Azərbaycan mədəniyyəti və

turizm davamlı inkişaf yolunda

 

Müstəqilliyinə qovuşduqdan sonra müasir dövlətimizin qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin tarixi xidmətləri, siyasi uzaqgörənliyi nəticəsində güclü inkişaf yoluna istiqamətlənən ölkəmiz bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə daha yüksək zirvələrə ucalmışdır. Ulu öndərin Azərbaycan mədəniyyətinə, humanitar sahənin yaradıcılarına olan dərin rəğbəti və sənət sevgisi hazırda Prezident İlham Əliyevin timsalında özünü yüksək səviyyədə nümayiş etdirməkdədir.

 

Yanvarın 30-da Mədəniyyət və Turizm Nazirliyinin yaradılmasının 10 ili tamam olur. Bu illər ölkəmizin digər sferalarında olduğu kimi, mədəniyyət və turizm sahələrində də dinamik inkişafla müşayiət olunmuş, yaddaqalan uğurlar əldə edilmişdir. Təsadüfi deyil ki, bu illər ərzində sahənin inkişafı naminə Prezident İlham Əliyev tərəfindən 500-dən çox fərman və sərəncam imzalanmışdır. Bu fərman və sərəncamlar nazirliyin fəaliyyət istiqamətlərini şərtləndirən, müəyyənləşdirən əsas amil olmuş, mədəniyyət və turizm siyasətinin hüquqi-qanunvericilik bazasını yeni sənədlərlə zənginləşdirmişdir.

Mədəniyyətimizin inkişafından danışarkən Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin Mehriban xanım Əliyevanın müstəsna xidmətləri xüsusi vurğulanmalıdır. Belə ki, həm ölkə, həm də beynəlxalq əhəmiyyətli tədbirlərin reallaşmasında birinci xanımın himayəçiliyi, gələcəyə hesablanmış uğurlu addımları və tarixi xidmətləri danılmaz faktdır. Onun böyük əməyinin, mədəniyyətə qayğısının, sənət sevgisinin nəticəsində Azərbaycan muğamı dünya musiqisinə çevrilmiş, Azərbaycan rəssamlıq inciləri qabaqcıl ölkələrdə nümayiş etdirilərək sənətsevərləri heyran qoymuşdur. Məhz Mehriban xanımın ardıcıl zəhməti və böyük xidmətləri hesabına Azərbaycan muğamı, aşıq, tar ifaçılığı, xalçaçılıq, Lahıc misgərlik sənətləri, Novruz bayramı, çövkən atüstü oyunu, kəlağayı simvolizmi UNESCO-nun Qeyri-maddi mədəni irsin reprezentativ və təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş, eləcə də görkəmli mədəniyyət və söz adamlarının yubileyləri beynəlxalq səviyyədə qeyd olunmuşdur. Bundan əlavə, Azərbaycanın möhtəşəm abidələri olan Qobustan Milli Tarix-Bədii Qoruğu və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmişdir.

Hazırda Azərbaycan beynəlxalq arenada siyasi-iqtisadi, mədəni qüdrətə sahibdir. Qədim tarixə, yüksək mənəvi dəyərlərə, sarsılmaz milli iradəyə malik ölkəmiz dünyanın aparıcı və mötəbər tədbirlərinin aparıcı qüvvəsinə çevrilməkdədir. Çoxlarına məlumdur ki, bu gün Azərbaycan mədəniyyəti və turizmi dayanıqlı və davamlı inkişaf dövrünü yaşayır.

140 ildən çox tarixi, böyük ənənələri olan Azərbaycan teatrı istər qanun bazasının təkmilləşdirilməsi, istər teatr binalarının abadlaşdırılması, istərsə də tamaşaçı maraqlarının qorunması baxımından irəliləyiş gücünü itirmir, əksinə, müasirlik prinsiplərini qoruyaraq tarixin bugünkü sınağından üzüağ çıxmağı bacarır. Dövlətin teatra olan qayğısının nəticələrindən danışarkən ilk növbədə teatrın qanunvericilik bazasının gücləndirilməsi ilə bağlı görülən işləri qeyd etməliyik. Belə ki, 29 dekabr 2006-cı ildə “Teatr və teatr fəaliyyəti haqqında” Qanunun qəbul edilməsi, dövlət başçısının “Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqında” 2007-ci il 19 fevral tarixli sərəncamına uyğun olaraq 2009-cu il 18 may tarixli sərəncamı ilə “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramını təsdiq edilməsi Azərbaycan teatrının zəngin bədii irsinin və yaradıcılıq ənənələrinin qorunmasına, qlobal və milli dəyərlərin təbliğinə, dünya mədəniyyətinə inteqrasiyasına, informasiya və maliyyə resurslarından səmərəli istifadə edilməsinə yönəlib.

