Muğam Televiziya müsabiqəsinin növbəti

ünvanı Xəzər və Abşeron rayonları oldu

 

VI Muğam Televiziya müsabiqəsinin növbəti dinləmələri mayın 9-da Xəzər rayonunun Mərdəkan qəsəbəsində, mayın 11-də isə Abşeron rayonunun mərkəzində – Xırdalan şəhərində oldu.

 

Bəri başdan deyim ki, hər iki məkanda gerçəkləşən bu möhtəşəm layihə tədbir iştirakçıları və qonaqlar tərəfindən rəğbətlə qarşılandı. Həftənin dinləmələri tarixi bir günə – 9 May faşizm üzərində Qələbənin 72-ci ildönümünə təsadüf etdiyindən müharibə veteranlarının bir qismi müsabiqəni canlı olaraq zaldan izləmək şansı qazanmışlar. Məlum olduğu kimi, Abşeron kəndlərində muğamı və qəzəli tarixən çox sevirlər. Bu yerlər özünün muğam və qəzəl biliciləri ilə daim seçilib. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra milli -mənəvi dəyərlərimizin qorunması  və təbliği naminə ölkədə misli görünməmiş işlər görülür. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü və şəxsi səyi ilə həyata keçirilən bütün layihələrlə yanaşı, mədəni həyatımızda böyük  hadisəyə çevrilmiş muğam müsabiqəsi də hamı tərəfindən sevilir və alqışlanır. Adətən, müsabiqə dinləmələri başlanmazdan öncə tanınmış xanəndə və ifaçılar xatırlanır. Həmin gün belə ustad xanəndələrdən biri də Xalq artisti Hacıbaba Hüseynovun Teleradionun qızıl fondunda saxlanan bir lent yazısı ilə xatırlandı. Muğamatı və qəzəliyyatı həyatının mənası sayan ustad xanəndə Bakı mühitindən miras qalan ürfani melodiyaları, Şərq musiqisini və ədəbiyyatını, klassik Azərbaycan poeziyasını yaxşı mənimsəmişdi. Gənc xanəndələr bu dinləmələrdə Seyid Əzim Şirvani qəzəlləri üstündə muğamları ifa etmişlər. Birinci onluğa daxil olan Məftun Məmmədovun oxuduğu “Segah”, Nurlan Namazovun “Cahargah”, Səma Sultanovanın “Qatar”, Valid Abdullayevin “Mahur” və Rəvanə Əmiraslanlının  “Segah” muğamlarını  tamaşaçılar sürəkli alqışlarla qarşıladılar.

İkinci onluğun dinləmələri  mayın 11-də Xırdalan şəhərinin Heydər Əliyev Mərkəzində oldu. Son dərəcə müasir üslubda tikilən, öz gözəlliyi ilə göz oxşayan Heydər Əliyev Mərkəzində bir gün öncə –  mayın 10-da ölkəmizin hər yerində olduğu kimi, ümumilli liderimizin Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünü Abşeron camaatı böyük ruh yüksəkliyi və coşqu ilə qeyd etmişdi. Eyni şövqü və məhəbbəti muğam sənətimizə də olduğunu görüncə qəlbim iftixar hissi ilə döyündü.  Demək layihə təşkilatçılarının əməyi hədər getməyib. Nə qədər ki, muğam sənətimizə dövlətimiz tərəfindən diqqət və qayğı göstəriləcək bir o qədər də ulu muğam dünyamız, incəsənətimiz inkişaf edib təşəkkül tapacaq. Bu dəfə dinləməyə başlanmazdan öncə Xalq artisti Tələt Qasımov xatırlandı.

Ötən doqquz həftənin nəticələri göstərdi ki, müsabiqə iştirakçıları sənətdə bir az da püxtələşmiş, muğam dünyamıza daha  dərindən bələd olmuşlar. Bu fikirləri açıqlayan Televiziya müsabiqəsi layihəsinin icraçısı, Əməkdar incəsənət xadimi Nadir Axundov gənc xanəndələrin uğurlu  çıxışlarını qeyd etməklə yanaşı, öz iradlarını da açıqladı.

Yalnız tənqiddən nəticə çıxara bilənlər, öz üzərində daim çalışanlar, müsabiqənin gələcək dinləmələrində şans qazanmış olacaqlar.  Artıq müsabiqənin çoxu gedib, azı qalıb.  Lakin bu azlığın içərisində müsabiqənin ən çətin məqamları qalıb. Bu günün reallığı ilə ayaqlaşa bilməyənlər sabahın daha çətin sınaqlarına davam gətirə bilməyəcəklər,–deyə ustad xanəndə, Xalq artisti Əlibaba Məmmədov bu fikirləri bir daha gənc xanəndələrin nəzərinə çatdırdı.

Taleh Hüseynli, Nüşabə Kərimova, Türkan Orucova, Almaxanım Əhmədli və Pərviz Qasımov öz ifaları ilə münsiflər tərəfindən yüksək qiymət aldılar. Müsabiqənin şərtinə görə ən az bal toplamış iştirakçı iştirakını dayandırmalı olur. Bu həftə  Nüşabə Kərimova və Mirəli Sarızadə müsabiqəni dayandırdılar.

 

Rafiq SALMANOV

 

Xalq qəzeti.- 2017.- 14 may.- S.6.