Yeni sənaye və turizm obyektləri

Zaqatalanın simasını tamamilə dəyişir

 

Son illər ölkəmizin digər rayonları kimi Zaqatala da böyük inkişaf, tərəqqi və müasirləşmə yolu keçib. Bu yol haqqında dəfələrlə, müxtəlif həmsöhbətlərin dilindən eşitmiş və yazmışam. Ancaq bu il avqustun 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Zaqatala səfəri çərçivəsində – “AzRose” MMC-nin tikintisi davam edən qızılgül yağı istehsalı müəssisəsi ilə tanış olarkən səsləndirdiyi fikirlər həmsöhbətlərimin hamısının mülahizə və müsahibələrindən kifayət qədər fərqlənirdi.

 

Dövlət başçımız Zaqatala həqiqətlərini elə şəkildə dilə gətirdi ki, bəlkə də rayon sakinlərinin özləri həmin həqiqətləri belə ifadə edə bilməzdilər: “Ümumiyyətlə, Zaqatala rayonunun çox böyük sənaye, kənd təsərrüfatı potensialı var. Rayonun inkişafına xüsusi diqqət göstərilir. Bu, mənim Prezident kimi Zaqatala rayonuna səkkizinci səfərimdir və hər bir səfər zamanı önəmli obyektlərin açılışında iştirak etmişəm. Burada həm sosial obyektlər, həm sənaye müəssisələri istifadəyə verilib, Zaqatala aeroportu tikilib. İndi aeroportun zolağı uzadılır ki, böyük təyyarələr də enə bilsin. Diaqnostika Mərkəzi, Rayon Mərkəzi Xəstəxanası, Olimpiya Kompleksi, məktəblər, zəlzələdən sonra 8 mindən çox ev tikilib təmir edilmişdir. Yollar salınır, istehsalat sahələri istismara verilir. Tütün fabrikinin yenidən qurulması nəticəsində həm istehsal gücü artıb, həm də indi bu müəssisədə son məhsul istehsalını təmin etmək mümkündür”.

“O cümlədən, qızılgül sahəsində də yaxşı inkişaf var”- deyən dövlət başçımız xatırlatdı ki, ölkəmizdə qızılgül istehsalı, xüsusilə Zaqatala rayonunda qızılgül yağının istehsalı əsrlər boyu inkişaf edib: “Sovet dövründə bu sahəyə böyük diqqət göstərilmişdir. Ondan sonrakı illərdə nədənsə bu sahəyə o qədər də böyük diqqət göstərilmirdi. İndi mənim göstərişimlə bu sahə bərpa edilir. Yeni müasir müəssisə tikilir, yaxın vaxtlarda istifadəyə veriləcəkdir. Yüz hektardan çox sahədə qızılgül əkilibdir. Burada istehsal olunacaq qızılgül yağı həm daxili bazara, həm də xarici bazarlara ixrac ediləcək. Beləliklə, mənə verilən məlumata görə, artıq burada yüzlərlə insan işlə təmin edilib. 500-dən çox daimi və mövsümi iş yeri yaradılıb. Burada işləyənlər yaxşı maaş alacaqlar və ölkəmizə xeyir gətirəcəklər. Çünki indi əsas vəzifəmiz təbii imkanlarımızdan, iqlim şəraitimizdən istifadə edərək maksimum dərəcədə kənd təsərrüfatını inkişaf etdirməkdir”.

Qətiyyətlə deyə bilərik ki, bu gün zaqatalalılar ölkədə müəyyən edilmiş sosial-iqtisadi siyasətin bütün istiqamətlərində nəzərdə tutulan layihələrin icrasına özünəməxsus şəkildə töhfə verirlər. Prezident İlham Əliyevin sədrliyi ilə avqustun 4-də Qaxda keçirilən barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsindən irəli gələn vəzifələrlə bağlı avqustun 9-da rayon icra hakimiyyətinin başçısı yanında şuranın geniş iclası olub. İcra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə çıxış edərək, respublika müşavirəsində Prezident İlham Əliyevin nitqindən irəli gələn vəzifələrdən bəhs edib, bu sahədə rayonda görülən işlər və qarşıda duran məsələlər barədə danışıb.

İclasda qeyd edilib ki, zaqatalalılar Prezident İlham Əliyevin qarşıya qoyduğu vəzifələrin, o cümlədən qeyri-neft sektorunun inkişafı, ixrac imkanlarının genişləndirilməsi, idxaldan asılılığın azaldılması, yeni iş yerlərinin yaradılması, kəndlilərin, fermerlərin həyat səviyyəsinin yüksəldilməsi ilə bağlı vəzifələrin icrasını təmin etmək, tütünçülük, baramaçılıq, fındıqçılıq və gülçülük sahələri üzrə müəyyənləşdirilən hədəflərə çatmaq üçün bütün qüvvələri səfərbər edəcəklər.

