Qarabağ muğam

məktəbinin “cavan ustadı”

 

Bəlkə də 45 yaşında “Xalq artisti” fəxri adına layiq görülmüş, 50 yaşında isə “Şöhrət” ordeni ilə təltif olunmuş sənət adamı haqqında söz açmaq kiməsə asan gələ bilər. Lakin bu, bir o qədər də asan deyil. Haqqında söhbət açmaq istədiyimiz muğam ustadımızın fəaliyyəti o qədər çoxşaxəlidir ki, yazının nədən başlayıb, nə ilə qurtarmasını müəyyən etmək olmur. Ona görə də çıxış yolunu Qarabağ muğam məktəbinin keçdiyi yola nəzər salmaqda gördüm. Çünki Mənsum İbrahimov həmin məktəbin hələlik sonuncu ustadıdır.

 

O, Anadolu türklərinin “Son bahar” dediyi payızda–1960-cı il oktyabrın ilk günündə dünyaya gəlib. İlin son baharında dünyaya gəlsə də, bəxtinə daim muğamın ilk baharı kimi çağlamaq, milli sənətimizə rövnəq vermək düşüb. Bəlkə onun haqqında qəzet materialı hazırlamağımızın məhz ilk bahara təsadüf etməsi də elə həmin zərurətdən yaranıb. Əbdülbağı Zülalov, Sadıqcan, Məşədi Məmməd Fərzəliyev, Cabbar Qaryağdıoğlu, Seyid və Xan Şuşinskilər, eləcə də digər Qarabağ muğam ustadlarının ənənələrini ləyaqətlə davam etdirənlərdən biri də respublikanın Xalq artisti, “Şöhrət” ordenli, Milli Konservatoriyanın professoru Mənsum İsrafil oğlu İbrahimovdur.

...Tanrı İsrafilə yeddi oğul, iki qız verdi. İkinci övladı dünyaya gələndə uşağa babası Mənsumun adını verdilər. Taleyini isə Tanrı versin, – dedilər. Payızın qızıl şəfəqləri hələ də torpağı qızdırarkən İsrafilə gözaydınlığı verən kənd əhli, payızın bolluq, bərəkət fəsli olduğunu qeyd edərək uşağın bu fəsildə dünyaya gəlməsinin el-obaya ruzi, bərəkət gətirəcəyini dedilər.

İmanqulubəyli kəndi Ağdamın rayon mərkəzindən 25-30 kilometr aralıda yerləşir. Füsunkar təbiəti və zəhmətkeş adamları olan bu kiçik kənd həm də öz ziyalıları ilə məşhurdur. Kənd üç tərəfdən vaxtilə Xan qızı Natəvan tərəfindən salınmış Sultanbud meşəsi, digər tərəfdən Xaçın çayı ilə əhatə olunub. Təsərrüfatı pambıq, taxıl və üzümçülük olub. Əksər uşaqlar kimi balaca Mənsum da böyüdükcə təsərrüfat işində ata-anaya bir kömək oldu. Əksər qarabağlılar kimi o da boş vaxtlarında əlini qulağının dibinə qoyub oxuyurdu.

Bir vaxtlar rəhmətlik babası Mənsumun da gözəl səsi vardı. “Görünür uşaqdakı səs də ona irsən babası Mənsumdan keçib”– deyə kənd ağsaqqalı Xasay kişi gələcəkdə ondan gözəl xanəndə olacağını dedi. Ağır təbiəti və yüksək mədəniyyəti ilə kənddə böyük nüfuz və hörmət qazanmış İsrafil kişi ixtisasca aqronom olsa da, muğama xüsusi rəğbəti vardı. 60-cı illərdə hər kəsin evində olmayan Cabbar Qaryağdıoğlunun, Seyyid və Xan Şuşinskilərin, Əbülfət Əliyevin, Şövkət Ələkbərovanın, Sara Qədimovanın qrammafon valları onun evinin yuxarı başındaydı. Vaxtaşırı onları oxudar və bu zaman balaca Mənsumun necə diqqətlə qulaq asdığının şahidi olardı. İllər ötdü, Mənsum böyüdükcə muğam sənətinə olan həvəsi daha da artdı. Oxuduğu repertuarın da əhatə dairəsi genişləndi.

