Düsen Kaseinov:

Şərəfli ömür yolundan ştrixlər

 

Bu günlərdə Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) baş katibi professor Düsen Kaseinovun yetmiş yaşı tamam oldu. Tanıyanlar, o cümlədən mən də onu gözəl insan, türk dünyasına sonsuz məhəbbətlə bağlı olan, o cümlədən Azərbaycanı öz doğma vətəni qədər sevən bir şəxsiyyət kimi tanıyıram. Onunla çiyin-çiyinə çalışanlar, rəhbərliyi altında fəaliyyət göstərənlər, yol yoldaşı olanlar isə professor Düsen Kaseinovu, ilk növbədə, qayğıkeş insan, ədalətli rəhbər kimi dəyərləndirirlər.

 

Şəxsi keyfiyyətlərinə və haqqında deyilənlərə keçməzdən əvvəl yubilyarın şərəfli ömür yoluna, bioqrafiyasına ötəri nəzər salaq. Düsen Kaseinov 1947-ci il martın 10-da Altay vilayətinin Biysk şəhərində anadan olub. 1961-ci ildə Karaqanda musiqi məktəbinə qədəm qoyub. Məktəb illərində gözəl ifaları ilə ürəkləri oxşayan Düsen Kaseinov 1965-ci ildə Almatı Dövlət Konservatoriyasına daxil olub. Tələbə olduğu beş il ərzində həm də Qazaxıstan Dövlət Radio və Televiziyasının kamera orkestrinin tərkibində çalışıb. Musiqiçi kimi 38 il səmərəli fəaliyyət göstərməklə bərabər, ölkəsinin və xalqının mədəniyyətinin inkişafına böyük töhfələr verib. Hələ sovet dövründə 3 il Meksika Filarmoniyasının Orkestrində işləyərək öz sənət təcrübəsini artırıb, orada ispan dilini öyrənib. On il Almatı Dövlət Konservatoriyasının rektoru olub. 2003-cü ildə Qazaxıstan Respublikasının mədəniyyət naziri təyin olunan yubilyar sonrakı illərdə səfir diplomatik rütbəsi alaraq ölkəsinin diplomatı kimi fəaliyyət dairəsini genişləndirib.

Nəhayət, 2008-ci ildə TÜRKSOY-un baş katibi olaraq türk dünyası qarşısında tarixi missiyasına başlayıb. O sülhün, inkişaf və tərəqqinin, dostluq və qardaşlığın, insanların rahat yaşayışının təmin olunmasının tərəfdarıdır. Dünyanı sülh, inkişaf və tərəqqi yolunda görmək onun həyat amalıdır. Bunun üçün mədəniyyətlər, dinlər və təriqətlər arasında dialoqinteqrasiya tərəfdarıdır. Məhz elə buna görə də məqsədyönlü fəaliyyətinə görə ayrı-ayrı dövlətlərin orden və medalları ilə təltif olunub. 2010-cu ildə “Küpmet” ordeninə layiq görülən yubilyar ötən 17 ildə 13 ordenmedalla təltif olunub. O, təkcə Qazaxıstanın sevimlisi deyil. Dünya mədəniyyətinin inkişafına verdiyi töhfələrə, sülhsevər mədəni layihələrinə görə 2007-ci ildə Rusiya Federasiyasının “Dostluqordeni ilə təltif olunan D.Kaseinov beş il sonra - 2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Dostluqordeni ilə mükafatlandırılıb. Onun çoxsaylı təltifləri, həmçinin ayrı-ayrı ölkə və şəhərlərin yubiley medalları arasında daha biri isə Türkmənistanın “Maxtumqulu Firaqi” medalıdır.

