Bakı-2017 IV İslam Həmrəyliyi

Oyunlarının “Xəzərdən başlayan su səyahəti”nin

Naxçıvan mərhələsi keçirilib

 

İslam aləmində özünəməxsus mövqeyə malik Azərbaycanın mövcud potensialı və gerçəkləşdirdiyi genişmiqyaslı müasir infrastruktur layihələri idman oyunlarının sağlam rəqabət və dostluq şəraitində təşkili üçün əlverişli zəmin yaradır. Birinci Avropa Oyunlarından sonra ölkəmizdə növbəti, “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları kimi mötəbər yarışların keçirilməsi isə həm də Azərbaycan Respublikasının tolerantlıq və multikulturalizm prinsiplərinə bağlılığının bariz nümunəsidir. Bu yarışların ölkəmizdə və onun ayrılmaz tərkib hissəsi olan muxtar respublikamızda təşkil edilməsi idman şöhrətimizi artıracaq, beynəlxalq nüfuzumuzu daha da möhkəmləndirəcəkdir.

 

Qeyd edək ki, 2013-cü ilin iyulunda Bakı İslam dünyasını birləşdirən idmanın çox növü üzrə möhtəşəm tədbir – “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarını qəbul edəcək şəhər elan olunub.

“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları çərçivəsində ölkəmizdə təşkil edilən Xəzərdən başlayan su səyahətinin ilk dayanacağı aprelin 7-də Naxçıvan Muxtar Respublikası olub və Xəzərdən başlayan su səyahətinin Naxçıvan mərhələsinə start verilib.

Naxçıvan Muxtar Respublikasında səyahətin ilk ünvanı Şahbuz rayonundakı Batabat gölü olub. Göl Naxçıvan şəhərindən şimal istiqamətində bir saatlıq məsafədə yerləşir. Çəmənliklərin əhatə etdiyi bu əsrarəngiz dağ gölü dumduru, saf suyu ilə tanınır. Göldəki üzən torf adacıqları yerini gündə iki-üç metr dəyişir.

Naxçıvan şahmatçısı Murad Əliyarov Batabat yaylağındakı Zor bulaqdan su götürüb. Onunla bərabər veteran cüdoçumuz, 2012-ci ildə keçirilən cüdo üzrə Avropa çempionatının bürünc mükafatçısı Orxan Quliyev və “Bakı-2015” I Avropa Oyunlarında boks üzrə bürünc mükafatını qazanmış Tayfur Əliyev tərəfindən göldən səhəngə su doldurulub. Vurğulayaq ki, Murad Əliyarov Prezident İlham Əliyevin “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının Xəzərdən başlayan su səyahətinə həsr olunmuş mərasimdə Xəzər dənizinin suyu ilə doldurulmuş səhəng hədiyyə etdiyi 15 uşaqdan biridir.

Batabat gölünə axan Naxçıvanın məşhur Zor bulağından su götürüldükdən sonra səyahət iştirakçıları Naxçıvan şəhərinə yollanıblar.

 

*  *  *

 

Aprelin 7-də “Domestic Grassroots” proqramı çərçivəsində Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində möhtəşəm bir layihə, “Sport joysRegional idman tədbiri” həyata keçirilib.

Tədbirin açılış mərasimində çıxış edən “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları Komitəsinin əməkdaşı Ülviyyə Ələkbərova oyunlar barədə geniş məlumat verib. Naxçıvan güləş məktəbinin yetirməsi, İslam Həmrəyliyi Oyunlarının idmançı səfiri Hacı Əliyev çıxışında gənc idmançıları salamlayıb və onlara gələcək karyeralarında uğurlar arzulayıb.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi Aparatının Kütləvi bədən tərbiyəsi və idman şöbəsinin müdiri Taleh İbrahimov isə çıxışında qonaqları muxtar respublikada aparılan idman siyasəti, keçirilən beynəlxalq və yerli yarışlar haqqında məlumatlandırıb.

“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının tanıtımı və gənclərin idmana cəlb olunması məqsədilə məktəblilər arasında təşkil olunan yarışda qaçış, uzağa tullanma, iplə tullanmapenalti üzrə 5 məktəbin 100 şagirdi iştirak edib. 50 qız və 50 oğlan şagirdin mübarizəsində qalib Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbin komandası olub. Onlara təşkilatçılar tərəfindən kubok, diplom və “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasiminə biletlər təqdim olunub.

Tədbir iştirakçılara əyləncəli və rəngarəng anlar yaşadıb.

 

*  *  *

Aprelin 7-də Naxçıvan şəhərinin mərkəzi meydanında su festivalı keçirilib.

Əvvəlcə “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarına hazırlıqla bağlı videoçarx nümayiş etdirilib.

