50 il ekranlarda

 

“Azərbaycan” jurnalının 1967-ci ilin fevral nömrəsində “Dağlarda döyüş” filminin ssenarisi dərc olunmuşdu. Həmin il yazıçı-dramaturq Əhmədağa Muğanlının bu ssenarisi C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında kinorejissor Kamil Rüstəmbəyov tərəfindən ekranlaşdırıldı.

60-cı illər, bütövlükdə, Azərbaycan kinosunda yeni bir dövrün başlanğıcı idi. Filmlərimizdə sosialist realizmi cərəyanı əsas meyar olsa da, milli adət-ənənələr unudulmurdu. Bu illərin filmləri üçün xarakterik olan cəhət ondan ibarət idi ki, onlarda yenilik axtarışlarına meyl hiss olunurdu. “Dağlarda döyüş” filminin yaradıcıları zamanın ruhunu saxlasalar da Vətənə məhəbbət əsas motiv kimi əks olunmuşdur. Hansı zamanda, hansı vəziyyətdə olursa-olsun, Vətən sərhədləri qorunmalıdır. Filmin əsas qayəsi də budur ki, sərhədçilər Vətənin keşiyində həmişə ayıq-sayıq dayanmalı, filmdə olduğu kimi, sərhədi pozan ən yaxın adam olsa belə, ona güzəşt etmək ən azı mənəvi cinayətdir.

“Dağlarda döyüş” hərbi-vətənpərvərlik mövzusundadır. Filmdə sərhədçilərin adi, gündəlik fəaliyyətlərindən, sərhəddə sayıq durmalarından, çətin, lakin şərəfli vəzifələrindən danışılır. Valideyn məhəbbəti ilə Vətənə, vəzifə borcuna sədaqətin qarşılıqlı olması, amma Vətənin hər şeydən uca tutulması filmin əsas qayəsidir. Filmdə Böyük Vətən müharibəsində əsir düşənlərin yaralı şəraitdə düşmən əlinə keçməsinə baxmayaraq, Vətənə qayıtdıqdan sonra repressiya qurbanı olmalarından və onların faciəli aqibətindən də söhbət açılır.

Bizim bədii kino tariximizdə sərhədçilərin həyatından bəhs edən daha bir bədii film də istehsal olunmuşdur. Kinorejissor Əbdül Mahmudovun çəkdiyi “Doğma sahillər” filminin də ssenarisini Əhmədağa Muğanlı yazmışdır. Ə. Muğanlı özü sərhəd qoşunlarında xidmət etmişdi. Ona görə ssenarilərindəki hadisələr real təsir bağışlayır.

“Dağlarda döyüş” filminin uğurlu alınmasının bir səbəbi də burada aktyor ansamblının düzgün seçilməsi idi. Azərbaycanın Xalq artisti Rza Əfqanlı Sərxan rolunu məharətlə oynayır. Onun hərəkətlərində, mühakimə və etiraflarında bədbəxt bir insan qəlbinin ümidsiz çırpıntıları ilə atalıq məhəbbəti vəhdət təşkil edir. Fərrux rolunu ifa edən Xalq artisti Şahmar Ələkbərov da sərhədçi əsgər Fərruzun rolunu çox səmimi oynayır.

Fərruxun köhnə evlərinin xarabalıqları qarşısında düşüncələri, atası ilə vuruş səhnələri, sevgilisi Hicranla görüşləri təbii və inandırıcıdır.

Digər rolların ifaçıları-- Kamal Xudaverdiyev, Möhsün Sənani, Ofeliya Sənani, Süleyman Ələsgərov, Məlik Dadaşov və başqaları maraqlı obrazlar yarada bilmişlər.

Xalq artisti, bəstəkar Cahangir Cahangirovun filmdəki hadisələri tamamlayan musiqisi onun təsir qüvvəsini artırır.

Film 50 ildən artıqdır ki, ekranlardadır. O, təkcə Azərbaycanda deyil, bir sıra xarici ölkələrdə də müvəffəqiyyətlə nümayiş etdirilmişdir.

 

M. MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2017.- 3 dekabr.- S.5.