Moskvada həmvətənimiz Maya Bədəlbəylinin

əsərlərindən ibarət “Fırça və söz ustası” sərgisi təşkil edilib

 

 “Fırça və söz ustası”. Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin və Azərbaycan Mədəniyyət Mərkəzinin M.İ.Rudomino adına Xarici Ədəbiyyat Kitabxanasında təşkil etdiyi sərgi belə adlanır. Sərgidə Azərbaycan Yazıçılar Birliyi və Rəssamlar İttifaqının, Rusiya Yazıçılar İttifaqının və Kaliforniya Poeziya Elmləri İnstitutunun üzvü, fəlsəfə doktoru Maya Bədəlbəylinin yağlı pastellə çəkdiyi 30-a yaxın rəsmi nümayiş etdirilir.

Rəssamın özünün də dediyi kimi, heç gözlənilmədən rəngli şəkillər onun gözü önündə canlanmağa başlayıb, ağ kağızda xatirələri, düşüncələri əks olunub. Maya Bədəlbəyli deyib: “Ağ kağız üzərində ağaclar, təbiət mənzərələri, insan simaları canlanırdı. Sanki şeirlərimdə toxunduğum mövzular rəsmə çevrilib kağız üzərinə köçürdü. Gedib böyük bir albom aldım, canlanan şəkilləri həmin alboma köçürdüm. Beləcə, şeirlərimə və hekayələrimə rəsm kolleksiyam da əlavə olundu”.

Həmyerlimizin indiyədək çəkdiyi 250-dən çox rəsm dəfələrlə Bakıda və Moskvada sərgilənib. “Payızı çox sevirəm. Payız xatirələr çağıdır, mən də payızı çəkməyi, xatirələri rəngli cizgilərlə kağıza köçürməyi sevirəm. Mən peşəkar rəssam deyiləm. Odur ki, gördüyünüz bu işləri bu gün sizə təqdim etdiyim “Dalğınlıq” şeirlər kitabıma illüstrasiya kimi də qəbul edə bilərsiniz”, - deyə M.Bədəlbəyli qeyd edib.

Maya Bədəlbəyli yazıçıdır. O, “Söz”, “Dialoq”, “Kainatın səsi”, “Mən rezonansa düşən dalğayam” və digər kitabların müəllifidir. Sərgi çərçivəsində təqdim etdiyi “Dalğınlıq” (“Razdumye”) kitabında müəllifin şeirləri, esseləri, hekayələri, fəlsəfi-epik düşüncələri yer alıb. Əsərlərin əksəriyyəti lirik qəhrəmanın dilindən yazılıb. Kitabda müəllifin öz həyatında baş verən hadisələrlə birbaşa bağlı olan əsərlərə rast gəlinir. Müəllif əsrlərlə bəşəriyyəti düşündürən mövzulara – xeyir və şər, olum və ölüm, cənnət və cəhənnəm anlayışları ətrafında düşüncələrə dalır.

Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin humanitar proqramlar şöbəsinin rəhbəri Tamilla Əhmədova sərginin açılışında qeyd edib ki, Maya Bədəlbəylinin rəsmlərinin ilk sərgisi hələ 90-cı illərin ortalarında Azərbaycanın Rusiyadakı səfirliyinin təşkilatçılığı ilə keçirilmişdi. Elə o zaman da rəsmləri görənlər rənglərin “üsyanı”na heyran qalmışdılar. T.Əhmədova deyib: “Maya Bədəlbəyli rəngləri kağıza barmaqlarının ucu ilə həkk edir və beləcə qəlbindəki hisslərini birbaşa kağıza köçürür. Sərgiyə gələnlərin hamısı Maya xanımın qeyri-adi rəsm üslubundan danışır. Onun rəsmlərində düşüncə dərinliyi, incə hisslər əksini tapıb”. Qeyd edilib ki, M.Bədəlbəyli hər bir rəsminə qəlbinin bir hissəsini köçürür və bəlkə elə ona görə də rəsmlər belə səmimi və canlı alınır. “Maya xanım kətan və kağız vasitəsilə dünyaya etiraflarını ünvanlayır. Dünya da onun bu etiraflarına biganə qalmır. Maya xanımın dəfələrlə Rusiya Yazıçılar İttifaqı tərəfindən “İlin şairi” və “İlin rəssamı” fəxri adlarına namizəd irəli sürülməsi də bundan xəbər verir”, - deyə T.Əhmədova qeyd edib. O, sərgiyə gələn hər kəsin rəsmlərdə öz hisslərinə, qəlbinə, düşüncələrinə doğma gələn cizgilər tapacağına əmin olduğunu bildirərək deyib: “Maya xanım haqqında danışanda A.Çexovun “İnsanda hər şey gözəl olmalıdır” ifadəsini xatırlamamaq olmur. Maya xanım Çexov meyarlarına tam uyğun gəlir. O, həm daxili, həm zahiri gözəlliyi, incə zövqü, iti qələmi ilə valehedecidir”.

Azərbaycanın Rusiyadakı səfirliyinin humanitar məsələlər üzrə müşaviri Vüqar İmaməliyev Maya Bədəlbəylinin öz qələmi və fırçası ilə Azərbaycan ilə Rusiya arasında yaradıcılıq, dostluq əlaqələrinin möhkəmlənməsinə xidmət etdiyini vurğulayıb, səfir Polad Bülbüloğlunun müəllifə xoş arzularını çatdırıb.

Sərginin açılışında Azərbaycan və Rusiya Yazıçılar birliklərinin üzvü, şair Nəsib Nəbioğlu, Rusiya və Avrasiya Yazıçılar birliklərinin üzvü Afaq Şıxlı, Moskvadakı Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Nisə Mustafayeva və başqaları Maya Bədəlbəylinin yaradıcılığından söhbət açıb, ona yeni uğurlar arzulayıblar.

 

Fəridə Abdullayeva,

AZƏRTAC-ın  xüsusi müxbiri

Moskva

 

Xalq qəzeti.- 2016.- 30 oktyabr.- S.8.