Həyat həqiqətlərini bədii-sənədli

həqiqətə çevirən sənətkar

 

Mustafa Çəmənli – 70

 

Tanınmış yazıçı-publisist, peşəkar naşir və sənət bilicisi Mustafa Çəmənlinin anadan olmasının 70 illiyini ölkəmizin ədəbi-mədəni ictimaiyyəti qədirbilənliklə qeyd edir. Ayrı-ayrı kollektivlərdə keçirilən görüşlər, ölkənin mədəni-maarif ocaqlarının təşkil etdiyi yubiley tədbirləri Rəşid Behbudov adına Mahnı Teatrında əbəbi-bədii mərasimlə yekunlaşdı.

Bir çox əlamətdar hadisələrə və ümummilli şənliklərə qucaq açan bu sənət ocağının girişində yubileyin təşkilatçıları olan Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Yazıçılar Birliyi Mustafa Çəmənlinin müxtəlif illərdə çap olunmuş 30-dək kitabından, redaktorluğu və təşəbbüsü ilə çap olunmuş onlarla dəyərli nəşrdən ibarət sərgi təşkil etmişdi. Böyük istedad və hədsiz zəhmətin bar- bəhrəsi olan, bütöv bir kitabxana təşkil edən bu qədər dəyərli əsəri bir yazarın təkbaşına  ərsəyə gətirməsi onun müəllifi, araşdırıcısı və naşirinin özünün 70 illik  yubileyinə zəngin və dəyərli bir yaradıcılıq hesabatı ilə gəldiyini müjdələyirdi.

Yubiley mərasiminin aparıcısı tanınmış yazıçı-dramaturq və sənətşünas Əli Əmirli bildirdi ki, görünən dağa bələdçi gərək olmadığı kimi, çağdaş Azərbaycan nəsrinin, tədqiqat publisistikasının tanınmış nümayəndəsi, cəfakeş kitab redaktoru Mustafa Çəmənlinin də kimliyini ölkənin geniş oxucu kütləsi yaxşı bilir. Bu yubiley, sadəcə, sevimli yazıçımızın öz oxucularına yaradıcılıq hesabatı və kitabsevər auditoriyanın 70 yaşlı ədibə sayğısının sərgilənməsi baxımından əlamətdardır. Ona görə də bu məclisə Mustafa Çəmənli barədə ürəkdolusu danışmağa toplaşmışıq.

Yazıçı dostunun yaradıcı əməklə yoğrulan 70 illik ömür yolu, ulu sözün və ölməz kitabın xidmətində keçən sənət dünyası barədə yığcam məlumat verən Əli Əmirli söylədi ki, ədəbi-publisistik yaradıcılığa çətin zəhmət meydanından, yetərli həyat gör-götüründən gələn Mustafa Çəmənlinin qələmindən çıxan çoxsaylı bədii və sənədli əsərlər sübut edir ki, o, yaradıcılığına çox ciddi yanaşan, sözün  qiymətini bilən və ən əsası, öz mövzusu olan yazıçıdır.

Bakı Dövlət Universitetində ali jurnalistika təhsilindən sonra Mustafa Çəmənli “Yazıçı” nəşriyyatında redaktor, şöbə müdiri işləyib, “Gənclik” nəşriyyatının baş redaktoru olub. Ustad  kitab redaktoru kimi o, son illərdə fəaliyyətini ölkənin modern kitab buraxılışı ocağı sayılan “Təhsil” nəşriyyatında davam etdirir. Nəşriyyat redaktorluğunu peşə kimi qazanan, yazıçı-publisistliyi İlahi vergisi kimi qəbul edən, tədqiqatçılığı yurd sevgisindən qaynaqlanan  Mustafa Çəmənli hər 3 sahədə qibtəediləcək uğurlar qaqzanıb. Bu yönlərdə fəaliyyətini  paralel davam etdirməsi onun yaradıcılığını qarşılıqlı zənginləşmədə kamilləşdirib.

Aparıcı daha sonra qeyd etdi ki, bu gün oxucular və sənət biliciləri Mustafa Çəmənlini “Xallı gürzə”, “Ölüm mələyi”kimi epoxal tarixi romanların,  Qarabağ müharibəsinin qəhrəmanları Asif Məhərrəmov və Mübariz İbrahimovdan bəhs edən populyar bədii-sənədli povestlərin, milli varlığımızın önəmli hadisə, fakt və təzahürlərini bədiiləşdirən  bir sıra povest və hekayə toplularının, musiqi ifaçılığımızın korifeyləri və ünlü sənətçilərindən Xan Şuşinski, Əbülfət Əliyev, Şövkət Ələkbərova, Arif Babayev, Habil Əliyev, Canəli Əkbərov, Səxavət Məmmədov, Xanlar Haqverdiyev, Ağaxan Abdullayev, Mənsum İbrahimov s. haqqında silsilə sənədli-elmi  nəşrlərin, “Leyli və Məcnun – 100” ensiklopedik toplusunun, xalq həyatı və görkəmli sənətkarlarımız barədə çoxsaylı teleradio verilişlərinin, qəzet-jurnal yazılarının müəllifi kimi tanıyırlar.

