Poeziyada yeni yaradıcılıq üslubu

 

Həmid Kəsəmənli (Cəfərov Həmid İsmayıl oğlu) 1937-ci il sentyabrın 1-də Qazax rayonunun Aşağı Kəsəmən kəndində (indi Ağstafa rayonu) anadan olmuşdur. 1960-cı ildə Azərbaycan Dövlət Universitetinin (hazırkı BDU) mexanika-riyaziyyat fakültəsini bitirmişdir. O, Moskvada SSRİ EA Mexanika Problemləri İnstitutunun aspiranturasında təhsilini davam etdirmiş, dissertasiya müdafiə edərək fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru alimlik dərəcəsinə layiq görülmüşdür. 1964-cü ildən ali məktəbdə müəllimlik fəaliyyətinə başlamış, assistent, baş müəllim, dosent vəzifələrində çalışmışdır. O, uzun illər pedaqojielmi fəaliyyətlə yanaşı, bədii yaradıcılıqla da məşğul olmuşdur. Onun heç kimi təkrar etməyən yeni yaradıcılıq üslubu, öz mövzuları, ideyaları vardır. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. H.Kəsəmənlinin poeziya üslubu ilə bağlı qeydlərini oxuculara təqdim edirik.

Dövrümüzün xarakterik xüsusiyyətlərindən biri insan fəaliyyətinin ən müxtəlif sahələrində riyaziyyat elminin geniş tətbiq olunmasıdır. Keçən əsrin ortalarından etibarən elmin, texnikanın, bütövlükdə xalq təsərrüfatının güclü riyaziləşməsi prosesi başlanmışdır. Hazırda riyaziyyat ümumi biliklər toplusunun tərkib hissəsi kimi güclü məntiqi sistemə çevrilmişdir.

Riyaziyyat elmi öz konkretliyi, dəqiqliyi və mükəmməlliyi ilə digər elm sahələri üçün bir növ etalon rolunu oynayır. Buradakı yanaşma və düşüncə tərzi bu elmin özünün mahiyyəti ilə əlaqədardır. Müasir hərtərəfli tərəqqi əsrində daha önəmli nəticələr almaqdan ötrü digər elm sahələrində riyaziyyatın üstün xüsusiyyətlərindən bacarıqla istifadə olunması davam etdirilir. Belə yanaşma tərzini poeziyaya da şamil etmək yaradıcı insanlar üçün ən azı mənəvi borcdurbunu etmək vacibdir.

İstər elementar, istərsə də ali riyaziyyatın müxtəlif misal və məsələlərini, eləcə də real həyatın buya digər tələblərini təmin edəcək çoxsaylı riyazi məsələləri (elmi-tədqiqat işlərini) həll edərkən, bir qayda olaraq, həmişə riyazi əməliyyatlar arası kəsilmədən, ciddi ardıcıllıqla, dəqiq aparılır, kənara çıxmalara, süni ləngimələrə yol verilmirs. Həm də o riyazi üsul (poeziyada üslub) sadə hesab edilir ki, onun tətbiqi daha asan olsun, tez nəticə almağa imkan versins. Qeyd edilən riyazi yanaşmanı heca vəznli şeirlərə tətbiq etmək çətinlik törətmir.

Dilimizdəki söz ehtiyatı indikindən kifayət qədər zəngin olsaydı, onda təkcə dəqiq və səslərin uyğunluğu sayəsində yaradılan qafiyələrə əsaslanan mövcud üslubun köməyi ilə yuxarıda göstərilən riyazi tələblərə cavab verən poetik əsərləri həmişə yaratmaq mümkün olardı. Tələb olunan səviyyədə şeirlərin hər zaman yazılmasının mümkünlüyü üçün əlavə olaraq daha bir qafiyə növündən də istifadə etmək zərurəti yaranır.

