Xocalı soyqırımı beynəlxalq

cinayət, insanlığa qəsddir

 

Ermənilər vəhşicəsinə həyata keçirdikləri Xocalı soyqırımı ilə  Azərbaycanın bu qədim yaşayış məskənini Yer üzündən silmək məqsədi güdmüşlər. Bu, təsadüfi deyildi. Çünki Xocalı şəhəri Azərbaycanın Dağlıq Qarabağ bölgəsində strateji əhəmiyyətli ərazi kimi də erməniləri narahat edirdi.  Xocalı Xankəndidən 10 kilometr cənub-şərqdə, Ağdam-Şuşa və Əsgəran-Xankəndi yollarının arasında yerləşirdi. Şəhərin əhəmiyyətini artıran səbəblərdən biri də Dağlıq Qarabağın yeganə hava limanının məhz burada yerləşməsi idi. Buna görə də   Ermənistan silahlı qüvvələrinin əsas məqsədi Xocalıdan keçən Əsgəran-Xankəndi yoluna nəzarət etmək və Xocalıda yerləşən aeroportu ələ keçirmək idi.

 

Qeyd edim ki, hələ faciədən 4 ay əvvəl, yəni 1991-ci il oktyabrın sonundan şəhərə gedən bütün avtomobil yolları bağlanmış və Xocalının mühasirəsi başlanmışdı. Bununla yanaşı, yanvarın 2-dən Xocalıya verilən elektrik enerjisi də kəsilmişdi. Beləliklə, artıq Xocalının Azərbaycanın digər bölgələri ilə bütün əlaqələri kəsilmiş, yalnız yeganə nəqliyyat vasitəsi vertolyot qalmışdı. Ancaq bir neçə ay sonra Xocalı ilə vertolyot əlaqəsi də kəsildi. Yəni, 1992-ci ilin yanvarın 28-də Ağdamdan Şuşaya uçan Mİ-8 vertolyot şəhərə çatmamış, Xəlfəli kəndinin üzərində Xankəndi tərəfindən raketlə partladıldı, içərisində olan 3 nəfər heyət üzvü və 41 sərnişin həlak oldu. Bundan sonra isə Ermənistan ordusu bir-birinin ardınca yuxarı Qarabağda azərbaycanlılar yaşayan sonuncu yaşayış məntəqələrini də işğal etdilər. 1991-ci ilin sonunda Qarabağın dağlıq hissəsindəki 30-dan çox yaşayış məntəqəsi, o cümlədən Tuğ, İmarət-Qərvənd, Sırxavənd, Meşəli, Cəmilli, Umudlu, Kərkicahan digər strateji əhəmiyyətə malik kəndlərimiz ermənilər tərəfindən yandırıldı, dağıdıldı və talan edildi.

Ermənistan silahlı qüvvələri 1992-ci il fevralın 25-dən 26-na keçən gecə   Xankəndidə yerləşən keçmiş SSRİ-nin 4-cü ordusunun 23-cü diviziyasına daxil olan 366-cı motoatıcı alayın 10 tankı, 16 zirehli transpartyoru, 9 piyadaların döyüş maşını, 180 nəfər hərbi mütəxəssisi və xeyli canlı qüvvəsi ilə Xocalını mühasirəyə aldı. Ermənilər ən müasir silahlarla şəhərə hücum edərək Xocalı şəhərini yerlə-yeksan etdilər. Çoxsaylı ağır texnika ilə şəhər tamamilə dağıdılmış, yandırılmış və insanlar xüsusi qəddarlıqla qətlə yetirilmişdir. Onların içərisində başları kəsilən, gözləri çıxarılan, dərisi soyulan, diri-diri yandırılan və digər şəklə salınanlar çoxluq təşkil edirdi. İstintaq materiallarından məlum olur ki, hücuma rəhbərlik edən və hazırda Ermənistanın müdafiə naziri olan Seyran Ohanyanın, eləcə də 366-cı alayın 3-cü batalyonunun komandiri Yevqeni Nabokixinin komandasında əlavə olaraq 50-dən çox erməni zabiti və giziri iştirak etmişdir.

Bu soyqırımı nəticəsində, rəsmi rəqəmlərə görə, 613 nəfər öldürülmüşdü ki, onlardan 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri isə qocalar idi. 8 ailə tamamilə məhv edilmişdi. 487 nəfər şikəst olmuşdu ki, onlardan da 76-sı uşaqdır. Bundan əlavə, 1275 nəfər əsir götürülmüş, 150 nəfər itkin düşmüşdür.

