Azərbaycan Prezidentinin diqqət və qayğısı sahibkarları ölkəmizin dinamik inkişaf strategiyasının reallaşmasına daha böyük töhfə verməyə ruhlandırır

 

Müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan böyük uğurlar qazanaraq  beynəlxalq aləmdə yüksək nüfuz sahibi kimi tanınıb. Hazırda respublikamız demokratik və bəşəri dəyərlərin bərqərar olduğu məkan, dünya birliyinin layiqli üzvü, davamlı inkişaf edən, dayanıqlı iqtisadiyyata malik ölkədir. Son illər ərzində bazar iqtisadiyyatı üçün səciyyəvi qanunvericilik bazasının  yaradılması istiqamətində mühüm işlər görülüb, dövlətin iqtisadiyyata müdaxiləsi minimuma endirilib, özəl bölmənin fəaliyyəti üçün daha əlverişli imkan yaradılıb, bazar institutlarının formalaşması ilə bağlı tədbirlər həyata keçirilib. Sözsüz ki, bütün bunlara Azərbaycan Prezidenti cənab İlham Əliyevin ümummilli liderimiz Heydər Əliyevin inkişaf strategiyasına əsaslanan uzaqgörən siyasəti nəticəsində nail olunub.

Bu gün dünyada sabitlik və təhlükəsizlik məsələləri mühüm önəm daşıyır. Regionlardakı qeyri-sabitlik, xalqların və ölkələrin dinc qonşuluq şəraitində yaşamalarına göstərilən təhdidlər dövlətlərin öz potensiallarını inkişaf etdirməsini, vətəndaşların rifahını yaxşılaşdırmasını çətinləşdirir. Dünyanın bu və ya digər bölgəsində yaşanan gərginlikdən, müharibələrdən, siyasi-iqtisadi kataklizmlərdən insanlar əziyyət çəkirlər. Azərbaycanda isə vəziyyət göz önündədir. Müharibə şəraitində olan respublikamız dünya ölkələrinə nümunə göstərilə bilər. Çünki dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı, insan amili dayanır.

 

 

Ötən ilə bir nəzər...

 

 

2015-ci ildə dünya enerji bazarında yaranan qeyri-sabitlik, Azərbaycanın əsas ticarət tərəfdaşlarının milli valyutalarının devalvasiyası, ölkələrin gəlirlərinin azalması, milli valyutalara təzyiqlərin artması qlobal dünya böhranının səciyyəvi təzahürüdür. Nazirlər Kabinetinin ötən ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında ölkə rəhbəri giriş nitqində deyib: “2015-ci ildə Azərbaycan iqtisadiyyatı inkişaf etmişdir. Bu da çox müsbət haldır. Əlbəttə ki, əvvəlki illərdə olan inkişaf əldə edilməmişdir. Bu da mümkün deyildi. Çünki neftin qiyməti 3-4 dəfə aşağı düşmüşdür. Manatın məzənnəsi devalvasiyaya uğramışdır. Bu, qaçılmaz idi. Belə ki, neftin qiymətinin 3-4 dəfə aşağı düşməsi imkan vermirdi ki, manatın məzənnəsi əvvəlki səviyyədə qalsın. Eyni zamanda, bizim qonşu ölkələrdə də milli valyutalar 100 faiz, bəzi hallarda ondan da çox dərəcədə devalvasiyaya uğramışdır. Belə olan halda Azərbaycanda istehsal olunan məhsullar rəqabətqabiliyyətliliyini itirirdi, bizim istehsalçılara çox böyük təzyiq göstərilirdi. Sadəcə olaraq, manatı əvvəlki səviyyədə saxlamaq qeyri-mümkün idi. Yəni, bu, qaçılmaz bir addım idi. Bunun səbəbi Azərbaycandan kənarda yaranmışdır”.

