Çağdaş oxucunu məfkurə

işığına qovuşduran kitab

 

Respublika Milli Kitabxanası ölkənin kitab xəzinəsini zənginləşdirən yeni nəşrlərin oxuculara təqdim edilməsi ənənəsinə uyğun olaraq, tanınmış şairə və fəal ədəbiyyatşünas Sona Vəliyevanın nəsr sahəsində də uğurlu çalışmasının, çoxillik araşdırmasının və ağır zəhmətinin bəhrəsi olan İşığa gedən yol romanının müzakirəsini təşkil etmişdir.

 

Ölkənin baş kitab evinin konfrans salonuna toplaşmış nüfuzlu ziyalılara, qədirbilən oxuculara bu barədə açıqlama verən kitabxananın direktoru Kərim Tahirov bildirdi ki, milli mədəniyyətimizin bir sıra sahələrində sivil əsaslar yaratmış böyük maarifçi-demokrat Həsən bəy Zərdabinin nəsillərə örnək olan ömür yoluna, milli istiqlalımıza yönəlik mübarizəsinə həsr olunmuş ilk irihəcmli romanın ərsəyə gəlməsi ədəbi-mədəni aləmdə hadisədir. Bədii ədəbiyyatda zəruri bir tələbatı layiqincə cavablandıran bu fundamental əbəbi nəşrin məram və dəyərini oxuculara qədərincə çatdırmaq üçün yüksək zövqxalqa söz söyləmək səlahiyyəti qazanmış ziyalılar bu toplantıya dəvət olunublar.

Mədəniyyət nazirinin müavini Vaqif Əliyev bildirdi ki, türkçülüyü və azərbaycançılığı ulu bir məfkurə kimi ictimai fikrə gətirmiş görkəmli mütəfəkkirlərin, nurlu əməl sahiblərinin atası sayılan Həsən bəy Zərdabi barədə tarixi və elmi-mədəni qaynaqlara əsaslanan bu irihəcmli bədii əsərin ərsəyə gəlməsi, əslində, ciddi sosial sifariş idi. İstedadlı ədib və fədakar tədqiqatçı Sona Vəliyeva bədii ədəbiyyatımızdakı bu boşluğun doldurulmasını nadir bir romanla qarşılayıb. Elə buna görə də mediada verilən bir sıra yazılarda bu gərəkli əsər barədə yüksək mülahizələr səslənib.

Xalq şairi Sabir Rüstəmxanlı, Milli Məclisin deputatları AMEA-nın müxbir üzvü Nizami Cəfərov, yazıçı-tərcüməçi Elmira Axundova və Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, AMEA-nın həqiqi üzvü Teymur Kərimli, BDU-nun professoru Cahangir Məmmədli, AYB-nin katibi Rəşad Məcid, yazıçı Yunis Oğuz, tədqiqatçı-publisistlər Akif Əli və Flora Xəlilzadə, Ədəbiyyat qəzetinin baş redaktoru Azər Turan, tənqidçi Əsəd Cahangir, digər nüfuzlu alimyazarlar İşığa gedən yol romanının uca qayəsi, yüksək estetik məziyyətləri barədə ilkin fikir və qənaətlərini bölüşdülər. Natiqlər Azərbaycan ictimai düşüncəsini maarifçilik mərhələsindən inqilabi-demokratik epoxaya yüksəltmiş, milli istiqlal mücahidlərinin yolgöstərəni olmuş böyük Zərdabi barədə ilk əhatəli bədii nümunənin müəllifi Sona Vəliyevaya geniş oxucu kütləsinin təşəkkürünü ifadə etdilər.

Müzakirələrdə daha sonra qeyd edildi ki, sevimli yazıçı-pedaqoqumuz Abdulla Şaiqin həqiqi xalq xadimi adlandırdığı, zərdabişünasların Azərbaycanı XIX əsrdən XX əsrə keçirmiş tarixi şəxsiyyət kimi tədqiq etdiyi Həsən bəy Zərdabinin nadir kimliyinin xalqımıza qədərincə çattlmasında İşığa gedən yol romanı kütləvi tanıtma missiyasını gerçəkləşdirəcək, populyarlıq qazanacaq. Bu əsər Həsən bəyin parlaq və zəngin bioqrafiyasının yüksək estetik təqdimatı fonunda onun dövrünün və mübarizəsinin də geniş mənzərəsini əks etdirir.

Romanın müəllifi Sona Vəliyeva söylənən dəyərli mülahizələrə görə minnətdarlığını bildirdi, kitabın nüsxələrini imzalayaraq oxuculara təqdim etdi.

Sonda bildirək ki, ümummilli lider Heydər Əliyev böyük Atarürkü, Türkiyə Cümhuriyyətinin qurucusu Ziya Göyalpı, türkçülüyün banisi Yusif Akçuranı, Kazan türkçüsü İsmayıl bəy Qaspralını, nəhayət, Krım mücahidi təkcə Azərbaycanda, Qafqazda deyil, bütün Rusiya imperiyasında ilk türk qəzetini yaratmış soydaşımız Həsən bəy Zərdabini öz müəllimi adlandırmışlar. Müzakirələrin sonu olaraq, yeni nəşr bu tarixi estafetə güzgü tutan, dünənin həqiqətlərini müasirliyin dili ilə səsləndirən, çağdaş oxucunu məfkurə işığına qovuşdaran kitab kimi ictimaiyyətə təqdim olundu.

 

Tahir AYDINOĞLU

 

Xalq qəzeti.- 2016.- 25 sentyabr.- S.4.