Ankarada TÜRKSOY-un iqamətgahında

Xalq şairi Səməd Vurğunun yubiley

tədbirləri keçirilmişdir

 

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, TÜRKSOY təşkilatı, Türkiyə Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Türkiyə Milli Kitabxanası və Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə TÜRKSOY-un iqamətgahında Xalq şairi Səməd Vurğunun anadan olmasının 110 illiyi münasibətilə yubiley tədbirləri təçkil olunmuşdur. Yubiley tədbirləri çərçivəsində kitab və foto-sərgi, kitab təqdimatı, beynəlxalq elmi konfransşairin şeirlərindən ibarət bədii hissə keçirilmişdir.

 

Əvvəlcə tədbir iştirakçıları Azərbaycan Milli Kitabxanasının fondlarında qorunan, Səməd Vurğunun yaradıcılığını özündə əks etdirən kitablardan ibarət sərgi və S.Vurğunun ev muzeyində təşkil edilən foto sərgi ilə tanış olmuşlar.

Sonra Azərbaycan Milli Kitabxanası tərəfindən çap olunmuş S.Vurğun. Biblioqrafiya kitabının təqdimat mərasimi keçirilmişdir.

Beynəlxalq elmi konfrans öz işinə görkəmli şairin həyatından bəhs edən filmlə başlamışdır. TədbirdəTÜRKSOY-un baş katibi Düsen Kaseinov çıxış etmişdir. Azərbaycan Respublikasının mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev TÜRKSOY-la birgə keçirilən tədbirlərdən söz açmış, növbəti tədbirin keçirilməsində əməyi olan hər kəsə minnətdarlığını bildirmişdir.

Beynəlxalq elmi konfransda Azərbaycanda Atatürk Mərkəzinin müdiri, Milli Məclisin deputatı, professor Nizami Cəfərov, Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov, Gazi Universitetinin Çağdaş türk ləhcələri və ədəbiyyatları bölümünün müəllimi Dysun Demirez Guneri, Karabük Universitetinin ədəbiyyat fakültəsinin müəllimi Yıldız İsmayılova, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid, Avrasiya Yazıçılar Birliyinin başkanı Yaqub Öməroğlu, Səməd Vurğunun ev muzeyinin direktoru Nüşabə Babayeva-Vəkilova çıxış edərək şairin yaradıcılığından ətraflı bəhs etmişlər.

Konfransda həmçinin Azərbaycanın Əməkdar artisti Mehriban Zəki şairin şeirlərini səsləndirmişdir.

Tədbirdə Qaqauz kitabxanası, Qazaxıstan, Başqırdıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan milli kitabxanaları, Qazaxıstan Milli Akademik Kitabxanası, Şimali Kipr Dövlət Kitabxanasından gələn nümayəndələr iştirak etmişlər.

 

M. MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2016.- 17 noyabr.- S.11.