Üzeyir Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalına hazırlıq işləri başlanmışdır

 

Milli Kitabxanada mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyevin iştirakı ilə “Üzeyir musiqi günü”nə və Üzeyir Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalına hazırlığa həsr olunmuş müşavirə keçirilmişdir.

Nazir müavini müşavirədə çıxış edərək 18 sentyabr – “Üzeyir musiqi günü” haqqında məlumat vermişdir.  Bildirmişdir  ki, bu əlamətdar gün 1995-ci ildə ümummilli lider Heydər Əliyevin fərmanı ilə təsis edilib və hər il milli musiqi bayramı kimi təntənəli şəkildə qeyd olunur. 2009-cu ildən isə Üzeyir Hacıbəylinin doğum günündə beynəlxalq musiqi festivalına start verilir. Heydər Əliyev Fondunun və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə gerçəkləşən festival ölkəmizin mədəni həyatında özünəməxsus yer tutur.

Diqqətə çatdırılmışdır  ki, mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin imzaladığı müvafiq əmrdə festivalla bağlı görüləcək işlər əksini tapıb. Bununla bağlı qərargah yaradılmışdır.  Nazirliyin  incəsənət, informasiya və ictimaiyyətlə əlaqələr şöbələri, Musiqi Mədəniyyəti Dövlət Muzeyi, Üzeyir Hacıbəylinin ev-muzeyi, Azərbaycan Dövlət Filarmoniyası və digər əlaqədar təşkilatlara tədbirin keçirilməsi ilə bağlı tapşırıqlar verilmişdir.

Üzeyir Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalında Azərbaycanla yanaşı, Türkiyə, Almaniya, Rusiya, Gürcüstan, Fransa, Bolqarıstan, Ukraynaİrandan musiqiçilər iştirak edəcəklər.  Festivala Münxen Simfonik Orkestri (Almaniya), Novosibirsk Filarmonik Orkestri (Rusiya), Rusiya  fortepiano  triosu,  Başkənd Akademik Orkestri (Türkiyə), Gürcüstan xoru və digər tanınmış kollektivlər qatılacaqlar.

Festival öncəsi ənənəvi olaraq Fəxri xiyabanda Üzeyir Hacıbəylinin məzarı ziyarət ediləcək. Azərbaycan Milli Konservatoriyasının qarşısında musiqili proqram, daha sonra Azərbaycan Milli İncəsənət Muzeyinin həyətində “Güllələnmiş abidələr”in ziyarət edilməsi nəzərdə tutulub. Tədbir Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının qarşısında mərasimlə davam edəcək. Sentyabrın 18-də axşam Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında festivalın rəsmi açılış mərasimi olacaq  konsert proqramı təqdim ediləcək.

Müşavirədə festival müddətində həyata keçiriləcək işlərlə bağlı Azərbaycan Bəstəkarlar İttifaqı, Rəşid Behbudov adına Dövlət Mahnı Teatrı, Azərbaycan Dövlət Filarmoniyası, Dövlət Uşaq Filarmoniyası və digər qurumlara tapşırıqlar verilmişdir.

 

M.MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2017.-10 sentyabr.- S.5.