İşığa gedən yol: milli və bəşəri

ideallara sədaqətli xidmət nümunəsi

 

Hələ 90-cı illərin əvvəllərində Naxçıvanda AZƏRTACın xüsusi müxbiri kimi çalışdığım vaxtlarda onun imzasını muxtar respublikanın dövri mətbuatında ara-sıra görərdim. Xeyli sonra bu imza Çəhrayı rəngli dünyam, Arazbarı, Zaman xəbərsiz ötdü kimi sanballı kitabları ortaya qoydu. Ədəbi mühitdə sevilən bu şeir topluları çoxlarımızın stolüstü kitabları sırasında yer aldı.

 

Sona xanımın sonrakı məhsuldar və çoxcəhətli yaradıcılığı onu bizə zəngin və kövrək duyğuların tərcümanı olan incə ruhlu bir şair və yurdsevər publisistlə yanaşı, azərbaycançılıq ideyasını məfkurə bayrağı kimi qaldıran zəkalı bir alim kimi tanıtdı. Bütün bunlardan sonra Sona Vəliyevanın gərgin axtarışlarının nəticəsi olan İşığa gedən yol irihəcmli romanı (768 səhifə) ədəbi-elmi ictimaiyyətin gözləntisini düşünüldüyündən də artıq cavablandırdı. Bu fundamental ədəbi nəşrin ərsəyə gəlməsi jurnalistikanın çiyninə götürdüyü müqəddəs və böyük missiyanı yerinə yetirmək ənənəsinə sadiqliyinin yeni ifadəsi oldu.

Düzü, mən buna müqəddəs və böyük missiya ona görə deyirəm ki, təkcə Zərdabini sevmək, milli ziyalıların atasına ruhən bağlı olmaq, onun yaşayıb-mübarizə apardığı dövrün tələb və ziddiyyətlərini, inkişaf meyillərini mükəmməl bilmək belə bir əsəri yazmaq üçün kifayət etməzdi. Həsən bəy Zərdabi kimi zamanı qabaqlamış, çoxcəhətli fəaliyyəti ilə milli tərəqqiyə yön və məzmun vermiş bir şəxsiyyət barədə ilk irihəcmli romanı qələmə almaq nə qədər gərəkli bir vəzifə idisə, onu gerçəkləşdirmək üçün elmi-tarixi mənbələrə bələdlik və ədəbi-bədii səriştə ilə yanaşı, İlahi bir dəstək ruhi-mənəvi enerji də tələb olunurdu...

Bəlkə, buna görə də kitabla tanışlığım I cahan savaşı zamanı Anadoluda 275 kiloqramlıq bir mərmini top lüləsinə yerləşdirməsi ilə hamını heyrətdə qoyan Çanaqqala qəhrəmanı Seyid Onbaşının əfsanəvi qüdrətini xatırlatdı. Təbii ki, ölüm-dirim döyüşü ilə ədəbi yaradıcılıq fərqli qabiliyyət tələb edir. Lakin göstərilən hünərdə bir insan gücündən əlavə, gözəgörünməz bir qüvvənin də yardımçı olduğunu danmaq olmur.

Bu yerdə Sona xanımın vaxtilə poetikləşdirdiyi Ürək adlı boxçamla, Qapına gəldim, İlahi! duyğu-düşüncəli deyimini xatırladım. Cəmiyyətdən gələn sosial sifarişi cavablandırmaq üçün söz boxçası ilə onun dərgahına gələn müəllifi İlahi, bəlkə, özü seçib?! Əslində, Zərdabi də seçilmişlərdən olmuşdu, belə zərurilik missiyası bir vaxtlar Həsən bəyə də verilmişdi. Məhz ilahidəngəlmə Vətən eşqi, millət dərdi Zərdabini zamanın fövqünə qaldırmış, uzaq sabahları görməsinə imkan yaratmışdı.

Belə bir hikmətin nəticəsidir ki, İşığa gedən yol təkcə Zərdabi haqqında miqyaslı bir roman deyil, həm də Həsən bəyin yaşadığı və fəaliyyət göstərdiyi tarixi dövrün gerçəklərini mükəmməl şəkildə bədii-sənədli dövriyyəyə gətirən sanballı məfkurəvi əsərdir. Əkinçinin təkcə Azərbaycanda, Qafqazda deyil, bütün Rusiya imperiyasında ilk türk qəzeti olması necə önəmli taixi-mədəni başlanğıcdırsa, bu ilkinliyi xalqımıza bəxş edən Həsən bəy Zərdabi barədə həmin məkanda ilk irihəcmli romanın yazılıb ortaya qoyulması da eyni bir fədakarlıq və öncüllükdür.

Əsəri birnəfəsə oxumaq olmur. Hər səhifədə müəllif təhkiyəsi fakt və hadisələri qəlbinin dərinliyindən gələn sevgiyə o qədər hopdurub ki, cazibəli bir ruhi-mənəvi auradan çıxıb o biri səhifəyə keçmək çətin olur. Keçmişi hərtərəfli öyrənən müəllif millət fədaisi Həsən bəyin bənzərsiz və mükəmməl obrazını ən xırda çizgilərini də rəsm etməklə canlandırır. Bu təbii yaşantının ağuşunda Zərdabi müasirləşir, biz isə, sanki, onun əsrdaşına çevrilirik.