Bu gün respublikada 26 dövlət teatrı fəaliyyət göstərir. Dövlətlərarası mədəni əməkdaşlıq haqqında ikitərəfli sazişlərə uyğun olaraq respublika teatrları müxtəlif beynəlxalq festivallarda uğurla çıxış edirlər.

Bu illər ərzində teatrlarımız ABŞ, Hindistan, Gürcüstan, Ukrayna, Belarus, İsveç, Türkiyə, Rusiya, Özbəkistan, İran, Finlandiya, İsveçrə, Estoniya, Misir, Şri-Lanka, Bolqarıstan, Mərakeş, Polşa, Almaniya, Fransa, İtaliya, Avstriya, ümumilikdə 28 ölkədə qastrol səfərlərində olmuşlar.

Ölkəmizdə vüsət alan yenidənqurma işləri teatr həyatında yaddaqalan olub. Ölkə Prezidentinin müvafiq sərəncamlarına əsasən, teatr-konsert müəssisələrindən Azərbaycan Dövlət Kukla Teatrı, Dövlət Rus Dram Teatrı, Heydər Əliyev Sarayı, Gənc Tamaşaçılar Teatrı, Akademik Milli Dram Teatrı, Mingəçevir Dövlət Dram Teatrı, Füzuli Dövlət Dram Teatrı, Ağdam Dövlət Dram Teatrı, Dövlət Musiqili Teatrı, Şəki Dövlət Dram Teatrı əsaslı şəkildə təmir olunaraq istifadəyə verilmişdir. Bu illər ərzində Sumqayıt Dövlət Dram Teatrına, İrəvan Dövlət Azərbaycan Dram Teatrına, Şuşa Dövlət Musiqili Dram Teatrına, Dövlət Pantomima Teatrına binalar verilmiş, Gəncə Dövlət Kukla Teatrı təmir-bərpa işlərindən sonra fəaliyyətə başlamışdır.

Teatr sahəsinə olan diqqətin daha bir təzahürü kimi isə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycanda peşəkar milli teatrın yaradılmasının 140 illiyi haqqında” 1 mart 2013-cü il tarixli sərəncamını qeyd etmək olar. Sərəncama uyğun olaraq, 2013-cü il iyun ayının 25-də Heydər Əliyev Sarayında peşəkar milli teatrının yaranmasının 140 illiyinə həsr olunmuş təntənəli yubiley gecəsi keçirilmişdir.

Ötən il ölkəmizin yüksək səviyyədə ev sahibliyi etdiyi “Bakı-2015” ilk Avropa Oyunları zamanı Bakı şəhərində fəaliyyət göstərən teatr-tamaşa müəssisələri repertuarlarında olan ən maraqlı tamaşaları Azərbaycan, ingilis və rus dillərində hərəkət edən sətirlər vasitəsilə tamaşaçılara təqdim etmişdir.

Azərbaycan musiqi sənətinin inkişafı, dünyada təbliği, bəstəkar, dirijor, musiqiçilərin yaradıcılığının dəstəklənməsi istiqamətində də bir sıra layihələr həyata keçirilmişdir. Ötən dövr ərzində bu sahədə keçirilən respublika və beynəlxalq əhəmiyyətli konsertlərin, festivalların, müsabiqələrin sayı 1500-dən çox olmuş, Azərbaycan musiqi mədəniyyəti üçün rəngarəng, irimiqyaslı, nüfuzlu layihələr, tədbirlər həyata keçirilmişdir. Heydər Əliyev Fondunun silsilə tədbirləri, xarici ölkələrdə Azərbaycan mədəniyyəti günləri, Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı, Qəbələ Beynəlxalq Musiqi Festivalı, “Muğam aləmi” Beynəlxalq Muğam Festivalı, Rostropoviç Beynəlxalq Musiqi Festivalı, Bakı Caz Festivalı, görkəmli mədəniyyət xadimlərinin yubileyləri ölkəmizin getdikcə artan nüfuzu və potensialının mədəniyyət sahəsindəki təzahürüdür.

UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilən muğam sənətinin beynəlxalq miqyasda tanıdılması, təbliği və inkişaf etdirilməsi məqsədilə son illər respublikamızda “Muğam aləmi” Beynəlxalq Muğam Festivalı, elmi simpozium və gənc muğam ifaçıları arasında beynəlxalq müsabiqənin keçirilməsi 2009-cu ildən başlayaraq artıq ənənəyə çevrilmişdir.