Düsen Kaseinovu 70 illik yubileyi münasibətilə Türkiyənin Sakarya şəhərində təbrik etdim. Molla Pənah Vaqifin 300 illik yubileyi ilə bağlı TÜRKSOY-un Ankaradakı qərargahında təşkil edilən yubiley mərasiminin davamı Sakarya şəhərində keçirilirdi. Baş katiblə söhbətimiz zamanı fiziki cəhətdən yorğunluğuna baxmayaraq, ruhən çox yüngül olduğunu hiss etmək çətin deyildi. Daxilindəki bütün bu rahatlığın səbəbi isə məhz Molla Pənah Vaqifin 300 illik yubileyi ilə bağlı mərasimlərin yüksək peşəkarlıqla təşkili və uğurla başa çatmasından irəli gəlirdi. Bəli, türk dünyasına, o cümlədən Azərbaycana aşiq olan bu tarixi şəxsiyyətin gördüyü işlərin əsl qiymətini məhz tarix və gələcək nəsillər verəcək.

Düsen Kaseinov, sözün əsl mənasında, gözəl insan, nümunəvi ailə başçısı, sədaqətli vətəndaş və qayğıkeş rəhbərdir. Onunla söhbət əsnasında məlum oldu ki, 70 yaşın yubileyini bir il sonra qeyd etmək niyyətindədir. Səbəb dünyasını dəyişən həyat yoldaşının ilinin çıxmamasıdır. Bəli, onun bu qərarı nümunəvi yanaşmadır. Həyat yoldaşının ruhuna olan tükənməz ehtiram, sözün əsl mənasında, sədaqət nümunəsidir.

Yubilyarla söhbətimiz çox səmimi oldu. “Hansı daha ürəyinizcədir” sualımı belə cavablandırdı:

– Mənə böyük vəzifələr etimad olunub. Rektor, nazir və digər dövlət vəzifələrində çalışmışam. Artıq on ilə yaxınlaşır ki, TÜRKSOY-a rəhbərlik edirəm. Bütün bunlara baxmayaraq mən musiqiçiyəm. Musiqi mənim daxili dünyamın tərənnümüdür. Skripkada ifa mənim danışıq tərzimdir. Mən bu musiqi aləti ilə fikir və düşüncələrimi insanlara aydın formada çatdıra bilirəm. İnsanlara sözüm, fikir və düşüncələrim rəngarəng ifalarımla yol tapır.

Azərbaycanın TÜRKSOY-dakı rəsmi nümayəndəsi Elçin Qafarlı Düsen Kaseinovu belə xarakterizə edir: O, əsl türkçü, qayğıkeş insan, ədalətli rəhbərdir. TÜRKSOY-da təmsil olunan ölkələrin milli bayramlarına, adət-ənənələrinə, tarixi şəxsiyyətlərinə eyni baxış bucağı ilə yanaşmaqla təşkilatda heç vaxt pozulmayacaq bir idarəçilik ənənəsi yaradıb. Rəsmi təmsilçilərin, digər əməkdaşların və onların ailə üzvlərinin doğum günlərini, eləcə də yubileylərini kollektiv şəkildə qeyd etmək, bayram günlərində qarşılıqlı ehtiram göstərmək onun hər birimizdən tələb etdiyi mühüm məqamlardandır. Düsen Kaseinov hesab edir ki, qarşılıqlı münasibətlərdə ehtiram, diqqət və nəzakət türk dünyasının inteqrasiyasının əsasını təşkil edir. Mən onu özümün ən gözəl müəllimim kimi qiymətləndirirəm və onun rəhbərliyi altında işlədiyim müddətdə ondan çox şey öyrənmiş, böyük təcrübə toplamışam.

Ümumiyyətlə, düşünürəm ki, TÜRKSOY böyük bir məktəbdir və xüsusilə Düsen bəyin rəhbərliyi altında burada çalışan hər bir əməkdaş böyük həyat məktəbi keçir, müəyyən mənada idarəetmə, insanlarla ünsiyyət və beynəlxalq mədəni əlaqələr sahəsində təcrübə qazanmaq fürsətinə malikdir. Şəkinin 2016-cı ildə “Türk dünyasının mədəniyyət paytaxtı” seçilməsində və cari ildə keçirilməsi nəzərdə tutulan tədbirlərdə türk dünyasından yüksək səviyyəli incəsənət ustalarının, mədəniyyət və elm adamlarının iştirak etməsində Düsen Kaseinovun rolu böyükdür. Bu tədbirlər sayəsində zəngin tarixə və mədəniyyətə malik olan Şəki şəhəri türk coğrafiyasında daha da tanınmağa başlandı.

