Volqoqradda “Mənim Azərbaycanım”

adlı sərgi açılıb

 

Oktyabrın 27-də Volqoqradda “Mənim Azərbaycanım” adlı Azərbaycan mədəniyyəti sərgisinin açılışı olub. Milli mədəniyyətlərin qarşılıqlı təsiri Rusiya xalqlarının birliyinin amili kimiregional layihəsi çərçivəsində keçirilən sərgidə rəssamların və dekorativ-tətbiqi sənət ustalarının əsərləri, milli geyimlər və əllə toxunmuş xalçalar təqdim edilib. Sərgi Bakının Qaradağ Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Rusiyanın Azərbaycanlı Gənclər Birliyi (RAGB) tərəfindən təşkil edilib.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Volqoqrada işgüzar səfərlərini və görüşlərini əks etdirən fotosərgi ekspozisiyada xüsusi seçilir. Təşkilatçıların fikrincə, sərgiyə tamaşa edənlərdə Azərbaycanın tarixi və adət-ənənələri haqqında geniş təsəvvür yaranacaq.  Sərginin davam edəcəyi bir ay ərzində şəhər məktəblərinin şagirdləri üçün ekskursiyalar təşkil ediləcək.

Sərginin açılışına Volqoqrad şəhərinin və vilayətin qanunvericiicra hakimiyyətinin, Azərbaycan diasporunun və şəhər ictimaiyyətinin nümayəndələri dəvət olunublar.

Volqoqradın Krasnoarmeysk Rayon Administrasiyasının başçısı Anton Konin sərginin açılışında çıxış edərək Azərbaycana xüsusi məhəbbətlə yanaşdığını bildirib, sərginin təşkilinə görə RAGB-ın Volqoqrad bölməsinə təşəkkür edib. Volqoqrad Vilayət Dumasının deputatı Dmitri Kalaşnikov diqqəti sərginin adına cəlb edərək deyib: “Hər halda bu, bizim Azərbaycandır. Ölkələrimizi sərhədlərin ayırmasına baxmayaraq, dostluq, əməkdaşlıq, xatirələr və məhəbbət istənilən halda qalır”.

Soyuz Kalmıkiya–Volqoqrad” təşkilatının sədri Gennadi Koşelev Bakı haqqında xatirələrini bölüşərək, Azərbaycanın davamlı inkişafında Heydər Əliyevin böyük rolunu vurğulayıb. Volqoqrad Vilayət Dumasının deputatı Yelena Voznesenskaya Müslüm Maqomayevi xatırlayaraq deyib ki, o vaxtkı nəslin nümayəndələri olan bir çox insanlar üçün Azərbaycan böyük müğənni ilə assosiasiya olunur.

Sərgi dekabrın 1-dək davam edəcək.

 

Fəridə Abdullayeva,

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

 

Xalq qəzeti.- 2016.- 30 oktyabr.- S.5.