Novatorluq sənətkarı yaşadır,

sənəti isə zənginləşdirir

 

Musiqi tədqiqatçıları yazırlar ki, XIX əsrin görkəmli tar ifaçısı Sadıqcanın (Mirzə Sadıq Əsəd oğlu) yaşayıb-yaratdığı illərdə Bakı, Gəncə, Şamaxı və İrəvandakı sənətkarlardan başqa, onun doğulub- böyüdüyü Qarabağda, Şuşada yüzdən artıq məşhur tar ifaçısı var idi. Sadıqcanın tarixə düşməsinin əsas səbəbi isə onun novatorluğu idi. Görkəmli qarmon ifaçısı Kor Əhədin (Əhəd Əliyev) də adını mədəniyyət tariximizə məhz novatorluğu, qarmon ifasına özünəməxsus yeniliklər gətirməsi yazmışdır.

 

Azərbaycan musiqi mədəniyyətinin xoşbəxtliyidir ki, ifaçılarımız arasında zaman-zaman ilklərə imza atan sənətkarlar yetişir. İndi haqqında söz açmaq istədiyimiz sənətkarlardan birimüasir qarmon ifaçılığında öz dəsti -xətti, virtuoz ifası və novatorluğu ilə seçilən Xalq artisti Ənvər Hidayət oğlu Sadıxovdur.

1966-cı il aprelin 30-da Bakıda ziyalı ailəsində dünyaya göz açan Ənvər Sadıxov musiqiyə erkən yaşlarında həvəs göstərib. Ailədə iki qızı musiqi ilə məşğul olduğundan atası Hidayət müəllim oğlu Ənvərin böyüyəndə elmlə məşğul olmasını arzulayırdı. Ənvərin qarmona olan həvəsinin günü-gündən artdığını görüncə, atası ona Kazan qarmonu alır. Fitri istedadı, yüksək qavrama qabiliyyəti və musiqi duyumu ilə seçilən Ənvər az bir vaxtda Kolxoz rəqsi, Uzundərə, İnnabı, Tərəkəmə və digər milli rəqs nümunələrini ifa edir. 1011 yaşlı uşağın xoşagəlimli ifası, ilk növbədə, təhsil aldığı 63 saylı məktəbin rəhbərliyinin və müəllimlərinin diqqətindən yayınmır. İstedadlı yeniyetmə məktəbin əksər tədbirlərində fəal iştirak edir. İlk çıxışını müəllim və şagirdlərin alqışlarla qarşılaması onu könül verdiyi sənətə bir az da yaxınlaşdırır. Məktəb rəhbərliyindən aldığı fəxri fərmanı isə bu gün də uşaqlıq illərinin ən xoş xatirəsi kimi qoruyub saxlayır.

Çoxları kimi Ənvərin də böyük səhnəyə yolu bədii özfəaliyyətdən Bakı fəhləsi mədəniyyət evi nəzdində yaradılmış ansambldan başlayır. Qarmon müəllimi Tağı Tağıyevdən milli musiqimizin incəliklərini, xalq rəqslərini səylə öyrənir. Qısa zamanda ansamblın aparıcı musiqiçilərindən olur. Solo ifaçı kimi özünü təsdiq edib konsertlərdə, rayon şənliklərində, ümumittifaq bədii özfəaliyyət kollektivlərinə baxış müsabiqələrdə uğurla çıxış edir. Çox çəkmir ki, Azərbaycan musiqi ictimaiyyəti Ənvər Sadıxovun peşəkar, mahir qarmon ifaçısı kimi tanıyır. Ali təhsil almağı da unutmur. 2010-cu ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin musiqi fakültəsini bitirir, 2016-cı ildə Milli Konservatoriyada magistr dərəcəsi alır.

Ənvər Sadıxovun çoxşaxəli, zəngin yaradıcılıq yolundan ətraflı söz açmaq üçün onun özü ilə görüşüb söhbətləşdik.