Bütün bunlara baxmayaraq, Azərbaycan Prezidenti  cənab İlham Əliyev tərəfindən aparılan uğurlu sosial-iqtisadi islahatlar nəticəsində ötən il  ümumi daxili məhsul 1 faizdən çox, sənaye istehsalı 2,4 faiz, qeyri-neft sənayesi isə 8,4 faiz artıb. Kənd təsərrüfatı sahəsində 6,6 faiz artım olub. Ölkə iqtisadiyyatına 20 milyard dollara yaxın sərmayə qoyulub ki, bunun da yarısı xarici sərmayədir. Yüz mindən çox yeni iş yerləri açılıb ki, onlardan 84 mini daimi iş yeridir. Maaş və pensiyalar artırılıb. 2015-ci ildə bütün sosial proqramlar icra edilib və heç bir proqram ixisar olunmayıb.

Möhtərəm dövlət başçımızın vurğuladığı kimi, 2016-cı il ciddi iqtisadi islahatlar ili olacaq. Bu məqsədlə ölkə rəhbərliyi tərəfindən artıq müvafiq qərarlar qəbul edilib, qanunvericiliyə dəyişikliklər olunub. Yaranmış iqtisadi şəraitdə özəl bölməni daha da genişləndirmək, sahibkarlara daha yaxşı şərait yaratmaq, yerli istehsalı sürətləndirmək üçün əlavə tədbirlər görüləcək. Hazırda hökumət daxili bazarın, yerli istehsalın qorunması, inhisarçılığa yol verilməməsi istiqamətində tədbirlər həyata keçirir.

Dövlət başçısının vaxtında qəbul edilən müdrik qərarları sayəsində hazırda Azərbaycan analoji problemlərlə üzləşən dövlətlər arasında ən az itkiyə məruz qalan ölkədir. Respublikamızın davamlı inkişafının və iqtisadi dayanıqlılığının təmin olunmasında sözsüz ki, Azərbaycanda yaradılan siyasi sabitliklə yanaşı, iqtisadiyyatın şaxələndirilməsi siyasətinin, bu siyasətin prioritet istiqamətlərindən olan regionların sosial-iqtisadi inkişafı proqramlarının müstəsna əhəmiyyəti də vardır.

Xatırladım ki, 2004-cü ildən uğurla icra olunan regional  proqramlar bölgələrdə iqtisadi potensialın artmasına, infrastruktur təminatının, kommunal xidmətlərin keyfiyyətinin, biznes və investisiya mühitinin yaxşılaşmasına və əhalinin rifahının yüksəlməsinə şərait yaradıb.

Keçən il ölkə Prezidentinin müvafiq regional proqramla bağlı verdiyi tapşırıqların yerinə yetirilməsi üçün zəruri tədbirlər həyata keçirilib, regionların inkişafına bütün mənbələr hesabına 3,6 milyard manat vəsait yönəldilib, o cümlədən, dövlət başçısının bölgələrə çoxsaylı səfərləri nəticəsində şəhər və rayonların sosial-iqtisadi inkişafının sürətləndirilməsi  ilə bağlı imzaladığı sərəncamlarla 169 milyon manat vəsait ayrılıb.

Hesabat dövründə qeyri-neft sektorunun inkişafında mühüm rol oynayan müəssisələrin yaradılmasının dəstəklənməsi, sənaye parklarının və məhəllələrinin təşkili işləri davam etdirilib, 270-dək sənaye müəssisəsi açılıb, bir sıra mühüm sənaye obyektlərinin tikintisinə başlanılıb, sənaye məhsulu 2,4 faiz, o cümlədən qeyri-neft sənayesi 8,4 faiz artıb.

 

 

Ölkəmiz müvəqqəti iqtisadi

çətinliklərdən qələbə ilə çıxacaq

 

 

