“Əcəmi dastanı”

 

Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Arif Qədimin “Əcəmi dastanı” tarixi-mənzum romanı çapdan çıxmışdır. Yeni nəşr “Naxçıvan Nuhun yurdudur”, “Bir ömür yaşadım Adəmli, Nuhlu”, “Bir ömrün xatirələri”, “ atlının qisası”, “ Nuh dastanı”, “Ömrümün yazıları”, “Əshabi-Kəhf dastanı” adlı kitablardan sonra müəllifin oxucularla səkkizinci görüşüdür.

Akademik, görkəmli alim Ziya Bünyadovun əziz xatirəsinə ithaf olunan bu əsərin giriş hissəsində müəllif qeyd edir ki, 1997-ci ildə Atabəylər dövlətinin yadigarı olan “Möminə Xatın türbəsi”ndə muzey-ekspozisiya yaratmaq fikrinə düşdük və əlimdə olan şəxsi materialların hesabına bunu yaratdıq. Çox sevindirici haldır ki, 14 oktyabr 1999-cu ildə ulu öndər Heydər Əliyev böyük bir heyətlə bu muzeyə maraqla tamaşa edərək, öz fikirlərini söylədi: “Mən çox şadam ki, sənin kimi adamlar var. Sənin kimi adamlar nə qədər çox olsa, öz tariximizi, mədəniyyətimizi, dövlətçiliyimizi daha da geniş tədqiq, təhlil edə, millətimizə, xalqımıza göstərə, təbliğ edə bilərik”.

Bütün bu sözlərdən sonra mən topladığım materiallar əsasında “Daşlarda yaşayan məhəbbət” adlı bir kinossenarisonra XII əsrin böyük memarı Əcəmi Əbübəkr oğlu Naxçıvani haqqında “Əcəmi dastanı” adlı mənzum əsər yazaraq bəzi qaranlıq məqamlara aydınlıq gətirməyə çalışdım. Belə ki, bu günə qədər adı düzgün yazılmayan ŞeyxYusif ibn-Qasiri” türbəsi rus tədqiqatçılarının səhv məlumatlarına əsasən Yusif Küseyiroğlu türbəsi kimi gedir. Əlbəttə, bu səhv məlumatdır. Akademik Ziya Bünyadov “Azərbaycan Atabəylər dövləti” əsərində bu şəxsin adını Yusif Qasiri kimi yazır və səhvin izahını da açıqlayır.

Kitabda bundan başqa İraq sultanı II Sultan Toğrulun varisi olan Xarəzm Sultanı Əlaəddin Təkiş haqqında da müəyyən açıqlamalar verməyə çalışmışam. Xarəzm Sultanı Əlaəddin Təkişin Cahan Pəhləvana göndərdiyi barışıq məktubu, daha sonra Möminənin İraq sultanı Toğruldan olan övladlarına verdiyi “Vəsiyyətnamə”də öz əksini tapmışdır. Bu vəsiyyətnaməni yazmaqla o, övladlarına tövsiyə etmişdir ki, onlar ana bir, ata ayrı olan qardaşlarına və atalıqları Şəmsəddin Eldənizə qarşı həmişə ehtiram göstərsinlər və onun bütün göstərişlərinə sözsüz əməl etsinlər ki, bu da dövlətin qorunmasına, xəzinənin ələ keçməməsinə xidmət etmək üçündür.”

Kitabda XII əsrin böyük şairi və mütəfəkkiri Nizami Gəncəvinin Naxçvanda olması, onun naxçıvanlı memar Əcəmi ilə görüşməsi poetik şəkildə əksini tapmışdır. Müəllif yazır ki, Sovet dövrünün tanınmış rəssamı N. Bondarenkonun yağlı boya ilə işlənmiş “Vstreça poeta Nizami i zodçeqo Adjemi” adlı əsərində XII əsrin iki böyük sənətkarın  Naxçıvanda – Mömünə Xatın türbə kompleksində görüşləri təsvir edilmişdir. Çox güman ki, rəssam bu əsərini hansısa bir tarixi mənbəyə əsaslanaraq yaratmışdır.

Kitabı oxuduqca Əbubəkr Əcəminin uşaqlıq illəri, Marağaya memarlıq təhsili almağa getməsi, kamil bir memar kimi Naxçıvana qayıtması, nişanlısı Məlikədən uzaq düşməsi, faciəli sevgi həyatı,Təbrizdə Sərcahan qalasının bərpasındakı işləri, onun Əlaəddin Təkişin adamları tərəfindən oğurlanması kimi hadisələr fonunda memarın həyat və fəaliyyəti ilə tanış oluruq.

Mənzum romanın “Əcəminin dünyaya gəlişi”, “Yaşanan günlər”, “Təbriz əhvalatları”, “Heratın qul bazarı”, “Möminənin gəlişi”, “Möminənin ölümü”, “Nizaminin Naxçıvana gəlişi”, “Əcəminin tikdiyi abidələr” bölmələrində müəllif dastanın – Əcəmi dühasının yaratdığı tarixi əsərləri, memarlıq incilərini poetik dillə bizə təqdim edir.

“Əcəmi” Nəşriyyat- Poliqrafiya Birlyində nəşr olunan kitabın üz qabığındakı “Əcəmi” əsərinin müəllifi rəssam Rəfael Qədimovdur.Yeni nəşrdə Əcəmi dövrünün yadigarları olan memarlıq abidələri – qala, körpü, bazar, pir, türbələrin, miniatür tarixi rəsm əsərlərinin rəngli foto-şəkilləri verilmişdir.

 

Afət Sadıqoğlu

 

Xalq qəzeti.- 2017.- 17 sentyabr.- S.6.