Xalq əmanəti - Kamal Əhməd

 

Xalq Bankın həyata keçirdiyiXalq Əmanəti” layihəsinin növbəti nəşri işıq üzü görüb. On beşinci nəşr Azərbaycanın tanınmış rəssamı, Əməkdar incəsənət xadimi Kamal Əhmədin həyat və yaradıcılığına həsr olunub. 

 

Kamal Əhməd oğlu Əhmədov 1940-cı il fevralın 28-də Bakı şəhərində anadan olub. Erkən yaşlarında valideynlərini itirən balaca Kamal uşaq evində tərbiyə alır, çətin və məşəqqətli tale yaşayır. Rəssamlığa həvəsi onu Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinə gətirir. Onun müəllimlərindən biri Moskvada rəssamlıq təhsili almış ilk azərbaycanlı qadın rəngkar Vəcihə Səmədova idi. Rəngkarlıqda realist ənənələrinin, akademik normaların prinsipial tərəfdarı olmasına baxmayaraq, o  Kamalı çox bəyənir və ona kömək edir. Kamal Əhməd lap gənc yaşlarından başqalarına bənzəməmək, tamamilə fərqli olmaq istəyirdi. Səttar Bəhlülzadə, Cavad Mircavadov, Rasim Babayev, Qorxmaz Əfəndiyev və Fazil Nəcəfov kimi sənətkarları özünə müəllim bilən rəssamın yaradıcılığı çoxşaxəli və mürəkkəbdir. Kamal Əhmədin rəng dünyasını hər hansı bir rəssamın koloriti ilə səhv salmaq mümkün deyil, halbuki o, sevimli rəssamlarının dəst-xəttini, bəzən də onların süjet sırasını və palitrasını sınamağa cəhd edirdi. Bu da təbiidir, çünki onlar eyni dövr və məkanda yaşayıb-yaratmış, eyni mənbədən qaynaqlanmışlar.

Kamal Əhməd  yaxınları, dostları, həmfikirləri olmasına baxmayaraq həyat yolunda tənha səyyah  kimi tərki-dünya olub yaradır və bu sirli ayinə heç kimi yaxın buraxmırdı. Öz əsərləri haqqında danışmağı sevmir, rəngkarlığı haqqında heç bir müzakirəyə yol vermir, daxili aləmini hamıdan gizlədirdi. O, öz qəlbini yalnız kətan üzərindəki obrazları vasitəsi ilə, öz-özü ilə sonsuz ünsiyyətdə ifadə edirdi. Kətan üzərində uydurulmuş dünya onun doğma aləmi idio müəyyən fikirlərini təsvirlərdə şifrələmiş, illər ərzində müxtəlif assosiasiyalar yaradan metafora, simvol və işarələrdən ibarət xüsusi dil formalaşdırmışdı.

O əmin idi ki, incəsənəti yalnız və yalnız duymaq olar. Onu izah, şərh etməyin lüzumsuzluğunu, rəssamın şəxsiyyətini, onun dünyagörüşünü anlamaq üçün açar axtarmağın, onu dərindən hiss etməyin, qəlbindəki çağırışına canlı, səmimi cavab tapmağın vacibliyini vurğulayırdı. NizamiFüzulinin fəlsəfəsi ilə maraqlanan, digər böyük mütəfəkkirlərdən sitatlar gətirən, üfüq xətti kimi xəyali və əlçatmaz həqiqət axtarışında əsl dərvişə çevrilən rəssam yoxsulluq, səfalət içində yaşayır, uzun müddət sənətkar kimi nə şöhrət tapır, nə də ad-sanbuna baxmayaraq dünyanın heç bir naz-neməti onu əsl sənət yolundan dönməyə məcbur edə bilmir.

Və nəhayət, ilk fərdi sərgisini 1987-ci ildə keçirməyə müvəffəq olan rəssam ömrünün son illərində ideoloji əngəlləri aşıb yaradıcılığını geniş tamaşaçının seyrinə təqdim edə bildi. Kamal Əhmədin əsərləri Azərbaycan milli incəsənətinin dəyərli nümunələri kimi şəxsi kolleksiyalarda, böyük muzeyqalereyalarda qorunub saxlanılır.

Xalq Əmanəti” layihəsi ASC “Xalq” Bankı tərəfindən 2010-cu ildən etibarən həyata keçirilir. Layihə xalqımızın mədəni irsinin qorunub gələcək nəsillərə ötürülməsi, mənəvi dəyərlərimizin dünyaya tanıdılması məqsədini daşıyır. Layihə çərçivəsində nəşr olunan kitablar üç dildə - Azərbaycan, ingilis, rus dillərində çap olunur. Nəşrlər ölkənin aliorta təhsil müəssisələrinə, uşaq evləri və kitabxanalara, müxtəlif fondlara, dövlət müəssisələrinə, xarici ölkələrin Azərbaycanda və Azərbaycanın xaricdə fəaliyyət göstərən səfirlik və konsulluqlarına, dünyanın böyük muzeylərinə, kitabxanalarına, eləcə də sənətsevərlərə hədiyyə olunur.

Ötən zaman ərzində Xalq rəssamları Böyükağa Mirzəzadə, Maral Rəhmanzadə,  Səttar Bəhlulzadə, Xalidə Səfərova, Mikayıl Abdullayev eləcə də Mahmud Tağıyev, Vəcihə Səmədova, Fazil Əliyev, Rza Məmmədov, Gennadi Brijatyuk, Qorxmaz Sücəddinovun, şəhid-heykəltəraş Samir Kaçayevin əsərlərindən ibarət sərgilər təşkil olunmuş və bədii albomlar nəşr edilmişdir. Xalq şairləri Məmməd Araz, Hüseyn Arif, Xəlil Rza Ulutürkunudulmaz Mikayıl Müşfiqin seçilmiş əsərləri, görkəmli alim-numizmat, professor Əli Rəcəblinin “Azərbaycan sikkələri” kitabı işıq üzü görüb.

 Xatırladaq ki, rəssamın əsərlərinin ekspozisiyası may ayının 20-dən başlayaraq Xalq Bankın Baş Ofisində (Ünvan: Bakı şəh., İnşaatçılar prospekti, 22L) fəaliyyət göstərəcək. Sərgini, günləri saat 18:00-dan 21:00-dək, şənbə və bazar günləri saat 10:00-dan 16:00-dək seyr etmək mümkündür. Giriş sərbəstdir.

 

 Xalq qəzeti.- 2017.- 23 may.- S.13.