Şeirdə fikir qafiyənin hökmdarı, qafiyə isə onun müti quludur (N.Bualo) kəlamı əsas tutulsa, fikrin tələb etdiyi məqamlarda qrammatik qafiyədən də istifadə oluna bilər. Onda fikrin şeirdəki hökmdarlıq statusu da təmin olunar. Son nəticədə isə fikrin hakim rol oynadığı fərqli, yeni bir səmərəli və tutarlı yaradıcılıq üslubu formalaşar.

Bu növ qafiyənin imkanları çox genişdirondan tez-tez yararlanmaqla, həmin qafiyəni inkişaf etdirmək, onun məlum olmayan yeni-yeni çalarlarını üzə çıxarmaq lazımdır. Zəmanəmizin sürətli inkişaf meyilli olmasını bilərək qrammatik qafiyəni fəaliyyətə cəlb etmək, ona yaşamaq şansı vermək şeir sənətini yaşadanlar üçün mənəvi borc olmalıdır.

Təqdim və tətbiq etdiyimiz yeni yaradıcılıq üslubu yaradıcı insanlar üçün müəyyən əlavə imkanlar açır. Dəqiq, səslərin uyğunluğu sayəsində yaradılan qeyri-dəqiq və qrammatik qafiyələrə əsaslanan bu üslub kəsə üslub sadə, işlək və gələcəyi olan bir üslubdur. Bu üslubla yazılan əsərlərdə müəllif özünün hiss və fikirlərini oxucuya kəsə yolla, daha dürüst şəkildə çatdırır, şeirdə qafiyələnmə ilə bağlı sərbəst sətirlərin yazılması ehtiyacı aradan qalxır, fikrin çatdırılmasında süni ləngimələr olmur, fikrin bilavasitə tələb etdiyi sözü hər vaxt işlətmək imkanı qazanılır, bütövlükdə irihəcmli poetik əsərlərin yığcam yazılmasına imkan yaranır, insanı əhatə edən xarici aləmin şair təxəyyülündəki bədii inikası elə həmin ardıcıllıqla, dəqiqliklə, əlamətlərlə şeir formasında öz əksini tapır. Poeziyada indi mövcud olan üslub isə bu sadalananların həyata keçirilməsi imkanına malik deyildir. Odur ki, bu üslubu qüsursuz, yetkin hesab etmək düzgün olmaz.

Riyazi və fəlsəfi qüsurlara malik mövcud üslubdan fərqli olaraq, mükəmməlliyə iddialı kəsə üslub təbiətinə, yaradılışına görə riyaziyyatla sıx əlaqədədir. Formalaşmasında əsas rol oynayan mövcud üslubun da mühüm yer aldığı normativ şeir texnologiyasında hökmdar rolunda qafiyə çıxış edir. Son nəticə isə, göründüyü kimi, riyazi və fəlsəfi qüsurlara malik olur.

Bizim təklif etdiyimiz kəsə üsluba görə isə, hökmdar rolunu şeirdəki fikir oynayır. Yekunda göstərilən qüsurlardan azad nəticə hasil edilir, digər sözlə, həqiqət öz yerini tapır. İndiyədək yazılanların əksinə olaraq, buradan həm də o nəticə çıxır ki, şeirdə fikri müstəqil şəkildə ifadə etmək mümkün imiş. Bu üslubda da şeirdəki qafiyə mühüm rol oynayan poetik element kimi qalmaqda davam edir, lakin artıq həlledici, hakim mövqe tutmur.

Elmilik, obyektivlik, dialektika nöqteyi-nəzərindən, həmçinin universallıq və məhsuldarlıq baxımından kəsə üslub poeziyada istifadə olunmaq üçün daha yararlıdır!

İnanırıq ki, poeziyada yenilik, tərəqqi sevən həqiqi yazarlar və istedadlı yaradıcı gənclik elmi baxımdan əsaslandırılmış kəsə üslubdan faydalanacaqbununla da digər sahələrdə olduğu kimi poeziyanın ədəbiyyatın riyaziləşməsi prosesi başlanacaqdır...

Həmid Kəsəmənli,

fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru,

Azərbaycan Yazıçılar Birliyinin üzvü

 

Xalq qəzeti.- 2016.- 13 noyabr.- S.10.