Xalq qəlbinin tərcümanı

 

Musa Yaqub-80

 

Poetik məramını “Torpaq oldu əzəl andım, mən pərvanə – Vətən odum” beytində bəyan etmiş sevimli şairimiz Musa Yaqubun anadan olmasının 80 illiyini Bakıdakı pərəstişkarlarından sonra doğulub-böyüdüyü və sıx tellərlə bağlı olduğu İsmayıllı ictimaiyyəti də qədirbilənliklə qeyd etmişdir.

 

Rayonun “Qız qalası” istirahət zonasında keçirilən, yerli şeirsevərlərlə yanaşı, paytaxt ədəbi-mədəni mühitinin təmsilçilərinin də qatıldığı təntənəli məclisdə xalq qəlbinin tərcümanı olaraq, təmiz ad və böyük nüfuz qazanmış Musa Yaqubun həyat və yaradıcılığından geniş söhbət açılmış, onun könüllərdə yuva qurmuş poetik nümunələri qiraətçilərin və müğənnilərin ifasında qaynaqlandığı dağlarda-daşlarda əks-səda doğurmuşdur.

Poeziya bayramına çevrilən toplantının say-seçmə iştirakçılarını salamlayan İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov qədimdən-qədim milli ədəbiyyatımıza bir çox böyük söz ustası bəxş etmiş Şirvan torpağının indiki nəsillərinin bu silsilədə layiqli yer tutan Musa Yaqubla da öyündüyünü söyləmişdir. Başçı qeyd etmişdir ki, böyük söz sənətinə göz açdığı torpağın şeir-nəğmə qoxuyan təbii gözəlliklərindən pərvazlanmış şair el-obasına dərindən bağlılığı və qazandığı uğurları ilə özü ucaldığı kimi, İsmayıllının adını da çoxlarına doğmalaşdırmışdır.

Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar yubiliyarın bənzərsiz poetik istedadından, dillərə düşən lirikasından, zəhmət və ləyaqətlə formalaşmış bioqrafiyasından söz açmış, ona möhkəm cansağlığı , ömrünün müdriklik çağına layiq uğurlar arzulamışdır. AYB sədri layiq görüldüyü nüfuzlu Rəsul Rza mükafatını Musa Yaquba təqdim etmişdir.

Yubiliyarın sənət dostları Sabir Rüstəmxanlı, Əjdər Ol, Aqil Abbas, şairin heyranları adından çıxış edənlər sevgi-sayğılarını və xoş arzularını ifadə etmişlər.

Tanınmış qiraətçi Ağalar Bayramov, Aşıq Əhliman, Aşıq Yanvar və müğənni Zöhrə Abdullayeva Musa Yaqubun sözlərinə yazılmış nəğmələri səsləndirmişlər.

Şairin həmyerlisi Simran Həsənov Musa Yaqubun doğulduğu Buynuz kəndi və bütövlükdə İsmayıllı  əhalisinin yubiley sevincini bölüşmüş, qədirbilənliyə görə xalqımıza və dövlətimizə minnətdarlığını bildirmişdir.

Sonda Musa Yaqub yubileyi ilə bağlı göstərilən diqqət və səmimiyyətə görə həmyerlilərinə dərin razılığını ifadə etmiş, sənət məramına sadiq qalacağını söyləmişdir.

 

Tahir AYDINOĞLU

 

Xalq qəzeti.- 2017.- 17 may.- S.11.