Hazırda ayrı-ayrı böyük ölkələrin geosiyasi və geoiqtisadi müstəvidə apardıqları rəqabət, artan qütbləşmə meyilləri həm region dövlətlərinə, həm də dünya iqtisadiyyatına mənfi təsir göstərir. Bu vəziyyət Azərbaycanda da hiss olunur. Ölkə Prezidenti cənab İlham Əliyev bununla əlaqədar deyib: “Müstəqil siyasət aparmağımız bizə bəzi problemlər də yaradır. Çünki bu gün dünyada qütbləşmə göz qabağındadır, bu proses gedir. Böyük ölkələr öz təsir dairələrini genişləndirmək istəyirlər və görəndə ki, dünyada müstəqil, öz sözünü deyən, heç kimdən çəkinməyən, prinsipial ölkə var, əlbəttə, bu, onları qıcıqlandırır. Ancaq bu, bizi narahat etməməlidir. Bu məsələlərə, ümumiyyətlə, mən fikir vermirəm. Çünki mənim üçün əsas məsələ ölkəmizin təhlükəsizliyi, inkişafı və sabitliyidir. Ona görə Azərbaycan bundan sonra da müstəqillik yolu ilə gedəcək”.

Yeri gəlmişkən, 2008-ci ildən başlanan maliyyə böhranı dövründə Azərbaycan iqtisadiyyatı dünyada sabitlik nümayiş etdirən tək-tək iqtisadiyyatlardan biri idi. Bu da respublikamızda həyata keçirilən və bəhrəsini verən iqtisadi islahatlarla bağlı idi.  Şübhəsiz  ki,  Azərbaycan dünyada baş verən siyasi, sosial- iqtisadi çətinliklərdən alnıaçıq, qələbə ilə çıxacaq. Ölkəmizdə buna hər cür zəmin var. Çünki son illərin iqtisadi çətinliklərinə baxmayaraq, Azərbaycan iqtisadiyyatı yenə də inkişaf tempi nümayiş etdirir. Faktlara diqqət yetirək. 2015-ci ildə Azərbaycan iqtisadiyyatı 4 faizə yaxın artıb. Həm də nəzərə alınmalıdır ki, bu göstərici qeyri-neft sektorunun hesabına əldə edilib, il ərzində qeyri-neft iqtisadiyyatımız təxminən 8,4 faiz artıb və bu da reallaşdırılan islahatların məntiqi nəticəsidir. Təsadüfi deyil ki, bir müddət bundan əvvəl dərc edilən Qlobal Rəqabət Qabiliyyəti hesabatında Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyəti səviyyəsinə görə 140 ölkə arasında 38-ci yerdə qərarlaşaraq MDB məkanında 7 ildir lider mövqeyini qoruyub.

Ötən il ərzində iqtisadiyyatın və sosial sahələrin inkişafına bütün maliyyə mənbələri hesabına təxminən 12 milyard manat investisiya yönəldilib. Dövlət İnvestisiya Proqramı çərçivəsində yol-nəqliyyat, enerji, qaz infrastrukturunun, sosial obyektlərin tikintisi, su və kanalizasiya təminatının yaxşılaşdırılması və digər layihələr üzrə işlər uğurla davam etdirilib.

Böyük iqtisadi və siyasi potensiala malik olan Şərq-Qərb və Şimal-Cənub tranzit nəqliyyat dəhlizləri üzrə layihələrin həyata keçirilməsi də bu imkanlardan daha səmərəli istifadə olunmasını, sözügedən sahədə gəlirləri artırmaqla, iqtisadiyyatın şaxələndirilməsinin sürətləndirilməsini təmin edəcək.

2015-ci ildə iqtisadiyyatın bir çox sahələrində olduğu kimi, xaricə investisiya qoyuluşu sahəsində də ölkəmiz uğurlar qazanıb. Türkiyə, Gürcüstan, Ukrayna, Belarus, Moldova, Polşa kimi ölkələr Azərbaycan investisiyalarının yatırıldığı ölkələr sırasındadır.

Azərbaycanda qeyri-neft sənayesi üzrə 2016-2019-cu illər üzrə orta hesabla 9,2 faiz artıma nail olunacağı proqnozu da ölkəmizin müvəqqəti iqtisadi çətinliklərdən qələbə ilə çıxacağından xəbər verir.