Ustad xanəndə: “Qarabağda səsi ilə kimisə heyrətləndirmək olmaz. Hər iki-üç uşaqdan birinin gözəl səsi var”–deyə çox-çox sonralar müsahibələrinin birində bu fikirləri açıqlayacaq. Hələlik isə oxuduğu muğamların adını bilməsə də, Xanın, Şövkətin, Əbülfətin, Arifin lent yazılarından və bir çox digər xanəndələrdən eşitdiyi ifaları olduğu kimi öyrənib oxumağa çalışır. Uşaqdakı bu həvəsi görən məktəb direktoru Allahverdi Məmmədov onun  məktəb tədbirlərində çıxış etməsinə şərait yaradır. Mənsumun oxuduğu xalq mahnılarından “Qaçaq Nəbi”, “Şuşanın dağları”, “Aman ovçu”, “Qarabağ şikəstəsi” və bir çox digər mahnılar onu həvəskar olsa da, istedadlı bir xanəndə kimi tanıdır. Məktəbin əksər tədbirlərində, ictimai həyatında fəal iştirak edir. Əsasən humanitar fənlərə maraq göstərən Mənsum Azərbaycan dili, ədəbiyyat və tarix dərslərindən həmişə yüksək qiymət alsa da, incəsənətə olan həvəsi daha çox idi. Odur ki, rayon bədii özfəaliyyət ansamblının üzvü kimi müsabiqə və festivallarda uğurla çıxış edir.

1975-80-ci illərdə kifayət qədər tanınan Mənsum İbrahimov rayon tədbirlərinə, el şənliklərinə dəvətlər alır. Ağdam və ətraf rayon ictimaiyyətinin dərin hörmətini qazanır. 19 yaşlı gənc xanəndə hərbi xidmətdə olarkən azərbaycanlı əsgərlərdən ibarət ansambl yaradır. Və özü bu ansambla rəhbərlik edir. Dili, dini ayrı olan əsgərləri azəri musiqisi, Mənsum İbrahimovun məlahətli səsi birləşdirir. Hərbi hissənin qarnizon rəhbərliyinin dəfələrlə fəxri fərman və diplomları ilə təltif olunur.

“Ancaq musiqi təhsili almaq istəyimi bir an belə yaddan çıxara bilmirdim”–deyə o günləri yada salaraq sözünə davam etdi: “Hərbi qulluğu başa vuraraq 1982-ci ildə sənədlərimi Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbinə verdim”.

Mənsumun oxuduğu “Cahargah” muğamı qəbul komissiyası və məktəbin direktoru Vasif Adıgözəlov tərəfindən bəyənilir və o, tanınmış xanəndə, pedaqoq Vahid Abdullayevin sinfinə qəbul olunur.

“Mənim ən böyük arzum da Vahid Abdullayevin sinfində oxumaq idi. Onun həm ifaçılığı, həm tələbkarlığı, eyni zamanda, bir pedaqoq olaraq iş fəaliyyəti sənətə yenicə qədəm qoyan gənc xanəndə üçün çox önəmli idi”.

Bir ilin içində Mənsum İbrahimov özünü peşəkar xanəndə kimi tanıdır və hamının diqqətini özünə cəlb edir. Bir çox muğam dəstgahlarının gözəl ifaçılarından birinə çevrilir. “Bayatı-şiraz”, “Rast”, “Segah”, “Cahargah” kimi muğam dəstgahlarının müəllimi Vahid Abdullayevdən səylə öyrənir. Məhz bu çalışmaların nəticəsidir ki, 1985-ci ildə dahi bəstəkar Üzeyir bəy Hacıbəylinin 100 illik yubileyi ilə əlaqədar Təhsil Nazirliyinin muğam üzrə orta ixtisas musiqi məktəbləri arasında keçirdiyi V musiqi müsabiqəsində oxuduğu “Bayatı-şiraz” muğam dəstgahı və “Mənsuriyyə” ritmik muğamı müsabiqə komissiyasının üzvləri–Xalq artistləri Şövkət Ələkbərova və Gülağa Məmmədov, xanəndə-pedaqoq Nəriman Əliyev və müsabiqənin gedişini diqqətlə izləyən məktəb direktoru Vasif Adıgözəlov tərəfindən bəyənilir.

Bir-birindən tam fərqli olan iki çətin muğama müraciət etməsinə və şöbədən-şöbəyə ustalıqla keçməsinə, muğamın zil pərdəsində olduğu kimi, bəmdə də eyni şövqlə oxumasına, sözlərin düzgün tələffüzünə, eləcə də “Mənsuriyyə” zərb muğamında da yüksək peşəkarlıq göstərərək artıq xallara yer vermədiyinə görə o, müsabiqənin qalibi kimi birinci yerə layiq görülür.