Hazırda Azərbaycan dünyanın musiqi mərkəzlərindən birinə çevrilmişdir. Beynəlxalq festivallar, dünya səviyyəli musiqi tədbirləri üçün ölkəmiz doğma vətəndir. 2009-cu ildən başlayaraq Heydər Əliyev Fondunun təşəbbüsü ilə Qəbələdə yeni bir musiqi ənənəsinin təməli qoyuldu. Dünyanın neçə-neçə məşhur orkestrləri, dirijorları, ifaçıları Qəbələ festivallarının biri-birindən rəngarəng və maraqlı proqramlarının iştirakçısı olurlar. Bu festival Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və rəhbərliyi altında həyata keçirilən çoxsaylı mədəniyyət layihələrindən biri olaraq Azərbaycan mədəniyyətinin inkişafı və təbliğini yeni, yüksək bir səviyyəyə qaldırmışdır.

Azərbaycan musiqi mədəniyyətinin görkəmli nümayəndələrinin yüksək səviyyədə yubiley gecələri keçirilmişdir.

Ötən dövr ərzində nazirliyin dəstəyi ilə Azərbaycan Dövlət Filarmoniyası, Dövlət Nəfəs Alətləri Orkestri, Dövlət Uşaq Filarmoniyası, Dövlət Mahnı Teatrı, “Qaya” Dövlət Ansamblı, Bakı Dövlət Sirki, Beynəlxalq Muğam Mərkəzi, Gəncə Dövlət Filarmoniyasının maddi-texniki bazaları əhəmiyyətli dərəcədə gücləndirilmiş, yüksək keyfiyyətli musiqi alətləri alınmışdır. Musiqi ənənələrinə, yeni nəsli Azərbaycan musiqi ustalarının əsərlərinə qaytarmaq, həmin əsərlərin insanların qəlbində daha unudulmaz edilməsi böyük əhəmiyyətə malikdir. 2014-cü ildə uzun fasilədən sonra Rusiya Akademik Böyük Teatrının səhnəsində görkəmli bəstəkar, SSRİ Xalq artisti Arif Məlikovun “Məhəbbət əfsanəsi” baletinin bərpası böyük uğurla həyata keçirilmişdir. Həmçinin TÜRKSOY-un təşəbbüsü, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə 2009-cu ildə Azərbaycan milli opera sənətinin şah əsəri olan “Koroğlu” operası beynəlxalq layihə əsasında tamaşaya qoyulmuşdur.

Mədəniyyət və Turizm Nazirliyi tərəfindən yaradıcı gənclərin aşkar edilməsi, onların inkişafının istiqamətləndirilməsi, peşə hazırlığının yüksəldilməsi məqsədilə mühüm tədbirlər  reallaşdırılmışdır.

Mədəni sferanın son 10 ildəki inkişafı təsviri və dekorativ sənət sahələrindən də yan keçməmiş, bu müddət ərzində Azərbaycan təsviri sənətinin tərəqqisi, dünyada təbliği, gənc rəssamların yaradıcılığının dəstəklənməsi istiqamətində də bir çox məqsədyönlü işlər görülmüşdür. Ötən on ildə keçirilən respublika və beynəlxalq əhəmiyyətli sərgilərin sayı 500-ü ötmüşdür. Bu illərdə Azərbaycan rəssamlarının əsərləri Almaniya, ABŞ, Rusiya, Türkiyə, İran, Fransa, İsveçrə, İtaliya, Niderland, Sloveniya, Misir, Səudiyyə Ərəbistanı, Cənubi Koreya, Ukrayna, Moldova, Özbəkistan, Braziliya, Çin, Avstriya, Portuqaliya və s. kimi ölkələrin ən nüfuzlu sərgi salonları, muzey və qalereyalarında nümayiş etdirilmişdir.

Azərbaycanın tanınmış rəssamlarının yubiley sərgiləri yüksək səviyyədə keçirilmiş, sərgilərə aid nəfis tərtibatlı kataloq və kitablar çap edilmişdir. Bununla yanaşı, Xalq rəssamı Mikayıl Abdullayevin 80 illik yubileyi Moskvada Rusiya Rəssamlıq Akademiyasında, Xalq rəssamı Hüseyn Əliyevin 100 illiyinə həsr olunmuş sərgi isə Monteneqronun Bar şəhərindəki Kral Nikolayın sarayında təşkil edilmişdir.

Azərbaycan Prezidentinin sərəncamlarına əsasən, dahi rəssam Səttar Bəhlulzadənin 100 illik yubileyi UNESCO səviyyəsində qeyd edilmişdir. SSRİ Xalq rəssamı, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti, Dövlət mükafatları laureatı Tahir Salahovun 2008-ci ilin noyabrında Bakıda, 2009-cu ilin yanvarında isə Moskvada 80 illik yubiley tədbirləri keçirilmişdir.