 

 

Qeyri-neft sektorunun inkişafı

prioritet vəzifə kimi qarşıya qoyulub

 

 

Hazırda Azərbaycanda həyata keçirilən antiböhran tədbirlərinin ana xəttində yenə də sahibkarlıq fəaliyyətinə mane olan süni maneələrin aradan qaldırılması və qeyri-neft sektorunun inkişaf etdirilməsi məsələləri dayanır. Etiraf etməliyik ki, bu gün respublikamızda inkişaf dövrünü yaşayan qeyri-neft sektoru neftin qiymətinin 4 dəfəyədək aşağı düşdüyü bir şəraitdə ölkənin mövcud tələbatını təmin etmək iqtidarında deyildir. Məhz buna görə də möhtərəm dövlət başçımız hesab edir ki, hazırkı dövrdə bir tərəfdən yaranmış vəziyyətin ölkəyə mənfi təsirinin qarşısını almaq üçün çevik tədbirlər həyata keçirilməli, digər tərəfdən də prioritet sahə hesab olunan qeyri-neft sektorunun daha sürətli inkişafını reallaşdırmaq üçün əlavə təsir mexanizmləri işə salınmalıdır.

Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında cənab İlham Əliyev bundan sonra da qeyri-neft sektoruna xüsusi önəm veriləcəyini bəyan edib: “Bu gün qeyri-neft sektorunun inkişafı böyük əhəmiyyət daşıyır. Son illər ərzində bu istiqamətdə böyük işlər aparılmışdır. Əgər biz vaxtilə qeyri-neft sektorunun inkişafı ilə məşğul olmasaydıq, bu gün iqtisadi inkişafımız o qədər də uğurlu olmazdı. İqtisadi şaxələndirmə, qeyri-neft sektorunun inkişafı 2016-cı ildə iqtisadi sahədə əsas prioritet olacaqdır. Əminəm ki, biz bu il ərzində bu istiqamətdə daha da böyük uğurlara nail olacağıq.

Ümumiyyətlə, ümumi daxili məhsulumuzun strukturu müsbətə doğru dəyişir, qeyri-neft sektorunun çəkisi artır. Bu, müsbət haldır. Neftdən asılılıq azalır. Ancaq biz bu asılılığı minimum səviyyəyə endirməliyik ki, gələcəkdə neftin qiymətindən asılı olmayaq. Vəzifə bundan ibarətdir. Hesab edirəm ki, biz buna düşünülmüş siyasət, gərgin iş nəticəsində nail ola biləcəyik".

Ümumiyyətlə, son 12 ildə aparılan iqtisadi islahatlar, həyata keçirilən sənayeləşmə siyasəti, qeyri-neft sektoruna verilən dövlət dəstəyi nəticəsiz qalmayıb. Bu, Dövlət Statistika Komitəsinin (DSK) ötən il üzrə açıqladığı rəqəmlərdən də aydın görünür. Keçən il Azərbaycanda 26,2 milyard manatlıq sənaye məhsulları istehsal olunub ki, bu da 2014-cü ildəkindən 2,4 faiz çoxdur. Bu gün sənayedə qeyri-dövlət sektorunun payı 76,4 faizdir.

Yeri gəlmişkən, ötən il  qeyri-neft ixracı 3,6 faiz   artaraq 1,5 milyard dollara çatıb. Bu müddətdə Azərbaycandan xarici ölkələrə 2391 adda məhsul ixrac edilib. Bu isə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 14,7 faiz  çoxdur.

 

 

Əlverişli investisiya mühitinin yaradılması

özəl sektorun inkişafını təmin edir

 

 

Azərbaycan Prezidentinin “ölkəmizin gələcək inkişafı sahibkarlığın inkişafından asılıdır” strateji xəttinə uyğun olaraq biznes və investisiya mühitinin yaxşılaşdırılması ilə bağlı həyata keçirilən sistemli tədbirlər bu gün xüsusilə böyük əhəmiyyət kəsb edir. Cənab İlham Əliyevin  ötən ilin sonlarında sahibkarlığın inkişafı ilə bağlı verdiyi mühüm qərarlar biznes mühitinin yaxşılaşdırılması istiqamətində yeni mərhələnin başlanğıcı olub.