“Səs mənim olsa da, qazandığım qələbə əziz müəllimim Vahid Abdullayevin idi. 1985-ci il həyatımda ən yaddaqalan il oldu. Həmin il Şövkət  xanımın tövsiyəsi ilə məni opera teatrına sınaq dinləmələrinə dəvət etdilər. Şövkət xanımın evi opera teatrına yaxın olduğundan,  həmin gün mənimlə bərabər özü də teatra gəldi. Bu, onun böyüklüyü, alicənablığı, bir də sənətə yenicə qədəm qoyan gəncə göstərdiyi diqqət və qayğının ən bariz nümunəsi idi. Həmin dinləmədə teatrın baş rejissoru, dirijoru və direktoru Azər Rzayev, Şövkət xanım Ələkbərova, qocaman tarzən Bəhram Mansurov və bir çox digər sənətkarlar iştirak edirdilər”. Əvvəlcə Mənsumdan “Mahur” muğamını oxumasını xahiş etdilər. Görünür, “Leyli və Məcnun” operasının əsas musiqisi “Mahur” üstündə qurulduğundan onun bu muğamı ifa etməsinin çox önəmi vardı. Daha sonra “Qarabağ” şikəstəsini və “Segah” oxumasını xahiş etdilər. İfa xoşlarına gəldiyindən onu 80 rubl maaşla təcrübə qrupuna qəbul etdilər. İlk təbrik edən Şövkət xanım oldu. Üzünü Azər Rzayevə tutaraq “Səhnəmizin yeni Məcnunu gəldi”–deyə Mənsumu öpüb qucaqladı.

Xanəndə danışır ki, “Leyli və Məcnun” operasında ilk rolum Zeyd oldu. Məcnun rolunda Arif Babayev, Leyli rolunda isə hamımızın sevimlisi Zeynəb Xanlarova oynayırdı. Səhnəyə, sənətə yeni qədəm qoymuş aktyor sənətin incəliklərinə hələ bir o qədər də bələd olmayan Mənsum İbrahimov göstərilən bu etimadı doğrultmağa çalışdı.

“Çətinliyimin ən başlıca səbəbi o idi ki, mən operaya aktyor kimi deyil, xanəndə kimi gəlmişdim. Burada isə səhnə həyatı yaşamalı idim. Mənə tapşırılan rolu tam mənimsəyib bu obrazla yaşamağı bacarmalıydım. Utancaq bir kənd uşağının birdən-birə bu qədər çətin və məsuliyyətli işi tələb olunan səviyyədə oynaması olduqca çətin idi. Hətta bir-iki dəfə olub ki, sənət dostlarımı toylarda, konsertlərdə görərkən özümü məzəmmət edib, operadan uzaqlaşmaq istəmişdim. Lakin bütün bu çətinliklərə baxmayaraq dözdüm. Nə yaxşı ki, sənət karyeramı kiçik rollardan başladım. Bu işdə o vaxt baş rejissorun köməkçisi, bu gün isə artıq teatrın baş rejissoru olan Hafiz Quliyevin çox böyük zəhməti olub. Teatra bir vaxtda gəlmişdik. Həmyaşıd olduğumuzdan tez də dostlaşdıq. İkimizin də birlikdə işləmək arzusu vardı. O, mənə səhnə həyatını, obrazla yaşamağı, Məcnun kimi sevməyi öyrətdi. Daha sonra İbn-Salam rolu. Beş ilə qədər vaxtda yalnız kiçik rollar oynamışam. Gənc ifaçılara qarşı yaşlı nəsildə qısqanclıq hissi o dövrdə də var idi.

1990-cı ildə teatrın rəhbərliyi dəyişdi. Teatra yeni rəhbər – Akif Məlikov təyin olundu. İlk gündən kollektivi bir yerə yığıb: “Kim hansı rola layiqdirsə, kimin səsi varsa, o da oxuyacaq”– dedi. Mənə qulaq asandan sonra–“Bəs bu gənc niyə oxumur? Sabahın Məcnununu, Leylisini bu gün biz hazırlamalıyıq” – dedi”. Məhz Akif Məlikovun prinsipiallığı nəticəsində Mənsum İbrahimov Məcnun roluna təsdiq olunur. Obrazın məsuliyyətini və ona göstərilən yüksək etimadı görən gənc xanəndə səhnə mizanlarını, füzulişünas alim  Hacı Maillə görüşüb Füzulinin söz və qəzəl dünyasını dərindən öyrənməyə çalışır. Məcnun rolunun ustad xanəndələri Arif Babayevdən, Canəli Əkbərovdan, Baba Mahmudoğludan, Alim Qasımovdan öyrənir.