Dövlət başçısının “Azərbaycanda muzey işinin yaxşılaşdırılması haqqında” 6 mart 2007-ci il tarixli və 22 may 2009-cu il tarixli sərəncamları ilə təsdiq edilmiş “Azərbaycanın regionlarında fəaliyyət göstərən muzeylərin müasir standartlara uyğun təmirinə, yeni avadanlıq və zəruri eksponatlarla təchizatına dair xüsusi tədbirlər planı”nın icrası ilə bağlı nazirlik, yerli mədəniyyət və turizm idarə və şöbələri tərəfindən Bakı şəhərində, eləcə də regionlarımızda muzeylərin müasir standartlara uyğun təmiri, onların maddi-texniki bazasının gücləndirilməsi, muzey fondlarının komplektləşdirilməsi və ekspozisiyaların zənginləşdirilməsi istiqamətində bir sıra işlər görülmüşdür. Respublikanın şəhər və rayonlarında fəaliyyət göstərən, ulu öndərin dühasını əks etdirən Heydər Əliyev muzeyləri nazirliyin müvafiq əmrinə əsasən 1 fevral 2012-ci il tarixindən Heydər Əliyev mərkəzləri adlandırılmışdır. Hazırda ölkəmizdə 60 Heydər Əliyev Mərkəzi fəaliyyət göstərir. Mərkəzlərin əksəriyyətində elektron kitabxanalar, kompüter və iclas zalları, dil kursları, tətbiqi sənət, aviamodelizm, rəqs və s. dərnəklər fəaliyyət göstərir.

26 avqust 2014-cü il tarixdə Azərbaycan Xalça Muzeyinin yeni binasının açılış mərasimi keçirilmişdir. Orijinal üslubda inşa olunan bina bükülmüş xalçanı xatırladır. Hazırda muzeyin sərgi və fondlarında 10 mindən çox eksponat və əşya saxlanılır.

Dünyanın qabaqcıl ölkələrinin mədəniyyət siyasəti sahəsindəki təcrübələri nəzərə alınmaqla Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Azərbaycanın qeyri-maddi mədəni irsinin (diyarşünaslıq, folklor, sənətkarlıq) qorunması, dəstəklənməsi, təbliği və təşviqi istiqamətində aparılan əsaslı və hərtərəfli islahatlar uğurla davam etdirilir.

Azərbaycanın qeyri-maddi mədəni irsinin dəstəklənməsi işində müasir formaların tətbiq edilməsi məqsədilə nazirlik tərəfindən “2010-2014-cü illər üçün Xalq Yaradıcılığı Paytaxtları” proqramı təsdiq edilmişdir. Proqramın icrası ilə əlaqədar diyarşünaslıq, folklor və sənətkarlıq nominasiyaları üzrə  “Paytaxt” seçilmiş şəhər və rayonlarda nominasiyaya uyğun olaraq təntənəli mərasimlər, respublika və beynəlxalq səviyyəli elmi-praktik konfranslar, “dəyirmi masa”lar, konsertlər, müsabiqələr, festivallar, sərgilər, yarmarkalar və s. tədbirlər təşkil edilmişdir.

 

Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Bakı şəhərində “Azərbaycan - doğma diyar” devizi altında 2006, 2008, 2011 və 2014-cü illərdə keçirilmiş milli azlıqların incəsənəti festivalları respublikanın ictimai-mədəni həyatında mühüm hadisə kimi yadda qalmışdır. Festivallarda Bakı şəhərində və respublikamızın 15-dək rayonunda fəaliyyət göstərən və Azərbaycanın, demək olar ki, bütün milli azlıq və etnik qruplarını təmsil edən 40-dan çox kollektiv iştirak etmişdir.

Son illər ölkəmizdə qədim tarixə malik atçılıq ənənələrinin bərpasına da xüsusi diqqət göstərilir. Azərbaycan Prezidentinin müvafiq fərmanları ilə 2006-cı ildə Şəki Atçılıq Turizm Mərkəzinin,  2007-ci ilin fevralında isə onun əsasında Respublika Atçılıq Turizm Mərkəzinin yaradılması nəinki çövkən və digər milli atüstü oyunların bərpasına, həmçinin 2013-cü ildə çövkən-Qarabağ atüstü oyun ənənəsinin UNESCO-nun Təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs siyahısına daxil edilməsinə və Azərbaycanda atüstü oyunların inkişafına şərait yaratmışdır.

Dövlət başçısının mədəni irsin qorunmasının reallaşması üçün imzaladığı sərəncamların hər biri tarixi əhəmiyyət daşıyır. Xüsusi önəm kəsb edən tarixi ərazilərin qorunması və gələcək nəsillərə çatdırılması məqsədilə Azərbaycan Prezidentinin 2 may 2007-ci il tarixli sərəncamı ilə Abşeron rayonunun Məmmədli kəndində “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət, 19 dekabr 2007-ci il tarixli sərəncamı ilə Ağstafa rayonunda “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət və Quba rayonunda “Xınalıq” Dövlət Tarix-Memarlıq və Etnoqrafiya, 19 dekabr 2007-ci il tarixli sərəncamı ilə Bakının Suraxanı rayonunda “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq qoruqları elan edilmişdir.