Bu il yanvarın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında iqtisadi və sosial məsələlərin həlli ilə bağlı keçirilən müşavirədə dövlətimizin başçısı demişdir: “İqtisadi islahatlar dərinləşdirilməlidir. Biz burada inkişaf etmiş ölkələrin müsbət praktikasını mütləq nəzərə almalıyıq. Bizim bütün iqtisadi və maliyyə sistemimiz şəffaflaşdırılmalıdır. Bank sektoru inkişaf etdirilməlidir. Biznes mühiti daha da yaxşılaşdırılmalıdır. İş adamlarına daha da yaxşı şərait yaradılmalıdır. Bütün bürokratik əngəllər aradan qaldırılmalıdır. Bu tapşırıqlar yerinə yetirilməlidir. Belə olan halda biz tezliklə müsbət dinamikanı sürətləndirə bilərik”.

Hazırda cənab Prezidentin sahibkarlığın inkişafına dövlət dəstəyinin davam etdirilməsi ilə bağlı tapşırığı istiqamətində mühüm addımlar atılır. Cari ildə də dövlətin güzəştli kreditləri hesabına investisiya layihələrinin maliyyələşdirilməsi və eləcə də kiçik sahibkarlığın daha da inkişaf etdirilməsi üçün müvafiq tədbirlər görüləcəyi nəzərdə tutulur.

Reallaşdırılan iqtisadi siyasətin başlıca istiqamətlərindən biri özəl sektorun hərtərəfli dəstəklənməsi, onun daha da genişlənməsi və əlverişli mühitin yaradılması, bu sahədə müxtəlif yardım və təşviq mexanizmlərinin tətbiq edilməsidir. Dövlət tərəfindən ayrılan kreditlər və İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə görülən işlər də sahibkarlığın inkişafına böyük dəstəkdir. Belə ki, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən bu günədək 30 mindən çox sahibkara 1,7 milyard manat güzəştli kredit verilib və bu kreditlər hesabına 140 mindən çox yeni iş yeri yaradılıb. 2015-ci ildə ölkə üzrə 5 min 230-dan çox sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşməsinə 248,5 milyon manat güzəştli kredit ayrılıb. Kreditlərin 65 faizi regionların, 35 faizi isə Bakı şəhərinin qəsəbələrinin payına düşür.

2015-ci ilin idman yekunlarına həsr olunan mərasimdə cənab İlham Əliyev deyib: “Ötən il mənim tərəfimdən müvafiq sərəncamlar imzalanmışdır ki, biz biznes mühitini daha da yaxşılaşdıraq, lazımsız yoxlamaları aradan götürək. Lisenziyalarla bağlı çox ciddi qərarlar qəbul edilmişdir. Ümumiyyətlə, iqtisadi və maliyyə sektorunun şəffaflaşması prosesi gedir, getməlidir və burada bütün xoşagəlməz hallara qarşı daha da ciddi mübarizə aparılacaqdır. Rüşvətxorluq, korrupsiya, inhisarçılıq, qanunsuz fəaliyyət - bütün bunlara qarşı daha da ciddi mübarizə aparılacaqdır. Biz bundan sonra iqtisadi liberallaşma siyasətini daha da ciddi şəkildə aparmalıyıq. Xüsusilə, inhisarçılığa qarşı mübarizə daha da ciddi olacaq. Həm idxalda, həm yerli istehsalda inhisarçılığa yol verilməməlidir. Heç kimin burada xüsusi imtiyazı yoxdur, ola da bilməz. Kim dövlət büdcəsinə daxilolmaların qarşısını alacaqsa, cəzalandırılacaq. Ona görə də gömrük, vergi sistemində maksimum şəffaflıq təmin edilməlidir və ediləcəkdir. Mən bu məsələlərlə bağlı bir neçə dəfə Nazirlər Kabinetinin toplantısında çıxış etmişəm. Öz çıxışlarımda bildirmişəm ki, Azərbaycanda maliyyə və iqtisadi sektor tam şəffaf olmalıdır”.