Tədbirin aparıcısı qeyd edib ki, bu il mayın 12-dən 22-dək Bakı şəhərində IV İslam Həmrəyliyi Oyunları keçiriləcəkdir. Mötəbər idman tədbirində 57 ölkəni təmsil edən 4 minə yaxın idmançı 20 idman növündə mübarizə aparacaqdır. “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının səyahəti su ünsürünə həsr olunub. Çünki İslam dinində su ünsürünə böyük önəm verilir. Eyni zamanda möhtəşəm idman tədbirinə ev sahibliyi edəcək Bakı şəhəri Xəzər dənizinin sahilində yerləşir. Aprelin 5-də “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının “Xəzərdən başlayan su səyahəti”nə start verilib, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Xəzərdən götürülmüş suyu özləri ilə aparmaq üçün ölkəmizin müxtəlif güşələrindən gəlmiş uşaqlara təqdim edib. Su səyahəti zamanı 3 min kilometrdən çox məsafə qət ediləcək və mayın 12-də Bakıda IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi ilə başa çatacaqdır. Həmin vaxt uşaqlar ölkənin göl və çaylarından, şəlalə və bulaqlarından topladıqları Azərbaycanın saf suları ilə idmançıları salamlayacaqlar.

Tədbirdə “Mirvari” rəqs qrupunun, Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblının çıxışı olub, “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının “Başlanğıc mərasimi”ndən hazırlanmış və Naxçıvanda keçirilən “Su mərasimi” barədə videoçarxlar nümayiş olunub, Xəzər dənizdən götürülmüş suyun Naxçıvan şəhərinə qədər keçdiyi səyahət yoluna nəzər salınıb.

Bildirilib ki, səhər saatlarında Naxçıvan təmsilçisi, şahmatçı Murad Əliyarov Şahbuz rayonunun Batabat yaylağındakı Zor bulaqdan mis səhəngi su ilə doldurub. Murad Əliyarovu Avropa çempionatının bürünc mükafatçısı Orxan Quliyev və “Bakı-2015” I Avropa Oyunlarının boks üzrə bürünc mükafatçısı Tayfur Əliyev müşayiət ediblər. Gün ərzində IV İslam Həmrəyliyi Oyunlarının idman səfiri, güləş üzrə dünyaAvropa çempionu, olimpiya oyunlarının mükafatçısı Hacı Əliyevin iştirakı ilə Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksində məktəblilər arasında müxtəlif əyləncəli idman növləri üzrə yarışlar keçirilib.

 Sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təqdim etdiyi su səhəngini daşıyan naxçıvanlı şahmatçı Murad Əliyarov, eləcə də Şahbuz rayonunun Batabat yaylağındakı Zor bulaqdan götürülən suyu daşıyan idmançılar Orxan QuliyevTayfur Əliyev alqış sədaları altında səhnəyə dəvət olunublar.

Tədbir “Mirvari” rəqs qrupunun çıxışı, möhtəşəm lazer şousu və atəşfəşanlıqla başa çatıb.

 

*  *  *

 “Xəzərdən başlayan su səyahəti” tədbirinin iştirakçıları ilə həmsöhbət olduq.

Tayfur Əliyev dedi ki,  ölkəmizdə təşkil olunan belə mötəbər yarışda iştirak etdiyimə görə xoşbəxtəm: “Xəzərdən başlayan su səyahətində  səhəngə su əlavə etmək mənə qismət oldu. Bu, böyük, həm də məsuliyyətli bir işdir. Çünki mən “Bakı-2017”  IV İslam Həmrəyliyi Oyunlarında ölkəmizin idman şərəfini qoruyacağam və keçirilən bu yarışda boks azarkeşləri məndən qələbələr gözləyəcəklər. Üzərimə düşən məsuliyyətin fərqindəyəm və uğur qazanmaq üçün əlimdən gələni edəcəyəm. Həmçinin, “Xəzərdən başlayan su səyahəti”nin Naxçıvanımızdan başlaması həm mənim üçün, həm də bütün idmançılarımız üçün böyük hadisədir. Çoxları fikirləşə bilər ki, idmançı kimi bizim işimiz yalnız yarışlarda iştirak edib qələbə qazanmaqdır. Ancaq biz, eyni zamanda tədbirin simalarından biri olmaqla, tək yarış meydanında deyil, təşkilati məsələlərdə də iştirak edib tədbirin ölkəmizə verəcəyi töhfələri diqqətə çatdırmaq istəyirik”.

Orxan Quliyev: “2017-ci ilin “Bakı-2017” IV Dördüncü İslam Həmrəyliyi Oyunlarının Bakıda keçirilməsi bütün ölkə üçün idman təntənəsidir. Çünki 10 gün ərzində idmançıları böyük mübarizələr, güclü rəqabətlər gözləyir. Təbii ki, idmançılarımızın uğur qazanmaları, onları fəxri kürsünün ən yüksək zirvəsində görməyimiz və Azərbaycanın himnini səsləndirmələri bizləri qürurlandıracaq. Ölkəmiz böyük, mötəbər tədbirlərin ev sahibi kimi hər zaman dünya idman ictimaiyyətinin diqqətini həm də təşkilatçılığı ilə cəlb edib. Əminəm ki, ­“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarından sonra bütün dünya Azərbaycanın təşkilatçılığından və qonaqpərvərliyindən danışacaq”.

 

İbrahim KƏNGƏRLİ

 

Xalq qəzeti.- 2017.- 8 aprel.- S.3.