Ölkəmizdə hər sahədə davam edən islahatlar, şübhəsiz ki, mədəni irsin qorunmasına dair işlərdən də yan keçməmişdir. Belə islahatlardan biri də bu sahədə xüsusi Dövlət Proqramının təsdiq olunmasıdır. Azərbaycan Respublikası Prezidentinin 2012-ci ildə müvafiq fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasına əsaslanaraq 27 dekabr 2013-cü il tarixli sərəncamı ilə “Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı”nın qəbul edilməsi milli-mədəni irsin qorunması istiqamətində aparılan islahatların davamı olmuşdur. Dövlət Proqramının müvəffəqiyyətlə həyata keçirilməsi məqsədilə Mədəniyyət və Turizm Nazirliyi yanında Azərbaycan Respublikası Prezidentinin 18 dekabr 2014-cü il tarixli fərmanı ilə Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti yaradılmışdır.

Mədəniyyət və Turizm Nazirliyi yarandığı ilk dövrdən başlayaraq kino sahəsinin inkişaf etdirilməsi, bu istiqamətdə fəaliyyətin müasir tələblər səviyyəsində qurulması, onların işinin əlaqələndirilməsi və nəzarətin gücləndirilməsi istiqamətində əhəmiyyətli işlər görülmüşdür. Kinematoqrafiyanın istehsalat, texniki, informasiya, hüquqi və maddi bazasının möhkəmləndirilməsi, eləcə də maarifləndirmə işinin gücləndirilməsi məqsədilə Azərbaycan Prezidenti tərəfindən təsdiq edilmiş və kino tariximizdə ilk genişmiqyaslı sənəd olan “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı”nın müstəsna əhəmiyyəti var. Hazırda icrası davam edən həmin proqram çərçivəsində bir sıra iri layihələr, mühüm məqsədyönlü tədbirlər həyata keçirilir.

Azərbaycan kinosunun son illərdə yüksəldiyi zirvəni, keyfiyyət və kəmiyyət fərqlərini bu rəqəmlər daha aydın göstərmək gücündədir. Belə ki, 2006-2015-ci illər ərzində 39 tammetrajlı bədii film çəkilmişdir. Müqayisə üçün: 1996-2005 illər ərzində bundan 2,5 dəfə az - 16 film çəkilib. 1996-2005-ci illərdə 4 qısametrajlı bədii film çəkildiyi halda, son 10 ildə həmin formatda 48 film istehsal olunmuşdur.

2006-cı ildən etibarən gənc kinematoqrafçılarla aparılan iş ən vacib məsələlərdən biri kimi gündəliyə daxil edilib. Gənc istedadlı kinematoqrafçıları aşkar etmək məqsədilə 2006-2011-ci illərdə təşkil olunmuş “Bu meydan, bu ekran” müsabiqələrini qeyd etmək lazımdır. Bu layihə çərçivəsində yeni adlar kəşf olunmuş, müsabiqənin qaliblərinə film çəkmək etibar edilmişdir. Müsabiqədə uğur qazanmış “Ev”, “Koramal”, “Mayak” və bir sıra başqa filmlər 30-a qədər ölkədə keçirilən 47 beynəlxalq kinofestivalın müsabiqələrinə qatılmış, mükafatlar qazanmışdır.

 

Vacib nailiyyətlərindən biri bədii kinoda debüt filmlərinin sayının xeyli artırılmasıdır. Belə ki, 64 rejissor özünün ilk tammetrajlı və ya qısametrajlı bədii filmlərini çəkmişdir.

Kino sahəsində yüksəkixtisaslı kadrların yetişdirilməsi, bu sahənin gələcək inkişafının qarantıdır. Təbii ki, nazirlik bu məsələni də diqqətdə saxlayır. Yaxın illərdə kino peşələri üzrə yüksəkixtisaslı kadrların çatışmazlığını nəzərə alaraq, bir sıra gənclər təhsil almaq üçün nazirlik tərəfindən Rusiya, Türkiyə, Kanada və İngiltərəyə göndərilmişdir.

2006-2015-ci illər ərzində Azərbaycan kinosu dünyanı “gəzmiş”, hər yana səs salmağı bacarmışdır. Belə ki, bu illər ərzində dövlət sifarişi ilə istehsal edilmiş bədii və sənədli filmlərin xaricdə keçirilən beynəlxalq festivallarda iştirakını təmin etmək məqsədilə nazirlik tərəfindən müəyyən işlər görülmüşdür. Filmlərimiz beş qitəni əhatə edən 40-dan artıq ölkədə 100-dən çox festivalda iştirak etmişdir. Bunlardan “A” kateqoriyalı Kann, Venesiya, Karlovı Varı, Berlin  festivallarını xüsusilə vurğulamaq olar. Festivallarda milli kinomuzu həm dövlət studiyalarında, həm də nazirliyin sifarişi əsasında özəl prodüser mərkəzlərində çəkilmiş müxtəlif filmlər təmsil etmişdir. Onların arasında “40-cı qapı”, “Buta”, “Ev”, “Nabat”, “Sonuncu”, “Çölçü”, “Axınla aşağı” və başqalarını qeyd edə bilərik. 2011-2015-ci illərdə Kann kinofestivalında Azərbaycanı təmsil edən xüsusi pavilyon fəaliyyət göstərmişdir.