Burada onu da qeyd etmək istərdim ki, bəşəriyyət tarixin müxtəlif mərhələlərində baş vermiş müharibələrin, qırğınların, fəlakətlərin, məhrumiyyətlərin və faciələrin şahidi çox olub. İnsanları sarsıdan ən müxtəlif vəhşiliklər də sivilizasiyamızın reallıqları sırasında olub. XX əsrin ortalarında faşizmin yəhudi xalqına qarşı törətdiyi cinayətlərin miqyası tarixdə baş vermiş bütün cinayətləri kölgədə qoymuşdur. Nasistlərin amansızcasına həyata keçirdikləri Xolokost bunların ən dəhşətlisi idi. Amma bu gün çəkinmədən demək olar ki, Xocalıda ermənilərin törətdiyi vəhşiliklər amansızlığı və qəddarlığı ilə Holokostu da ötdü. Faşizmin törətdiyi Holokostla ermənilərin törətdiyi Xocalı qətliamının iki əsas oxşar cəhətindən biri onların bir millətin amansızlıqla Yer üzündən silinməsinə yönəlməsidir. Holokost cinayəti əsasən yəhudilərə və qaraçılara qarşı törədilmişdi. Xocalı cinayəti isə birbaşa azərbaycanlılara yönəlmişdir. Onlar hər ikisi fəlakətlər gətirən müharibənin fonunda törədilmişdi. Ancaq hər iki cinayəti birləşdirən ikinci bir məqam onların məqsədyönlü şəkildə törədilməsi idi. Bu cinayətlərin heç biri qəzəblənmiş insanların qisasının kortəbii nümayişi olmamışdır. Onların hər ikisi qabaqcadan hazırlanmış və təşkil olunmuşdu. Bu iki bəşəri cinayəti birləşdirən digər bir məqam isə yüzlərlə günahsız insanın-qocanın, qadının və uşağın yalnız milli mənsubiyyətinə görə amansızlıqla qətlə yetirilməsidir.

Bütün dünyanın gözü qarşısında baş verən bu dəhşətli soyqırımının əsl mahiyyəti yalnız ümummilli lider Heydər Əliyev 1993-cü ildə siyasi hakimiyyətə yenidən qayıtdıqdan sonra açıqlanmış, 1994-cü ilin fevralında Azərbaycan Respublikasının Milli Məclisi Xocalı soyqırımına siyasi-hüquqi qiymət vermişdir. Bundan əlavə azərbaycanlılara qarşı zaman-zaman törədilmiş soyqırımı ilə əlaqədar ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı fərmanla 31 Mart Azərbaycanlıların Soyqırımı Günü elan edilmişdir.

2002-ci il fevralın 25-də ümummilli lider Heydər Əliyev Xocalı soyqırımının 10-cu ildönümü ilə əlaqədar Azərbaycan xalqına müraciətində bu amansız soyqırımına əsl qiyməti vermişdir: “Xocalı faciəsi 200 ilə yaxın bir müddətdə erməni şovinist- millətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı və ən qanlı səhifəsidir”.

Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən kompleks tədbirlər və təbliğat kampaniyaları Avropa ölkələrini Xocalı soyqırımına yeni prizmadan yanaşmağa, onlara erməni faşist ideologiyasının mahiyyətini açan vəhşiliklərlə daha yaxından tanış olmağa imkan vermişdir ki, bu da münasibətləri kökündən dəyişmişdir. Bu işdə Heydər Əliyev Fondunun xidmətləri də xüsusi minnətdarlıqla qeyd olunmalıdır. Məhz Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə bir sıra ölkələrin paytaxtlarında Xocalı soyqırımı ilə bağlı keçirilən tədbirlər, erməni vəhşiliklərini əks etdirən foto-sərgilər müxtəlif xalqların nümayəndələrini, dövlət rəsmilərini, diplomatları, mətbuat nümayəndələrini baş vermiş hadisələr barədə geniş məlumatlandırmışdır.

Bütün bunlar dünyanın ədalətsizliklərindən yorulmuş, haqqın qələbəsinə inamını itirmiş xalqımızın ümidlərini dirçəldir və Xocalıda, Qaradağlıda, Kərkicahanda, Malıbəylidə onun qanını tökmüş qəddar erməni faşistlərinin ən yaxın zamanlarda öz ədalətli cəzalarını alacaqlarına onda qəti inam yaradır.

Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzü nəticəsində Xocalıda baş vermiş faciə insanlıq tarixində törədilmiş ən dəhşətli faciələrdən biri olmuşdur. Bu işdə  məsuliyyət daşıyanlar beynəlxalq ədalət qarşısında  hələ də cəzasız qalmışlar. Hazırda beynəlxalq ictimaiyyət tərəfindən Xocalıda baş vermiş cinayətlərin tanınması prosesinin genişlənməsi ədalətin bir gün bərqərar olacağına böyük ümidlər yaradır.

