“Bülbül və Azərbaycan poeziyası”

 

Dünən AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində Azərbaycan professional vokal məktəbinin banisi, görkəmli müğənni, tədqiqatçı-alim və pedaqoq olan Bülbülün anadan olmasının 120 illik yubileyinə həsr edilmiş  elmi sessiya keçirildi.

 

Elmi sessiyanı “Sözün və musiqinin sərrafı” adlı məruzə ilə açan muzeyin direktoru, akademik Rafael Hüseynov yaratdığı koloritli obrazlarla ölməz musiqi və söz nümunələrini yaşadan Bülbül məktəbinin bu günün milli-mədəni tərəqqisində vacib rolunu vurğuladı. Bildirildi ki, Bülbül öz ecazkar səsi ilə hələ gənc yaşlarından xalqın sevgi və məhəbbətini qazanmış, keçmiş İttifaq dövründə milli musiqimizin təbliği istiqamətində böyük işlər  görmüşdür. 1932-ci ildə Azərbaycan Milli Konservatoriyasının nəzdində yaratdığı elmi tədqiqat musiqi kabineti xalq musiqimiz və aşıq havalarının yaddaşlara yazılmasında əvəzsiz xidmətlər göstərmişdir.

Sonra Bülbülün Memorial Muzeyinin direktoru Fərqanə Cabbarovanın “Bülbülün həyat və yaradıcılığı” mövzusunda məruzəsi dinlənildi. Natiq qeyd etdi ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin  sərəncamına əsasən, Bülbülün 120 illik yubileyi ölkə miqyasında geniş qeyd olunur.

Tədbirdə, həmçinin Qarabağ tarixi və ədəbi mühitini əks etdirən sərgi nümayiş olundu.

Artıq neçə ildir ki, Ermənistanın Azərbaycan Respublikasının torpaqlarına, mədəni sərvətlərinə təcavüzü davam edir. Bu amansız müharibə 100 mindən artıq milli-mədəni irs nümunəsinin düşmən qüvvələr tərəfindən dağıdılmasına və talan edilməsinə səbəb olmuşdur. Bunların sırasında Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Natəvan adına Qarabağ filialında toplanmış yüzlərlə nadir sənət incisi, rəsm əsərləri, xalçalar, miniatürlər, xatirə əşyaları, arxeoloji nümunələr də vardır.

Elmi sessiyada  AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Qarabağ filialı əmkdaşlarının bu vəhşiliyə, vandalizmə qarşı etirazını dünya muzeylərinə çatdıran müraciəti də səsləndi.

 

Qabil YUSİFOĞLU

 

Xalq qəzeti.- 2017.- 27 dekabr.- S.16.