Görmə qabiliyyəti məhdud olanlar üçün Danışan kitabxana yaradılır

 

Son illər ölkəmizdə gözdən əlillər üçün bir neçə sosial layihə reallaşdırılmışdır. Daha bir layihə isə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Məlumat Hesablama Mərkəzi tərəfindən hazırlanmışdır. Görmə qabiliyyəti məhdud olan insanlar Danışan kitabxanadan yaxın vaxtlarda istifadə edə biləcəklər.

Artıq 100-dək kitab peşəkar səviyyədə səsləndirilərək, kitabxana fonduna daxil edilib. Xüsusi telefon xidməti vasitəsilə (15-41) kitabxana 24 saat ərzində avtomatik rejimdə fəaliyyət göstərəcək.

Bu cür xüsusi kateqoriyalı oxucular üçün hər gün adi kitabxanalara getmək çətindir. Lakin hər hansı bir audio kitabı görmə qabiliyyəti məhdud olan oxucu dinləyə bilər.

Elə bu məqsədlə fiziki imkanları məhdud olan insanların ehtiyaclarını nəzərə alaraq kitabxanada müxtəlif audio-kitablar toplanıb. Audiokitabxanada klassikmüasir Azərbaycan yazıçılarının kitabları və habelə xarici dillərdən azərbaycancaya tərcümə olunmuş əsərlər yer almışdır.

Sistemə qoşulmaq, janrı, yazıçını, əsərləri seçmək və qulaq asmaq üçün giriş kodunu qeyd etmək vacibdir. İstənilən vaxt dinləməni dayandırmaq və bir müddət sonra dayandırılmış yerdən davam etmək mümkündür.

Gələcəkdə digər dillərdə də yeni kitabların bu kitabxanaya əlavə olunması nəzərdə tutulur.

 

M.MÜKƏRRƏMOĞLU,

Xalq qəzeti.- 2016.- 30 noyabr.- S. 7.