Özəl sektora göstərilən diqqətin nəticəsidir ki, sahibkarlıq subyektlərində yoxlamalar 2 il müddətinə dayandırılıb, lisenziya tələb olunan fəaliyyət növlərinin sayı 59-dan 37-yə endirilib, lisenziyalar müddətsiz müəyyən edilib, dövlət rüsumunun məbləği Bakıda 2 dəfə, regionlarda isə 4 dəfə azaldılıb, lisenziyaların İqtisadiyyat Nazirliyi tərəfindən “ASAN xidmət” mərkəzlərində verilməsinə və “Elektron lisenziya” portalının yaradılmasına başlanılıb.

İnvestisiya imkanlarının təşviqi və yeni bazarlara çıxış məqsədilə 84-ü xaricdə olmaqla, 261 biznes forum, sərgi, “dəyirmi masa” və s. tədbirlər keçirilib, ölkənin investisiya mühiti təqdim olunub. Azərbaycan Prezidentinin tapşırığına uyğun olaraq, Qazaxıstanın Aktau şəhərində logistik mərkəz tikilib və fəaliyyətə başlayıb.

Cənab İlham Əliyevin  investisiyaların təşviqi və qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı qəbul etdiyi qərarlar sözsüz ki, sahibkarlığın daha da inkişafına və xarici investisiyaların cəlb edilməsinə, qeyri-neft ixracının artırılmasına səbəb olacaq və bununla da həm regionların, həm də ümumilikdə qeyri-neft sektorunun tərəqqisinə güclü təkan verəcək.

 

 

Daxili istehsalın qorunması Azərbaycanın gələcək

dayanıqlı inkişafının əsas şərtidir

 

 

İndi isə məşğul olduğumuz konkret fəaliyyət sahəsi ilə bağlı danışmaq istərdim. Əvvəlcə onu deyim ki, ölkədə sahibkarlıq mühitinin daha da yaxşılaşdırılması istiqamətində möhtərəm cənab Prezidentin uğurlu siyasəti və verdiyi uzaqgörən qərarlar hər zaman bizə fəaliyyətimizi daha da genişləndirməyə şərait yaradıb.

Azərbaycan Prezidentinin sənayeləşmə siyasətinin nəticəsidir ki, son illər ölkə iqtisadiyyatının müxtəlif sahələrində yeni istehsal müəssisələri istifadəyə verilib. 1996-cı ildə Masallı rayonunda yaradılan şirkətimiz də dövlət başçımızın dəstəyi ilə ildən-ilə inkişaf edib, öz istehsal gücünü artırıb. Hazırda şirkətimiz tərəfindən müxtəlif ofis və məişət mebelləri, həmçinin mebel sənayesi üçün yarımfabrikat məhsullar istehsal olunur.

Ümumilikdə müəssisəmizin yaradılmasına və inkişaf etdirilməsinə 80 milyon manat investisiya qoyulub. Bu gün Azərbaycanda 135 brend mağazamız fəaliyyət göstərir və istehsal olunan məhsulların “EMBAWOOD”, “Modeyra” və “İdeal Dizayn” markaları altında satışı həyata keçirilir.

Cənab İlham Əliyevin  Azərbaycanda  qeyri-neft məhsullarının ixracının stimullaşdırılması istiqamətində verdiyi tapşırıqlar bütün sahibkarlar kimi, bizi də ixracla bağlı yeni hədəflərə çatmağa sövq edir. Xatırladım ki, şirkətimiz məhsul istehsalı üçün lazım olan xammalı müxtəlif MDB ölkələrindən alır. Bu baxımdan, məhsullarımızın maya dəyərini aşağı salmaqla rəqabətqabiliyyətliliyi gücləndirilmək, istehsalı artırmaq, həmçinin Rusiya, Qazaxıstan və Orta Asiya ölkələrinə ixrac imkanlarını genişləndirmək üçün həmin xammal materiallarının gömrük rüsumlarından azad olunması məqsədəuyğun olardı.