Deyir ki: “Ən böyük arzum öz qəlbimdə yaşatdığım Məcnunun səhnə təcəssümünü yaratmaq idi. Nəhayət, 1993-cü ilin iyununda bu arzum reallaşdı. Əsərin ilk premyerası baş tutdu. İlk tərəf –müqabilim –Leylim Gülyaz Məmmədova oldu. Gülyazla bir gəlmişdik operaya. Birlikdə də çıxış etdik.  Bizim ilk tamaşanı işıqlandıran məhz “Xalq qəzeti” oldu. Bununla belə bizi qısqanclıqla qarşılayanlar da tapıldı”.

Zaman keçdi, illər ötdü, xanəndə kimi operaya qədəm qoyan Mənsum İbrahimov bir aktyor kimi özünü təsdiq etdi. Artıq 24 ildir ki, opera teatrında çalışan Mənsum İbrahimov bu illər ərzində on Leyliylə– Xalq artistləri Nəzakət Teymurova, Aygün Bayramova, Gülyaz və Gülyanaq Məmmədovalar, Arzu Əliyeva və digərlərinin tərəf- müqabili olaraq “məhəbbət macərası” yaşasa da, həyatda yalnız bir Leylinin daim cəfasını çəkib, o da uşaqlarının anası olub.

“Bəlkə də Məcnun kimi sevməyimin başlıca səbəbi də elə həyatda olan Leylimə məhəbbət və sədaqətdən irəli gəlir. Şükürlər olsun ki, 93-cü ildən ilk tamaşadan məni qəbul edən daimi tamaşaçılarım var.  Və onlar bu gün də eyni istəklə tamaşalarıma gəlirlər. Mən sadəcə bir rolun ifaçısıyam. Əslində bu insanları bura gətirən ən başlıca səbəb Üzeyir bəyin musiqisidir. 1908-ci ildən bu günə kimi, bütün dünyada böyük müvəffəqiyyətlə keçən “Leyli və Məcnun” tamaşası 100 ildir ki, böyük alqışlarla keçir. Onu da qeyd edim ki, səhnədə Leylini oynamaq hər kəsə nəsib olmur”.

M.İbrahimov daha sonra deyir: “Yaddaqalan tarixi tamaşalarımdan biri də 2008-ci ildə Parisdə UNESCO-nun qərahgahında, sonra Qətər və İstanbul səhnələrində oynadığım, sevərək yaratdığım Məcnun obrazı olub.  Lakin ən önəmlisi 2016-cı ildə Ankara Opera Teatrında Türk dünyasında ilk dəfə olaraq türk sənətçilərinin iştirakı ilə “Leyli və Məcnun” operasının yeni quruluşda premyerası idi. Tamaşanın rejissoru Türkiyədə yaşayan həmyerlimiz Əflatun Nemətzadə, dirijoru isə Fəxrəddin Kərimov idi. Mədəniyyət və turizm naziri Əbülfəz Qarayev bu məqsədlə məni Türkiyəyə ezam elədi. On gün ərzində Türkiyə sənətçiləri ilə məşq etdim. Türk qardaşlarıma vokal dərsləri keçdim. İbn Salamı, Leylini, ata-ananı, Nofəli, xor ilə orkestrın çıxışlarını, ən başlıcası isə muğamları öyrətməyə çalışdım. Məndən başqa bütün tərkib türklər idi. Azərbaycandan sənət dostlarım – Əməkdar artistlər Elçin Həşimov (tar), Elnur Əhmədov (kamança), İlkin Əhmədov  və Arzu Əliyeva bu tamaşalarda uğurla çıxış etdilər. Leyli rolunda türk sənətçisi Selva xanım Erdəniz çıxış etdi. Türkiyənin dövlət televizyası TRT bütöv tamaşanı çəkdi. Onu da qeyd edim ki, Selva xanım Leylini o qədər gözəl və şövqlə oynadı ki, hamımız heyran qaldıq. Opera teatrında belə bir tamaşanın olmadığını etiraf edən türklər Azərbaycan xalqına belə bir tamaşanı ərsəyə gətirdiklərinə görə öz dərin təşəkkürlərini bildirdilər”.