Ənvər müəllim, sizcə, müasir qarmon ifaçısı hansı keyfiyyətləri ilə seçilməlidir?

Gəlin bu məsələyə bir anlıq başqa prizmadan yanaşaq. Yada salaq ki, vaxtilə dövrün ən mahir qarmon ifaçıları Əhəd Əliyev, Teyyub Dəmirov, Məmmədağa Ağayev, Səfərəli Vəzirov və bir çox digər sənətkarlarımız öz ifaları ilə xalqın rəğbətini qazanmışlar. Onlar musiqi təhsili görməsələr də, notu bilməsələr də zamanında ən sevilən musiqiçilərdən sayılıblar. Bu gün həyatda olmasalar da, ifaları teleradionun qızıl fondunda qorunub saxlanılır. Lakin zaman dəyişdiyi kimi, xalqın musiqi zövqü də yeniləşir. Bugünün peşəkar qarmon ifaçısı da dövrlə ayaqlaşmalıdır. Bunun üçün isə musiqinin bütün janrlarını, notu bilməli, ən başlıcası, milli musiqimizə, muğam dünyamıza dərindən bələd olmalıdır. Milli musiqini sevmədən, onu duymadan peşəkar sayıla bilməzsən.

Qarmonakkordion hər ikisi klavişli alət olsa da, bir-birindən fərqlənir. Hər ikisinin mahir ifaçısı sayılırsınız. Bunlar arasında fərqi nədə görürsünüz?

Akkordionun üç oktava yarım səs diapozonu və ahəngi dəyişən 11 registri var. Bu da kifayət edir ki, istədiyin klassik əsəri ifa edəsən. Qarmonda isə bu imkan məhduddur. Çünki cəmi iki oktava yarım səs diapozonu var. Mənim isə uşaqlıqdan simfonik əsərlərə, estrada, caz musiqisinə marağım var. A. Vivaldinin İlin fəsillərinə, İ. S. Baxın kiçik indensiyalarına dönə-dönə qulaq asmaqdan doymazdım. Belə əsərləri birdən-birə qəbul etmək olmur. Lakin musiqidə olan melizmi, texnikanı görüncə, bu əsərlərə daha çox bağlanırdım. Ən böyük arzum isə klassik musiqi əsərlərini çalmaq olub. Çoxları mənə iki alətdən birini seç deyirdi. Cavab verə bilməsəm qarmona daha çox üstünlük verdim. Sənətdə püxtələşdikcə, zaman özü seçimimin düzgünlüyünü təsdiq etdi.

Zamanın bu təsdiqi özünü ötən il may ayının 23-24-də Beynəlxalq Muğam Mərkəzində verdiyiniz Təəssürat adlı ikisaatlıq solo konsertinizdə də göstərdi. Proqrama milli musiqi nümunələrimizlə yanaşı, simfonikestrada əsərləri də salınmışdı. R. Babayevin çox mürəkkəb caz əsəri olan Fantaziyası, yeni aranjımanda ifa etdiyiniz Üç gündən bir, beş gündən bir xalq mahnısı, texniki cəhətdən çətin olan R.Korsakovun Arı uçuşu və F.Sücəddinovun eyniadlı əsəri, E.Sabitoğlunun valslarından ibarət popuri, V.Motsart və Ü.Hacıbəyli əsərlərinin sintezi olan popuri, Adios Noninonun Tongosu, qızınız Tamilla Sadıxbəylinin Təəssürat və digər bir-birindən fərqli ifalarınız, əslində, tamaşaçılara bəxş olunmuş bir musiqi çələngi idi. Bütün janrların öhdəsindən məharətlə gəldiniz. Açığını deyim ki, instrumental ifaçılar arasında ikisaatlıq konserti dayanmadan ifa etmək hələ heç kəsə müəssər olmayıb.