Bu gün ölkəmizdə kitabxana-informasiya sahəsində aparılan islahatlar, görülən işlər nəticəsində respublika kitabxanaları istər mənbələrin zənginliyi, istər binalarındakı şərait, istərsə də müasirlik baxımından dünyanın qabaqcıl ölkələri ilə müqayisə edilə bilər. Hazırda Mədəniyyət və Turizm Nazirliyinin kütləvi kitabxanalar şəbəkəsinə 3000-ə yaxın kitabxana daxildir. Respublikanın kitabxana fondlarında 40 milyona qədər kitab, jurnal, qəzet və digər informasiya daşıyıcıları mühafizə olunur. Kitabxana-informasiya sisteminin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə Azərbaycan Prezidenti tərəfindən 20 aprel 2007-ci il tarixdə “Azərbaycanda kitabxanaların fəaliyyətinin yaxşılaşdırılması barədə”, 6 oktyabr 2008-ci il tarixdə “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi barədə müvafiq sərəncamlar imzalanmışdır.

Yaşadığımız əsrin reallığı müasir texnologiyalardan istifadə edərək işlərimizin daha sürətlə həyata keçirilməsini tələb edir. Elektron kitabxanalar isə bu baxımdan bütün oxuculara gözəl imkanlar yaradır. Dövlətin bu sahədə ardıcıl addımları kitabı oxuculara daha da yaxınlaşdırmışdır. Örnək üçün “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005-2008-ci illər üçün Dövlət Proqramının (Elektron Azərbaycan) yerinə yetirilməsi ilə əlaqədar görülən işləri göstərmək olar. 2006-2013-cü illərdə bütün şəhər və rayon mərkəzi kitabxanalarının internet saytlarının yaradılaraq oxucuların istifadəsinə verilməsini də uğur kimi qeyd etmək olar.

Azərbaycan Milli Kitabxanasının beynəlxalq əlaqələrinin genişləndirilməsi sahəsində bir sıra layihələr gerçəkləşdirilmiş, dünyanın öncül kitabxanaları ilə qarşılıqlı əməkdaşlığa dair memorandumlar imzalanmışdır. Nazirliyin təklifi ilə xarici ölkələrin milli kitabxanalarında “Azərbaycan guşələri” təşkil olunmuş, insanların ölkəmiz haqqında hərtərəfli məlumat əldə etməsinə şərait yaradılmışdır.

Bundan əlavə, respublikada kənd kitabxanalarının fəaliyyətini yaxşılaşdırmaq və müasir dövrün tələblərinə uyğunlaşdırmaq məqsədilə nazirlik tərəfindən “Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin kitabxana-informasiya şəbəkəsinə daxil olan kənd kitabxana filiallarının fəaliyyətinin yaxşılaşdırılmasına dair Tədbirlər Planı (2015-2017-ci illər)” hazırlanmışdır. Nazirliyin ALISA (Automated Library Information System of Azerbaijan) - mərkəzləşdirilmiş elektron kitabxana sistemi də ölkəmizdə bu sahənin inkişafına mühüm töhfələr verməkdədir.

Mədəniyyət və turizm sahələrinin davamlı inkişafı üçün əsas təminatlardan biri də təhsil sistemidir. Azərbaycanda turizm sahəsinin, habelə turizm təhsilinin sürətli inkişafını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2005-ci il 25 avqust tarixli sərəncamına əsasən, Azərbaycan Turizm İnstitutunun yaradılması haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 13 fevral tarixli 45 nömrəli qərarı  imzalanmışdır. Dövlət başçısının 2014-cü il 22 dekabr tarixli sərəncamı ilə Azərbaycan Turizm İnstitutunun bazasında ali təhsilin bütün pillələrində turizm və menecment sahələri üzrə kadr hazırlığını həyata keçirən Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) yaradılmışdır. 2006-cı ildə Mingəçevir Turizm Kollecinin, 2011-ci ildə Bakı Turizm Peşə Məktəbinin yaradılması da bu sahədə mütəxəssis hazırlığına verilən önəmin göstəricisidir. Bakı Xoreoqrafiya Məktəbi 85 il ərzində respublikada balet və xalq rəqsi sahəsində artist kadrları hazırlayan yeganə orta ixtisas təhsili müəssisəsi kimi fəaliyyət göstərmiş, Azərbaycan Prezidentinin 2014-cü il 30 aprel tarixli sərəncamı ilə məktəbin bazasında ümumi, orta ixtisas və ali təhsil proqramlarını həyata keçirən Bakı Xoreoqrafiya Akademiyası yaradılmışdır.