Sənətkarın bu yaxınlarda Cenevredən, qastrol səfərindən qayıtdığına görə səfər təəssüratlarını soruşdum. Dedi ki, Cenevredə BMT-nin qərargahında Novruz bayramına həsr olunmuş böyük bir bayram konsertinə dəvət almışdım. On iki müsəlman dövlətlərin Türkiyə, İran, Özbəkistan, Qazaxıstan, Türkmənistan, Qırğızıstan və digər ölkələrin iştirak etdiyi bu tədbirin təşəbbüskarı Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Vasif Sadıxov idi. O, öz çıxışında dünyada 300 milyon müsəlman yaşadığını və bu əziz bayramı qeyd etdiyini dedi. 40 dəqiqə nəzərdə tutulan konsert 90 dəqiqə çəkdi.

Bu gün Radio-Televiziyanın qızıl fondunda xanəndə Mənsum İbrahimovun ifasında yüzə yaxın bəstəkar və xalq mahnıları, milli opera səhnəsində yaratdığı “Leyli və Məcnun”da Məcnun, “Əsli və Kərəm”də Kərəm, “Gəlin qayası”nda Camal, “Natəvan” və “Vaqif”də xanəndə və digər film konsertləri hörmətlə qorunub saxlanılır.

Təməli 2005-ci ildə Heydər Əliyev Fondu tərəfindən qoyulmuş “Muğam Televiziya müsabiqələri”ndə tamaşaçılar onu münsif olaraq görürlər. Bu illər ərzində bir çox müsabiqə iştirakçıları Mənsum İbrahimovun verdiyi dəyərli məsləhətlər nəticəsində artıq özlərini peşəkar müğənni kimi təsdiq edib, respublikanın bir çox mötəbər musiqi kollektivlərində çalışırlar. Onların arasında yüksək fəxri ada malik olanlar da var. Məsələn, Təyyar Bayramov səhnəmizin Şah İsmayılı, İlkin Əhmədov Məcnun, Arzu Əliyeva Leyli, Aytən Məhərrəmli Ana və digərlərinin adlarını xalqımız əzbər bilir.

Xanəndə danışır:

“Bu gün Milli Konservatoriyanın baş müəllimi, professoram. Tələbələrimin hər birinin uğurlu çıxışı ilk növbədə başımın ucalığıdır, mənim adımdır. Ustad xanəndələrdən öyrəndiklərimi gənc nəsilə həvəslə öyrətməyə çalışıram. Sevindirici haldır ki,  “Muğam–2017” müsabiqəsində Təyyar Bayramovun artıq özünün tələbələri iştirak edir.  Daha çox gənclərə yer ayırmağa çalışıram.  Muğam Televiziya müsabiqələri muğam sənətimizin təkcə öz ölkəmizdə deyil, bütün dünyada populyarlaşmasına səbəb oldu. Buna görə Heydər Əliyev Fondunun Prezidenti, ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya borcluyuq. Münsifləri də qeyd etməmək olmaz. Xalq artistləri Əlibaba Məmmədov, Arif Babayev, Səkinə İsmayılova və digərləri həmişə çalışıblar ki, ifaçılardan yaxşıların yaxşısını seçsinlər. Bu gün güclü dövlətimiz və dövlət başçımız var. Ən böyük arzum odur ki, növbəti muğam müsabiqəsini Ağdamda, doğma Qarabağda keçirək”.

Xanəndədən soruşdum ki, 20 ildir sinfo-muğam deyilən qrupa rəhbərlik edirsiniz. Bu qrup hansı zərurətdən yarandı və bu qrupa kimlər daxildir?

Cavabı çox maraqlı idi:

