Azərbaycana gələn turistlərin sayı ötən ilə nisbətən 24,5 faiz artıb

 

Azərbaycan Turizm Şurasının dördüncü iclası keçirilib.

APA-nın məlumatına görə, iclasda çıxış edən şuranın sədri, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib ki, ölkəyə gələn xarici turistlərin sayının artırılması, onlara göstərilən xidmətlərlə yanaşı, yerli vətəndaşların da ölkə daxilində mənalı istirahətinin təşkili üçün addımlar atılmalıdır: Buna görə də Milli Turizm Təbliğat Bürosuna ölkə daxilində fəaliyyət göstərən turizm şirkətlərinin təklif etdiyi proqramların cəmləşdirilərək saytlar vasitəsilə təbliğ olunması və yerli vətəndaşların istirahəti üçün xüsusi proqramların hazırlanması tapşırıldı.

Azərbaycana gələn turistlərin sayı ildən-ilə artır. Əgər ötən ilin 5 ayı ərzində ölkəmizə 768 min turist gəlmişdisə, bu il 956 min turist gəlib. Bu da ötən ilə nisbətən 188 minya 24,5 faiz artım deməkdir.

Ötən ilin ilk üç ayında xarici turistlər Azərbaycanda 40 milyon 629 min manat bank vasitəsilə ödəmələr etmişdilərsə, bu ilin eyni dövründə məbləğ 91 milyon 134 min manat olub”.

 

Xalq qəzeti.- 2017.-14 iyun.- S.8.