Əslində, bu mənim çoxdankı arzum idi. Müğənni səsi, hərəkəti, geyimi ilə diqqəti özünə cəlb etməklə konsertin vaxtını uzada bilir. Lakin instrumental ifaçı yalnız yüksək ifaçılıq məharətinə və repertuar zənginliyinə arxalanır. Bu səbəbdən, konsertimdə heç bir müğənninin iştirak etməsini istəmədim. Ürəyimdə tutduğum rəqs və xalq mahnılarını, xarici ölkə bəstəkarlarının texniki cəhətdən çətin olan əsərlərini tək ifa etdim. Bu, bir eksperiment idi. Adını Təəssürat qoymağım da təsadüfi deyildi. Bu, həm qızım Tamilla Sadıxbəylinin əsərinin adıdır, həm də tamaşaçıların konsertdən alacaqları təəssüratı nəzərdə tuturdum.

İmprovizə, Sintez... son zamanlar bu ifadələr musiqi aləmində tez-tez işlədilir. Müasir musiqidə improvizə nədir? O, musiqimizin ana xəttinə xələl gətirib dinləyicini yormur ki?

Təbii ki, yora bilər. Nizami Gəncəvinin təbirincə desək:

Bir inci saflığı varsa da suda,

Artıq içiləndə dərd verir o da.

Musiqiçi hər hansı bir əsərdə improvizə edərkən çalışmalıdır ki, ilk növbədə, əsərin ana xəttinə xələl gətirməsin. Ümumiyyətlə, improvizə ifaçının əsərə fərdi yanaşma tərzidir. Özünün əsərə gətirdiyi yenilikdir. Hər yenilik isə heç birmənalı qarşılanmır. Məsələn, bu gün dünya musiqi ictimaiyyətinin sevdiyi A.Piazollanın Liber tangosu ilk vaxtlar tənqidlə qarşılanmışdı. Əvvəllər belə dəyişikliklər bir o qədər qəbul edilmirdi. Lakin bu gün dünyada gedən müsbət dəyişikliklərdən geridə qala bilmərik. Cəmiyyətimiz daim yeniliyə üz tutmalıdır. Bir şərtlə ki, dünənimizi, soy-kökümüzü unutmayaq.

Anver Sadıkov iz Baku! Bu başlıq altında 2001-ci ildə Rusiyanın tanınmış akkordeon ifaçısı Valeri Kovtun Moskvı radiosunda ikisaatlıq verilişində sizin virtuoz ifanızı repertuar zənginliyinizi xüsusi qeyd etmişdi. Veriliş boyu sizin ifanızda səslənən Uzundərə rəqsi, R. Qasımovanın Anacan dostum evlənir, A.Piazollanın Liber tango digər çalğılar verilişi daha da yaddaqalan etmişdi.

Bu gün Azərbaycanda qarmon geniş texnikaya, tembrə, ifadə imkanlarına malik olan bir konsert alətinə çevrilmişdir. İzlə gedənin izi qalmaz söyləyib atalar. Bu səbəbdən Əhəd Əliyev, Teyyub Dəmirov, Aftandil İsrafilov, Zakir Mirzəyev yaradıcılığına dönə-dönə müraciət etdim. Hər bir ifaçının öz yolu, öz ifa tərzi olduğu üçün bu yollar ayırıcında öz yolumu tapmaq, izimi qoymaq istəyirdim. Ən başlıcası isə arzularımın çin olması üçün, ilk növbədə, yeni quruluşlu qarmon yaratmağa can atırdım. Elə bir qarmon ki, həm səs ahənginə, həm çəkisinə, həm səs diapozununa görə əvvəlkilərdən tam fərqli olsun. Buna isə zaman gərək idi.

Nədən başladınız?

