Xalq, Vətən, torpaq sevgisi

 

Şair-dramaturq   Ramiq Muxtar qələmə aldığı  nəzm, nəsr, dram əsərlərində, bir qayda olaraq,  xalq yaradıcılığı, xalqın  taleyi, dərdi-səri, millətlərin dostluğu və qardaşlığına böyük diqqət yetirmişdir. Məhz bu məziyyətlərinə görə də şairin məqsədyönlü, faydalı fəaliyyəti, əsərlərinin dili,  bədii üslubu, siqləti onu xalqa sevdirmiş, insanlar arasında böyük maraq və  rəğbət oyatmışdır.

 

Ramiq Muxtarın   xalqımızın vüqarlı qızı, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya ithaf etdiyi  “Mənim oyaq yuxularım”  povesti  də ədəbi mühitimizdə maraqla qarşılanmışdır.

 “Mənim oyaq yuxularım” kitabına  yazılan ön sözdə qeyd olunur  ki, povestin əsas ideya xəttini, başlıca leytmotivini Azərbaycanın tarixən üzləşdiyi ədalətsizliklər, ermənilərin  azərbaycanlı əhaliyə qarşı həyata keçirdikləri qırğınlar, 1813-cü ildə Rusiya–İran sövdələşməsi nəticəsində imzalanan ” Gülüstan” müqaviləsi ilə Azərbaycan torpaqlarının  iki yerə parçalanması, Qarabağ həqiqətləri,  digər ağrı-acılı məsələlər təşkil edir.Erməni işğalı nəticəsində  torpaqlarından didərgin düşmüş qaçqın və məcburi köçkünlərin çəkdikləri əzab-əziyyətlər, yaşadıqları faciələr müəllif  tərəfindən ürək ağrısı ilə vurğulanır.

Şair-dramaturqun yaradıcılığında mühüm yer tutan, sonsuz mehr və məhəbbətlə qələmə aldığı “Mənim oyaq yuxularım”  povesti simvolik  mənası,  mündəricəsi, ədəbi manerası, cüjet  xətti ilə diqqəti  cəlb edir. Maraqlı və dərindən düşündürücü ideya-süjet xətti ilə şair novella janrından ustalıqla istifadə edərək müasir həyatımız  və bu günümüzdə baş verən hadisələr fonunda faktlar və məlumatlar  əsasında gördüyü yuxuları nəql edərək yeni məzmun və formada bir əsər yaratmışdır.

Əsərin məzmunu şairin gördüyü 13 yuxudan  ibarətdir. Povestin başlanğıcında müəllif  yazır: “Bütün bəşər övladlarına bəllidir ki, insan yatan vaxtı yuxu görür. Mən, 5 yaşından anadan yetim qalmış Ramiq Muxtar isə günün günorta çağı gözüaçıq vəziyyətdə yuxu görürəm... Bu “tərki dünyada”  şair ayaqüstü xəyala-yuxuya gedir və atası Muxtar kişi ilə bərabər  “səyahətə çıxıb” yuxusuna gələn obrazlarla görüşüb söhbət edirlər. Atası yuxuda oğluna yol göstərir, məsləhətlər verir.  Şair  oyanandan sonra  yuxularını  danışmağa və yazmağa başlayır.Şair oyaq yuxularında Azərbaycan tarixinin  müəyyən mərhələlərində  xalqımıza  qarşı təcavüzkarlıq siyasəti yeridən, millətimizin,  torpaqlarımızın  parçalanması və işğalına bais olanlar, müharibələrin, qırğınların, soyqırımlarının, terrorların törədilməsinə rəvac verənlər, torpaqlarımızın  işğal altında saxlanmasna  yardım göstərənlər  –Birinci Pyotr , İ.V. Stalin, Mixail Qorbaçov və onun əlaltıları , erməni katolikosu I Vazqen, “üç kəndirbaz” kimi təqdim olunan ATƏT-in Minsk qrupunun həmsədrləri və digər  surətlər ilə söhbətlərində  ermənilərin vəhşiliklərini, terrorçu bir toplum olmalarını sübut edən faktları qarşıya qoyur. Şairin bu məntiqli sübut,  dəlil və faktları  qarşısında həmin o şəxsiyyətlər öz tarixi səhvlərini etiraf edir, günahlarını boynuna alır və hətta Azərbaycan xalqından üzr istəyirlər.

Şair yuxularında,  həmçinin  Azərbaycanın böyük şəxsiyyətləri Məhəmməd Füzuli, Nəsrəddin Tusi, Mikayıl Müşfiq, Türkiyənin sabiq prezidenti Turqut  Özal, Gürcüstanın sabiq prezidenti Eduard Şevardnadze, Azərbaycanın sabiq prezidenti Əbülfəz Elçibəy, Əməkdar idman ustası Ələkbər Məmmədov və digərləri ilə görüşüb söhbət edir. Bu yuxularda Füzuli “Şəbi-Hicranı” dilə gətirib:” Mənim heykəlim öz Vətənimdədir,mən qürbət həyatı yaşamamışam...”,  Mikayıl Müşfiq isə: “Mən də istərdim ki, Nizaminin, Füzulinin, Hüseyn Cavidin, Cəfər Cabbarlının və Səməd Vurğunun şərəfinə  qoyulan heykəllərə bənzər ayaqüstü  heykəlim ucaldılsın...”, Turqut Özal: “Dağlıq Qarabağa görə mənim ruhum  çox narahatdır. Mən o zəfər gününü gözləyirəm. ..”, Eduard Şevardnadze: “...Mən inanıram ki, Azərbaycan Prezidenti İlham Əliyev  atası Heydər Əliyevin şərəfli yolunu uğurla davam etdirəcək və tezliklə Dağlıq Qarabağda Azərbaycan himninin əzəmətli sədası eşidiləcəkdir. Amin!”-deyir.

“Mənim oyaq yuxularım” son illər ədəbiyyatımızın   nəsr əsərləri içərisində ideya-siyasi xətti,  mövzu  aktuallığı, müasirliyi, ədəbi yaradıcılıq vüsəti, bədii təcəssümü, orijinallığı,  yığcam məzmun və  məna dəyəri ilə diqqəti cəlb edir.

İnanırıq ki, ədəbiyyatımızda ictimai-bədii  fəaliyyəti, poeziyamıza yeni nəfəs gətirən şeirləri, müasir həyatımızın yaşam tərzi və problemlərini əks etdirən dram əsərləri ilə  layiqli yer tutan,  oxucuların, tamaşaçıların  məhəbbətini qazanan şair-dramaturq Ramiq Muxtarın yeni əsərinə də  ədəbi ictimaiyyət tərəfindən  yüksək dəyər  veriləcəkdir.

 

Afət SADIQOĞLU

 

Xalq qəzeti.- 2017.- 7 may.- S.15.