Yeri gəlmişkən,  Xocalı qətliamı erməni quldurlarının iki yüz ildən artıq xalqımıza qarşı tətbiq etdikləri deportasiya və soyqırımı siyasətinin davamı və ən faciəli səhifəsidir. Ötən əsrdə 2 milyona yaxın günahsız azərbaycanlı və türk qətlə yetirilmişdir. Qədim Azərbaycan torpaqlarında erməni dövlətinin qurulması üçün əraziləri boşaltmaq məqsədilə 1920-ci ilədək yarım milyona qədər azərbaycanlı bugünkü Ermənistan ərazisindəki doğma yurdlarından qovulmuşdur. Etnik təmizləmə sonrakı dövrlərdə də davam etdirilmişdir. 1948-1953-cü illərdə yüz minlərlə azərbaycanlı Ermənistandan deportasiya edilmişdir. 1988-1993-cü illərdə isə 1 milyon azərbaycanlı Ermənistandan və Dağlıq Qarabağdan qovulub didərgin salınmışdır.

Onu da qeyd etmək vacibdir ki, Dağlıq Qarabağ münaqişəsi kimi qələmə verilən savaş, əslində, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, açıq-aşkar ekspansiya siyasətidir. Ermənilər Xocalı faciəsinin törədildiyi günədək dinc azərbaycanlılara qarşı dəfələrlə terror aktları törətmiş, insanları kütləvi şəkildə qətlə yetirmək üçün müxtəlif iyrənc metodlardan istifadə etmişdilər. Bu fikrin təsdiqi kimi bəzi faktlara nəzər salaq. Belə ki, 16 sentyabr 1989-cu ildə çoxlu insan tələfatı ilə nəticələnən Tbilisi-Bakı, 18 fevral 1990-cı ildə Yevlax-Laçın yolunun 105-ci kilometrliyində Şuşa-Bakı, 11 iyul 1990-cı ildə Tərtər-Kəlbəcər, 10 avqust 1990-cı ildə Tbilisi-Ağdam marşrutları ilə hərəkət edən, 30 noyabr 1990-cı ildə Xankəndi aeroportu yaxınlığında sərnişin avtobuslarının partladılması, 9 yanvar 1991-ci ildə “Molodyoj Azerbaydjana” qəzetinin müxbiri Salatın Əsgərova və 3 hərbi qulluqçunun olduğu avtomobilə qarşı terror aktı nəticəsində 4 nəfərin qətlə yetirilməsi, 30 may 1991-ci ildə Rusiya Federasiyası Dağıstan Respublikasının Xasavyurd stansiyası yaxınlığında, 31 iyul 1991-ci ildə Dağıstan Respublikasının Temirtau stansiyası yaxınlığında Moskva-Bakı sərnişin qatarlarının partladılması, 8 yanvar 1992-ci ildə Türkmənistandan Krasnovodsk-Bakı marşurutu ilə hərəkət edən dəniz bərəsində törədilən terror aktı, 28 yanvar 1992-ci ildə Ağdam-Şuşa marşrutu ilə uçan Mİ-8 mülki vertolyotunun Şuşa şəhəri yaxınlığında vurulması və digər terror aktları Ermənistanın azərbaycanlılara qarşı soyqırımı siyasətinin yeni və daha amansız dalğasının açıq təzahürü idi.

Yazının sonunda onu da xatırladım ki, hazırda ölkə başçısı İlham Əliyevin rəhbərliyi ilə dövlətimiz dinamik inkişaf edir və onun hərbi qüdrəti gündən-günə artır. Azərbaycan Cənubi Qafqaz regionunun lider dövlətinə çevrilmişdir. Bu mənada, Ermənistan heç bir sahədə özünü Azərbaycanla müqayisə edə bilməz. Eyni zamanda, işğalçı dövlətə göstərilən beynəlxalq təzyiq də güclənməkdədir. Nüfuzlu beynəlxalq təşkilatlar, dünya dövlətləri Azərbaycanın ərazi bütövlüyünü tanıyır.

Bütün bunlar sülh danışıqlarında Azərbaycanın mövqelərini daha da möhkəmləndirir və haqq səsimizin dünyaya çatdırılmasında bizə yeni imkanlar açır. Ona görə də hər bir azərbaycanlı əmindir ki, gec-tez dövlətimizin ərazi bütövlüyü təmin ediləcək, Xocalı soyqırımının və digər cinayətlərin bütün iştirakçıları layiqli cəzalarını alacaqlar.

 

Sübut ƏSƏDOV,

hüquqşünas, politoloq

 

Xalq qəzeti.- 2017.- 25 fevral.- S.5.