Təkrarsız xanəndə və muğam bilicisi

 

Azərbaycan mədəniyyətinin tanınmış nümayəndələri, xüsusən muğamatxalq mahnıları ifaçıları arasında ad-san qazanmış xanəndələr ona ərklə “Əmi”, – deyə müraciət edirlər. Bu ada xanəndələr arasında çox az adam nail olubCabbar əmi, Xan əmi kimi. Çünki bu ad muğamat kimi bir ümmanın hər qətrəsinin dadını - tamını bilən, onun şəkərini, duzunu düzgün müəyyən edən, ifa etdiklərini sənət əsəri səviyyəsinə qaldıran adamlara verilir. Bəlkə də elə buna görədir ki, Üzeyir Hacıbəyliyə və Seyid Şuşinskiyə bu adı da kifayət hesab etməyib, onları seçilənlər arasından da seçib, birinə “Bəy”, digərinə isə “Ağa” deyə müraciət ediblər…

Bizim günlərimizdə adlarını sadaladığım bu korifeylərin layiqli davamçısı Azərbaycanın Xalq artisti, “Şöhrət” və “İstiqlalordenli Əlibaba Məmmədovdur ki, həmkarları, onu tanıyanlar, haqqında söhbət düşəndə, adını belə çəkmədən, sadəcə “Əmi” deyirlər…

…1930-cu il fevral ayının 5-də Abşeronun məşhur Maştağa kəndində rəncbər Balaəhməd kişinin ailəsində doğulub.

O dövrü yaşayanlar, Allah canlarını sağ, ömürlərini uzun eləsin, nə qədər ağır illər olduğunu yaxşı xatırlayırlar – dolanışıq oldcuqca çətin idi. Xüsusən, torpağa bağlı adamlar bir parça çörək üçün gecə-gündüz, əllərində bel, əkində-biçində çalışmalı olurdular. Bir yandan da, necə deyərlər, havadan barıt qoxusu gəlir, hamı müharibə olacağından danışırdı. Üstəlik, ölkə daxilində vəziyyət, tuthatut, “qonşu getdi, mən qaldım, görək sabaholacaq”,– fikri ilə gecəni evində başa vurub, səhəri şükür ilə açırdılar.

Əlibabanın göz açıb ayağı yer tutduğu ailə də belə bir şəraitdə iki qız, bir oğlan uşağı böyüdürdü. Balaəhməd kişi həyat yoldaşı ilə birlikdə Maştağadakı sovxozda çalışırdı. Burada aldıqları pul çörəyə ancaq çatırdı. Bakılılar demiş, noxəriş, yəni, yavanlıq üçün isə həyətyanı sahəsində bazara çıxarılası nə mümkünsə əkib-becərirdi. Balaca Əlibaba da hələ məktəb yaşına çatmamış, atasının onun boyuna görə düzəltdiyi beli əlinə alıb xır içində vurnuxur, alaq edir, ləkləri suvarırdı.

...Bu xatirələr yada düşəndə, indi öz sahəsində əzəmət, qürurnüfuz sahibi olan Xalq artistimizin gözləri dolur, Füzulinin ürək dağlayan qəzəllərini ən həzin muğamlar üstündə oxuyanda belə titrəməyən səsi əsir, müsahiblərinin qəlbini titrədir. Özünün təbiri ilə desək:

– Bəli, yaşıdlarının o vaxtlar Bakıda və Abşeron kəndlərində dəbdə olan şumaqədər, ənzəli, kosaldıqaç kimi oyunlarına həsrət qala-qala birgördü ki, məktəb yaşını haqlayıb. Kənddəki 128 saylı məktəbin birinci sinfinə daxil oldu. Allah bir tərəfdən alanda, o biri tərəfdən verir,– deyirlər. Dərslərini əla qiymətlərlə oxuyur, müəllimlərin sevimlisinə çevrilirdi. Ata-ana da oğullarının uğurunu görüb sevinirdilər. Amma bu sevincuzun sürmədi. 1942-ci ildə, Əlibaba 4-cü sinfi bitirər-bitirməz ailə öz başçısını itirdi. İki bacı, bir ananın çörək təknəsinin qayğısı evin yeganə kişisi olan 12 yaşlı uşağın çiyinlərinə çökdü. O, bu sınaqdan da alnıaçıq, üzüağ çıxdı…

Lap kiçik yaşlarından, hələ məktəbə getməzdən əvvəl balaca Əlibabanın fövqəladə musiqi istedadına malik olması üzə çıxmışdı. O, az bir müddətdə nağarada, tarda və klarnetdə mükəmməl ifa etməyi öyrənmişdi. Artıq toylara da gedir, yaşına və o dövrə görə babat pul da qazanırdı. Buna baxmayaraq, oxumaq, təhsil almaq, ciddi sənət sahibi olmaq arzusu onu rahat buraxmırdı. Həmkarları, yaxınları arasında belə çox az adam bilir ki, qarşısına qoyduğu məqsədə çatmaq yolunda sarsılmaz iradə və bacarıq sərf edən Əlibaba Məmmədov ilk təhsili üzrə neftçi olub və hətta Türkmənistanın Nebitdağ şəhərində təyinat üzrə 2 il buruq ustası vəzifəsində çalışıb. Orada da yüksək peşəkarlıq nümayiş etdirib, öz işinin mahir ustası kimi ad-san qazanıb. Beləliklə, bir daha sübut edib ki, ürəyində, qəlbində istedad rüşeymi cücərən hər kəs həvəsi olan hansı bir işdən yapışsa, uğur qazanar. Bu fikri tez-tez səsləndirir, yaşadığı ömrün, qazandığı nailiyyətlərin zirvəsindən indiki gənclərə sanki tövsiyə verir.

