Azərbaycan ədəbi dil tarixinə işıq

salan əsər Türkiyədə nəşr olunub

 

Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, filologiya elmləri doktoru, professor Möhsün Nağısoylunun “Şirazi və onun “Gülşəni-raz” tərcüməsi” adlı kitabı Türkiyədə çapdan çıxmışdır.

 

Ölkəmizdə nüfuzlu mətnşünas-dilçi alim kimi qəbul edilən Möhsün Nağısoylu xarici ölkələrdə, xüsusilə də qardaş Türkiyə Respublikasında tanınan və öz nüfuzunu qoruyub-saxlayan türkoloq alimlərimizdən sayılır. XV əsr Azərbaycan şair-mütərcimi Şirazinin “Gülşəni-raz” tərcüməsinin filoloji-tekstoloji tədqiqinə həsr edilmiş bu əsər ilk dəfə Bakıda 2004-cü ildə nəşr edilmişdir. AMEA-nın müxbir üzvü Nizami Cəfərovun  dediyi kimi, ədəbi dil tariximizə gur işıq salan  “Gülşəni-raz” tərcüməsi orta yüzilliklərdə böyük şöhrət qazanmasına və geniş yayılmasına baxmayaraq, indiyədək istər Azərbaycanda, istərsə də başqa türkdilli ölkədə nə araşdırılmış, nə də nəşr olunmuşdu.

 “Gülşəni-raz” əsərini XIV yüzildə görkəmli Azərbaycan filosofu Şeyx Mahmud Şəbüstəri fars dilində məsnəvi biçimində yazmışdır. Onun layiqli varisi olan Şirazi isə müəllifin bu məsnəvisini 1426-cı ildə türkcəyə sərbəst şəkildə tərcümə etməklə yanaşı, ona müəyyən əlavələr də etmişdir. Əlavələr sayəsində orijinaldakı 1000 beyt əvəzinə, tərcümənin mətni, təxminən, 3000 beytə yaxındır. Şirazinin farscadan sərbəst bir biçimdə çevirdiyi əsər də farsca orijinalı kimi təsəvvüf, ictimai fikir tarixi, ədəbiyyat və dil tarixinin araşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.

“Gülşəni-raz”ın çoxlu əlyazma nüsxələrinin olmasına baxmayaraq, əsər istər ölkəmizdə, istərsə də xaricdə yetərincə tədqiq olunmamış və onun mətnini ilk dəfə Möhsün Nağısoylu nəşrə hazırlamışdır. Alim bu klassik əsəri filoloji-tekstoloji istiqamətdə ətraflı araşdırmış, tərcümənin çağdaş əlifba ilə mətnini, onun izahlarını və qısa lüğətini təqdim etmişdir. “Gülşəni-raz” tərcüməsinin dil və üslubu ciddi maraq doğurur. Məhz buna görə də əsər ədəbi dil tarixi üçün də zəngin material verir. Tərcümənin dili canlı xalq danışıq dili ifadələri ilə zəngindir. Burada xeyli sayda atalar sözləri və məsəllərə, frazeoloji ifadələrə rast gəlmək olur.

Əsərin mətni kitabın xeyli hissəsini əhatə edir. Mətn “Gülşəni-raz” tərcüməsinin türkcə transliterasiyasından ibarətdir. Kitabın “açıqlamalar” hissəsində sufi və təsəvvüvdə işlənən terminlərin və izafət birləşmələrinin anlamı verilir, onların istifadə məqamları və yerləri göstərilir. Təsəvvüfdə istifadə olunan terminlərin şərhi, izahı simvolika elminin hüdüdlarının və gizlində qalan sirlərinin ecazkarlığını nümayiş etdirir. Bəzi onomastik layın izahı, şübhəsiz, sözügedən əsərin tarixi onomastika üçün də bu tərcümə mətni son dərəcə mühüm qaynaqlardan biri sayıla bilər. 130 adın, sözün inter-pretasiyası tarixi qrammatika elminin öyrənilməsinə zəmin yaradır.

Bütövlükdə, M. Nağısoylunun kitabını oxuduqca aydın olur ki, Şirazinin “Gülşəni-raz” tərcüməsinin dili hələ yazıldığı dövrdə qədim türk sözlərindən ibarət olan arxaik elementlərlə və arxaik üslub xüsusiyyətləri ilə zəngin olmuşdur. Azərbaycanlı alimin xidməti isə əsəri incəliyinə qədər araşdırması və ilk dəfə olaraq onun mətnini ölkəmizdəki mütəxəssislərə, eləcə də dünya türkoloji araşdırmalar aləminə  təqdim etməsidir. Bu baxımdan Türkiyədə işıq üzü görən bu nəşr klassik türkoloji qaynaq olan “Gülşəni-raz” tərcüməsinin istifadə çevrəsini xeyli genişləndirmişdir.

 

İsmayıl Kazımov,

filologiya elmləri doktoru,

professor

 

Xalq qəzeti.- 2017.- 18 mart.- S.12.