Frankfurt Beynəlxalq Kitab Sərgisi

çərçivəsində “Azərbaycan Odlar Yurdu”

adlı tədbir keçirilib

 

Almaniyanın Frankfurt şəhərində keçirilən Beynəlxalq Kitab Sərgisində Azərbaycan da təmsil olunur.

Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumatda bildirilir ki, sərgi çərçivəsində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Respublikasının Almaniyadakı Səfirliyinin və Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə milli pavilyonda  “Azərbaycan – Odlar Yurdu” adlı tədbir keçirilib. Tədbirdə Azərbaycan diasporunun üzvləri, Almaniya ictimaiyyətinin nümayəndələri və Almaniyadakı azərbaycanlı tələbələr iştirak ediblər. Tədbiri giriş sözü ilə açan  Avropa Əməkdaşlıq Forumunun sədri, Avropa Azərbaycanlıları Konqresinin fəxri prezidenti,  Alman-Azərbaycan Forumu mədəniyyət şöbəsinin rəhbəri Samira Patzer-İsmailova bildirib ki,  son illərdə Azərbaycanın beynəlxalq aləmdə təbliği istiqamətində aparılan uğurlu fəaliyyətin nəticəsində ki, ölkəmizə səfər edən, Azərbaycanın tarixi və mədəniyyəti ilə yaxından tanış olan almanların sayı durmadan artır. Tədbir zamanı  2016-cı ildə Almaniyanın “Vinand” nəşriyyatı tərəfindən çap olunmuş “Azərbaycanda qonaq olarkən” kitabının müəllifi fotoqraf Barbara Luterbek "Azərbaycan almanların gözü ilə" mövzusunda çıxış edərək, ölkəmiz haqqında öz təəssüratlarını bölüşüb.  O, Azərbaycanın böyük turizm potensialına, xarici vətəndaşları maraqlandıran qədim və zəngin mədəni irsə malik olduğunu qeyd edib. Müzakirələrin davamı olaraq, “Vinand” nəşriyyatının rəhbəri Mixael Vinand və Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov Azərbaycanda və Almaniyada kitab nəşri haqqında fikir mübadiləsi aparıblar.K.Tahirov Azərbaycanda ildən-ilə kitaba marağın artdığını, kitab çapının, özəl nəşriyyat və mətbəələrin sayının çoxaldığını, Azərbaycan dövlətinin bu sahəyə xüsusi qayğı göstərdiyini bildirib.  Daha sonra, “Mədəniyyətlərarası təbabət və  kommunikasiya" adlı kitabın müəllifi, əyalət parlamentinin sabiq üzvü Rahim Şmidt yaxın zamanlarda işıq üzü görmüş əsər haqqında tədbir iştirakçılarına məlumat verib. Maints Azərbaycan Cəmiyyətinin sədri, Avropa Azərbaycanlıları Konqresinin fəxri prezidenti Başar Kömür, “Frankfurt Azərbaycan Dostluq Cəmiyyətinin sədri Kəmalə İskəndərova, alman dilində dərc olunan "İRS" jurnalının baş redaktoru Vüqar Aslanov (Dəmirbəyli) və başqaları "Azərbaycanlılar Almaniyada” mövzusunda çıxış edərək, Almaniyadakı Azərbaycan diasporunun fəaliyyəti, tarixi irsimizin, mədəniyyətimizin yerli ictimaiyyətə çatdırılması sahəsində görülən işlər barədə iştirakçılara məlumat veriblər.

 

Samirə ƏLİYEVA

 

Xalq qəzeti.- 2017.- 18 oktyabr.- S.5.