Türkiyədə Molla Pənah Vaqifin anadan olmasının

300 illiyi münasibətilə silsilə tədbirlər keçirildi

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinin keçirilməsi haqqında” 12 yanvar 2017-ci il tarixli sərəncam imzalamışdır. M.P.Vaqifin adı, həmçinin UNESCO-nun “2016–2017-ci illər üçün görkəmli şəxslərin və əlamətdar hadisələrin yubileyləri proqramı”na daxil edilmiş, cari il TÜRKSOY təşkilatına üzv dövlətlərdə “Molla Pənah Vaqif ili” elan olunmuşdur. Bu münasibətlə il ərzində çoxsaylı tədbirlər keçiriləcəkdir.

 

Azərbaycan və Türkiyənin Mədəniyyət və Turizm nazirlikləri, TÜRKSOY təşkilatı, Türk Mədəniyyəti və İrsi Fondu və Azərbaycan Milli Kitabxanası “Molla Pənah Vaqif ili”nin açılışı münasibətilə martın 2-də TÜRKSOY-un qərargahında və martın 3-də Sakarya Bələdiyyəsində kitab sərgisi və konfrans keçirdi.

Açılış mərasimi martın 2-də TÜRKSOY-un qərargahında Molla Pənah Vaqifin “Durnalar” şeirinə bəstələnmiş mahnı ilə başlanmışdır. Mahnı Ankara TRT xoru tərəfindən ifa olunmuşdur. Daha sonra tədbir iştirakçıları Azərbaycan Milli Kitabxanasının qızıl fondunda qorunan kitablardan ibarət şairin zəngin həyat və yaradıcılığını özündə əks etdirən geniş sərgi ilə tanış olmuşlar.

TÜRKSOY-un baş katibi Düsen Kaseinov “Molla Pənah Vaqif ili” ilə əlaqədar keçiriləcək tədbirlərdən danışmışdır. Azərbaycan Respublikasının mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev tədbirin keçirilməsinə görə TÜRKSOY təşkilatına minnətdarlığını bildirmiş, Molla Pənah Vaqif yaradıcılığından danışaraq onun Azərbaycan ədəbiyyatında və tarixində xüsusi rolu olduğunu bildirmişdir. Daha sonra çıxış edən Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Vaqif irsinin tədqiqinin vacibliyini vurğulamışdır.

Türkiyə Respublikasının mədəniyyət və turizm nazirinin müavini Nihad Gül, Azərbaycanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Faiq Bağırov, Qazi Universitetinin müəllimi, professor Ahmet Bican Ercilasun, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, AMEA-nın Ədəbiyyat İnstitutunun direktoru, millət vəkili, professor İsa Həbibbəyli, Avrasiya Yazarlar Birliyi sədrinin müavini, şair Ali Akbaş, Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov, Karabük Universitetinin ədəbiyyat fakültəsinin müəllimi, doktor Yıldız İsmayılova, TÜRKSOY-un Qazaxıstan təmsilçisi, doktor Askar Turganbayev M.P.Vaqif yaradıcılığından söz açaraq onun zəngin irsindən, ictimai-siyasi xadim kimi fəaliyyətindən bəhs etmişlər.

 

M. MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2017.- 7 mart.- S.12.