Opera sənətimizin zirvəsinə gedən şərəfli yol

 

Şövkət Məmmədova – 120

 

Azərbaycan Respublikasının Prezidenti bu il iyulun 11-də dünya vokal məktəbinin yüksək nailiyyətlərini milli musiqi ənənələri ilə ahəngdar şəkildə əlaqələndirən, Azərbaycan opera sənəti tarixinə parlaq səhifələr yazan Şövkət Məmmədovanın 120 illik yubileyinin keçirilməsi ilə bağlı sərəncam imzalamışdır. Sərəncamda Mədəniyyət və Turizm Nazirliyinə bununla bağlı tədbirlər planı hazırlamaq tapşırılmışdır. Artıq bu tədbirlərin həyata keçirilməsinə başlanılmışdır.

Yəqin ki, Anarın “Üzeyir ömrü” filminə tamaşa edənlər İtaliyada təhsilini yarımçıq qoyub Vətənə qayıtmış gənc Şövkət Məmmədovanın iztirab dolu həyatının çətin anlarının şahidi olmuşlar. O, təhsilini tamamlamaq üçün pul tapılmadığından geri dönmüşdü. O dövrdə qadınların səhnəyə çıxması mümkünsüz idi. Amma Şövkət xanımın himayədarı tapıldı. Bu, böyük Üzeyir bəy Hacıbəyli idi. O, Şövkət xanımın təhsilini davam etdirəcəyini bildirdi və vəsait tapmaq üçün yollar axtardı. Bakının Tağıyev teatrında ilk dəfə bəstəkarın “Ər və arvad” operettasından bir neçə parça göstərilirdi. Tamaşadan əldə olunan pul Məmmədovanın İtaliyada təhsilini davam etdirməsi üçün nəzərdə tutulmuşdu. Şövkət xanım həmin gecə bir neçə mahnı ifa etdi. Lakin qadının səhnədə örtüksüz oxuması cəmiyyətin mühafizəkar üzvlərini xeyli qəzəbləndirmişdi. Bakı qoçuları həm Şövkət Məmmədovanı, həm də onu səhnəyə çıxaran Üzeyir bəyi öldürmək qərarına gəlirlər, lakin hər ikisi faytona minib Abşeron kəndlərinin birində gizlənirlər. Beləcə, Şövkət xanım həmin gün ölümün pəncəsindən yaxa qurtara bilir.

Bu, əlbəttə, kino olsa da, həqiqət belə idi. Onun həyat tarixçəsini vərəqlədikcə, sənətin zirvəsinə yüksəlmək üçün hansı çətinliklərdən keçdiyinin şahidi oluruq.

O, Tbilisidə 1897-ci il aprelin 16-də kasıb pinəçi ailəsində dünyaya göz açmışdı. Atası Şövkətin musiqiyə olan istəyini hiss edib, milyonçu H.Z.Tağıyevin köməkliyi ilə 1910-cu ildə onu Bakıya göndərir. Bir il sonra o, Zeynalabdin Tağıyev və həyat yoldaşı Sona xanımın köməyi ilə İtaliyayaMilan şəhərində musiqi təhsili almağa göndərilir.

İtaliyadan qayıdandan sonra – 1915-ci ildə Şövkət Məmmədova Kiyev Konservatoriyasına daxil oldu. Burada Milanda tanış olduğu mühəndis Yakov Lyubarski ilə ailə həyatı qurdu. Şövkət xanımın sonrakı həyatı ürəkdən sevdiyi musiqi sənəti ilə bağlı olmuşdur. Konservatoriyada oxuduğu illərdə məşhur bəstəkar R. Qlierlə birgə verdikləri konsertlərdə Azərbaycan musiqisini təbliğ etmiş, onun təşəbbüsü ilə 1923-cü ildə Bakı Teatr Texnikumu (1923-1925-ci illərdə direktoru olmuşdur) açılmış, not nəşriyyatı təsis edilmişdir. Azərbaycan OperaBalet Teatrının səhnəsində ilk dəfə 1921-ci ildə Violetta (“Traviata”, C.Verdi) partiyasında çıxış etmiş, 1948-ci ilədək (fasilələrlə) teatrın solisti olmuşdur.

1938-ci ilin aprelində Moskvada Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyü keçirilirdi. Şövkət xanım M.Maqomayevin “Nərgiz” və R.Qlierin “Şahsənəm” operalarında Nərgiz və Şahsənəm partiyalarını misilsiz füsunkarlıqla ifa etmişdi. O vaxt fəal çıxışlarına, ifaçılıq məharətinə görə Şövkət Məmmədova SSRİ Xalq artisti fəxri adına layiq görülmüşdür.

 O, dünyanın bir sıra opera səhnələrində (Moskva, Kiyev, Sankt-Peterburq, Pariss.) çıxış edib. Şövkət xanımın ifasında Azərbaycan və dünya klassik bəstəkarlarının müxtəlif janrlı vokal əsərləri lentə alınıb. Rozina (“Sevilya bərbəri”, C. Rossini), Cilda (“Riqoletto”, C.Verdi), Şahsənəm (“Şahsənəm”, R.Qlier), Nərgiz (“Nərgiz”, M. Maqomayev), Gülçöhrə (“Arşın mal alan”, Ü.Hacıbəyli) və digər partiyaları Azərbaycanın opera sənəti tarixində yeni səhifələr açıb.

Ş.Məmmədova Azərbaycan Dövlət Konservatoriyasında ömrünün son günlərinədək tələbələrə professional vokal dərsləri verirdi. Onun yaradıcılığında, həmçinin Olimpiya (“Hofmanın nağılları”, J.Offenbax), Marqarita Valua (“Hugenotlar”, C.Meyerber), Qar qız (“Qar qız”, N.Rimski-Korsakov), Antonida (“İvan Susanin”, M.Qlinka)...partiyaları da xüsusi yer tutmuşdur. Azərbaycan xalq mahnıları, rus və Qərb bəstəkarlarının kamera-vokal əsərlərini böyük məharətlə ifa edirdi. Tbilisi, Odessa, Moskva, Kiyev, Leninqrad ( Sankt-Peterburq), Daşkənd, Paris və Təbrizdə ölkəmizin musiqi mədəniyyətini məharətlə təbliğ etmişdir.

Şövkət Məmmədova Azərbaycan Teatr Cəmiyyətinin ilk sədri olmuşdur (1945-1952-ci illər). Eyni zamanda, 1945-1981-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasında pedaqoji fəaliyyət göstərmişdir .

O, Azərbaycan SSR Ali Sovetinin (I-IV çağırış) deputatı olmuşdur. İki dəfə Lenin ordeni, Qırmızı Əmək Bayrağı Şərəf nişanıordenləri ilə təltif edilmişdir.

Şövkət Məmmədova 1981-ci il iyunun 8-də Bakıda vəfat etmişdir.

 

M. MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2017.- 29 oktyabr.- S.8.