Mübariz müəllimlə söhbətimizdə rayon rəhbəri qeyd etdi ki, respublikada sosial-iqtisadi inkişaf proqramlarının uğurla həyata keçirilməsi, istər regionların, istərsə də ölkənin sosial-iqtisadi inkişafı istiqamətində nəzərdə tutulan proqramların ­reallaşması ilə bağlı Zaqatala da öz inkişafını davam etdirir. Görülmüş işlərin nəticəsidir ki, bu il rayonda 114,1 milyon manat ümumi məhsul istehsal edilib və xidmətlər göstərilib. Bu da 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 15,3 faiz coxdur. Məhsul istehsalı sənayedə 51,9 faiz, kənd təsərrüfatında 1,3 faiz, ticarətdə 13 faiz, nəqliyyatda 2 faiz, rabitədə 9 faiz, pərakəndə əmtəə dövriyyəsi 10,3 faiz, pullu xidmətlərin həcmi 6,7 faiz artıb, 1832-si daimi olmaqla, 1872 iş yeri açılıb.

Sənaye parklarının yaradılması istiqamətində rayon icra hakimiyyəti və “RR” şirkətlər qrupu tərəfindən Aşağı Tala kəndində “Şimal-Qərb” brendi altında Sosial Ticarət Mərkəzinin tikintisi üçün torpaq sahəsinin ayrılması və layihələndirmə işlərinə başlanılıb. Layihəyə əsasən 20-yə yaxın müxtəlif təyinatlı istehsal obyektlərinin tikintisi və 1100-1200 nəfər üçün yeni iş yerlərinin açılması nəzərdə tutulur. Sahibkarlığın inkişafına maliyyə dəstəyi göstərilərək, 17 layihə üzrə 172,2 min manat həcmində güzəştli kredit, 13 sahibkarlıq obyektinin tikintisinə razılıq verilib.

Qeyd edildi ki, aqrar sektorda həyata keçirilmiş tədbirlər nəticəsində ilin əvvəlindən bəri kənd təsərrüfatı məhsullarının istehsalı 38,4 milyon manata çatıb. Aqrar sahənin fəaliyyətini təmin etmək məqsədilə 628 ədəd özüyeriyən texnikadan istifadə edilib. “Aqrolizinq” ASC-nin Şəki regional nümayəndəliyinin rayon bölməsi tərəfindən 51 ədəd müxtəlif kənd təsərrüfatı texnikası vasitəsilə ilin əvvəlindən bəri 1295 hektar sahədə aqrotexniki tədbirlər yerinə yetirilib, 1 ədəd FT-1004 markalı traktor lizinqə verilib.

Həmsöhbətim qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında” 23 yanvar 2007-ci il tarixli 1907 nömrəli sərəncamının icrası olaraq 2017-ci ildə rayon üzrə kənd təsərrüfatı məhsullarının istehsalçılarına əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına, habelə buğda səpininə görə 7143 nəfər istehsalçıya 14212.9 hektar əkin sahəsinin becərilməsinə görə 904 min 588 manat dövlət yardımı hesablanıb, fermer təsərrüfatlarına güzəştli qaydada 954,30 ton mineral gübrə və 704 litr pestisidlər satılıb.

Prezident İlham Əliyevin regionların özünü maliyyələşdirilməsi, mövcud iqtisadi potensialdan daha səmərəli istifadə olunması, idxalı əvəz edən və ixracyönümlü istehsal, emal və infrastruktur müəssisələrinin yaradılması və inkişaf etdirilməsi istiqamətində verdiyi tapşırıqlara uyğun olaraq, Zaqatala rayonunda məqsədyönlü tədbirlər davam etdirilir. Tütünçülüyü inkişaf etdirmək məqsədi ilə rayonda əsasən ətirli və qiymətli tütün sortları olan “Berley” və “Virciniya”nın yetişdirilməsinə üstünlük verilir. Bu məqsədlə “İntertobacco” şirkətində əvvəlki illərdə istifadəyə verilmiş 60 ədəd odla tütün qurutmaxanası, 5000 kvadratmetr sahəsi olan anbar binası, 7320 kvadratmetr sahəsi olan müasir texnologiyaya əsaslanan tütün şitillik təsərrüfatları məhsul istehsalını artırmağa imkan verir.

Fındıqçılığın inkişaf etdirilməsi ilə bağlı Prezidentin tapşırıqlarını yerinə yetirmək üçün müvafiq tədbirlər davam etdirilir. Belə ki, əhali arasında yeni fındıq bağlarının salınması istiqamətində maarifləndirmə işi aparılaraq, ötən ilin payızında 1 milyon 540 min ədəd pöhrə tədarük olunmaqla, 2560 hektar sahədə yeni fındıq bağı salınıb və rayonda ümumi fındıq bağlarının sahəsi 16419,5 hektara çatdırılıb. Bu ilin yaz mövsümündə isə 598 hektar sahədə yeni fındıq bağları salınıb. Rayonda bu il 5 hektar sahədə fındıq tingliyi təsərrüfatı yaradılıb ki, burada 300 min ədəd fındıq tingi yetişdirilərək, gələcəkdə 600 hektar əraziyə əkiləcək.