Mədəniyyət və turizm sferasında da beynəlxalq əməkdaşlıq günü-gündən daha geniş vüsət alır. Son on il ərzində bu sahədə mühüm tədbirlər həyata keçirilmişdir.

10 il ərzində dünyanın müxtəlif ölkələrlə mədəniyyət və turizm sahələrində ümumilikdə 70 beynəlxalq müqavilə imzalanmışdır. Müqavilələrdən 51-i mədəniyyət, 19-u isə turizm sahəsində əməkdaşlıq haqqındadır. İkitərəfli əlaqələrin genişləndirilməsi məqsədilə Azərbaycan Respublikası üçün əməkdaşlıq baxımından prioritet hesab olunan bir sıra ölkələr arasında hökumətlərarası komissiyalar yaradılmışdır.

Prezident İlham Əliyevin məqsədyönlü və uzaqgörən siyasəti nəticəsində bu gün ölkəmiz dünyanın mədəniyyət və mədəniyyətlərarası dialoq mərkəzlərindən birinə çevrilmişdir. Bu istiqamətdə Azərbaycan dövləti tərəfindən həyata keçirilən tədbirlər bəşəriyyətin təhlükəsiz gələcəyi və birgəyaşama ənənələrinə, dialoq və mədəni çeşidliliyə dəstəyin bariz nümunəsidir. Azərbaycan dövləti və şəxsən ölkə başçısı cənab İlham Əliyev tərəfindən 2008-ci ildə mədəniyyətlər arasında dialoqun qurulması məqsədilə “Bakı Prosesi” təşəbbüsü irəli sürülmüşdür. “Bakı Prosesi” çərçivəsində ilk dəfə 2008-ci ilin 2-3 dekabr tarixində paytaxtımızda Avropa Şurasına üzv dövlətlərin mədəniyyət nazirlərinin “Mədəniyyətlərarası dialoq Avropa və onun qonşu regionlarında davamlı inkişafın və sülhün əsasıdır” mövzusunda konfransı keçirilmişdir. 2010-cu ildə isə bu regional təşəbbüs qlobal hərəkata çevrilməyə başladı. Həmin ilin 23 sentyabr tarixində BMT-nin Baş Assambleyasının 65-ci sessiyasında Prezident İlham Əliyev tərəfindən Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçiriləcəyi elan edildi. Beləliklə, 7-9 aprel 2011-ci il tarixində Bakıda I Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu yüksək səviyyədə təşkil olundu.

“Çoxmədəniyyətli dünyada sülh şəraitində birgə yaşamaq” şüarı altında 2013-cü ilin 29 may - 1 iyun tarixlərində 2-ci və 18-19 may 2015-ci il tarixində isə “Mədəniyyəti ortaq təhlükəsizlik naminə paylaşaq” mövzusunda 3-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu gerçəkləşdi.

Hər sahədə olduğu kimi, turizm sahəsində də müasir dövrün tələblərinə uyğun işlərin aparılması son illər dövlət siyasətinin əsas istiqamətlərindən biri olmuşdur. Xalqımızın qədim mədəni-tarixi irsinin geniş miqyasda tanıdılmasını təmin etmək məqsədilə ölkə Prezidentinin müvafiq sərəncamı ilə 2011-ci il Azərbaycan Respublikasında “Turizm ili” elan edilmişdir.

Turizm sahəsində dövlət siyasətinin həyata keçirilməsi nəticəsində əldə olunmuş uğurlardan, bu sahədəki dinamik inkişafdan danışarkən, dəqiq statistikalara müraciət daha məqsədəuyğundur. 2005-ci ildə ölkədə fəaliyyət göstərən turizm şirkətlərinin sayı 197 olduğu halda, bu gün onların sayı 285-i keçmişdir. 2005-ci ildən bu günə qədər ölkədəki mehmanxanaların sayı 262-dən 535-ə, yerləşdirmə vasitələrində yerlərin sayı 22 492-dən 35 652-yə qədər artmışdır. Azərbaycanda turizmin davamlı inkişafı beynəlxalq reytinqlərdə də özünü doğrultmuşdur. Dünya İqtisadi Forumunun (DİF) 2013-2014-cü illər üzrə “Səyahət və Turizm Rəqabətliliyi Hesabatı”nda ölkəmiz insan resursları, əmək bazarı, təhlükəsizlik və əmin-amanlıq göstəricilərinə görə 141 ölkə arasında 36-cı, biznes mühitinə görə 65-ci yeri tutmuşdur.