 

Dövlətimizin sahibkarlara göstərdiyi maddi və mənəvi dəstək fəaliyyətimizdə hər zaman böyük kömək olub. Bu dəstək mexanizmlərindən biri kimi şirkətimizə İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 3,2 milyon manat güzəştli kredit verilib. Bu maliyyə dəstəyi müəssisəmizdə yeni avadanlıqların və müasir texnologiyanın tətbiqinə imkan yaradıb, istehsal gücünü və rəqabətqabiliyyətliliyi artırıb, daha keyfiyyətli məhsul istehsal etməyimizə səbəb olub. Bu gün şirkətimizdə 2 minədək işçi çalışır. Təkcə son 3 ildə müəssisəmiz tərəfindən dövlət büdcəsinə 25 milyon manat məbləğində vergilər və sosial ödənişlər həyata keçirilib.

Cənab İlham Əliyevin sahibkarlara göstərdiyi hərtərəfli diqqət və qayğı bizi işimizə daha da böyük həvəslə və peşəkarlıqla yanaşmağa ruhlandırır. Azərbaycan Prezidentinin hələ 2004-cü ildə yenidən qurulmuş müəssisəmizdə olduğu zaman verdiyi  tapşırıq və tövsiyələr bu gün də öz aktuallığını qoruyub saxlayır və hədəflərimizin əsasını təşkil edir.

Yeri gəlmişkən, burada uzun müddətdən bəri məni narahat edən bir məqama da toxunmaq istərdim. Bu, əsasən Azərbaycanda yerli istehsala,  o cümlədən mebel istehsalına olan biganə münasibətlə bağlı məsələdir. Belə ki, respublikamızda müxtəlif adda, eləcə də  “EMBAWOOD”, “Modeyra” və “İdeal Dizayn” markaları altında satışı həyata keçirilən dünya standartlarına uyğun ofis və məişət mebelləri almaq əvəzinə kənardan gətirilən, hətta bir sıra hallarda keyfiyyəti şübhə doğuran məhsullara üstünlük verilir. Niyə? Suala cavab vermək mümkün deyil.  Yaxşı ki, cənab İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransda diqqəti bu narahatlıq doğuran  problemə yönəltdi. Möhtərən dövlət başçımız müvafiq dövlət qurumları qarşısında  daxili bazarı, yerli istehsalı qorumağı  qarşıya mühüm vəzifə kimi qoydu. Bildirdi ki, bu, çox ciddi məsələdir, daxili istehsal qorunmalıdır. Yerli istehsal, idxaldan asılılığın azaldılması Azərbaycanın gələcək dayanıqlı inkişafının əsas şərtidir: “Burada bəzi çıxışlarda səsləndi – indi Azərbaycanda yerli istehsal nə qədər inkişaf edir, o cümlədən mebel istehsalı. Ancaq bizim dövlət idarələrində yerli mebeldən istifadə edirlərmi? Yox. Hər bir kiçik məmur istəyir ki, onun kabinetində xarici mebel olsun. Nə üçün? Bu, nə ədabazlıqdır. Bizdə gözəl mebel istehsal olunur. Təkcə bu, “Embawood” şirkəti deyil. Bizdə bəlkə də mebel istehsal edən onlarla şirkət var. Amma di gəl ki, bizim yüksək və kiçik vəzifəli dövlət məmurlarımız onu bəyənmirlər. Özü də onun keyfiyyəti heç bir başqa mebeldən fərqlənmir. Amma deyir ki, yox, bu, Azərbaycan malıdır, mən bunu özümə rəva bilmirəm. Mənim üçün gərək İtaliya, Rumıniya mebeli olsun. Buna son qoyulmalıdır! Bütün dövlət məmurlarının kabinetlərində bundan sonra yerli mebellər olmalıdır. Bütün təftiş edən orqanlar - Hesablama Palatası, Maliyyə Nazirliyi və digər orqanlar nəzarət etməlidirlər.

