Muzeydə görüş

 

Bu günlərdə AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov muzeyin Aran regional şöbəsində yeni dərs ili ərəfəsində kürdəmirli ədəbiyyat müəllimləri ilə görüş keçirmişdir. Görüşdə akademik klassikmüasir Azərbaycan ədəbiyyatını gənc nəslə sevdirmək, layiqincə tədris və təbliğ etmək üçün müəllimlərə gərəkli tövsiyələr vermiş, müasir dünya ədəbiyyatındakı yeniliklərdən, ədəbi cərəyanlardan bəhs etmişdir. Görüşdə iştirak edən müəllimlər ədəbiyyat fənninin tədrisindəki bəzi çətinliklərdən, müasir yeni ədəbi əsərlərin qıtlığından danışaraq, görkəmli alimə onları narahat edən digər məsələlər barədə suallar ünvanlamışlar.

Akademik Rafael ­Hüseynov görüş iştirakçılarının suallarını ətraflı cavablandırmış, ədəbiyyat fənninin tədrisinin keyfiyyətini yaxşılaşdırmaq məqsədilə onlara gərəkli tövsiyələr vermişdir.

Görüş iştirakçıları muzeyin Aran regional şöbəsinin Azərbaycan Ədəbiyyatının müxtəlif dövrlərini əks etdirən eksponatları ilə yaxından tanış olmuş, maraqlı materialları nəzərdən keçirmişlər. Muzeydə ən qədim dövrdən müasir zamana qədərki ədəbi prosesi əhatə edən materiallar, yeni ekspozisiyalar toplanmışdır. Burada Azərbaycanın müxtəlif dövrlərdə yaşamış görkəmli rəssamlarının, tanınmış heykəltaraşlarının hazırladıqları əsərlər, bədii əsərlərə çəkilmiş illüstrasiyalar, büstlər, əlyazmalar, miniatürlər və ayrı-ayrı dövrlərdə nəşr edilmiş kitablar sıralanmışdır.

Qeyd edək ki, Milli Azərbaycan Ədəbiyyatı Muzeyi yarandığı gündən fəaliyyətinin əsas istiqamətlərindən birini məktəblə əlaqələr üzərində qurmuşdur. Çünki yalnız auditoriyalarda, sinif otaqlarında verilən dərslərin muzey içərisində aparılan təbliğatla müqayisədə effekti az olur. Axı muzeydə nümayiş etdirilən materiallar, onların haqqında toplanmış müfəssəl məlumatlar bu gün məktəblərdə yoxdur. Muzey əməkdaşlarının məqsədi ondan ibarətdir ki, müəllimlər şagirdləri ilə birgə muzeyə tez-tez gəlsinlər. Həm muzeylə yaxından tanış olsunlar, həm də müəyyən dərsləri canlı şəkildə eksponatların arasında keçirsinlər. Bu cür dərslər şagirdlərə əlavə bilgi verirmövzunu daha dərindən başa düşməyə kömək edir.

Görüş zamanı müəllimlər ədəbiyyat fənnini şagirdlərə daha çox sevdirmək məqsədilə muzeylə daha sıx əməkdaşlıq edəcəklərini bildirmişlər və akademik Rafael Hüseynova dəyərli tövsiyələrinə görə minnətdarlıq etdilər.

 

Qabil YUSİFOĞLU

 

Xalq qəzeti.- 2017.-12 sentyabr.- S.12.