“İrəvanda xal qalmadı”

 

Mayın 8-də Akademik Milli Dram Teatrının səhnəsində C. Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı tanınmış şair-dramaturq  Hidayətin erməni şovinistlərinin qədim İrəvan torpağında  soydaşlarımıza qarşı törətdiyi cinayətləri əks etdirən “İrəvanda xal qalmadı” tarixi dramını yeni quruluşda və redaktədə tamaşaçılara təqdim etdi.

 

Tamaşanın mayın 8-də göstərilməsi heç də təsadüfi deyildi. Məhz həmin gün –25 il bundan öncə cənnət Qarabağın dilbər guşəsi olan Şuşanı erməni qəsbkarları işğal etmişlər. Tamaşa ötən əsrin 80-ci illərində Azərbaycanın tarixi şəhərlərindən olan İrəvanda yaşayan həmvətənlərimizin milli zəmində üzləşdiyi erməni zülmündən, riyakar və ikiüzlü siyasətdən, represiya qurbanlarının acı taleyindən bəhs edir. Tamaşada ermənilərin xalqımıza  qarşı tarixi düşmənçiliyi yazıçı Sultan Oğuzun qələmə aldığı “Yurd” romanına ədalətsiz münasibət fonunda daha aydın görünür. Bu romanın dövlət mükafatına təqdim olunması erməni millətçiləri, yazarları tərəfindən açıq düşmənçiliklə qarşılanır. Həmişə olduğu kimi, bu dəfə də bu mükafatın Sultan Oğuza yox, erməni yazıçısına verilməsi üçün hər yola əl atsalar da, nəhayət,  niyyətləri həyata keçmir. Hər bir ədalətsizliyin bir sonu olduğu kimi, xainlik də bu dəfə puç olur.

Tamaşanın quruluşçu rejissoru və musiqi tərtibatçısı Nicat Mirzəzadə, rejissor asisstenti isə Tural Xəlilzadədir.

Tamaşada rolları Əməkdar mədəniyyət işçisi İftixar Piriyev, Əməkdar artist Vaqif Kərimov, aktyorlar Əjdər Zeynalov, Əhliman Ərşadlı, Zülfiyyə İsmayılova, Şəbnəm Cəbrayılova, Məryəm Qələndərova və başqaları ifa edirdilər. Tamaşanın sonunda rəmzi Tarix obrazını canlandıran İftixar Piriyev diz çökərək seyrçilərin timsalında Azərbaycan xalqına müraciət etdi, onları Vətəni sevməyə çağırdı. Aktyor qocaman və ədalətli tarixin dili ilə xalqımıza tez bir zamanda Qarabağa, Zəngəzura, İrəvana, Göyçəyə və bütün işğal olunmuş ata-baba torpaqlarımıza qovuşmağı arzuladı.

 

Rafiq SALMANOV

 

Xalq qəzeti.- 2017.- 13 may.- S.10.