Qusarda “Şahdağ” Turizm Mərkəzi, Qəbələdə “Tufandağ” qış-yay turizm kompleksinin yaradılması ölkəmizdə turizmin mövsümiliyinin aradan qalxmasına səbəb olmuşdur. Azərbaycanda işgüzar (MİCE) turizmin inkişaf etdirilməsi məqsədilə dövlət və özəl sektorun partnyorluq modeli üzrə Azərbaycan Konqreslər Bürosu yaradılmışdır. Bununla yanaşı turizm sahəsində əməkdaşlığın gücləndirilməsi, icma əsaslı yaşıl kənd və sağlamlıq turizminin inkişafının dəstəklənməsi məqsədilə Azərbaycan Turizm Assosiasiyası (AZTA), “Kənd Yaşıl Turizminin İnkişafına Dəstək” İctimai Birliyi və “Azərbaycan Sağlamlıq və Termal Turizminə Dəstək” İctimai Birliyi təsis edilmişdir.

“Şahdağ” Turizm Mərkəzinin tikilib istifadəyə verilmiş obyektlərinin idarə olunmasını təmin etmək məqsədilə dövlət başçısının 10 sentyabr 2015-ci il tarixli sərəncamı ilə Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində “Şahdağ Turizm Mərkəzi” Qapalı Səhmdar Cəmiyyəti yaradılmışdır.

Məlumdur ki, istənilən sahədə məqsədyönlü təbliğat uğurun gələcək təminatına çevrilir. Son 10 il ərzində dünyanın qabaqcıl ölkələrindəki turizm sərgilərində iştirak bu sahədəki davamlı və mütəşəkkil bir siyasətin gerçəkləşdiyindən xəbər verir. Belə ki, Mədəniyyət və Turizm Nazirliyi 2006-cı ildən etibarən 28 ölkədə keçirilən beynəlxalq turizm sərgilərində milli stendlərlə təmsil olunmuşdur. Son beş il ərzində sərgilərdə nazirliklə yanaşı, 40 yerli turizm şirkəti və 16 mehmanxana mütəmadi təmsil olunmuşdur.

Turistlərin ölkəmizdə rahat və səmərəli səyahətinin təşkilinə yeni imkanlar verən, Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “SİNAM” MMC tərəfindən yaradılmış “GoMap.az - Turizm məqsədli Coğrafi İnformasiya və Naviqasiya Sistemi” Cənubi Qafqaz və Mərkəzi Asiya regionunda bulud texnologiyaları əsasında yaradılmış ilk elektron xəritədir. Sistem Azərbaycan Respublikası Nazirlər Kabinetinin17 oktyabr 2012-ci il tarixli 235 nömrəli Qərarına əsasən  “Elektron xidmət növlərinin Siyahısı”na daxil edilmişdir. Ötən müddət ərzində xarici televiziyalarla daimi əməkdaşlığın nəticəsində ölkəmizin turizm imkanları dünyanın əksər ölkələrində yaşayan insanlara çatdırılmışdır

Ötən dövr ərzində dövlət başçısı tərəfindən orden, medal və fəxri adlarla təltif olunmuş 836 nəfər mədəniyyət və incəsənət xadiminə təltif və mükafatlar təqdim edilmişdir. Onlardan 19 nəfər “Şərəf” ordeni, 36 nəfər “Şöhrət” ordeni, 4 nəfər “Dostluq” ordeni, 2 nəfər 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, 21 nəfər “Dövlət qulluğunda fərqlənməyə görə” medalı, 45 nəfər “Tərəqqi” medalı ilə təltif olunmuş, 69 nəfər “Xalq artisti”, 2 nəfər “Xalq rəssamı”, 76 nəfər “Əməkdar incəsənət xadimi”, 301 nəfər “Əməkdar artist”, 35 nəfər “Əməkdar rəssam”, 27 nəfər “Əməkdar müəllim”, 182 nəfər “Əməkdar mədəniyyət işçisi” adına layiq görülmüş, 9 nəfər isə “Fəxri diplom”la mükafatlandırılmışdır. Bunlarla yanaşı, bu illər ərzində Mədəniyyət və Turizm Nazirliyinin Kollegiyasının qərarı ilə mədəniyyət və turizm sahəsində səmərəli xidmətlərinə görə 183 əməkdaş “Fəxri mədəniyyət işçisi”,  26 əməkdaş isə “Fəxri turizm işçisi” döş nişanları ilə təltif edilmişdir.

Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycanda mədəniyyət siyasəti  uğurla həyata keçirilir, milli-mənəvi irsimizin qorunması, təbliği, gələcək nəsillərə çatdırılması üçün davamlı iş aparılır.

 

M. MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2016.- 28 yanvar.- S.4.