Bakıda VII Avropa film festivalı

 

Yeddi ildir ki, ardıcıl olaraq keçirilən Avropa Film Fesivalı böyük əks-səda doğurmuşdur. Festival Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi və ittifaqa üzv ölkələrin Bakıdakı səfirlikləri və Park Cinema kinoteatrlar şəbəkəsinin birgə təşkilatçılığı ilə gerçəkləşir.

 

Bu festivalın çoğrafiyası ildən-ilə genişlənməkdədir. Builki festivalda Azərbaycanla yanaşı, Almaniya, Avstriya, Belçika, Birləşmiş Krallıq, Çexiya, Estoniya, Finlandiya, Fransa, Xorvatiya, İspaniya, İsveç, İtaliya, Latviya, Litva, Macarıstan, Portuqaliya, Rumıniya və Yunanıstanı təmsil edəcək rejissorların ekran əsərləri təqdim olunacaq. Bütün filmlər 2015-2016-cı illərin istehsalıdır. Filmlər orijinal dillərində ingiliscə alt yazılarla nümayiş olunacaq. Ümumiyyətlə, festivalda Avropa İttifaqının 19 ölkəsində istehsal olunmuş bədii və sənədli filmlər nümayiş olunacaq. Festival çərçivəsində tamaşaçılara müxtəlif kateqoriyalarda komediya, dram, romantika, fantastika, macəra janrlarında bədii və sənədli ekran əsərləri təqdim ediləcək. Burada nümayiş etdiriləcək filmlər vasitəsilə Avropa mədəniyyəti müxtəlif rakurslardan göstəriləcək.

Noyabrın 3-dən 12-dək keçiriləcək festival çərçivəsində Azərbaycanfilm kinostudiyası tərəfindən lentə alınmış Qırımızı bağ yeni filminümayiş olunacaq. Film festivala Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təqdim olunub.

Festivala hazırlıqla bağlı keçirilən mətbuat konfransında Park Cinema kinoteatrlar şəbəkəsinin baş direktoru Namiq Quliyev bildirib ki, iştirakçı və tamaşaçı sayını təmin etmək üçün Avropa İttifaqının Azərbaycan nümayəndəliyi və Park Cinema kinoteatrlar şəbəkəsinin genişmiqyaslı PR kampaniyası həyata keçirilir. Festivalın müddəti 10 günədək artırılıb.

Nəzərə çatdırılıb ki, filmlər proqrama əsasən Park Cinema kinoteatrlar şəbəkəsinin Park Bulvar, MetroparkFlame Tower kinoteatrlarında nümayiş olunacaq.

Mətbuat konfransında Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard da festival haqqında məlumat verib: Yeddi ildir ki, Avropa Film Festivalı Azərbaycanda keçirilir. Bu, çox xoş məqamdır. Festival çərçivəsində tamaşaçılar və jurnalistlər üçün esse və məqalə yarışması keçiriləcək. Yazılar Aİ-nin Azərbaycandakı nümayəndəliyinin facebook səhifəsində yerləşdirilməlidir. Qaliblər fevralda keçiriləcək Berlin Beynəlxalq Film Festivalında iştirak etmək imkanı qazanacaqlar.

 

M. MÜKƏRRƏMOĞLU

Xalq qəzeti.- 2016.- 2 noyabr.- S.7.