Azərbaycan muğamının beşiyi sayılan

Qarabağda unudulmaz iki gecə

 

Heydər Əliyev Fondunun dəstəyi, Azərbaycan Mədəniyyət Fondunun layihəsi əsasında Mədəniyyət və Turizm Nazirliyinin yaxından iştirakı, Azərbaycan Televiziyasının təşkilatçılığı ilə keçirilən VI Muğam televiziya müsabiqəsinin bu həftənin dinləmələri öncə Azərbaycanın ayrılmaz parçası olan dahi şairimiz Məhəmməd Füzulinin adını daşıyan bölgədə– Horadiz şəhərində oldu.

 

Xüsusilə qeyd edim ki, 3-4 il bundan əvvəl Qarabağda  olmuşdum. İndi, sözün həqiqi mənasında, burada aparılan quruculuq işlərini, düşmənlə üz-üzə dayansa da, xalqda olan ruh yüksəkliyini, qələbə əzmini gördükcə ürəyim dağa döndü. Qarabağ torpağında, sözün əsl mənasında, böyük bir dirçəliş var. Bir il bundan əvvəl qəhrəman Azərbaycan Ordusunun göstərdiyi rəşadət nəticəsində Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğaldan azad edilmiş ərazilərində indi üçrəngli Azərbaycan bayrağı dalğalanır.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı İlham Əliyev aprel qələbələrinin ildönümü ilə əlaqədar olaraq hərbçilərlə keçirilən görüşdə söyləmişdir: “Aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir. Dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbədir... Həm peşəkarlıq, həm də vətənpərvərlik ruhu baxımından aprel döyüşləri bir daha göstərdi ki, Azərbaycan xalqı qəhrəman xalqdır. Azərbaycan regionda qüdrətli ordusu olan dövlətdir. Ümumiyyətlə, ölkəmiz müstəqilliyini bərpa etdiyi gündən nəinki ordu quruculuğunda, həmçinin iqtisadiyyat, mədəniyyət, idman sahələrində böyük inkişaf yolu ilə addımlayır.”

Bütün bunlar dövlətimizin daha da qüvvətlənməsini, dünya ölkələri arasında böyük nüfuz sahibi olmasını təmin edən amillərdir. Ölkəmizin qüdrətinin getdikcə artması isə Qarabağın digər ərazilərinin də düşmən əsarətindən tezliklə qurtarması deməkdir. İnsanlar öz  dədə-baba yurdlarına mütləq qayıdacaqlar. Cocuq-Mərcanlıda aparılan quruculuq işləri, bu torpağın əsl sahibləri üçün yaradılan şərait Qarabağa böyük qayıdışın başlanğıcıdır.

Şərqin böyük simalarından biri, söz sənətinin böyük ustadlarından olan Məhəmməd Füzulinin adını daşıyan rayonda müsabiqənin dinləmələrinin keçirilməsi də təsadüfi deyildi. Gənc xanəndələr dahi şairin qəzəl və şeirlərini oxudular. Dəyərli münsiflər – xalq artistləri Arif Babayev, Səkinə İsmayılova, Mənsum İbrahimov, Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi, Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi Sərdar Fərəcov, Muğam televiziya müsabiqəsi layihəsinin icraçısı, Əməkdar incəsənət xadimi Nadir Axundov iştirakçıların hər  çıxışını diqqətlə dinləyib, obyektiv qiymət verməyə çalışdılar.