Mustafa Çəmənlinin “Xallı gürzə” romanı “YaddaşmilliMilli Mədəniyyəti Təbliği Mərkəzinin “Uğur-2008” mükafatlarına, “Ölüm mələyi” romanı Azərbaycan Republikası Mədəniyyət və Turizim Nazirliyinin “Qızıl kəlmə” ədəbi mükafatına layiq görülüb. Yurdsevər ədib və ziyalı kimi ona milli musiqi ifaçılığı sənətinin təbliğinə görə Mətbuat FondununDan ulduzu” mükafatı, ön cəbhədə çıxışlarına və hərbi vətənpərvərlik ruhlu məqalələrinə görə Azərbaycan Yazıçılar Birliyinin diplomu verilib.

Sonra Azərbaycan Respublikası Baş nazirinin müavini, Xalq yazıçısı Elçin Əfəndiyevin və Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarın yubilyara ünvanlanmış, Mustafa Çəmənlinin yaradıcılığına yüksək qiyməti ifadə edən təbrik məktubları səsləndi.

Yubilyarın bədii-sənədli yaradıcılığı barədə çıxış edən ədəbiyyatşünas Vaqif Yusifli bildirdi ki, Mustafa Çəmənli – müasir Azərbaycan nəsrinin və publisistikasının tanınmış bir nümayəndəsi  yetmiş yaşına gəlib çatdı.  İstedadlı yazıçı kimi Mustafa Çəmənlinin əsərlərinin ideyası, məzmunu öz yerində, dil şirinliyi ilə də cəlbedicidir. Hər bir əsərində personajın öz təhkiyəsi, ləhcəsi, danışıq tərzi var. İstər romanları, istərsə də publisistikası oxunaqlıdır, yaddaqalandır. İlk nəsr kitabı  “Mənim dünyamın adamları”, ikinci kitabı “İtirilmiş səs” onun həyatı, insanları, gerçək hadisələri yaxşı duyduğunu sübut elədi. Mustafa  Çəmənli ilk əsərlərindən sübut etdi ki, povest və hekayələrində həyat həqiqətlərini bədii həqiqətə çevirə bilir.

Yazıçının ötən əsrin sonlarında “Xallı gürzə”, son illərdə isə “Ölüm mələyi” tarixi romanlarını çap etdirməsi onu ədəbi aləmdə həm də “tarixçi-yazıçı” kimi məşhurlaşdırdı.  Mustafa Çəmənli Azərbaycan tarixi romanının ənənələrinə sadiq qalır, eyni zamanda, tarixə münasibətdə özünün mövqeyiniortaya qoyur. Yaddaş”, “Halallıq” kimi povestləri, “Mənim dünyamın adamları”, “İtirilmiş səs”, “Səs qərib olmur”, “Nəğməli xatirələr”, “Burdan bir atlı keçdi”, “Səsin ruhu”, “Mən olmayanda dostum ol”, “Sənət hekayələri” kimi  əsərləri də Mustafa Çəmənli yazıçı-publisist peşəkarlığı ilə ərsəyə gətirmişdir. Yazıçı son illərdə “Ruhların üsyanı” və “Üç yaşlı əsir” povestlərini yazdı. Hər iki əsərdə Qarabağda baş verən, son otuz ildə bizi narahat edən hadisələr təsvir olunur.

Yubilyarı səmimi təbrik edən ünlü şairlər Ramiz Məmmədzadə və Çingiz Əlioğlu, Xalq artistləri Arif BabayevRamiz Quliyev, Ağdam Rayon İcra Hakimiyyəti başçısının müavini Arzu Rəhimova, Əməkdar jurnalist Telli Pənahqızı, Əməkdar müəllim Səlim Əzimov, “Təhsil” nəşriyyatının direktoru Tural Axundov onun bədii və sənədli yaradıcılığının baş mövzusunun milli-mənəvi dəyərlərimiz olduğunu vurğuladılar. Bildirildi ki, Mustafa Çəmənli 50 illik yaradıcılığı dövründə ardıcıl olaraq xalq musiqisi ifaçılarının yaradıcılığını bir təqdidatçı səriştəsi ilə izləmiş, onların sənətinin təbliğatçısı olmuşdur. Azərbaycan radiosunun qızıl fondunda yorulmaz araşdırıcının məşhur musiqiçilərimizin yaradıcılıq portretlərini canlandıran çoxsaylı verilişi saxlanılır və vaxtaşırı səsləndirilir.

Elə buna görə də milli musiqimizin mahir ifaçıları Zahid Quliyev, Sevinc Sarıyeva, Feyruz Səxavət, Ehtiram Hüseynov  yubilyarı seçmə musiqi nömrələri ilə təbrik etdilər. Xalq artistləri Eldost Bayramov və Əli Məmmədov Mustafa Çəmənlinin miniatür hekayələrini bədii qiraətlə tamaşaçılara təqdim etdilər.

Sonda ona ünvanlanmış dəyərli sözlərə, ifadə olunan yüksək qədirbilənliyə görə minnətdarlığını bildirən Mustafa Çəmənli  ömrünün sonuna qədər sənət amalına sadiq qalacağını söylədi: “Kənddə doğulan bütün uşaqlar kimi mən də balacalıqdan zəhmətə alışmışam. Ədəbiyyata uşaqlıqdan can atmışam.  Ağlım söz kəsəndən ömrümü boşa verməməyə çalışmışam. Qələmimi yazılmasını gözləyən mövzulara yönəltmişəm. Nə yazmışamsa ürəkdən yazmışam. Bundan sonra da qələmimlə və sözümlə həyatda mənim də ən böyük istəyim olmuş dövlət müstəqilliyimizin qüdrətlənməsinə xidmət edəcəyəm”.

 

Tahir AYDINOĞLU

 

Xalq qəzeti.- 2017.- 15 oktyabr.- S.6.