mütəxəssislərinin də qatıldığı böyük konfrans və treninqlər təşkil edildi. O cümlədən Turizm Kolleci Avropa İttifaqının “ Gürcüstan, Azərbaycan və Maldovada turizm sənayesinin inkişafı üçün mehmanxana işinin menecmenti üzrə bakalavr-magistr hazırlığı” layihəsində iştirakçı hüququ qazandı. Layihənin əsas məqsədi iştirakçı ali məktəblərin tədris planlarının Tvinninq metodologiyasına uyğun hazırlanması, həmin tədris planlarının Avropa universitetləri ilə eyniləşdirilməsi, ikili diplomların və diploma əlavələrin verilməsini nəzərdə tutur. Layihələrə uyğun olaraq qarşılıqlı səfərlər düzənləndi. O cümlədən , Qrenobl Akademiyası və Yade Universitetinin rəsmiləri Mingəçevir Turizm Kollecini ziyarət edərək müəssisənin tədris təlim imkanları ilə yaxından tanış olub pedaqoq və tələbələrlə müxtəlif məzmunlu görüşlər keçirdilər.

Xarici ölkələrdəki həmkarlarımızla əməkdaşlıq bu günuğurla davam etdirilir. Kollecə artan maraq təkcə sadalanan məsələlərlə bitmir. Belə ki, İsrail, Fransa kimi dövlətlərin Azərbayacanda fəaliyyət göstərən fövqəladə və səlahiyyətli səfirləri kollektivi ziyarət edərək, kollecin maddi - texniki imkanları və tədris prosesi ilə yaxından tanış olmaq fürsəti əldə ediblər.  Rəsmi qonaqlar kollektivlə əməkadaşlğın yeni yolları barədə müzakirələr aparıb və cəlbedici təkliflər səsləndiriblər. O cümlədən, kollec tələbələrinin İsraildə təcrübə təlimlərinin keçməsi, fransalı dilçi müəllimin Turizm Kollecinə ezam edilməsi kimi məsələlər bu qəbildəndir.

Turizm Kollecində tələbələrin nəzəri biliklərinin zənginləşdirilməsi ilə yanaşı, praktik bacarıqlarının inkişaf etdirilməsinə xüsusi diqqət yetirilir. Əvvəla, etiraf etmək lazımdır ki, burada cəmiyyətin zəruri ehtiyaclarından doğan ixtisaslar tədris olunmaqdadır. Sirr deyil ki, hazırda ölkəmizdə turizm işinin təşkili, mehmanxana təsərrüfatının təşkili və idarə edilməsi, turist-sanatoriyakurort komplekslərində tibbi xidmətin təşkili, dizayn, bələdçilik, reklam işi, nəqliyyatda daşımaların təşkili və digər ixtisaslar üzrə ixtisaslı kadrlara böyük ehtiyac hiss olunur. Yəni bu ixtisaslara yiyələnən gənc mütəxəssislər üçün gələcək karyeranın qurulmasında hər hansı ciddi çətinlik mövcud deyil. Kollec məzunlarının karyerasına dair əldə olunan məlumatlar da bu fikri əminliklə söyləməyə imkan verir. Belə ki, hazırda 5 mindən artıq kollec məzunu ixtisasına müvafiq sahələrdə inamla çalışaraq mövcud inkişafa əməli dəstək verməkdədir.

Tələbələr Mingəçevir, Gəncə, Şəki, Oğuz, Qəbələ, Qax, Zaqatala, Masallı, Tərtər, Goranboy, Naftalan və digər şəhər və rayonlar ərazisində yerləşən müasir turizm komplekslərində, mədəniyyət, təhsil və səhiyyə müəssisələrində təcrübə təlimləri keçməklə önəmli vərdişlərə yiyələnirlər. Mingəçevir Turizm Kollecində pedaqoqların təkmilləşməsi, elmi araşdırmalara meyilin artırılması, həmçinin tələbələrin istedad və bacarıqlarının üzə çıxarılması, ictimaiyyətçi və vətənpərvər ruhda yetişdirilməsi üçün gərəkli addımlar atılır.

Mingəçevir Turizm Kollecinin fəaliyyət göstərdiyi on il ərzində xüsusi olaraq diqqət çəkən naliyyətləri sırasında Bakı Beynəlxalq Turizm və Səyahətlər Sərgisində iştirakı da yer alır. Belə ki, bu il Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə baş tutan, sayca 15-ci dəfə keçirilən sərgidə Turizm Kolleci dördüncü dəfə dalbadal təmsil olunmaq şansı əldə edib. Belə ki, bu sərgidə dünyanın turizm sahəsi üzrə ixtisaslaşmış ən nüfuzlu təşkilatları təmsil olunurlar. Bundan başqa,  sərgidə

Prezident  İlham Əliyevin və Milli Məclisin deputatı Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın Turizm Kolleci guşəsi ilə daha yaxın tanışlığı kollektivə unudulmaz anlar yaşadıb.

Ümumiyyətlə, Mingəçevir Turizm Kollecinin on il ərzində qazandığı uğurların təməlində dövlətə, dövlətçiliyə və Heydər Əliyev ənənələrinə sədaqət hissi dayanır. Xüsusilə, Heydər Əliyev ənənələrinə bağlılıq bu böyüknüfuzlu kollektivi daim uğurdan-uğura aparır. Bu irsin daha dərindən öyrənilməsi və təbliği məqsədilə kollecdə davamlı və məqsədyönlü aparılır. Bu sahədə Mədəniyyət və Turizm Nazirliyi və digər aidiyyatı qurumlar kollektivə hərtərəfli dəstək nümayiş etdirirlər. O cümlədən kollektiv Mingəçevir Şəhər İcra Hakimiyyəti tərəfindən daimi diqqət və qayğı ilə əhatə olunur. Bütün bunlar Mingəçevir Turizm Kollecini yenidaha böyük uğurlara ruhlandırır.

 

Əyyub ƏYYUBOV,

Mingəçevir Turizm Kollecinin

direktoru, iqtisad elmləri

doktoru, professor

 

Xalq qəzeti.- 2016.- 14 may.- S.10.