Qarabağ torpağı muğam sənətimizə bir çox görkəmli xanəndələr bəxş edib. Hər birinin öz avazı, öz zənguləsi, öz ifa tərzi olub. Belə yaddaqalan xanəndələrdən biriXalq artisti, əslən bu torpağın yetirməsi olan İslam Rzayev idi. Odur ki, müsabiqə dinləmələri İslam Rzayevin Teleradionun  qızıl fondunda saxlanılan lent yazısı ilə başlandı. Birinci onluğa daxil olan Nurlan NamazovunMahur Hindi”, Valid Abdullayevin “Vilayəti”, Rəvanə Əmiraslanlının “Dilkəş”, Səma Sultanovanın “Segah”, Atlas Mehdiyevanın “Bəstənigar” və Mirəli Sultanzadənin oxuduqları “Zabulmuğamları münsiflər tərəfindən dəyərləndirildi. Əlbəttə ki, İlqar Fəhmi müsabiqə iştirakçılarının bəzilərinin ifasında Füzuli  qəzəllərindəki sözlərin təhrif olunduğunu qeyd etsə də, bu səhvlərin gələcəkdə təkrarlanmamasının yollarını göstərdi.

Müsabiqənin ikinci dinləməsi Qarabağımızın digər dilbər guşələrindən olan dahi Üzeyir Hacıbəylinin dünyaya göz açdığı Ağcabədi torpağında keçirildi. Professional musiqimizin təməl daşları onun yaratdığı “Leyli və Məcnun” muğam operası, “Arşın mal alan”, “O olmasın, bu olsun” operattaları, “Koroğlu” operası, “Sənsiz”, “Sevgili canan” romansları və başqa əsərləri ilə bağlıdır. Böyük bəstəkarımızın yurdunda müsabiqə iştirakçılarının öz qüvvələrini sınaması Üzeyir irsinə ehtiramın, ümumilikdə isə, milli mədəniyyətimizə verilən töhfənin nişanəsidir. VI Muğam televiziya müsabiqəsi başqa layihələr kimi, nəinki Azərbaycanda, eləcə də respublikamızdan kənarda, dünyanın çox yerində məskunlaşmış 50 milyondan artıq soydaşımızın sevgisini qazanıb. Muğam sənətinin qorunmasında, yeni istedadların aşkar edilib gələcək inkişafına şərait yaradılmasında  Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri, UNESCO-nunİSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın xidmətləri əvəzsizdir.

Bu, bir həqiqətdir ki, muğam ifaçılığı sənətindən söz düşəndə hökmən görkəmli xanəndə Yaqub Məmmədovun da adı çəkilir. Qarabağ xanəndəlik məktəbindən bəhrələnən, şirin səs çaları ilə ürəyin incə tellərinə toxunan Yaqub Məmmədovun yeri indigörünür. Ağcabədidə boya-başa çatmış Yaqub Məmmədov özünü muğam sənətində təsdiq edib, öz avazı, ifa tərzi ilə adını Azərbaycanın sevilib-seçilən xanəndələrinin siyahısına yazdıra bilib. Gecənin dinləmələri Yaqub Məmmədovun bir zərb muğamı ilə başlandı.

Fərhad RamazanovunRast”, Türkan Orucovanın “Şikəsteyi-fars”, Məcid Əsrinin “Segah”, Almaxanım Əhmədlinin “Qatar  və Pərviz Qasımovun ifa etdikləri “Şur” təsnifləri istər tamaşaçılar, istərsə də münsiflər tərəfindən obyektiv dəyərləndirildi. Lakin bu uğurlarda ən az xal toplayan iştirakçılar da oldu. Müsabiqənin şərtlərinə görə, ən az xal toplamış iştirakçı yarışı dayandırmalı idi. Bunlardan biri Fərhad Ramazanov, digəri isə Atlas Mehdiyeva oldu. yaxşı ki, muğam gecəsi belə kövrək notlarla bitmədi, Ağcabədi şəhər Üzeyir Hacıbəyli adınaQarabağMuğam Mərkəzinin şagirdi Nəcibə MəmmədovanınOsmanlızərb muğamı ilə sona yetdi. Balaca qızcığazın bu ifası bütün tədbir  iştirakçılarının zövqünü oxşadı.

 

Rafiq SALMANOV,

Xalq qəzeti

Əməkdar mədəniyyət işçisi

 

Xalq qəzeti.- 2017.- 30 aprel.- S.6.