–2007-ci ildə yaradılmış bu qrupa respublikanın Əməkdar artistləri–Elçin Həşimov (tar), Elnur Əhmədov (kamança) və xalq artisti, dirijor Yalçın Adıgözəlov daxildir. Qrupu yaratmaqda məqsəd Azərbaycandan kənarda yaşayan həmvətənlərimizə  dəstək olmaqdır. Hansı ölkədə qastrol səfərində oluruqsa, ilk növbədə üzərində “Qarabağ muğam qrupu” yazıılmış reklamın əksini tamaşaçılara çatdırmağa çalışır, sonda isə tədbiri Qarabağ şikəstəsi ilə bitiririk. İlk dəfə olaraq 2007-ci ildə ulu öndərin ad günündə M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Dövlət simfonik orkestrınin  müşayiəti ilə Maestro Niyazinin “Rast” simfonik muğamını ifa etdik. Bu möhtəşəm musiqi əsəri bütün dünyada səsləndi. Necə ki, F. Əmirovun “Şur” simfonik muğamı. Lakin bu əsərin içində muğam kimi oxunması bir yenilik idi. Avropada simfonik əsərləri çox sevirlər. Muğamı da ona qatıb sintez edəndə o daha maraqlı, daha möhtəşəm olur.  20 ildir ki, bu layihəmiz reallaşıb. Maraqlı tərəfi odur ki, bir çox xarici ölkələrin simfonik orkestrlərini bu layihəyə cəlb etmişik. Bunlardan Almaniya, İngiltərə, Latviya, Türkiyə, Tacikistan, Belarus və digərlərinin adlarını çəkə bilərəm. Təsəvvür edin ki, Braziliyanın, İtaliyanın, Latviyanın simfonik orkestrləri “Rast” ifa edir, mən oxuyuram. Yaxud, Latviyanın dünyaca məşhur olan “LİEPA” simfonik orkestri Avropada keçirilən beynəlxalq müsabiqənin qalibi olan bu orkestrlə bizim dəfələrlə konsertlərimiz olub. Təklif etdilər ki, Niyazinin “Rast” və Vasif Adıgözəlovun “Segah” simfonik muğamlarını və “Qarabağ şikəstəsi” arotoriyasını lentə aldırsınlar. İş birliyimiz bu gün də davam edir. May ayında Ukraynaya, ABŞ-a qastrol səfərlərimiz var.

1995-ci ildə İraqda M. Füzulinin 500 illik yubileyi qeyd olunanda mən də o tədbirdə iştirak etdim. Kərbəla ziyarətində oldum. Yubiley tədbirlərinin yekunu 1995-ci ildə H. Əliyev Sarayında oldu. Ulu öndərin iştirak etdiyi bu möhtəşəm tədbirdə mən Gülyaz Məmmədova ilə “Leyli və Məcnun”dan bir parçanı ifa etdik. Ulu öndər konsertdən sonra pərdə arxasına keçib konsert iştirakçılarının hər biri ilə səmimi görüşdü. Bizi təbrik edib təriflədi də. Inandırım sizi, dünyanın heç bir yerində belə istiqanlılıq yoxdur.

Azərbaycan mədəniyyətinə, incəsənətinə göstərdiyi xidmətə görə Mənsum İsrafil oğlu İbrahimov 1998-ci ildə respublikanın Əməkdar artisti fəxri adına, 2000-ci ildə Prezident mükafatına, 2005-ci ildə Xalq artisti adına, 2010-cu ildə 50 yaşında ikən “Şöhrət” ordeninə layiq görülüb. 2012-ci ildən Milli Konservatoriyanın professorudur. Belə baxanda kiməsə rəqəm yığnağı kimi görünə bilər.  Lakin bu rəqəmlərin arxasında bir insan ömrü durur. Bir şerdə deyildiyi kimi, “Bir insan ömrünü girov qoymuşam, bir sənət ömrünü yaşatmaq üçün”.

Beləliklə, daha bir sənət adamının çoxşaxəli həyat yolu və yaradıcılığından söz açmağa çalışdıq. O özü isə sənət uğurlarından daha çox doğma torpaqların alınmasından danışdı. Sonda növbəti muğam müsabiqəsinin inşallah doğma Qarabağda keçirilməsini arzuladı. Bunun üçün hər bir azərbaycanlı ilk növbədə qarabağlı olmalıdır, – dedi.

P. S. Həmin anda– Qarabağın adı çəkilərkən bu şöhrətli sənətkarın gözlərində yaş gördüm. Çox istərdim ki, bu nəmli gözləri sevinc göz yaşları kövrəltsin. Az qalıb, ustad, bir az da döz.

Bir şerdə deyildiyi kimi:

O yerdə ki, elin yaşar

O yerdə ki, xatirən var

O yerin ki, böyümüsən çörəyilə

Danışmısan çəməniylə

Hara getsən səsləyəcək səni o el, doğma torpaq!

 

Rafiq SALMANOV,

“Xalq qəzeti”,

Əməkdar mədəniyyət işçisi

 

Xalq qəzeti.- 2017.- 16 aprel.- S.8.