Muzey ayı” proqramı

 

“Muzeylər və İslam həmrəyliyi” adı altında “Muzey ayı” proqramı həyata keçirilib. Proqram Mədəniyyət və Turizm Nazirliyi, UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası, Azərbaycan Milli Elmlər Akademiyası, Nazirlər Kabineti Yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin və Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf  Mərkəzinin birgə əməkdaşlığı çərçivəsində təşkil olunub.

Təhsil Nazirliyindən aldığımız məlumatda deyilir ki, proqramın məqsədi məktəbliləri muzeylərin kolleksiya fondu ilə tanış etmək, Azərbaycanın, eyni zamanda, İslam sivilizasiyasına mənsub olan xalqların milli və mədəni irsi, onların müxtəlif dövrlərə aid qarşılıqlı münasibətləri haqqında məlumat verməkdir.

Muzey ayı proqramında Bakı şəhərindəki ümumtəhsil məktəblərinin  şagirdləri paytaxtda fəaliyyət göstərən 16 aparıcı və 11 xatirə, ev, memorial ev muzeylərinə ekskursiyada olublar. Bu ekskursiyada 4269 məktəbli muzeylərin kolleksiya fondu ilə tanış olub.

Muzey ayı” proqramına Heydər Əliyev Mərkəzi, Müasir İncəsənət Muzeyi, Qız Qalası, “Şirvanşahlar Saray Kompleksi” Dövlət Tarix-Memarlıq Qoruq-Muzeyi, Azərbaycan Xalça Muzeyi, Miniatür Kitab Muzeyi, Azərbaycan Milli İncəsənət Muzeyi, H.Zərdabi adına Təbiət Tarixi Muzeyi, Azərbaycan Dövlət Musiqi Mədəniyyəti Muzeyi, Qala Dövlət Tarixi-Etnoqrafiya Qoruğu, “Atəşgah” Məbədi Dövlət Tarix-Memarlıq Qoruğu, eləcə də daha 15 muzeyev-muzeyi qoşulub.

 

Samirə Əliyeva,

 

Xalq qəzeti.- 2017.-8 iyun.- S.6.