Təkcə mebeldən söhbət getmir. Digər mal, materiallar alınanda da, nədənsə bizdə xarici mallara üstünlük verilir. Mənə bu yaxınlarda hətta hökumət müşavirəsində ayaqqabı gətirib göstərdilər ki, görün, Azərbaycanda nə gözəl ayaqqabı istehsal olunur. Ancaq bizim bəzi hərbi qurumlar bunu bəyənmir, əsgər üçün xaricdən ayaqqabı alır. Nə üçün? Ona görə, bax, bu sahə çox ciddi nəzarət altında olmalıdır. Beləliklə, biz israfçılığa yol verməyəcəyik, xərclər azalacaq, valyuta xaricə getməyəcək, yerli istehsal güclənəcək. Ona görə mənim göstərişim hamıya aiddir. Bundan sonra belə də olmalıdır. İndi o vəziyyət deyil ki, kimsə özü üçün xüsusi bir avtomobil alsın, özü də dövlət hesabına. Bizim Naxçıvanda avtomobil zavodumuz var, dövlət qurumları oradan alsınlar. Yaxşı da maşınlardır. Heç xarici maşından o qədər də fərqlənmir. Çox gözəl. Daha çox alsınlar. Yəni, hökumət bu sahəyə çox ciddi diqqət verməlidir. Harada ki, pozuntular var dərhal mənə məlumat verilməlidir və ölçülər götürüləcək".

Onu da vurğulamaq istərdim ki, cənab Prezidentin yuxarıda qeyd edilən fikri ilə bağlı başqa bir məqam  da diqqət çəkir. Ölkə rəhbəri  sözügedən müşavirədə dedi ki, Azərbaycanda rəqabətqabiliyyətli məhsulu istehsal edən, bunu dünya bazarına çıxaran sahibkarlara dövlət tərəfindən güzəştlər olunmalıdır. Sevindirici haldır ki, hazırda  İqtisadiyyat Nazirliyində  bu yöndə tədbirlər hazırlanır.

 

 

Uğurların əsasında xalq-iqtidar birliyi dayanır

 

 

Azərbaycanda ictimai-siyasi sabitlik qorunur, təmin edilir.Bunun başlıca səbəbi xalq-iqtidar birliyidir. Çünki cənab İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi  siyasət Azərbaycan xalqının maraqlarını müdafiə edir. Möhtərəm dövlət başçımız  üçün Azərbaycan xalqının, Azərbaycan dövlətinin maraqları hər şeydən üstündür. Gördüyü bütün işlərin mahiyyəti və məqsədi ondan ibarətdir ki, daha da güclü dövlət, xalqımız üçün daha da yaxşı şərait yaradılsın, Azərbaycan xalqı rifah içində, təhlükəsizlik şəraitində yaşasın və inkişaf etsin. Ona görə Azərbaycanda ictimai-siyasi sabitliyin təmin olunması təbii haldır. Xalqımızın milli həmrəylik, vahid amal ətrafında birləşməsi, düşünülmüş siyasət, əldə edilmiş uğurlar bu reallığı təmin edir. Baxmayaraq ki, ətraf bölgələrdə və dünyanın bir çox ölkələrində vəziyyət gərginləşir, daxili çəkişmələr, qarşıdurmalar baş verir. Belə olan vəziyyətdə, əlbəttə, Azərbaycan nümunəsi dünya üçün də çox əhəmiyyətlidir və deyə bilərəm ki, bir çox yerlərdə Azərbaycan təcrübəsi diqqətlə öyrənilir.

Bu gün  hər bir Azərbaycan vətəndaşı, o cümlədən özəl sektorun çoxsaylı təmsilçiləri ölkə başçısının yürütdüyü siyasət ətrafında sıx birləşərək hökumətin apardığı antiböhran tədbirlərini dəstəkləyir, bu prosesə öz töhfələrini verirlər. Elə buna görə də  xalq-iqtidar birliyinin nəticəsi kimi Azərbaycanın ən qısa zamanda üzləşdiyi böhranlı vəziyyətdən çıxacağı, sabit və tarazlı inkişaf yoluna qədəm qoyacağı  heç bir şübhə doğurmur.

 

Elşad ABBASOV,

“Embawood” Məhdud Məsuliyyətli

Cəmiyyətin baş direktoru

 

Xalq qəzeti. - 2016.- 5 fevral.- S. 5.