Bu deyilənləri romanın hər cümləsindən, səhifəsindən və fəslindən boylanan gerçəklər dönə-dönə təsdiqləyir. Böyük Zərdabinin baba və nənəsınin, ata və anasının hiss-həyəcanları İyul, 1848-ci il, Kür çayının sahilləri bölümündən başlayaraq necə inandırıcı və şövqlə təqdim edilirsə, bu estetik cazibə də axıradək oxucunu öz çevrəsində eləcə saxlayır. Qısası, ikihissəlik romanın 90-na qədər irili-xırdalı fəslində müəllif bizləri altı yaşla altmış beş yaş arasında keçən bir ömrün hər günündən, həftəsindən, ayından və ilindən keçirib günümüzə gətirir.

Əsərdə nadir tarixi şəxsiyyətin obrazı diqqət mərkəzində olsa da, XIX əsrdən XX əsrə keçid dövrünün səciyyəvi qütbləri zülmət və işıq; cəhalət və kamillik; fanatizm və ayıqlıq; fərdiyyətçilik və ictimai düşüncə; əsarət və azadlıq kimi sosial- mənəvi ziddiyyətlər ümumi fon təşkil edir. Biz bu ətalətli və qaynar mühitdə kimləri görmürük?! Həsən bəy Tiflisdə təhsil aldığı illərdə Mirzə Fətəli Axundzadənin çevrəsində Hüseyn ağa Qayıbov, İlya Çavçavadze, Mixail Kipiani ilə görüşür. Moskva Universitetindəki təhsil illərində isə rus xalqçı və demokratlarının əhatəsində olur... Əsər boyu Zərdabinin ətrafında dəyişən mühitin fərqli mənzərələri bir-birini əvəz edir. Beləliklə, Həsən bəyin parlaq və zəngin obrazının müfəssəl estetik təqdimatı ilə birlikdə, onun dövrü və mübarizəsi də geniş əksini tapır.

Əsərdə Əkinçinin nəşri ilə bağlı bədiiləşmiş xronika da geniş yer tutur. Qəzetin işıq üzü görməsindən bağlanışına qədər keçdiyi ikillik yol 100 səhifəyə qədər yer tutur. Bu hissədə müəllif böyük Zərdabinin sevincini də, iztirablarını da, nəhayət, çıxılmaz vəziyyətə düşüb sevimli müəllimlik və qəzetçilik fəaliyyətini doğma Zərdab kəndində keçən 16 illik dinc sürgünlə əvəz etmək məcburiyyətində qalmasını da milli bəlalarla mübarizə zəminində açıqlayır.

Krım türklərinin böyük ziyalısı İsmayıl bəy Qaspıralının özünə ustad saydığı Zərdabiyə ünvanladığı "Həsən bəy, sizi bütün Krım türkləri tanıyır, dəyərləndirir. Məncə, siz bir ovuc ideya toxumunu Əkinçinin yayıldığı və oxunduğu bütün ərazilərə səpərək, əvəzində maarif, elm, təhsil və tərəqqi adlı məhsul yetişdirdiniz xitabının və digər belə nüfuzlu dəyərləndirmə nümunələrinin əsərə daxil edilməsi yazıçı ideyasının açılması və təsdiqində təsirli vasitəyə çevrilir. Müəllif möhtəşəm Zərdabi məbədini ucaltmaqda belə qızıl kərpiclərdən yerli-yerində və ustalıqla istifadə edir.

Nəhayət, əsərin axırında səslənən müəllif ricətini yada salmaq yerinə düşər. Roman Zərdabinin son mənzilə yola salınma mərasiminin olduqca təsirli mənzərəsi ilə sonuclanır və müəllif öz qəhrəmanının əbədiyyətə qovuşan ruhunu onun xalq yolunda son zərrəsinədək ərimiş ömrünün davamı kimi mənalandırır. Bu dəyərləndirmə həm də əsərin qayəsini ifadə etdiyindən onun adında da əksini tapıb: Həsən bəyin ruhundan zühur edən işıq seli, aləmi bürüyən övliya nuru öz əbədiyyət yolunu davam edirdi. Bu işığın son dayanacağı hələ çox-çox uzaqlarda idi. Tükənməyən, bitməyən nur yolu, işıq seli heç vaxt bitməyəcək, sona çatmayacaq kimi millətin önünə düşərək gələcəyə doğru gedirdi.

Üstündən uzun illər keçsə belə bu gün də aləmi bürüyən övliya nuru öz əbədiyyət yolunu davam etdirməkdədir. Bizlərə bircə bunu əlavə etmək qalır: ümid edək ki, vaxtsa İşığa gedən yolun oxucuları onun böyük ekranlardan yayımlanacaq versiyasını da izləyə biləcəklər.

 

Namiq ƏHMƏDOV

 

Xalq qəzeti.- 2016.- 27 noyabr.- S.7.