90-cı illərdən başlayaraq, bu sual mənə bir an rahatlıq vermirdi. Dünyanın hər yerində bütün alətlər böyük oktavanın fa notundan başlayır. Akkordeonda da belədir. Qarmonda isə kiçik oktavanın do notundan bəmə doğru səs düzümü yoxdur. Səs diapazonunun azlığından istədiyin melodiyanı, klassik əsərləri ifa edə bilmirsən. Ona görə qərara gəldim ki, fa ən çox işlənən not olduğundan zilə doğru yox, bəm səsi faya qədər artırım əlavə olaraq qarmona səs ahəngini bir oktava qaldıra biləcək registr əlavə edim. Beləliklə, 2 oktava yarımlıq səs diapazonu olan qarmon faya qədər artımın sayəsində 3, əlavə 1 oktavalıq registr hesabına isə 4 oktavalıq tam yeni qarmon ərsəyə gələ bilər.

Lakin bütün bu hesablamalarım hələlik bir istək olaraq qalırdı. 90-cı illərdə respublikamızın ağrı-acılı günlərində bu fikrimdən müvəqqəti olaraq daşındım. Nəhayət, 10 illik fasilədən sonra 2001-ci ildə bu olduqca çətin layihənin icrasına başlayıb 2004-cü ildə uğurla bitirdim. İllərdən bəri arzusunda olduğum qarmonu ərsəyə gətirə bildim. İlk çaldığım əsər isə T. Quliyevin Qaytağısı oldu.

Yeri gəlmişkən deyim ki, Azərbaycan qarmonunun yeni quruluşu bədnam qonşular tərəfindən mənimsənilməsin deyə, 2013-cü ildə Ənvər Sadıxov qarmonun təkmilləşdirilməsinə dair müəlliflik hüququ alır. Soydaşımızın novatorluğu sayəsində Azərbaycanda bu ideyadan bəhrələnən cavan sənətkarlar günü-gündən artır.

Ənvər Sadıxov Türkiyə, Fransa, ABŞ, Norveç, İsveç, Finlandiya, Almaniya, Misir bir sıra digər xarici ölkələrdə qastrol səfərlərində olaraq milli musiqi nümunələrimizi layiqincə təmsil etmiş, Azərbaycan qarmonunun dünya musiqi alətləri sırasında özünəlayiq yeri olduğunu sübuta yetirmişdir. Heydər Əliyev Fondunun təşəbbüsü ilə UNESKO-nun bir çox layihələrində solo çıxışları Ənvər Sadıxova dünya şöhrəti gətirir.

Ənvər Sadıxovun 2017-ci il avqustun 19-da Qəbələdə verdiyi 19 kompozisiyadan ibarət konsert ötən aylarda musiqi ictimaiyyətinin dilindən düşmür. Proqrama daxil olmuş muğam nümunələrini, milli rəqslərimizi, ifalarındakı melizmi, xırdalıqları eşidən xarici qonaqlar Azərbaycan musiqisinin zənginliyinə heyran qalırlar. Milli Konservatoriyanın rektoru Xalq artisti, professor Siyavuş Kəriminin layihəsi əsasında Skandinaviya ölkələrində qastrol səfərlərində olarkən Skruk xoru ilə birgə ifası, Xalq artisti Brilyant Dadaşova Əməkdar artist İlqar Muradovla çıxışları da Ənvər Sadıxova yeni uğurlar qazandırıb.

Tanınmış ifaçı AzTV-nin nəzdində yaratdığı 2006-cı ildən fəaliyyət göstərən Qaytağı instrumental ansamblına bədii rəhbərliyi yüksək peşəkarlıqla davam etdirir. Azərbaycan incəsənətinin inkişafındakı xidmətlərinə görə Ənvər Sadıxov 2007-ci ildə Əməkdar artist, 2014-cü ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb. Bu gün radionun qızıl fondunda onun ifasında onlarca musiqi nümunələrimiz saxlanır.

Ənvər Sadıxov hazırda Milli Konservatoriyanın müəllimidir. Ustadlarından öyrəndiklərini həvəslə gənc nəsilə öyrədir. Onu da yaxşı bilir ki, hər yenilik soykökümüzə bağlılıq üzərində boy atır.

 

Rafiq SALMANOV

 

Xalq qəzeti.- 2017.- 5 noyabr.- S.7.