Yer üzünün Azərbaycan təntənəsi”

 

Bu, şüar, pafos, yaxud da hansısa tədbirin epiteti deyil. Unudulmaz şairimiz Tofiq Bayramın şeirlərinin birində ürəklə, fəxrlə yazdığı misralarındandır:

 

Könlüm necə qartal kimi

                                      havalanmasın?

Yer üzündə Azərbaycan təntənəsi

                                                        var!

 

Əslində, “Azərbaycan təntənəsiadlanan bu şeir çox illər öncə yazılıb, amma bu günümüzün reallığıdır. Elə şairin də böyüklüyü, əzəməti, uzaqgörənliyidir ki, şeirləri həmişəyaşardır. Zamanın sığalına, ütüsünə, qayçısına ehtiyacı yoxdur.

16 dekabr bu görkəmli şairin doğum günüdür. Dillər əzbəri olan şeirlərində, ifalardan düşməyən mahnılarında, onu tanıyanların yaddaşında, sevənlərinin xatirələrində yaşayan Tofiq Bayram Azərbaycan poeziyasını zənginləşdirən, mövzu rəngarəngliyi ilə seçilən şairlərimizdəndir. Əlbəttə, mən onun yaradıcılığını təhlil etmək fikirində deyiləm. Çünki poeziyası çox dərin bir dəryaya bənzəyir. Hansı sahildən yanaşsan, bitib-tükənməyən söz töhfəsinin sehrinə düşürsən. Bu yerdə ulu öndərimiz Heydər Əliyevin böyük şairimiz haqqında fikirlərini yada salmaq istərdim. 24 sentyabr 1998-ci ildə Suraxanı rayonunun Əmircan qəsəbəsində Tofiq Bayramın büstünün və onun adını daşıyan parkın açılışında ümummilli liderimiz çıxışında demişdir: “ Suraxanı torpağı Azərbaycana, xalqımıza böyük insanlar vermişdir. Onların arasında Tofiq Bayramın xüsusu yeri var. Tofiq Bayram Azərbaycanda gözəl şeirləri və onun şeirlərinə bəstələnmiş mahnıları, fədakar yaradıcılığı ilə tanınmış və məşhur olmuşdur. Tofiq Bayramın sağlığında da xalq həmişə ona sevgi və məhəbbətini, hörmətini bildirmişdir. Mən şəxsən Tofiq Bayramla dəfələrlə görüşmüşəm, danışmışam, yazıçıların qurultaylarında onunla görüşmüşəm, bəzən də rayonlara etdiyim səfərlərdə də bir yerdə olmuşuq. Onun haqqında gözəl xatirələrim var.”

Tofiq Bayramın təkcə Vətənimizin vəsfi ilə bağlı yazdığı şeirlər poeziyamıza yeni bir təravət gətirib. Onun poetik nümunələrində ülvi hisslər, Vətən sevgisi elə ali məqamda, ucalıqda öz əksini tapıb ki, az qala, bu şeirlərin havasına qoşulub səsin gəldikcə hayqırmaq istəyirsən:

 

Mən Vətənə Füzuli,

Abbas Səhhət deyirəm.

Mən Vətənə Sabiri

Doğan qeyrət deyirəm,

Mən Vətənə Üzeyir,

Müşfiq, Səməd deyirəm,

Günəş kimi müqəddəs

Bir həqiqət deyirəm,

Azərbaycan deyəndə!

 

İstər-istəməz Xalq şairi Məmməd Arazın misraları yada düşür: “Azərbaycan deyiləndə ayağa dur ki, Füzulinin qəlbinə toxuna bilər.” Ustad şairlərin mənəvi yaxınlığı, məram birliyi, arzu gerçəkliyi bax, budur! Tofiq BayramınAzərbaycanım”, “ Ay anam Bakı”, “Azərbaycan dünya gəzir”, “ Azərbaycan təntənəsi”, “ Azərbaycan haqqında nəğmə”, “Azərbaycan deyəndə”, “Azərbaycanım gəlir”, “ Qəhrəman Azərbaycanım”, “Alqış deyim”, “Ən gözəl”, “ Zəfər yaraşırvə onlarca digər şeirlərində yurdumuzun gözəllikləri dil açır, Vətən övladlarının hünərindən, şöhrətindən danışılır. Şairin məşhurAna dilimşeiri bu gün də aktual və dillər əzbəridir:

 

Mən qədimQarabağ şikəstəsiyəm,

Üzeyir nəfəsli gül dəstəsiyəm.

Vaqifin, Vurğunun nifrət səsiyəm,

Öz ana dilini bilməyənlərə!

 

Tofiq Bayram 1991-ci ildə 56 yaşında dünyasını dəyişib. Bu, o zamanlar idi ki, namərd ermənilər Qarabağ iddiasına düşərək soydaşlarımızı dədə-baba torpaqlarındanQərbi Azərbaycandan deportasiya etmişdilər. Varlığından artıq sevdiyi Bakısında 20 Yanvar faciəsi törədilmişdi. Müxtəlif tədbirlərdə, televiziya çıxışlarında özünəməxsus qətiyyət və avazla deyirdi:  Gözümü verərəm, Qarabağı vermərəm”. Bütün əsəb və gərginliyə baxmayaraq, Tofiq Bayram nikbin şair idi. Bu səbəbdən də üzünü Vətəninə tutaraq deyirdi: Şöhrətin ən uca zirvəsindəsən, hələ çox zirvələr gözləyir səni!” Arzuları həyata keçməkdədir şairin! Ruhu şad olsun!

 

Ülviyyə VAHİDQIZI

 

Xalq qəzeti.- 2017.- 16 dekabr.- S.7.