Türkmənistanda təyinat müddətini başa vurub Vətənə döndükdən sonra neftçi peşəsini davam etdirmək fikrində idi. Lakin musiqiyə olan həvəs sanki daxili bir tələbata çevrilmişdionu bir an belə rahat buraxmırdı. Toylara, el şənliklərinə gedir, ifaçıları nağarada müşayiət edirdi.

İstedad gec-tez üzə çıxmalıdır və çıxır da. Bir gün hansısa bir toyda təsadüfən israrlı tələblə oxumalı olur. O qədər alqışlayırlar ki, musiqiçi dostları ondan toylara xanəndə kimi getməyi xahiş edirlər. Beləliklə də muğamat üfüqlərində yeni bir ulduz parlaq şölə saçmağa başlayır. 19 yaşlı gənc xanəndəni müsabiqə yolu ilə filarmoniyaya solist qəbul edirlər. Bu isə Əlibaba Məmmədovun professional xanəndəlik peşəsində sənət əsərləri yaratmaq yolunda qələbə yürüşünün startı olur. Onun həyatında bir neçə belə xoş təsadüf olub ki, sonradan xoşbəxt gələcəyinin təmin olunmasında müstəsna rol oynayıb. Adil Gərayla, Səid Rüstəmovla və əlbəttə, Seyid Şuşinski ilə təmasları yüksəlişin pillələri oldu..

Gərək bu barədə Əlibaba Məmmədov özü danışanda dinləyəsən. Nə qədər şükranlıq, nə qədər qədirşünaslıq yağır onun sözlərindən, xatirələrindən…

Belə söhbətlərimiz çox olub. Bakı Baş Mədəniyyət və Turizm İdarəsinin nəzdində “Vahid” ədəbi məclisi yaradılan gündən onun ağsaqqal qismində daimi üzvüdür. Çoxəsrlik Azərbaycan poeziyasının mühüm tərkib hissəsi olan qəzəl janrının sinədəftər bilicisi kimi, əli yeni qələm tutan gənc şairlərin yaradıcılığına ağsaqqal müəllim kimi xüsusi bir ehtiramla diqqət yetirir, onlara qayğı göstərir, dəyərli məsləhətlər verir.

Vahidlə görüşlərindən maraqlı epizodlar danışır, şairin yeni yazdığı qəzəlləri çox vaxt məhz ona təqdim etməsindən, ilk dəfə onun səsi ilə xalqa çatdırılmasından çoxlu misallar gətirir. Əlibaba müəllim bunu da xüsusi iftixar hissi ilə bildirir ki, Vahidin sözlərinə ilk dəfə musiqi bəstələyib, mahnılar yazan da məhz o özü olub. Bu gün dillər əzbəri olan “Vətən yaxşıdır” mahnısı kimi:

 

Vahid, sorma, Vətən

                                      nədən ­yaxşıdır?!

 

Adı gəlcək könlüm

                                    xəndan görünür!

 

Ustad xanəndə böyük şair haqqında söhbətlərini həmişə bu beyt ilə bitirir:

 

Gözəl həyatını, Vahid,

                                     fənayə sərf etmə,

 

Səni zəmanə yetirməz dübarə,

                                            bir dənəsən.

 

Bu sözlərin, təkrarsız bir xanəndə, yenilməz bir muğamat bilicisi, yaradıcılıq sahəsində zəngin istedad sahibi kimi, özünə də aid olması fəhmi ilə, həmin qəzələ yazdığı mahnını xüsusi şövqlə, çılğın bir ruh yüksəkliyi ilə ifa edir. Dinləyici inanır ki, ağıllı adamlar, xüsusən istedad sahibləri haqqında ən doğru sözü, ən düzgün fikri elə onlar özləri demişlər və belə halda təvazö gözləmək yersizdir. Çünki həqiqət təvazödən üstün kateqoriyadır.

Hazırda Heydər Əliyev Fondunun dəstəyi, Azərbaycan Mədəniyyət Fondunun layihəsi əsasında, Azərbaycan Televiziyasının təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin iştirakı ilə Bakıda keçirilən VI muğam müsabiqəsində iştirakçıların təqdim etdikləri muğamlara, onların şöbələrinə və təsniflərə dair izahları, qeydləri və iradları ilə hamı razılaşır. Çünki onlar da bilirlər ki, Əlibaba Məmmədov həqiqəti dilə gətirir. Azərbaycan muğamlarının saflığı uğrunda mübarizə mənəvi sərvətimizin əyarının artırılması uğrunda mübarizə deməkdir. Bu fəaliyyət Əlibaba Məmmədovu ictimai xadim səviyyəsinə yüksəldir. Onun müsabiqə boyu replikaları, müsbət rəyləri və iradları toplanıb nəşr edilsə, mükəmməl bir muğam ensiklopediyası meydana çıxa bilər. Bu kitaba epiqraf kimi Azərbaycanın Xalq artisti, Azərbaycan Milli Konservatoriyasının professoru Əlibaba Məmmədov sevə-sevə təkrar etdiyi bir həqiqəti həkk etdirərdi:

Bu gün mədəniyyətimizin və mənəviyyatımızın görünməmiş sürətlə inkişaf edib ən yüksək zirvələr fəth etməsi, muğamatımızın dirçəlib yeni həyat kəsb etməsi, xalqımızın mili-mənəvi sərvətləri siyahısına daxil edilməsi, bu müsabiqənin bütün dünyada böyük şöhrət və uğur qazanması Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sayəsində mümkün olmuşdur. Allah onu qorusun!

 

Hacı RAFİQ,

Vahid” ədəbi məclisinin sədri

 

Xalq qəzeti. - 2017.-8 iyun.- S.6.