Unudulmaqda olan, son illər isə inkişaf etdirilən aqrar sahələrdən biri də baramaçılıqdır. Bu il rayonda 21 ton barama istehsalı proqnozlaşdırılırdı. Bu məqsədlə rayon üçün ayrılmış 420 qutu barama qurdu toxumu mütəxəssis nəzarəti altında bilavasitə Zaqatala rayonunda inkubasiya edilərək, 178 nəfər kümçü ailəsinə paylanılmışdı. Kümçülərin fəaliyyəti nəticəsində 21 ton 328 kiloqram barama istehsal edilərək “Şəki-İpək ASC”-yə təhvil verilmişdir.

Rayonda tikinti sektorunda işlər uğurla davam etdirilir. Bütün maliyyə mənbələri hesabına 4,2 milyon manat həcmində tikinti, abadlıq və quruculuq işləri görülüb. Büdcə vəsaiti hesabına Zaqatala Rayon Məhkəməsi üçün yeni inzibati binanın, şəhərin Şəhriyar küçəsində Fövqəladə Hallar Nazirliyinin xətti ilə inşa edilən çoxmənzilli yaşayış binasının tikintisi, Azərbaycan prospektində, Bayraq dairəsində, F.Əmirov və Şəhriyar küçələrində abadlıq və yenidənqurma işləri, 12 çoxmənzilli beşmərtəbəli yaşayış binalarında təmir işləri davam etdirilir. Ümumi sahəsi 4291 kvadratmetr olan 32 fərdi yaşayış evi istifadəyə verilib, sahibkarlar tərəfindən yeni ticarət, xidmət, turizm və istirahət obyektlərinin, çoxmərtəbəli yaşayış binalarının tikintisi aparılıb.

Avtomobil yollarının yenidən qurulması və əsaslı təmiri sahəsində də müəyyən işlər görülür. “Zaqatala rayonunun yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2017-ci il tarixli sərəncamı rayonda aparılan tikinti-quruculuq və abadlıq işlərinə böyük təkan verib və əhali tərəfindən rəğbətlə qarşılanıb. Bu sərəncamla Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə 4,4 milyon manat, o cümlədən Yevlax-Zaqatala-Gürcüstan Dövlət sərhəddi avtomobil yolunun Yuxarı Tala kəndi ərazisindən keçən hissəsinin yenidən qurulması üçün 1,8 milyon manat, şəhər ərazisindəki yeraltı piyada keçidinin tikintisinin başa çatdırılması üçün 2,6 milyon manat vəsait ayrılıb. Sərəncam imzalanan gündən yeraltı piyada keçidində tikinti-quraşdırma işlərinə başlanılıb.

Əhalinin təbii qazla təminatının yaxşılaşdırılması istiqamətində də işlər görülüb, rayonun şəhər, qəsəbə və kənd yaşayış məntəqələrində qaz xətlərində təmir-bərpa işləri davam etdirilib. Ümumilikdə, müxtəlif diametrli borularla 1526 metr uzunluğunda qaz xətti çəkilib, Zaqatala xidmət sahəsi üzrə abonentlərin sayı 21071-ə çatdırılıb.

“Azərişıq” Açıq Səhmdar Cəmiyyəti Zaqatala elektrik şəbəkəsi tərəfindən əhalinin fasiləsiz elektrik enerjisi ilə təmin edilməsi məqsədilə 4 ədəd yeni tipli, müasir standartlara cavab verən müxtəlif güclü kompleks transformator məntəqəsi quraşdırılıb, müxtəlif gərginlikli elektrik verilişi xətlərində 12, 5 kilometr uzunluğunda yeni naqil çəkilib, 307 ədəd metal və dəmir-beton dayaq, 406 ədəd yeni elektron tipli elektrik sayğacı quraşdırılıb və Bəhmətli hava xətti tamamilə yenidən qurulub.

Bütün bunlar dövlətin qarşıya qoyduğu siyasəti yerinə yetirən, proqram və layihələri reallaşdıran sadə insanların əməyinin göstəriciləridir. Etiraf edək ki, həmin göstəricilərin əldə edilməsi asan başa gəlmir. Çünki hər sahənin öz çətinlikləri var. Ancaq Azərbaycan Prezidentinin tövsiyə və tapşırıqları əsasında bir sıra məsələlər “ASAN”laşdırılır. Zaqatalada olarkən öyrəndik ki, avqustun 2-dən 31-dək səyyar “ASAN xidmət” Zaqatala rayonunda vətəndaşlara xidmət göstərəcək. Səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə, Daxili İşlər, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur. Səyyar “ASAN xidmət”in həyata keçirilməsinin əsas məqsədi dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmini və vətəndaş məmnunluğuna nail olunmasıdır.

İşiniz avand, yolunuz rəvan olsun!

 

İlqar HƏSƏNOV

 

Xalq qəzeti.- 2017.- 26 avqust.- S.6.