Qazaxıstanın TÜRKSOY-dakı rəsmi nümayəndəsi Askar Turqanbayev D.Kaseinov haqqında danışaraq deyir ki, o, TÜRKSOY-un tədbirlərində bütün türk xalqlarının mədəniyyətlərinin bərabər şəkildə təmsil olunmasının tərəfdarıdır. Xüsusilə azsaylı türk xalqlarına dəstəyini və qayğısını əsirgəmir, onların mədəniyyətinin dünya miqyasında təmsil olunmasına yaxından kömək edir. UNESCO-da və BMT-də TÜRKSOY tərəfindən keçirilən tədbirlərdə mütləq altay, xakas, tıva, yakut, qaqauz və digər xalqların nümayəndələrinin iştirakını dəstəkləyib və təmin edib. Düsen bəy deyir ki, müstəqil türk dövlətləri öz mədəniyyət günlərini keçirir və beynəlxalq arenada çıxış edə bilirlər. Amma kiçik xalqlarımızın bu imkanları məhduddur. Ona görə, onlara ilk növbədə dəstək verməyimiz lazımdır.

Qırğızıstanın TÜRKSOY-dakı rəsmi nümayəndəsi Kojogeldi Kuluyev isə qeyd edir ki, ondan öncə Qırğızıstanın təşkilatda nümayəndəsi olmayıb. Düsen Kaseinovun Qırğızıstan Prezidenti ilə görüşündən sonra təşkilata nümayəndə göndərilib və bunun sayəsində Qırğızıstanla bağlı TÜRKSOY tərəfindən keçirilən tədbirlərin və kitab nəşrlərinin sayı xeyli artıb, qırğız sənətçilərinin və mədəniyyət nümayəndələrinin bu tədbirlərdə iştirakı genişlənib.

TÜRKSOY-un tarixi nailiyyətlərinin üstündən təvazökarlıqla keçən Düsen Kaseinov daha çox perspektivdə olan layihələrdən danışmağı xoşlayır. O deyir ki, türk dünyasının mənəvi sərvətləri tükənməz dəfinədir. Türk dünyasının tarixi şəxsiyyətləri, adət və ənənələri, dünya ictimaiyyətinə bəxş etdiyi dəyərlər o qədər zəngindir ki, onları işləməklə bitən, qurtaran deyil. Əksinə, bu işlər görüldükcə yeni-yeni təşəbbüslər və layihələr ortaya çıxır.

Mütəxəssislər hesab edirlər ki, TÜRKSOY-un çoxşaxəli fəaliyyəti, türk dünyasını beynəlxalq aləmdə sürətlə tanıtması ölkələrimizin turizm sektorunun inkişafına əhəmiyyətli təkan verməklə bərabər, təkcə mədəniyyətlərin inteqrasiyasına yox, iqtisadiyyatın da ayrı-ayrı sahələrinin yüksəlişinə təkan verir.

Sonda bir daha qeyd etmək istərdim ki, məqsədi qədim və müasir türk mədəniyyətini həm türkdilli ölkələrdə, həm də dünyada təbliğ etmək, gələcək nəsillərə çatdırmaqdan ibarət olan TÜRKSOY professor Düsen Kaseinovun rəhbərliyi ilə artıq bütün mötəbər beynəlxalq təşkilatlarda əzmlə təmsil olunur. BMT, UNESCO, Avropa Şurası və digər beynəlxalq qurumların qərargahlarında Novruz bayramının birgə qeyd edilməsi, film festivalları və türk dünyasının tarixi şəxsiyyətlərinin yubileylərinin, xüsusi medal və mükafatlarının təsis olunması və digər belə uğurlu layihələrin reallaşmasında onun əvəzsiz xidmətləri var.

AZƏRTAC-ın kollektivi Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının baş katibi professor Düsen Kaseinovu yetmiş illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edir, ona möhkəm cansağlığı, daha uca zirvələrdən görünməyi arzulayır.

 

Sabir Şahtaxtı,

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

 

Xalq qəzeti.- 2017.- 9 aprel.- S.7.